Azərbaycanda özəlləşdirmə talanı
Uzun illər boyu milyonlarla insanın zəhməti hesabına yaradılan Xalqın əmlakı necə və kimlərin vaistəsilə mənimsənildi?

Azərbaycanda dövlət əmlakının özəlləşdirmə adı altında bir
qrup tərəfindən mənimsənildiyi barədə çox yazılıb. Ancaq uzun illər boyu
milyonlarla insanın zəhməti hesabına yaradılan Xalq əmlakının necə
mənimsənilməsinin mexanizmi hələ də tam şəkildə açıqlanmayıb. Hansı ki,
bu mexanizm sayəsində indi kiçik bir qrup Azərbaycanın faktiki cahibinə,
milyonlarla insan isə alacağı əməkhaqqından başqa gəliri olmayan muzdlu
işçiyə çevrilib. Hazırda isə bu kiçik qrup kənd yerlərində
insanlara əmlak payı kimi verilən torpaqları da ələ keçirərək, böyük
fermer təsərrüffatları yaratmaqla məşğuldur. Bu da yaxın vaxtlarda
kəndlərdə yaşayanların da əlavə gəlirlərdən məhrum olan muzdlu işçilərə
çevriləcəyini söyləməyə əsas verir. Mətləbdən uzaqlamamaq üçün qayıdaq
ölkənin milyardlarla manatlıq əmlakının özəlləşdirildyi halda əhalinin
99 faizinin nə bir əmlak, nə də bir səhm sahibi ola bilməməsinin
səbəbinə. Bu talan necə və hansı yollarla həyata keçirildi?
Ölkəyə 32 milyon özəlləşdirmə çeki və 19 210 570 ədəd opsion gətirilmişdi
İlk
növbədə qeyd edək ki, ölkə vətəndaşlarının onilliklər boyu milyonların
zəhməti hesabına yaradılan dövlət əmlakından pay alması üçün
özəlləşdirmənin əhəmiyyətli hissəsini çeklərlə aparmaq qərara alınmışdı.
Xarici ölkə vətəndaşlarının Azərbaycanda özəlləşdirmədə iştirak
etmələri üçün isə opsionlardan istifadə məqbul sayıldı. Beləliklə,
dövlətin sifarişlə xaricdə hazırlanaraq ölkəyə 32 milyon özəlləşdirmə
çeki (8 milyon özəlləşdirmə payı) və 19 210 570 ədəd opsion gətirildi.Hansı ki, ölkə vətəndaşları bu çeklər hesabına qısa müddətdə varlanacağına ümid edirdi. Elə buna görə də, özəlləşdirmə çekləri əhaliyə paylanarkən, gecə saat
2-3-dən növbə tutanların, bir parça çörək xatirinə getdiyi Rusiyadan
300-400 ABŞ dolları xərc çəkərək vətənə dönənlərin, bu çekləri satmaqla
mənzil, avtomobil almağı, övladına toy tədarükü görəcəyini düşünənlərin
sayı-hesabı yox idi. Bir sözlə, özəlləşdirmə paylarına xalq arasında
böyük ümid var idi. Ancaq…
Azərbaycanda dövlət əmlakının özəlləşdirmə çekləri ilə vətəndaşlara
satılması prosesinə 01.08.1996-cı ildə başlandı. Bu proses bir neçə dəfə
uzadıldıqdan sonra 01.01.2011-ci ildə başa çatdı. Əmlak Məsələləri
Dövlət Komitəsinin sədri Kərəm Həsənov bununla bağlı KİV-lərə verdiyi
müsahibədə dövriyyəyə buraxılmış özəlləşdirmə çeklərinin 80 %-nin
prosesdə iştirak etdiyini və ləğv olunduğunu rəsmən elan edib.
Maraqlıdır, bəs dövlət sifarişilə xaricdə hazırlanan və
qiymətli kağız kimi qeydiyyatdan keçən 32 milyon çekdən və 19 210 570
ədəd opsiondan özəlləşdirmədə hansı şəkildə istifadə olundu? Azərbaycan
əhalisi özəlləşdirmə payından niyə yararlana bilmədi?
Külli miqdarda dövlət vəsaiti xərclənərək hazırlanan bu
qiymətli kağızlar – çeklərin və opsionların necə faizi və necə
dövriyyədən çıxarıldı?
Çeklə özəlləşdirmə 3 ildir başa çatsa da, hələ də “qara
bazarda” ceklərin alınıb-satılmasının arxasındakı sirr nədir? Bu
çeklərdən indi də kimlər, nə üçün istifadə edirlər?
Özəlləşdirmə ilə bağlı bu və digər suallara dəqiq cavab vermək, əlbəttə,
asan deyil. Özəlləşdirmə adı altında dövlət əmlakının kiçik bir qrup
tərəfindən talandığını hökumət təmsilçiləri təbii ki, inkar edir. Hətta
bu sahədə ciddi qanunsuzluqların olması ilə də razılaşmır və bu
istiqamətdə ortaya çıxan məlumatların qeyri-rəsmi olduğunu iddia edərək,
qəbul etmirlər. Ona görə də, biz bu araşdırmada rəsmi məlumatlara
əsaslanıb dövlət əmlakının necə talandığı, özəlləşdirmə çeklərindən necə
istifadə olunduğu haqqında məlumat verməyə çalışağıq.
Dövlət əmlakının dəyəri 10 milyard 800 milyon AZN müəyyən edildi
İqtisadçılar Azərbaycan Respublikasında çeklərlə özəlləşdirməni rəmzi olaraq iki mərhələyə bölürlər:
1.Özəlləşdirmənin “qızıl dövrü”– çeklər dövriyyəyə buraxıldıqdan, yəni 1996-cı ildən 2000-ci ilə qədər olan dövr.
2.Özəlləşdirmənin “zorən və kütləvi saxtakarlıqla müşayiət olunan dövrü”, yəni 2000-ci ildən 2011-ci ilə qədər olan dövr.
Özəlləşdirmənin bu dövrlərinin hər birinin yaddan çıxmayan, tarixdən silinməyən özünəməxsus “gözəllikləri” var.
Dövlət Əmlak Komitəsinə Qüdrət Əbdülsəlimzadənin rəhbərlik etdiyi
1993-1994-cü illərdə, (çeklə özəlləşdirmədən xeyli əvvəl) Azərbaycanda
özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakı komitə əməkdaşlarının
gərgin fəaliyyəti, nazirlik, komitə, dövlət konserni və şirkətlərinin,
həmçinin Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumatlara əsasən, qeydə alınmış, dəyəri 10 milyard 800 milyon AZN ( 54 trilyon AZM ) məbləğində müəyyənləşdirilmişdi.
Əgər bu məbləği dövriyyəyə buraxılmış 32 milyon özəlləşdirmə
çekinə bölsək, görəcəyik ki, bir çekin dəyəri 337.5 AZN, bir
özəlləşdirmə payı isə 1350 AZN dövlət əmlakının ekvivalenti dəyərində
olmalı idi.
Özəlləşdiriləcək dövlət əmlakının dəyərinin həm I, həm də II Dövlət
Proqramında göstərildiyi kimi, 30 % -nin nağd şəkildə dövlət büdcəsinə
ödənilməsi nəzərdə tutulduğundan, özəlləşdirmədən dövlət büdcəsinə 3
milyard 240 milyon manat vəsait daxil olmalı idi. Lakin özəlləşdirmənin
ən qızğın dövrlərini əhatə edən 1996-2006-cı illərdə dövlət
əmlakının özəlləşdirilməsindən cəmi 447 milyon manat vəsait daxil olub
(bax “Azərbaycanda Özəlləşdirmənin 10 ili” jurnalına). Fərq – 2 milyard
793 milyon AZN təşkil edib?! Sonrakı illərdə büdcəyə nə qədər vəsait ödəndiyi haqda dəqiq rəqəmlər olmasa da, bu rəqəmdən xeyli aşağı olduğu şübhə doğurmur.
22 322 ədəd özəlləşdirmə payı yoxa çıxarıldı, 10 min ədədi oğurlandı …
Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450
в„–- li Fərmanına əsasən, özəlləşdirmə paylarının (çeklərin) verilməsi
həmin ilin avqust ayının 1-də başlayıb oktyabrın 1-də başa çatdırılmalı
idi.
Dövlət özəlləşdirmə paylarının (çeklərin) əhaliyə verilməsinin
təşkili üzrə Mərkəzi Komissiyanın 17.06.1999-cu il tarixli 15 saylı
protokolunda öz əksini tapmış hesabata əsasən, respublikaya 8 milyon
özəlləşdirmə payı və ya 32 milyon özəlləşdirmə çeki gətirilmiş, birinci
mərhələdə 7 538 278 ədəd pay və ya 30 153 112 ədəd özəlləşdirmə çeki
paylanmışdır.
Dövlət özəlləşdirmə paylarının qalıq hissəsi, yəni 461 722 ədəd pay
və ya 1 846 888 ədəd çek keçmiş Əmanət Bankın rayon şöbələrinin
xəzinədarlığında saxlanılmış, özəlləşdirmə paylarının verilməsinin
qeydiyyat kitabı isə ƏMDK-nin (keçmiş DƏK-in ) arxivinə təhvil
verilmişdir (bu rəqəmi yadda saxlayin-müəl ).
Nazirlər
Kabinetinin 15 iyul 2004-cü il tarixli, 95 saylı Qərarına əsasən
yaradılan dövlət özəlləşdirmə paylarının verilməsi işinin təşkili
komissiyasının verdiyi məlumatdan (04.12.2004-cü il tarixli 49 в„–-li
Mülkiyyət qəzeti) belə aydın olur ki, bu çeklərin bir hissəsi də
sonradan paylanıb. Belə ki, 2-ci dəfə 2004-cü ildə özəlləşdirmə
payları almamış şəxslərə və Nazirlər Kabinetinin 12 dekabr 1996-cı il
tarixli, 174 в„–-li Qərarına əsasən ünvanlı maddi kömək məqsədi ilə bəzi
şəxslərə əlavə olaraq bir özəlləşdirmə payı verilməklə, 439 min 400 ədəd
özəlləşdirmə payı paylanmışdır.
Komissiyanın məlumatında paylanmamış 20 089 ədəd özəlləşdirmə payının
fiziki ləğv olunacağı qeyd olunur. Ancaq 2009-cu ildə Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsində (QKDK) saxlanılan, əhaliyə paylanmamış
özəlləşdirmə paylarından 10 min ədədinin Komitənin şöbə müdiri
tərəfindən oğurlandığı haqqında məlumat verildi. Lakin nə QKDK-nin
rəsmiləri, nə də hüquq mühafizə orqanları tərəfindən özəlləşdirmə
paylarının hansı şəraitdə yoxa çıxması, sonradan yerinə bərpa
olunub-olunmaması, günahkara hansı cəzanın verilməsi haqqında mətbuata
heç bir məlumat verilmədi.
Eyni zamanda bir sual da açıq qaldi: QKDK-də nə qədər özəlləşdirmə payı qalıbmış ki, 10 min ədəd “qeybə çəkilsə” də bundan bu qurum rəhbərliyinin xəbəri olmayıb?
Ancaq açıq qalan yalnız bu sual deyil… 02.01.2011-ci il tarixdə QKDK-nin sədri Rüfət Aslanlı modern.az saytına verdiyi məlumatda bildirirdi ki, Azərbaycan Milli
Depozit Mərkəzində saxlanılan özəlləşdirmə paylarının sayı əhəmiyyətli
dərəcədə azalıb və orada hazırda 600 min özəlləşdirmə payı saxlanılır.
Yəni, Aslanlı 600 min özəlləşdirmə payını və 2 milyon 400 min ceki
əminliklə az hesab edir. Hansı ki, bu, buraxılmış payların 7,5 %-i
deməkdir. Nəzərə alsaq ki, əllərdə də kifayət qədər özəlləşdirmə payı
qalıb, onda bəzi suallar ortaya çıxır…
Belə ki, komissiyanın verdiyi arayışda, mətbuata verilən
məlumatda birinci mərhələdə 30 153 112 ədəd çek və ya 7 538 278 ədəd
özəlləşdirmə payının paylandığı bildirilir. Buna görə də, ikinci
mərhələdə 1 846 888 ədəd çek və ya 461 722 özəlləşdirmə payı paylanmalı
idi. Ancaq sonradan rəsmilərin məlumatlarında ikinci mərhələ üçün 439
min 400 ədəd özəlləşdirmə payının qaldığı bildirirlir. Bu isə 22 322
ədəd özəlləşdirmə payının hara yoxa çıxarıldığı sualını yaradır.
Eyni zamanda 600 000 ədəd özəlləşdirmə payının hansı illərdə, kim tərəfindən MDM-nə təqdim olunduğu da açıq qalır….
İri müəssisələrdə əmək kollektivi üzvlərinin payı simvolik həcmədə olub – FAİZLƏR
Dünya
Bankı ilkin mərhələdə Azərbaycanda özəlləşdirmənin şəffaf keçirilməsi,
vətəndaşların bu prosesdən yararlanması, təbliğat, beynəlxalq
qiymətləndiricilərin təcrübəsindən istifadə edilməsi və I Dövlət
Proqramı çərçivəsində özəlləşdirmənin uğurla başa çatdırılması, 10 min
adda daşınmaz əmlakın dövlətsizləşdirilməsi və digər xərclər üçün 10
milyon dollar ayırmışdı. Birinci mərhələdə əsasən kiçik
ticarət, xidmət və istehsal sahələrinin kütləvi özəlləşdirilməsi həyata
keçirildi. Dünya Bankının layihəsi və maliyyə yardımı əsasında həyata
keçirilən bu dövrdə 10 min addan çox liberallaşdırılmış dövlət əmlakı,
sahibkarlığın inkişafına, iqtisadiyyatın dirçəldilməsinə güclü təkan
verdi. Həmin dövrdə əhalinin maddi durumu nəzərə alındı, alqı-satqı
zamanı dövlət əmlakı təyin olunmuş start qiymətinə satıldı.
Qeyri-yaşayış sahələrinin yerləşdiyi zonalara görə 1 kv.metri 5-10
dollara vətəndaşlara təklif olundu. Orta və iri müəssisələrin bazasında
yaradılmış açıq tipli səhmdar cəmiyyətlərin (ATSC-nin) səhm zərfini
saxtakarlıqla “ələ keçirən şəxslər”in xərci həmin müəssisələrin
Nizamnamə kapitalının maksimum 20-30 %-i məbləğində oldu.
Əmək kollektivlərinin iri müəssisələrin özəlləşdirilməsində
iştirakının qarşısı müxtəlif yollarla alındı. Bunun nəticəsidir ki,
01.01.2000-ci il tarixə qədər ATSC-yə çevrilmiş 1035 müəssisədən qapalı
abunə yazılışı keçirilən 786-da əmək kollektivlərinin üzvlərinin payı
simvolik həcmədə olub. Belə ki, əmək kollektivlərinin üzvləri 253
ATSC-də 10-15 % , 132-də 5-10 %, 277-də 1-5 %, 124 -də isə cəmi 0-1 %
səhmlərin sahibi oldu.
I Dövlət Proqramı çərçivəsində təsis olunmuş ATSC-nin səhmlərinin
satışı üzrə 38 ixtisaslaşdırılmış çek hərracı keçirilmiş, yekun
protokollarına əsasən əhalidən 623 619 ədəd pay və ya 2 494 478 ədəd çek
qəbul olunub ləğv edilmişdir.
I mərhələdə – 2000-ci ilin iyuluna qədər 1 015 420 özəlləşdirmə payı silindi
“Silinmiş
dövlət özəlləşdirmə çeklərinin və opsionlarının sayının
dəqiqləşdirilməsi məqsədilə yaradılmış birgə komissiyanın” rəsmi
arayışında qeyd olunur ki, 11.07.2000-ci ilə qədər təsis olunmuş
ATSC-dən 745-də qapalı abunə yazılışında 50 530 ədəd pay və ya 202 123
ədəd çek, investisiya müsabiqələrinin nəticələrinə əsasən isə 114 500
pay və ya 458 000 ədəd çek silinmiş və ləğv olunmuşdur. Bundan
əlavə kiçik müəssisələrin və obyektlərin nizamnamə kapitalının 15 %-nin
çeklərlə ödənilməsindən 6825 ədəd pay və ya 27 299 ədəd çek, kiçik
dövlət müəssisələrinin nizamnamə kapitalının 15%-nin start qiyməti ilə
çeklərlə satışından isə 219 946 ədəd pay və ya 879 780 çek silinərək
yandırılmışdır.
Sözügedən arayışda həmçinin bildirilir ki, vətəndaşlardan qəbul
edilmiş 3 836 ədəd pay və ya 15 343 ədəd çek qeyri-müəyyən şəraitdə
qeybə çəkilmiş, hansı səbəbdən yoxa çıxması heç bir sənədlə təsdiq
olunmamış, bu barədə heç bir dövlət orqanına məlumat verilməmişdir.
Qanunla bu, cinayət məhsuliyyəti yaratsa da, DƏK-in hansısa məmurunun
qanunvericiliyə uyğun cəzalandırılması haqda məlumat yoxdur.
Ümumiyyətlə, Dövlət Əmlak Komitəsinin 11.07.2000-ci il tarixli
“Silinmiş dövlət özəlləşdirmə çeklərinin və opsionlarının sayının
dəqiqləşdirilməsi məqsədilə yaradılmış birgə komissiyanın işinin
yekunları barədə Arayış”da 19.05.2000-ci il tarixə qədər Dövlət
əmlakının özəlləşdirilməsinin bütün sahələrindən (ixtisaslaşdırılmış çek
hərraclarından, kiçik müəssisələrin nizamnamə kapitalının 15 %-nin
dövlət özəlləşdirmə çekləri ilə ödənilməsindən, İnvestisiya Müsabiqəsi
yolu ilə satılan müəssisələrdən, kiçik müəssisələrin nizamnamə
kapitalının start qiymətinin 15%-nin çeklərlə satışından və qapalı abunə
yazılışından) 1 015 420 ədəd pay, və ya 4 061 680 ədəd özəlləşdirmə çeki silinməsi göstərilmişdir. Həmin dövrdə silinmiş özəlləşdirmə çekləri birinci
mərhələdə dövriyyəyə buraxılmış çeklərin 13.47 %-ni, təşkil edir.
Yuxarıda qeyd olunan və bizə məlum olmayan digər nöqsanlar olmasına
baxmayaraq, çeklərin özəlləşdirmədə heç bir məhdudiyyət qoyulmadan
istifadə olunmasına görə həmin dövr özəlləşdirmənin “qızıl dövrü” kimi
xalqın yaddaşında qalmışdır.
2000-ci ildən özəlləşdirmənin “zorən və kütləvi saxtakarlıqla müşaiyət olunan dövrü” başladı
Çeklə
özəlləşdirmənin “zorən və kütləvi saxtakarlıqla müşaiyət olunan dövrü”
2000-2010-cu illəri əhatə edir. II Dövlət Proqramı qəbul olundu. Bu
dövrdə birinci mərhələdə paylanmış və hələ istifadə olunmayan 26 091432
ədəd özəlləşdirmə çeki dövriyyədən çıxarılmalı idi. Elə
proqramdaca bəzi vətəndaşların əleyhinə olan yeniliklər edildi.
İxtisaslaşdırılmış çek hərracının keçirilməsi müddəti 14 gündən
azaldılıb 5 günə endirildi. Əmək kollektivinin hüquqlarının pozulması da
yaddan çıxarılmadı. Belə ki, I Dövlət Proqramı çərçivəsində ASC-yə
çevrilmiş müəssisənin əmək kollektivinin hər bir üzvü bərabər sayda
özəlləşdirmə payı və ya çeki təqdim edib, qapalı abunə yazılışının 15 %
-nin qalibi olurdu..
II Dövlət Proqramı qəbul olunduqdan sonra ASC-yə çevrilmiş
müəssisənin əmək kollektivinin hər bir üzvü 40-50, bəzi müəssisələrdə
isə 100 və daha çox özəlləşdirmə payı təqdim etməli idi ki, qapalı abunə
yazılışının qalibi olsun. Əks halda əmək kollektivi müəssisənin qapalı
abunə yazılışı üçün müəyyən edilmiş səhmlərinin 0, 01-0,02 % -nin sahibi
olurdu.
“Bərdə Yun”ASC-nin əmək kollektivinin hər bir üzvü 1805 çek və ya 451
özəlləşdirmə payı (Mülkiyyət qəzeti в„– 23, 2008-ci il ), “Sabirabad
İnşaat Sənaye” ASC-nin əmək kollektivinin hər bir üzvü 760 çek və ya 190
özəlləşdirmə payı (Mülkiyyət qəzeti в„– 29, 2008-ci il), “Sabirabad Yem
Zavodu”ASC-nin əmək kollektivinin hər bir üzvü 413 çek və ya 103
özəlləşdirmə payı (Mülkiyyət qəzeti в„– 17, 2008-ci il) təqdim etməli
idilər ki, qapalı abunə yazılışının qalibi olsunlar.
Əmək kollektivinin üzvləri tələb olunan qədər özəlləşdirmə çeki
təqdim edə bilmədikləri üçün qapalı abunə yazılışında 0,01 və ya 0,02 %
-ə qane olurdular. Sual olunur: əgər hər vətəndaşa 1 özəlləşdirmə payı
verilmişdirsə o nə üçün qara bazardan əlavə özəlləşdirmə payı alıb
qapalı abunə yazılışında iştirak etməli idi?
Fərhad Əliyev və Kərəm Həsənovun “səhmdar cəmiyyət” tələsi
Komitənin
rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində qapalı abunə yazılışı
haqqında verilən elanda əmək kollektivi üzvlərinin hər birinin hansı
miqdarda özəlləşdirmə çeki təqdim etməsi qeyd olunmurdu. Nəticə dərc
olunanda kollektiv üzvlərinin cüzi faiz əldə etdiyi məlum olurdu. Əmək
kollektivinin qapalı abunə yazılışından qalan hissəsi ixtisaslaşdırılmış
çek hərracına çıxarılıb komitə rəhbərliyinin “qayğı”sı nəticəsində səhm
paketini ələ keçirmiş şəxsə satılırdı.
Yüzlərlə belə faktlar var. Hər birinin əmək kollektivi 5-10
nəfərdən ibarət olan müəssisələrin bazasında ASC təsis olunması nə
dərəcədə vacib idi?
Özəlləşdirilən dövlət müəssisələrinin işçilərinin sayına görə, SC və
ya kiçik müəssisə formasında özəlləşdirilməsi müəssisə işçilərinin
sayına görə müəyyənləşdirilir. Yuxarıda qeyd olunan müəssisələr
işçilərin sayına və sahə mənsubiyyətinə görə kiçik müəssisə formasında
özəlləşdirilməli idi. Bu da həmin müəssisələrin əmək kollektivlərinə
satılmasını tələb edirdi. Bunun qarşısını amaq, müəssisələri istədikləri
şəxlərə satmaq üçün Əmlak Komitəsinin rəhbərliyi 5-10 nəfərdən ibarət
olan müəssisələrin bazasında səhmdar cəmiyyətlər yaradırdı.
Əmək kollektivləri üçün qurulan bu “tələnin” müəllifi isə o vaxt Dövlət Əmlak naziri vəzifəsində çalışan Fərhad Əliyev idi. Ancaq sonradan Kərəm Həsənov bu prosesi bir qədər də genişləndirdi.
Bu səbəbdən 2000-2010 cu illərdə yaradılmış 560 ASC-nin 29-da
əmək kollektivi 10-15 %, 37-də 5-10 %, 222-də 1-5 %, 272-də isə 0-1 %
qapalı abunə yazılışı səhmlərinin sahibi olmuşdur.
Diqqət edın: Azərbaycan
Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı
təsdiq olunandan sonra 5-10 nəfərdən ibarət olan ASC-nin əmək
kollektivinin qapalı abunə yazılışına Respublika Auksion Mərkəzində və
onun formal olaraq fəaliyyət göstərdiyi Gəncədə, Sumqayıtda, Şirvanda,
Qubada, Lənkəranda və Naxçıvanda yerləşən filiallarında cəmi 5 gün vaxt
qoyuldu.
2000-ci ildə Milli Məclisdə Dövlət əmlakının özəlləşdirilməsi haqqında
Azərbaycan Respublikası Qanununun müzakirəsi zamanı deputatlar nə üçün
bu müddət intervalına öz etirazlarını bildirmədilər?
Görəsən Milli Məclis üzvləri Azərbaycan Respublikasında dövlət
əmlakının pay qoyuluşu ilə yaradılmış 60 birgə müəssisədə işləyən
respublika vətəndaşlarının hüquqlarını qorumaq üçün həmin müəssisələrin
nizamnamə kapitalının heç olmasa 5%-ni əmək kollektivinə güzəştlə
verilməsi (özəlləşdirmə çekləri ilə) haqqında Qanun qəbul edə bilməzdimi
?
Nəyə görə Azərbaycan Respublikasının dövlət əmlakı hesabına
nizamnamə kapitalı formalaşmış, yüzlərlə azərbaycanlı vətəndaş işləyən
birgə müəssisədə onların 1 % də olsun mülkiyyət payları, hüquqları
yoxdur?
Axı bu müəssisələr təsis olunduğu zaman 51 % və daha çox pay qoyuluşu
Azərbaycan Respublikasının dövlət əmlakı hesabına olub. Həmin birgə
müəssisələrdə işləyən əmək kollektivi üzvlərinin illərlə çalışdığı halda
heç bir mülkiyyət hüququ olmamasını necə izah etmək olar?
Auksion Mərkəzində vətəndaşların hərraclarda iştirakının qarşısı necə alınırdı?
Keçmiş
DƏN-in və 2001-ci ildə yaradılmış İqtisadi İnkişaf Nazirliyinin eyni
rayondan və eyni şəxslərdən ibarət olan rəhbərliyi – Fərhad Əliyev,
Kərəm Həsənov, Rüstəm Şahbazov hətta ixtisaslaşdırılmış çek hərracında
iştirak etmək üçün Qanunla müəyyən olunmuş 5 günü də Azərbaycan
əhalisinə çox görürdülər.
Hərracların keçirildiyi 5 gün ərzində Xətai rayonunda yerləşən
Respublika Auksion Mərkəzində və onun yuxarıda qeyd olunan filiallarında
əhalidən özəlləşdirmə çeklərini qəbul etməmək barədə rəhbərliyin
tapşırıqlarına can-başla əməl edirdilər. Yalnız Naxçıvanda yerləşən
filialda insanlara istədiyi müəssisəyə səhm yatırmaq üçün şərait
yaradılırdı.
Bakıda və digər yerlərdə isə vətəndaşlar get-gələ salınır, heç bir
təlimatda, əsasnamədə nəzərdə tutulmadığına baxmayaraq, onlardan
şəxsiyyət vəsiqəsinin surəti tələb olunur, 1-2 ədəd özəlləşdirmə
payından çox qəbul edilməyərək, süni məhdudiyyətlər qoyulurdu. Bu da
içəri daxil ola bilənlərdən. Çünki əksəriyət heç hərraca yaxın
buraxllmırdı.
Belə ki, hərraclar keçirilən gün Əmlak Komitəsinin rəhbərliyinin
sifarişilə xüsusi pulla tutulmuş adamlar Auksion Mərkəzinin önündə süni
növbə yaradırdılar. Bu növbələr isə hərrac bitənə qədər davam edir,
insanların Auksion Mərkəzinə daxil olmasına imkan verilmirdi.
Əgər
vətəndaş tutaq ki, Saatlı rayonunda qeydiyyatdadırsa, ondan çek qəbul
etməyib Şirvan şəhərinə göndərilirdi. Orda isə ya qapılar bağlı olur, ya
da hərracın bitdiyi bildirilirdi… Bu bürokratik əngəllərə,
saxtakarlıqlara dözməyən “dözümlü Azərbaycan xalqı” sonda özəlləşdirmə
payını qara bazarda dəyər-dəyməzə Rüstəm Şahbazovun çek yığan dəllallarına satırdı.
Vətəndaşların “dəqiq, dürüst, qərəzsiz, obyektiv” ANS kanalının “İç
Xəbər” proqramına müraciəti əsasında hazırlanmış şikayətlər, verilişlər
son anda hansısa qüdrətli bir əlin göstərişi ilə efirə verilmirdi.
Məqsəd çek hərracının keçirilməsi zamanı əhalinin özəlləşdirmədə
iştirakının maksimum dərəcədə qarşısının alınmasından ibarət idi.
Hansı ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi keçirilən heç bir
ölkədə dövlət qurumlarının öz millətinə qarşı bu cür saxtakarlıq,
qanunsuzluq, haqsızlıq, ədalətsizlik, hüquqlarının pozulması hallarına
rast gəlinməmişdir.
Bundan əlavə, çeklərin dövriyyədən çıxarılmasına nəzarət etmək üçün Fərhad
Əliyevin əmri ilə Nəzarət Komissiyası yaradılmışdı. Komissiyanın
üzvləri Mikayıl Cabbarov, Kərəm Həsənov, Rüstəm Şahbazov, Elçin Nadirov
və Ağəli Əhmədov idi.
2000-2005-ci illərdə Respublika Auksion Mərkəzinin (RAM) baş
direktoru işləmiş Ağəli Əhmədov yuxarıda göstərilən qanunsuzluqlarda
xüsusi canfəşanlıq göstərirdi. Necə?
Murad Məmmədov, AzPolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=9089