Hakimiyyət məqsədli şəkildə azad mətbuatı çökdürür

02.07.2014 - 10:29

Uzun illərdi Azərbaycan hakimiyyəti müstəqil mətbuatı çökdürmək üçün
bütün “vasitə”lərdən istifadə edir. Bir neçə qəzet bütün çətinliklərə
baxmayaraq  öz müstəqilliyini bugünə qədər saxlayıb və hakimiyyətin
qadağalarına boyun əyməyib. 

Ancaq hakimiyyət 1-2 müstəqil qəzetin varlığına da dözə bilmir və
iqtisadi sanksiyalarla bu qəzetləri sıradan çıxarmağa çalışır. Indiki
mərhələdə müstəqil mətbuatın çökdürülməsində KIVDF “önəmli rol” oynayır.
Artıq 3-cü dəfə “Azadlıq” qəzeti maliyyə yardımından məhrum edildi və
 ictimai rəyə təsiri olmayan, oxunmayan qəzetlərə  büdcədən maliyyə
ayrıldı.

“Azadlıq” qəzetinin bugünə qədər üzləşdiyi problemlərdən dəfələrlə
yazılıb və sübut olunub ki, bu qəzet bütün parametrlər üzrə digər
qəzetləri qabaqlayır.

Iyunun 30-da KIVDF-nin icraçı direktoru Vüqar Səfərli “Media forum”
saytına açıqlama verib və bildirib ki, fonddan maliyyə yardımı almaq
istəyən qəzetin tirajı ən azı 2500 nüsxə olmalıdır və həmin tirajın ən
azı 1000 nüsxəsi satılmalıdır. Əslində Vüqar Səfərovun bu açıqlaması
özünüifşa deməkdir. Əvvəla ona görə ki, “Azadlıq” bu parametr üzrə də
öndədir və ən çox satılan qəzetdir. Digər tərəfdən, KIVDF-nin maliyyə
ayırdığı qəzetlərin böyük əksəriyyəti bu parametrə cavab vermir. Həmin
siyahıda olan adların bir qismi, ümumiyyətlə, heç kimə tanış deyil. Belə
olan halda bu qəzetlər necə satıla bilər. Təbii ki, bu qəzetlərin bir
qismi məcburi abunə hesabına satılır. Ümumi mənzərə onu göstərir ki,
KIVDF parametrlərə cavab verməyən qəzetləri maliyyələşdirməklə
məşğuldur.

Təbii ki, KIVDF hakimiyyətin diktəsi ilə fəaliyyət göstərir və hansı
qəzetlərə “xeyir-dua” verilirsə, həmin qəzetlər də maliyyələşdirilir.

Bir sözlə, ölkədə azad sözün tamam məhv edilməsi üçün hər gün iş gedir və hakimiyyət bu məsələdə israrlıdır.

Qulu Məhərrəmli: “Azadlıq” qəzetinin mətbuat tarixində xüsusi yeri var və bu qəzetin kənarda qalması ədalətsizlikdir”

Professor Qulu Məhərrəmli hesab edir ki, “Azadlıq”ın
maliyyədən məhrum edilməsi ədalətsiz və qərəzlidir: “Çox paradoksal bir
vəziyyət yaranıb. Bir tərəfdən dövlət müəyyən qəzetlərə maliyyə ayırır
və mətbuata dəstək ifadə olunur. Digər tərəfdən cəmiyyətin azad mətbuat
hesab etdiyi qəzetlər iqtisadi cəhətdən sıxıntı içindədir və maliyyədən
məhrum edilir. Mən KIVDF-nin siyahısına baxdım və bu siyahıda elə adlara
rast gəldim ki, həmin qəzetlərin cəmiyyətə 1 faiz də təsiri yoxdur.
Ancaq “Zerkalo”, “Azadlıq” kimi qəzetlərin oxucu kütləsi var və bu
qəzetlərin bağlanması Azərbaycandakı mətbuatın mövcud durumunu ifadə
edir. Bugün baş verənlər təəssüf hissi doğurur və bu prosesi dayandırmaq
mümkün olmur. “Azadlıq” qəzetinin kənarda qoyulması ədalətsizlik və
ayrı-seçkilikdir. “Azadlıq” qəzetinin mətbuat tarixində xüsusi yeri var
və bu tipli qəzetlər inkişaf etməlidir.  Boş kağız parçasından ibarət
qəzetlərə maliyyə yardımının ayrılması düzgün deyil”.

Mehman Əliyev: “Ilham Əliyev hakimiyyətə gəldikdən sonra  müstəqil mətbuata basqılar daha da sərtləşdi”

“Turan” Informasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, müstəqil mətbuatın çökdürülməsi uzun illərdən bəri
aparılan siyasətdir: “10 il öncədən başlayan siyasət bugün də davam
edir. Ilham Əliyev hakimiyyətə gələndən sonra mətbuata basqılar daha da
sərtləşdi. Indiki vəziyyətdə bu prosesin qarşısını almaq mümkünsüz olub.
Sadəcə olaraq hər kəs öz sahəsində bacardığı qədər faəliyyət göstərir.
Ancaq yeni texnologiyalar inkişaf edir, sosial şəbəkələr genişlənir,
vətəndaş cəmiyyəti internetdə təmsil olunur və beynəlxalq vəziyyət
müsbətə doğru gedir. Ona görə də hakimiyyətin bu siyasəti sona qədər
effekt verə bilməz. Ancaq bunu dərk etmirlər və müstəqil mətbuatı mümkün
qədər sıradan çıxarmaq istəyirlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9104

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31