İşğalçı Ermənistan ağır seçimlə üz-üzə

01.07.2014 - 11:22

Pol
Qobl: “Ermənistan Rusiya yolu gedib Dağlıq Qarabağı zorla özünə
birləşdirsə, yeni müharibəyə tuş gələcək və təcrid vəziyyətə düşəcək…”

Pol
Qobl: “Ermənistan Rusiya yolu gedib Dağlıq Qarabağı zorla özünə
birləşdirsə, yeni müharibəyə tuş gələcək və təcrid vəziyyətə düşəcək…”

Problemin həllində söz sahibliyini itirməsi təcavüzkar ölkəni qəliz
duruma salıb; sabah Ermənistan Milli Təhlükəsizlik Şurasının fövqəladə
Qarabağ toplantısı keçiriləcək…

İyulun
2-də Ermənistanın Avrasiya Birliyinə üzvlüyü məsələsinə baxılacaq.
Xatırladaq ki, qurumun Astanadakı təsis toplantısında İrəvan üçün məhz
belə bir təxmini tarix müəyyən edilib. Əslində Ermənistanla bağlı məsələ
bu marionet ölkə ötən il sentyabrın 3-də Gömrük İttifaqına qoşulmaqla
bağlı Moskvada Serj Sərkisyanın verdiyi bəyanatla bitib. Sadəcə, zaman
söhbətidir. Bu dəqiqə Kremlin əsas qayğısı şübhəsiz ki, Azərbaycanı
quruma cəlb eləməkdir. 

Dağlıq
Qarabağ ətrafında son zamanlar cərəyan edən proseslər, diplomatik və
siyasi fəallıq müstəsna olaraq bu imperativdən qaynaqlanır. Özü də
fəallıq bütün mümkün istiqamətlərdə müşahidə edilməkdədir. Hətta ortada
hansısa gizli anlaşmaların olduğu barədə informasiyalar var. İlk növbədə
də Bakı ilə Moskva arasında intensiv zondaj getdiyi haqda məlumatlar
gəlir.
Qarabağ məsələsində öz yanlış siyasəti
üzündən söz sahibliyini faktiki olaraq itirən Ermənistan da məhz buna
görə narahatdır. İrəvan əndişə keçirir ki, gizli Qarabağ bazarlaşmasında
onun maraqları ciddiyə alınmaz. Görünür, bu və digər səbəblərdən iyulun
2-də Ermənistan Mili Təhlükəsizlik Şurasının xüsusi toplantısı nəzərdə
tutulub. “Qraparak” qəzetinin yazdığına görə, fövqəladə iclas
Ermənistanın yüksək çinli məmurlarının son vaxtlar Xankəndinə etdikləri
səfərlərdən dərhal sonraya təsadüf eləməsi ilə də diqqət çəkir.
Qeyd
edək ki, sonuncu dəfə baş nazir Abramyanın bir neçə gün öncə
Xankəndində olub və burada separatçıların liderləri ilə saatlarla
danışıqlar aparıb. Bütövlükdə iyun ayı ərzində Ermənistanın xarici işlər
naziri Edvard Nalbəndyan xaricdəki diplomatik korpusla, parlamentin
spikeri Qalust Saakyan deputat nümayəndə heyəti ilə, habelə Gevorq
Konstanyan başda olmaqla, Baş Prokurorluğun rəhbər heyəti, müdafiə
naziri Seyran Ohanyan, ən sonda isə ədliyyə naziri Ovanes Manukyan
Dağlıq Qarabağda olublar. Ən sonda isə Serj Sərkisyanın separatçı
bölgəyə baş çəkib qayıtdıqdan sonra iclasın öz işinə başlayacağı
bildirilir. Demək, hələ bütün “i”lərin üzərinə nöqtələr qoyulmayıb.
“Joxovurd”
qəzetinin yazdığına görə isə bu səviyyəli səfərlər təsadüfi deyil və
ortada Qarabağa dair hansısa plan var. Sitat: “Bizim diplomatik
mənbələrimiz iddia edir ki, Xankəndində müzakirələrin əsas mövzusu
Ermənistanın Avrasiya İttifaqına qoşulmasından sonra yaranacaq yeni
situasiya ilə bağlı hər bir idarənin üzərinə düşəcək vəzifələri
qabaqcadan nəzərdən keçirmək olub”.
Mövzuya
aid maraqlı detallardan biri də eyni gündə – iyulun 2-də İrəvanda
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısının
nəzərdə tutulmasıdır. Bəzi məlumatlara görə, həmin toplantıda KTMT
qüvvələrindən Dağlıq Qarabağda sülhməramlı qismində istifadə olunmasının
mümkünlüyü diqqət mərkəzinə gətiriləcək. Əgər belə bir müzakirə
olacaqsa, bu, qurumun tarixində ilk dəfə olacaq.
Bütün
bunlar bir daha onu göstərir ki, işğalçı tərəf narahatdır və o səbəbdən
sürəkli olaraq daxili məsləhətləşmələr aparır. Düşmən ölkə mətbuatının
da qeyd elədiyi kimi, ermənilərin hər addımda Dağlıq Qarabağı münaqişə
tərəfi kimi danışıqlara qoşmağa çalışması bu narahatlığın başqa bariz
təzahürü sayıla bilər.
Yeri gəlmişkən, ATƏT
Parlament Assambleyasının Bakı toplantısında da erməni nümayəndələr söz
alar-almaz bu məsələni qaldırıblar. Guya separatçı rejim məsələdə
hansısa söz sahibidir. Halbuki hazırda heç “müstəqil” Ermənistanın özü
Qarabağ mövzusunda ciddi söz sahibliyindən məhrumdur, o ki qala KGB
casusu, separatçı rejimin başçısı Bako Saakyan.
İşğalçı
ölkənin mürəkkəb durumu xarici siyasi təhlilçilərin və diplomatların da
diqqət mərkəzindədir. Söhbət öncəliklə ATƏT-in Minsk Qrupunu amerikalı
həmsədri Ceyms Uorlikdən gedir. Ötən həftə diplomat bəyanatla çıxış
edərək, Azərbaycan və Ermənistan prezidentlərini təcili şəkildə Fransa
prezidenti Fransua Ollandın görüş təklifinə razı olmağa və Qarabağa dair
anlaşma əldə eləməyə çağırıb. Oxşar fikri Bakıda ATƏT-in fəaliyyətdə
olan sədri, İsveçrə prezidenti və xarici işlər naziri Didye Burkhalter
səsləndirib.
Problemin həllinin ləngiməsinə
görə narahatlığı ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern də dilə
gətirib. “Amerikanın səsi” radiosunun erməni redaksiyasına müsahibəsində
diplomat Minsk Qrupu həmsədrlərinin həll axtarışı yönündə “ciddi səylər
göstərdiyini” bildirib və qeyd edib ki, “amerikalı həmsədr Ceyms
Uorlikə hər iki tərəfi təşviq eləmək göstərişi verilib”. Eyni zamanda
etiraf edib: “Hazırda danışıqlarda cüzi tərəqqi var. Səfir Uorlikə
təlimat verilib ki, həm Bakının, həm də İrəvanın yollar axtarmasına
təkan versin, tərəflər bir-biri ilə daha çox danışsınlar”.
“Ermənistan
ağır vəziyyətdən çıxmaq üçün özü qərar verməlidir. Bu xüsusda onun
yaxşı variantları yoxdur, ancaq pislərdən ən yaxşısını seçməyi
bacarmalıdır”. Bu sözləri isə eyni adlı radionun erməni redaksiyasına
müsahibəsində tanınmış amerikalı politoloq Pol Qobl söyləyib.
“Mən
düşünmürəm ki, Rusiya Ermənistanın tərəfindədir. Moskva Ermənistandan
sırf öz maraqları naminə istifadə edir”, – deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Krımı işğal eləməklə məhz öz maraqları
baxımından olduqca ciddi səhvə yol verib: “Çünki indi bütün ölkələr
Rusiyanın zor gücünə sərhədləri dəyişmək siyasətindən narahatdır. Əgər
Ermənistan da bu yolla gedib Qarabağı zorla özünə birləşdirsə, yeni
müharibəyə tuş gələcək və təcrid duruma düşəcək”.
 
“Keçmiş
sovet respublikalarının sərhədləri Stalin dövründə müəyyənləşib və buna
kimi onların arasında dəqiq sərhədlər olmayıb. Həmin sərhədlər nə qədər
mübahisəli olsa da onların dəyişdirilməsi qat-qat təhlükəlidir, nəinki
saxlanması” – əlavə edib Qobl.
ATƏT-in
Bakı sammitində də sərhədlər məsələsi məxsusi diqqətə olub. Bununla
bağlı təşkilatın hazırkı sədri Burkhalter deyib: “ATƏT-in münaqişələrin
həllində rolu artmalıdır. Bu sahədə ATƏT-in yerlərdəki ofislərinin
fəallığının artması vacib olacaq. ATƏT-i gücləndirmək üçün Helsinki
Yekun Aktının prinsiplərinə əməl etmək zəruridir. Biz Avropa Birliyinin
Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya sazişi imzalaması yönündə
fəaliyyəti dəstəkləyirik. Biz gələcək nəsillərin təhlükəsizliyinə nail
olmalıyıq. Bunun üçün Qərblə Şərqin ayrılmamasına çalışmalıyıq”.
Təşkilat
rəhbəri daha sonra bildirib: “Dağlıq Qarabağ kontekstində isə biz ümid
edirik ki, danışıqların fəallaşmış və strukturlaşmış prosesi tezliklə
işə düşəcək. Biz həmçinin ən yüksək səviyyədə vasitəçilər və dialoqda
iştirak edən vətəndaş cəmiyyətləri arasında mübadilələrə kömək edirik.
Münaqişənin həllinə gəlincə, planımız belədir: növbəti mərhələdə
prezidentlər arasında yeni görüş keçirilməlidir. Yeni debatın əsasını
qoymaq istəyirik. Çünki bir sıra məsələlərə aydınlıq gətirilməlidir. Hər
iki prezidentlə bir neçə həftə bundan əvvəl bunları müzakirə etmişik.
ATƏT vasitəçilik tədbirlərini intensiv şəkildə davam etdirmək
niyyətindədir. Düşünürük ki, ATƏT-in böyük potensialı var. Sadəcə, mən
sizdən xahiş edirəm, münaqişə barədə 57 dövləti dolğun
məlumatlandırasınız ki, yüksək dəstək ifadə olunsun”.
Azərbaycan
prezidenti İlham Əliyev də öz çıxışında Helsinki Yekun Aktının
müddəalarına əməl edilməsini problemin həllində vacib sayıb. Sitat:
“Həmsədrlər bildirirlər ki, status-kvo dəyişməlidir. Yəni torpaqlar
işğaldan azad edilməlidir. Ermənistan buna məhəl qoymur. Münaqişənin
ərazi bütövlüyünə əsaslanaraq həlli ilkin şərtdir. Öz müqəddəratını
etməyə gəlinə, Helsinki prinsiplərinə görə bu, ərazi bütövlüyünə zidd
olmamalıdır. Ermənilər bir dəfə öz müqəddəratlarını müəyyən ediblər,
niyə ikinci dəfə Azərbaycan torpaqlarında ikinci dövlət yaratmalıdırlar?
Axı indiki Ermənistan da Azərbaycan ərazisində yaradılıb”.
Beləliklə,
iyul ayı ATƏT sədrinin də ümid elədiyi kimi, Qarabağ münaqişəsi
ətrafında duruma əhəmiyyətli şəkildə aydınlıq gətirməlidir. O sırada
Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünün
reallaşıb-reallaşmayacağı da daxil olduğumuz ayda dəqiqləşməlidir. Bu
görüş yeni situasiyaya təsadüf eləməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=9054

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31