"Hafka" çökdü
“Bakı” dağılır
“Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun ətrafında yaranan qalmaqal böyüyür
Üzləşdiyi maliyyə böhranını heç cür aradan qaldıra bilməyən
Məmmədovun bütün layihələri iflasa uğrayır. Mətbuat Hafiz Məmmədovun
prezidenti olduğu “Bakı”da 5 aydır ki, məvaciblərin verilmədiyini
bildirir. Bunu komandanın futbolçuları da etiraf edirlər. Hətta 5 aydır
məvacib ala bilməyən futbolçular bahalı maşınlarını da satmalı olublar.
“Bakı” növbəti mövsümün hazırlıqlarına isə hələ də start verməyib.
Azərbaycan premyer-liqasında çıxış edən klublar xaricdə təlim-məşq
toplanışı keçdikləri halda “Bakı” Biləcəridən kənara çıxa bilməyib.
Təbii ki, bütün bunların səbəbi Hafiz Məmmədovun biznesində çöküş
yaşamasına bağlıdır.
AFFA-dakı mənbələrdən publika.az saytına verilən məlumata görə,
“Bakı” bu mövsüm Azərbaycan çempionatında iştirak etməyə bilər. Belə ki,
klubdan uzun müddətdir məvaciblərini ala bilməyən futbolçular AFFA-ya
müraciət ediblər. Bundan əlavə, “Bakı” növbəti mövsüm Premyer-Liqada
iştirak etmək üçün bank təminatını da verə bilməyib.
Artıq “Bakı”nın durumu AFFA-da müzakirə olunub. Qurumun baş katibi
Elxan Məmmədov AFFA prezidenti Rövnəq Abdullayevə məsələ ilə bağlı
məruzə edib. Rövnəq Abdullayev 1-2 həftə də gözləməyi məsləhət görüb.
“Bakı”nın maliyyə problemləri bu müddətdə də həllini tapmasa, real
addımlar atılacaq. Belə ki, “Bakı” rəsmən müflis elan olunacaq, bütün
futbolçulara azad agent statusu veriləcək. Komanda Azərbaycan
Premyer-Liqasında çıxışını dayandıracaq.
Mənbənin verdiyi məlumata görə, “Bakı”nın əvəzinə elitada “Rəvan”
çıxış edə bilər. Rəsmi qərar qəbul olunandan sonra məsələ ilə bağlı
“Rəvan” rəhbərliyinə müraciət olunacaq.
Ancaq bu komandanın “Bakı”nı elitada əvəz edəcəyi müəmmalıdı.
“Rəvan”ın sponsoru, “Nurgün Motors” şirkətlər qrupunun sahibi Nuru
Əliyevlə Hafiz Məmmədov qudadır. Məhz bu məqamı nəzərə alsaq, Nuru
Əliyev mənəvi amilləri əsas gətirərək “Rəvan”ın “Bakı”nı əvəz etməsinə
razılıq verməyə bilər.
Yaxın günlərdə bütün bu məsələlərlə bağlı konkret qərarların qəbul olunacağı gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9069