Heydər Əliyev Mərkəzi Londonda etirazlara səbəb oldu

02.07.2014 - 10:07

Tanınmış memar Zaha Hədid repressiv rejimlə əməkdaşlığa görə ittiham hədəfinə çevrildi

Hər il Londonun Dizayn Muzeyi bir tikilini ilin ən yaxşı dizayn
obyekti kimi qiymətləndirir. Bu il həmin mükafat Bakıdakı Heydər Əliyev
Mərkəzinin memarı, Britaniyada fəaliyyət göstərən Iraq əsilli Zaha
Hədidə verilib. Qeyri-adi görünüşünə görə fərqlənən bu memarlıq abidəsi
mükafatı verənlərin ən çox diqqətini cəlb edən layihə kimi
dəyərləndirilib.

“Gizmodo”: “Ölkənin sərvətləri bu tipli binalara sərf olunur”

Bu mükafatla bağlı xəbər müxtəlif mətbuat orqanlarında dizaynerin
ünvanına sərt tənqidlərlə müşayiət olunub. Məsələn, Avstraliyanın
“Gizmodo” jurnalı yazır ki, Zaha Hədidin memarı olduğu bu bina keçmiş
“KQB” generalı, uzun illər Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin
adını daşıyır: “Heydər Əliyev isə ölkəsində insan hüquq və azadlıqlarını
daim açıq şəkildə pozan, ən sərt üsullarla seçkiləri saxtalaşdıran,
müxalif düşüncəli insanları repressiyaya məruz qoyan şəxs kimi tanınıb.
Komissiyanın Heydər Əliyevin adını daşıyan bu layihəni qiymətləndirməsi
əslində, şəxsiyyətə pərəstişi gücləndirən amil kimi
dəyərləndirilməlidir”.
Sözügedən məqalədə həmçinin oxuculara məlumat
verilir ki, Heydər Əliyevdən sonra hakimiyyətə oğlu Ilham Əliyev
yiyələnib. Ilham Əliyevin hakimiyyəti dövründə ölkədə korrupsiya daha da
inkişaf edib, insan hüquq və azadlıqlarının pozulması kütləvi xarakter
alıb: “Iş o həddə çatıb ki, ötən il Azərbaycanda keçirilən prezident
seçkilərinin nəticələri səsvermədən bir gün əvvəl elan olunub. Ölkənin
sərvətlərinin satışından əldə olunmuş vəsait hesabına bu tipli binalar
tikilir. Belə tikililərin büdcəsi haqda dəqiq məlumat əldə etmək isə
mümkün olmur”.

“The Independent”: “Keçmiş KQB diktatorunun şərəfinə tikilmiş bina…”

Ingiltərənin “The Independent” qəzeti sözügedən mükafatlandırma
barədə xəbəri yayımlayarkən Zaha Hədidi “Azərbaycandakı repressiv
rejimin keçmiş liderinin adını daşıyan binanın memarı olmuş dizayner”
kimi təqdim edib. Müəllif yada salır ki, beynəlxalq hüquq-müdafiə
təşkilatları Azərbaycandakı keçmiş və hazırkı rejimi insan haqlarının
pozulmasına görə tənqid edirlər.
“Heydər Əliyev hakimiyyətdə olarkən
“Amnesty International” onu seçkini saxtalaşdırmaqda, müxalifətə qarşı
repressiyalarda ittiham edirdi. Keçmiş KQB generalı olan Heydər Əliyev
əvvəl Kommunist lideri, sonra isə prezident kimi, ümumilikdə 30 il
ölkəyə rəhbərlik edib.
2003-cü ildə oğlu Ilham Əliyev atasının ölümündən sonra hakimiyyəti miras alıb.
“Arxitektor”
jurnalının redaktoru Rori Olkayto “The Independent”ə açıqlamasında
Heydər Əliyevi keçmiş diktator kimi xarakterizə edib: “Ola bilsin ki,
həmin bina parlaq memarlıq abidəsidir. Amma Dizayn Muzeyinin keçmiş KQB
diktatorunun şərəfinə tikilmiş binanı mükafata layiq görməsi qəribədir”.

“The Guardian”: “Heydər Əliyev Mərkəzinə görə 250 ev uçurulub”

Dünyaca nüfuzlu “The Guardian” isə xəbəri “Zaha Hədid Bakıdakı işinə
görə etiraz dalğası ilə üzləşib” başlığıyla təqdim edib. Qəzet yazır ki,
insan hüquqları ilə bağlı çox ciddi problemlər olan Azərbaycanda
ucaldılmış bir binaya görə mükafat verilməsi kəskin etirazlara səbəb
olub: “Azərbaycan dünyada insan hüquqlarının ən çox pozulduğu ölkələrdən
biri kimi tanınır. 2013-cü ilin oktyabrında Azərbaycanda prezident
seçkiləri siyasi fəalların, tənqidçi jurnalistlərin saxta ittihamlarla
həbsi, dinc nümayişlərin dağıdılması, qanunvericiliyə insan hüquq və
azadlıqlarını məhdudlaşdıran mürtəce dəyişikliklərin edilməsi şəraitində
keçirilib.
Zahia Hədidin layihəsi üzrə bina tikilərkən 250-dən artıq
ev uçurulub. Bosniya və Serbiyadan gəlib bu binanın tikintisində
çalışan şəxslər çox pis şəraitdə saxlanılıb, onlara qarşı fiziki və
psixoloji təzyiqlər göstərilib, hətta pasportları əllərindən alınıb”.

“The Financial Times”: “Avtoritar rejimlərlə belə əməkdaşlıq yaxşı nümunə deyil”

“The Financial Times”ın əməkdaşı Edvin Hitkot bu mövzuda məqaləsində
yazır ki, avtoritar rejimlərlə belə əməkdaşlıq yaxşı nümunə deyil.
“Zaha
Hədidin memarı olduğu bu bina korrupsiyanın güclü inkişaf etdiyi bir
ölkənin keçmiş rəhbərinin adını daşıyır. Vaxtilə Qorbaçovun Siyasi
Bürodan uzaqlaşdırdığı Heydər Əliyev sonralar müstəqil Azərbaycana
rəhbərlik edərək, korrupsiya rejimi yaratmış şəxs kimi tanınır. Hazırda
isə Azərbaycana onun oğlu Ilham Əliyev rəhbərlik edir. Bugünkü
Azərbaycan dünyada ən çox korrupsiyaya qurşanmış ölkələrdən biri hesab
olunur. Eyni zamanda, müxalifətçilərə işgəncə verilən ölkə kimi tanınır.
Bu
binanın tikintisi zamanı çoxlu sayda insan evlərindən zorla çıxarılaraq
şəhər kənarındakı ərazilərə yaşamağa göndərilib”, – deyə “The Financial
Times” yazır.

Short URL: http://www.cumhuriyyet.net/?p=9103

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31