İlham Əliyevdən müsahibə
Azərbaycan prezidenti İlham Əliyev Avropanın “Neurope.eu”
informasiya portalına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni
təqdim edir:
NE: Siz ötən ilin oktyabrında keçirilən prezident
seçkilərində növbəti dəfə qalib gəldiniz. Bunun başlıca səbəbini necə
izah edərdiniz?
İlham Əliyev: 2013-cü ildə keçirilən prezident
seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olub. Bu
seçkilər vətəndaşların son 10 ildə ölkəmizdə həyata keçirilən siyasi
kursa münasibətini göstərdi. Son 10 ildə biz Heydər Əliyevin əsasını
qoyduğu yolla irəliləmişik və ölkəmiz, cəmiyyətimiz qarşısında
qoyduğumuz məqsədlərin reallaşmasına nail olmuşuq.
– Yəni 10 il öncə qarşıya qoyduğunuz vəzifələr artıq reallığa çevrilib?
–
Tamamilə doğrudur. İqtisadi inkişaf templəri baxımından Azərbaycan
dünya liderinə çevrilib. Bu isə ölkəmizi daha da gücləndirib. Düşünülmüş
proqramlara əsaslanan məqsədyönlü fəaliyyət nəticəsində son 10 ildə
ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6
dəfə, büdcə gəlirləri 16 dəfə artıb, həmçinin strateji valyuta
ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçib. Milli iqtisadiyyata
170 milyard ABŞ dollarından artıq sərmayə yatırılıb.
– Bütün bunlar əhalinin yaşayış səviyyəsinə təsir edibmi?
–
Əlbəttə, bu cür sürətli inkişaf vətəndaşlarımızın rifahının
yüksəlməsinə səbəb olub. Son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta
aylıq əmək haqqı isə 5,5 dəfə artıb.
– Bu, həqiqətən yaxşı göstəricidir.
–
Həmçinin yoxsulluğun 49 faizdən 5,3 faizə, işsizliyin isə 5 faizə
düşməsi də mühüm nailiyyətlər sırasına daxildir. Son 10 ildə ölkəmizin
şəhərləri, qəsəbələri və kəndlərində tikinti-quruculuq işləri görülüb,
bütün şəhərlərdə müasir standartların və qabaqcıl texnologiyaların
tətbiqinə başlanıb.
– Bu nailiyyətlər yalnız Azərbaycanda hiss olunur, yoxsa beynəlxalq aləmdə də tanınır?
–
Azərbaycanın uğurları beynəlxalq təşkilatlar və nüfuzlu reytinq
agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi
Forumunun 2013-2014-cü il üzrə Qlobal Rəqabətlilik Hesabatına əsasən
Azərbaycan dünya ölkələri arasında 39-cu sıradadır.
– Bəs ölkənizin regionda və dünyada statusu barədə nə deyə bilərsiniz?
–
Bu illər ərzində ölkəmizin dünyadakı mövqeyi güclənib. Azərbaycan
beynəlxalq münasibətlər sistemində yaxşı imic və hörmət qazanıb. Bir çox
beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq
regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur.
Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq
ənənə halı alıb. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində
Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq
Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos
Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin
keçirilməsi bunu bir daha təsdiq edir.
– Deməli, dünyada gedən arzuolunmaz proseslər Azərbaycana toxunmayıb…
–
Xeyr. Bütün dünyada gərginliyin, işsizliyin və yoxsulluğun artdığı bir
dövrdə Azərbaycanda tamamilə fərqli proseslər – sürətli inkişaf,
tərəqqi, əhalinin rifahının, ictimai və siyasi sabitliyin, milli
birliyin və s. yüksəlməsi müşahidə edilmişdir. Düşünürəm ki, bütün
bunlar 2013-cü ildə keçirilən seçkilərdə qazanılan qələbənin də əsas
səbəbləri olub.
– Bu seçkilər beynəlxalq birlik tərəfindən necə qəbul edildi?
–
AŞPA, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və
digər nüfuzlu təşkilatlar birmənalı olaraq seçkilər barədə yüksək
fikirlər bildirmiş və seçkilərin azad, ədalətli və şəffaf keçirildiyini
vurğulayıblar. Bütün bunlar seçkilərlə bağlı xalqımızın və beynəlxalq
ictimaiyyətin fikirlərinin üst-üstə düşdüyünü göstərir. Azərbaycan xalqı
verdiyi səslə bu günədək həyatda müşahidə etdiyi siyasətə öz dəstəyini
nümayiş etdirib və bu siyasətin davamlı olması üçün bizə mandat verib.
– Gələcək barədə fikirlərinizi bilmək maraqlı olardı.
–
Bizim gələcəklə bağlı planlarımız böyükdür. Gündəliyimizdə bir sıra
vacib məsələlər var. Azərbaycanın potensialının inkişaf etdirilməsi,
iqtisadiyyatımızın rəqabətliliyinin artırılması, müasir cəmiyyət
quruculuğu, əhalinin rifahının yaxşılaşdırılması, xarici siyasətin
prioritetlərinə uyğun olaraq beynəlxalq mövqeyimizin möhkəmləndirilməsi,
korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli
mübarizənin daha da gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı
ardıcıl şəkildə davam etdiriləcək.
– 2013-cü ildə Azərbaycanda həm də İKT-nin inkişafı sahəsində böyük addımlar atılıb.
–
Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin üstünlüyü ondadır ki,
bütün işlər ölkənin real imkanları, ən yaxşı beynəlxalq təcrübələr və
xüsusi proqramlar üzərində qurulur. Təcrübə göstərir ki, müasir
texnologiyaların tətbiqi rəqabətədavamlı iqtisadiyyat üçün ilkin
şərtdir. Bu səbəbdən də innovasiyadan təkcə iqtisadiyyatda deyil, eyni
zamanda, digər sahələrdə də geniş istifadə edilir.
İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və böyük
gələcəyə malikdir. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı
illərdə isə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul olunması bu
sahənin inkişafına böyük təkan verib. Müstəqillik illərində Azərbaycanda
İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılıb.
Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə
artıb. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə
buraxılması və ölkədə kosmik sənayenin əsasının qoyulması tarixi
hadisədir. Növbəti illərdə daha iki peykin orbitə buraxılması ilə bağlı
işlər aparılır.
– Bütün bunların fonunda internetin inkişafını necə qiymətləndirmək olar?
–
Son illər ərzində internet də sürətlə inkişaf edib. Beynəlxalq
Telekommunikasiya Təşkilatının hesabatına əsasən, Azərbaycan əhalisinin
70 faizi internetdən istifadə edir. Biz Azərbaycanın bütün şəhərlərinə
genişzolaqlı internet xətlərinin çəkilməsinə başlamışıq.
– Azərbaycanın müəllifi olduğu innovasiyalar haqqında nə deyə bilərsiniz?
–
Biz dünyada mövcud olan texnoloji yenilikləri tətbiq etməklə yanaşı,
özümüz də bəzi innovasiyaların yaradılması ilə bağlı təşəbbüslər
göstəririk. Nümunə kimi Azərbaycan brendi olan Vətəndaşlara Xidmətlər və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun “ASAN xidmət”
mərkəzlərini qeyd edə bilərik. “ASAN xidmət” vətəndaşların məmnunluğu
prinsipinə əsaslanan və bir çox xidmətin bir mərkəzdə cəmləşdirildiyi
təsisatdır. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət sferasına dövlət
orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və
qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya
bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin səmərəli
təşkili və bu sahədə idarəçilik sisteminin müasirləşdirilməsi daxildir.
Bu mərkəzlər mütərəqqi hökumət-vətəndaş münasibətlərinin nümunəsidir.
Mərkəzlər hazırda 25 sayda ictimai xidmət təklif edir. Təsadüfi deyil
ki, bir il ərzində bir milyondan çox vətəndaş bu mərkəzlərə müraciət
edib. Buna görə də “ASAN xidmət” mərkəzlərinin təklif etdiyi xidmətlərin
miqyasını genişləndirmək niyyətindəyik.
– Gələcəyə nəzər salsaq, innovativ texnologiyalar Azərbaycanın inkişafında necə rol oynayacaq?
–
Qabaqcıl texnologiyaların Azərbaycanın gələcək inkişafında oynayacağı
rol barədə qeyd edə bilərəm ki, iqtisadiyyatın dinamik inkişafını
asanlaşdırmaq və rəqabətliliyi artırmaq üçün qabaqcıl elmi və texnoloji
nailiyyətlərə əsaslanan İKT sahələrini inkişaf etdirmək, bu sferaya
yerli və xarici sərmayələri cəlb etmək, ixtisaslı mütəxəssis bazası
yaratmaq və s. üçün xüsusi addımlar atılır. Bu məqsədlərə nail olmaq
üçün Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının
İnkişafı Fondu təsis edilib. İnnovasiyaya əsaslanan güclü iqtisadiyyatın
yaradılması əsas məqsədlərimizdən biridir və biz dayanmadan bu
istiqamətdə irəliləyirik.
– Siz 2014-cü ili “Sənaye ili” elan etmisiniz. Bundan məqsəd nədir və hansı işlərin görülməsi nəzərdə tutulub?
–
Azərbaycan əvvəllər aqrar ölkə hesab olunurdu. 1970-1980-ci illərdə
sənayenin inkişafı üçün ciddi addımlar atıldı, yüzlərlə yeni sənaye
müəssisəsi yaradıldı. Amma SSRİ-nin süqutu keçmiş sovet respublikaları
arasında əlaqələrin itirilməsinə səbəb oldu. Ümumilikdə, planlı
iqtisadiyyat uğursuzluqla nəticələndi. Eyni zamanda, Ermənistanın
Azərbaycana qarşı təcavüzü, həmin dövrdə ölkədə baş alıb gedən anarxiya,
istehsal müəssisələrinin köhnəlməsi, texnoloji cəhətdən gerilik
iqtisadi tənəzzülə və istehsal prosesinin dayanmasına gətirib çıxardı.
Yalnız ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 2000-ci
illərin əvvəllərində istehsalı 1990-cı ilin səviyyəsinə qaldırmaq mümkün
oldu.
Son 10 ildə neft və qaz sahəsində əldə edilən gəlirlərin
müəyyən qismi xüsusi proqramlar çərçivəsində milli iqtisadiyyatın
şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, yüksək
texnologiyalı sənayenin formalaşdırılmasına yönəldilib. Nəticədə,
qeyri-neft sektorunda hər il 10 faiz artım qeydə alınır. Bundan əlavə,
sahibkarlığın inkişafına göstərilən hərtərəfli dəstək, iri sərmayə
proqramlarının həyata keçirilməsi, sosial-iqtisadi infrastrukturun
yenidən qurulması və qabaqcıl texnologiyalara əsaslanan rəqabətədavamlı
müəssisələrin yaradılması sənaye istehsalı həcminin 2,7 dəfə artmasına
səbəb olub.
Hazırda əsas məqsədlərimizdən biri Azərbaycanı güclü
sənaye ölkəsinə çevirmək üçün mümkün imkanlardan istifadə etməkdir.
Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində
müəyyən işlər görülüb. Biz mövcud təbii və iqtisadi resursları istehsal
dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları
yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna görə də
2014-cü il “Sənaye ili” elan olunub, cari ildə həyata keçiriləcək
tədbirlərin ümumi planı hazırlanmış və təsdiq edilib. Eyni zamanda,
“Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın
hazırlanması nəzərdə tutulur. İnanırıq ki, topladığımız təcrübə və
Azərbaycanın iqtisadi potensialı bizə məqsədlərimizə çatmaq imkanı
verəcək.
– Regionların sosial iqtisadi inkişafı ilə bağlı
üçüncü Dövlət Proqramı qəbul edilib. Bu proqram 2014-2018-ci illəri
əhatə edir. İlk iki proqramın həyata keçirilməsini necə
qiymətləndirirsiniz və üçüncü proqramdan nə gözlənilir?
–
2004-cü ildə ilk regional inkişaf proqramını qəbul edərkən məqsədimiz
bölgələrin hərtərəfli inkişafını təmin etmək və paytaxtla ölkənin qalan
hissəsi arasındakı uyğunsuzluğu aradan qaldırmaq olub. Hətta 2003-cü
ildə keçirilən seçkilərdən öncə demişdim ki, əgər xalq mənə etimad
göstərsə, ilk növbədə regionların inkişafı məsələsi ilə məşğul olacağıq
və bu məqsədlə xüsusi dövlət proqramı qəbul ediləcək. Bu baş verdi.
2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı, bu
proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata keçirilməsi
regionların inkişafında dönüş nöqtəsi olub və bölgələrimizin
sosial-iqtisadi mənzərəsini dəyişib. Nəticədə regionlardakı ictimai
xidmətlərin keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə
təkmilləşib, biznes mühiti daha əlverişli olub, sərmayələr artıb,
minlərlə yeni müəssisə istifadəyə verilib və 900 mini daimi olmaqla, 1,2
milyondan artıq yeni iş yeri yaradılıb. Son 10 ildə regionlarda məhsul
buraxılışı 3,2 dəfə, sənaye istehsalı isə 3,1 dəfə artıbr. Azərbaycanın
bütün regionları və qəsəbələri abadlaşıb və müasirləşib. İnamla qeyd edə
bilərəm ki, həyata keçirilmiş proqramlar ölkəmizin regionlarının,
ümumilikdə Azərbaycanın iqtisadi potensialının inkişafına böyük töhfə
verib.
– Qarşınıza qoyduğunuz strateji məqsəd nədir?
–
Gündəliyimizdəki strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan
sonra da gücləndirmək və ölkəmizi dünyanın ən inkişaf etmiş və rəqabətə
davamlı ölkələri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın
çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam
etdiriləcək. İnanıram ki, “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın və
digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına
şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da
təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaq.
– Yeni enerji layihələrinin region və dünya üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
–
Hazırda Azərbaycan bir sıra yeni transmilli və regional layihələr irəli
sürüb. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün
deyil, həm də region və dünya üçün böyük əhəmiyyət kəsb edir. Məlum
olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzər dənizinin Azərbaycan
sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına
çıxarılması üzrə “Şahdəniz-2” beynəlxalq yekun investisiya qərarı
imzalanıb. Hesab edirəm ki, TAP və TANAP layihələri ilə yanaşı,
“Şahdəniz-2” dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına
səbəb olacaq və tarixə “XXl əsrin kontraktı” kimi düşəcək.
–
Ölkənin həm iqtisadi, həm də sosial inkişafı, eyni zamanda, həm də
güclü beynəlxalq status deməkdir. Xarici siyasətinizin uğurları barədə
nə deyə bilərsiniz?
– Azərbaycanın hərtərəfli inkişafı,
iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət
ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx
inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini
təmin edib. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi
proseslərlə və beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi olan və
böyük beynəlxalq nüfuza malik bir ölkə hesab edilir. 2011-ci ildə
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tarixi
nailiyyət və xarici siyasətimizin böyük uğuru, həmçinin dünyadakı
nüfuzumuzun göstəricisi olub. Aydın görünür ki, beynəlxalq aləm
dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir.
Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə çıxış edir və öz
maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasına ikiillik
üzvlüyümüz, həmçinin təşkilata sədrlik dövründə Azərbaycan qlobal
təhlükəsizliyə, dünyada sülhün bərpasına və ölkələr və
sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verib.
– Beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə münasibətlər hansı vəziyyətdədir?
–
Bizim dünyanın aparıcı beynəlxalq təşkilatları və ayrı-ayrı ölkələrlə
münasibətlərimiz də inkişaf edib. Azərbaycan ATƏT, Avropa Şurası, İƏT və
digər nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli münasibətlərini davam
etdirib. Ötən il biz viza qaydalarının sadələşdirilməsi ilə bağlı Aİ ilə
mühüm bir müqavilə imzaladıq. Bu, Aİ ilə əlaqələrin göstəricisidir.
Əminəm ki, əməkdaşlığımızı inkişaf etdirmək üçün Aİ ilə strateji
tərəfdaşlıq formatının yaradılmasına nail olacağıq.
– Yeni tərəfdaşlıq münasibətləri kontekstində Azərbaycanın nailiyyətləri barədə nə deyə bilərsiniz?
–
Region ölkələri və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada
əsaslanan münasibətlərin inkişafına əlavə olaraq biz qeyri-ənənəvi
tərəfdaşlarla da əlaqələr qururuq. Avropa və Asiyanın ənənəvi ölkələri
ilə əməkdaşlıq münasibətlərini genişləndirməklə yanaşı, biz həm də
Qoşulmama Hərəkatının üzvləri olan Latın Amerikası və Afrika ölkələri
ilə siyasi, iqtisadi və humanitar əlaqələri inkişaf etdiririk. Bu, bizim
xarici siyasətimizin prioritetlərindən biridir.
Artıq bəzi Latın
Amerikası ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyiblər. Ümumilikdə,
dünyanın 10 ölkəsi Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə
Azərbaycanın Xocalı şəhərində törətdiyi qırğını soyqırımı aktı kimi
tanıyıb. Bu ölkələrin parlamentləri müvafiq qərarlar qəbul ediblər.
Növbəti illərdə biz ölkəmizin siyasi və iqtisadi potensialını daha da
gücləndirməyə, beynəlxalq nüfuzumuzu artırmağa, beynəlxalq
təşkilatlarla, ayrı-ayrı ölkələrlə əməkdaşlığımızı genişləndirməyə davam
edəcəyik. Bizim xarici siyasətimiz milli maraqların qorunması üzərində
qurulub və bu istiqamətdə lazımi addımlar atılacaq.
– Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişdən danışmaq olarmı?
–
Təəssüflə qeyd edim ki, xarici siyasətimizin mərkəzində dayanan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir
irəliləyiş əldə edilməyib. Ermənistan tərəfi danışıqlar prosesini
gecikdirmək üçün müxtəlif bəhanələrdən istifadə edir və status-kvonu
saxlamağa çalışır. Ötən ilin sonlarında danışıqlarda müşahidə edilən
canlanma bizə 2014-cü ildə irəliləyiş olacağı ilə bağlı müəyyən ümidlər
verdi. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan öz
torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan
verməyəcək. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll
edilməlidir və həll ediləcək. Münaqişə həll olunmadıqca, Ermənistan
dövləti bütün transmilli və regional layihələrdən kənarda qalacaq,
erməni xalqının acınacaqlı vəziyyəti daha da pisləşəcək və ölkənin bütün
imkanları tamamilə tükənəcək.
– Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Hazırlıq prosesi necə gedir?
–
2014-cü il Birinci Avropa Oyunlarına hazırlıq baxımından çox
əhəmiyyətli ildir. Bildiyiniz kimi, bu cür genişmiqyaslı yarışlara
hazırlıq prosesi 7-8 il vaxt tələb edir. Avropa Oyunlarını keçirmək üçün
bizim yalnız iki il yarım vaxtımız var idi. Əminəm ki, yarışlarla
əlaqədar bütün məqsədlərə nail olacağıq. Təşkilat Komitəsi yaradılıb və
olduqca məhsuldar fəaliyyət göstərir. Oyunların keçiriləcəyi məkanların
tikintisi bu ilin sonunadək tamamlanacaq. Amma hazırlıq prosesi müxtəlif
binaların tikintisi ilə məhdudlaşmır. Təhlükəsizlik, nəqliyyat,
Olimpiya Kəndinin yaradılması, qonaqların və idmançıların
yerləşdirilməsi, məşqlərin keçirilməsi və s. məsələlər böyük diqqət və
səy tələb edir. Azərbaycanın mövcud potensialını, müasir idman
infrastrukturunun mövcudluğunu və beynəlxalq tədbirlərin keçirilməsi
sahəsində təcrübəsini nəzərə alsaq, əminəm ki, Birinci Avropa Oyunlarını
gözləniləndən də yüksək səviyyədə təşkil edəcəyik. Faktiki olaraq,
Birinci Avropa Oyunları ilə bağlı Azərbaycanda yaradılmış standartlar
gələcək Avropa Oyunları üçün əsas təşkil edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=9084