İcra başçısının xəstəxanalıq etdiyi qadın prezidentdən kömək istədi

01.07.2014 - 14:32

Xətai rayonu 2944-cü məhəllə, ev 131-də yaşayan Qönçə Səmədovanın
Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Razim Məmmədovdan, həmçinin bəzi
yerli idarələrin rəhbərlərindən şikayətçi olması haqda məqalələr
yazmışdıq. Xatırladaq ki, həyat yoldaşı vəfat edən qadın 1992-ci ildən
Xətai RİH-də güzəştli mənzil növbəsinə dayanıb. Onun hazırda yaşadığı
mənzilin yaşayış üçün yararsız olduğu isə 2005-ci ildə aktla təsdiq
edilib. “Evim antisanitariya vəziyyətində olduğu üçün qızım 6 yaşından
xəstəlik tapıb, II qrup əlildir.
30
ildən artıqdır ki, bağ kimi istifadəmdə olan torpağın
sənədləşdirilməsinə süni əngəl yaradılır. Antisanitariya və qəzalı
mənzildə yaşamaqdan xəstəliklərə düçar olmuşuq. Qonşum 27 saylı
Mənzil-İstismar Sahəsinə nəysə vermək hesabına evimin divarına bitişik
hissədə tikinti apardığı üçün 5 ildir mənzilimdə kanalizasiya sistemi
işləmir, yaşayışımız dözülməz həddədir. Bununla əlaqədar aidiyyəti
dairələrə dəfələrlə şikayətlər etmişəm, baxılmayıb. Odur ki, məcbur olub
30 ildir ki, daimi qeydiyyatda olduğum ünvanda bağ sahəsi kimi istifadə
etdiyim torpaqda tikinti aparmaq istədim, lakin torpağı zəbt etmək adı
ilə tikinti aparılmasına icra başçısı icazə vermədi, əli dubinkalı
polislər deyir ki, bu sahə “Delfin” MMC-nindir. Halbuki 2007-ci ildə
torpaqdan istifadəyə görə Xətai Rayon İcra Hakimiyyətinin S-34 saylı
razılıq sənədi də var. Prezidentin sərəncamına görə isə 5 il vətəndaşın
istifadəsində olan torpaq, ancaq o şəxsin özünə verilir”, deyə Qönçə
xanım şikayətində vurğulayıb. Uzun müddətdir Razim Məmmədovun
haqsızlıqlarına qarşı mübarizə aparan qadın demək olar ki, bütün
instansiyalara müraciət edib. Lakin bu günə kimi onun şikayəti ilə
maraqlanan olmayıb.
Sonuncu
dəfə isə Qönçə Səmədova prezident İlham Əliyevlə görüşüb. Belə ki, bu
ilin may ayının 10-da Gül bayramı ilə bağlı keçirilən tədbir zamanı
Heydər Əliyev sarayının qarşısında ölkə başçısı ilə görüşən şikayətçi
xanım prezidentə üzləşdiyi problemlə bağlı danışıb. O, Xətainin icra
başçısının zülmünə məruz qaldığını İlham Əliyev cənablarının diqqətinə
çatdırıb. Ölkə rəhbəri isə ailə başçısını itirən qadına probleminin
tezliklə yoluna qoyulacağına dair söz verib və aidiyyəti şəxslərə bu
məsələ ilə maraqlanmağı tapşırıb. Aradan bir aydan artıq müddət
keçməsinə baxmayaraq, Razim Məmmədovun səbəb olduğu qanunsuzluqların
qarşısı hələ də alınmayıb. Dünən redaksiyamızla telefon əlaqəsi saxlayan
Qönçə Səmədova icra başçısının imza atdığı özbaşınalıqların qarşısında
ağır xəstəliyə düçar olduğunu söylədi: “22 ildir Xətaidə mənzil
növbəsinə dayanmışam. Xətai Rayon İcra Hakimiyyətinin işçiləri məni ağır
dərdə salıblar. İyunun ayının 2-də səhhətim kəskin ağırlaşdı.
Bir-birinin ardınca üstümə təcili yardım maşınları gəldi. Ailə başçım
yoxdur, üç uşağımla yaman günlərdəyəm. Səhhətim pisləşəndən sonra məni
təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə, yəni “Semaşko”ya apardılar.
Həkimlər ilkin müayinədən sonra beynin xroniki işemiyasi, beyin içinin
atrafiyası, ürəyin işemik xəstəliyi diaqnozunu qoydular. 22 gün
“Semaşko”da yatdım, hazırda isə ev şəraitində müalicəmi davam etdirirəm.
Heç
kim gəlib vəziyyətimlə maraqlanmır. Evdə taxta biti əlindən otura
bilmirik. Bədənimiz yara bağlayıb. 26 kvadratmetrlik mənzildə pis gündə
yaşayırıq. Yan-yörəmizdə isə alan alır, satan satır, tikən də tikir.
Elxan Xakiyev ayrı-ayrı qadınlardan istifadə edərək plana gedən
torpaqları satıb. Daha doğrusu, özünə götürüb. Ki, metro tikintisi ilə
bağlı həmin yerlər plana düşəndə dövlətdən böyük miqdarda kompensasiya
alsın”.
Qönçə
xanım deyir ki, onu bu hala Xətai Rayon İcra Hakimiyyətinin başçısı
Razim Məmmədov salıb: “Bəlkə də mənə iynə-dərman vurdurublar ki,
səhhətim lap pisləşsin. İyunun 2-dən xəstə yatıram. İcra başçısı və
adamları ailəmi daim hədə-qorxu altında saxlayırlar. Mənə nə elədisə,
Razim Məmmədov elədi. Elxan Xakiyevin qohumu yüksək vəzifədə işləyir.
Buna görə də heç kim ona bir söz deyə bilmir. 10 ildir Xətai Rayon İcra
Hakimiyyətinin yolunda qalmışam. Heç yerdən köməyim yoxdur. Prezidentlə
görüşəndən sonra icra başçısı məni qəbul etmədi. Hazırda vəziyyətim çox
ağırdır, həkimlər xəstəliyimə çarə tapa bilmirlər. Qəzet vasitəsilə
üzümü yenidən prezidentə tutub ondan imdad diləyirəm. Ondan başqa ümid
yerim yoxdur. Cənab prezidentdən xahiş edirəm ki, ailəmizi düşdüyü bu
vəziyyətdən çıxarsın və Razim Məmmədovun cəzasını versin”.
İnanırıq ki, Qönçə Səmədovanın üzləşdiyi problem tezliklə həllini tapacaq.(gundelik-bakı)

Qarşı tərəfi də dinləməyə hazırıq…

Short URL: http://www.cumhuriyyet.net/?p=9067

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31