Əbülfəs Qarayev xarici ölkələrə işləyir
harada keçirəcəyini düşünür. Vaxtını səmərəli keçirmək istəyənlər
Azərbaycanımızın gözəl regionlarına üz tutaraq yayın dadını təbiətin
qoynunda çıxarmaq istəyir. Acınacaqlı hal budur ki, çoxları üçün bu elə
istək olaraq qalır. Çünki bölgələrimizdəki istirahət zonalarındakı şok
qiymətlər hər kəsin cibinə görə deyil. Xidmət səviyyəsi çox aşağı
olduğundan heç pulu olanlar da istirahətin dadını istədikləri kimi
çıxara bilmirlər. Nəticədə varlısı da, kasıbı da dincəlmək üçün xaricə
üz tutur və yerli turizmin qazanmalı olduğu pullar xarici turizmə sərf
edilir. Beləliklə də öz ölkəmizin iqtisadiyyatına deyil, başqa ölkənin
iqtisadiyyatına xeyir vermiş oluruq. Bir sözlə, yerli turizmdəki şok
qiymətlər bilavasitə xarici turizmin inkişafına kömək edir.
ANS PRESS turizm mövsümünün qızğın çağında yerli turizmlə xarici
turizmi müqayisə etmək üçün kiçik araşdırma aparıb. Sorğumuzda iştirak
edənlər bölgələrdə istirahət etməyin az qala mümkünsüzlüyünü dilə
gətirdilər. Rayonlardan qayıdanların əksəriyyəti od tutub yanan
qiymətlərdən və bunun qarşılığında isə xidmətin səviyyəsinin aşağı
olduğundan şikayətləndilər. 2 nəfərlik katecin və ya otel otağının bir
sutkalıq qiyməti orta hesabla 60 manatdır ki, buraya səhər yeməyi belə
daxil edilməyib. Həmin istirahət yerlərində səhər yeməyi ən az 10-15
manata başa gəldiyini və nahar və şam yeməklərini nəzərə alsaq, bir
həftəlik istirahətin neçəyə başa gəldiyini özünüz təxmin edin.
Hesablamalar Azərbaycanda 1 həftəlik istirahətin xarici ölkələrlə
müqayisədə dəfələrlə baha başa gəldiyini göstərir. Nəticədə isə o olur
ki, növbəti səfərimiz ölkədən kənara planlaşdırılır və xeyiri
başqalarına veririk. Çünki Türkiyənin ən öndə gedən Bodrum, Quş adası,
Antalya və digər bölgələrində istirahət təyyarə ilə gediş-gəlişlə
birlikdə Azərbaycandan ucuz başa gəlir. Bu yay Antalyada istirahət
qiymətlərdəki endirim isə bizə seçim etməkdə kömək edir.
Turizm şirkətlərin birinin aparıcı meneceri Fidan Hüseynova əhalinin
son illər bölgələrdə istirahətə üstünlük vermədiyini təsdiqlədi. O,
bunun səbəbinin qiymətlərlə bağlı olduğunu bildirdi: “Bizdə turizm
mövsümü başlayan kimi qiymətlər qalxır kəllə-çarxa. Normal olaraq iki
insanın Qəbələ, Nabran kimi yerdə istirahət etməsi bir həftəlik
1000-1500 manatdır. İndi özünüz fikirləşin, ora kim gedər? Qonşu Türkiyə
və Gürcüstanda bir həftəlik istirahət 500-700 manat arasında dəyişir.
Özü də bu istirahətə gündə üç dəfə yemək və başqa bir neçə xidmətlər
daxildir. Buna görə də insanların qonşu ölkədə istirahət etməsi
anlaşılan haldır”. Fidan xanım bundan əlavə olaraq bildirib ki, bizdə
turizm səviyyəsi hələ də qonşu ölkələrdən geridə qalır: “Düzdür, son
vaxtlar ulduzlu otellerin sayı nisbətən artıb. Təəssüf ki, amma bu,
xidmətin səviyyəsinə cüzi təsir edib. Bu da insanların istirahət üçün
bölgələrə üz tutmasının qarşısını alır. Yerli turizm sahəsində böyük
problemlər var. Bir sözlə, Qəbələdə və ya Qubada 1 həftəlik istirahət
Bodrumda istirahət etməkdən baha başa gəlir. Məsələ burasındadır ki,
qiymətlərin yüksək olmasına baxmayaraq, həmin istirahət guşələrində
xidmət çox aşağı səviyyədədir”.
İqtisadçı-ekspert Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında bu mövsüm
istirahət mərkəzlərində qiymətlərin bahalaşdığının müşahidə olunduğunu
deyir. Onun sözlərinə görə, qiymət artımı əsasən yeni tikilən otellərdə
müşahidə edilir: “Bütün rayonlar üçün bir həftəlik istirahətin orta
stabil qiyməti 1000-1500 manatdır. Şamaxı, Qubada yeni açılmış otellərdə
isə həftəlik qalma xərci 2 min manatdan artıq olur. Bahalı otellərdə
qiymətlər fərqlidir .Şamaxıda, Qubada yerləşən bahalı otellərdə iki
nəfərin qalma xərci hətta 5 min manata qədər dəyişir”.
V.Bayramovun sözlərinə görə, istirahət qiymətləri rayonlara görə yox,
rayonlardakı otellərə görə müəyyənləşir: ” Şamaxıda bir sutkası 3000
manata olan otellər olduğu kimi, 50 manata olan otellər də var. Qəbələdə
4 və 5 ulduzlu otellərdə orta qiymət 100-150 manat arasında dəyişir.
Ona görə də rayonda harada qalmağından asılı olmayaraq, qiymətlər
dəyişir. “Domik” adlanan yerlərdə qalmaq isə nisbətən ucuzdur. 7 gün
təxminən 1000 manata başa gəlir”.
Vüqar Bayramov da xarici ölkədə istirahətin Azərbaycanla müqayisədə
ucuz başa gəldiyini etiraf etdi: “Təəssüf ki, ölkə xaricində, xüsusən də
qonşu ölkələrdəki istirahət ölkədaxilindəki istirahətə nisbətən daha
ucuz başa gəlir. Gürcüstanda istirahət Azərbaycan vətəndaşları üçün
ölkədaxili istirahətlə müqayisədə təxminən 60 faiz, Türkiyədə istirahət
isə 20 faizə yaxın ucuzdur. Bu baxımdan qiymətlər harada istirahət
etməyindən asılı olaraq dəyişir. Sözsüz, Avropa ölkələrində istirahət
etmək daha bahadır”.
Ölkənin turizmdən itirdiyi milyonların hesabını Mədəniyyət və Turizm
Nazirliyindən soruşmaq istədik. Nazirliyin turizm şöbəsinin müdir
müavini Mahir Qəhrəmanovla dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq,
suallarımızı cavablandırmamaq üçün hər dəfə müxtəlif bəhanələr gətirdi.
Düşünürəm ki, istirahət mərkəzlərində baş verənlər, aşağı səviyyədə olan
qulluq, od tutub yanan qiymətlər nazirliyi maraqlandırmalıdır. Amma
qiymətlər və xidmət normal olduğu halda. Nəzərə alsaq ki, hazırda
keçirdiyimiz yay fəslində Antalyadakı qiymətlər ötən il ilə müqayisədə
yenə də aşağı düşüb, bizim qiymətlər isə yüksək olaraq qalır. Bu o
deməkdir ki, hələ çox şey itirəcəyik. Ən çox itirən isə dövlət
büdcəmizdi.
Qeyd edək ki, ölkə daxilində 516 otel fəaliyyət göstərir. İndiyədək
yerli turizmin inkişafı üçün iki dövlət proqramı icra olunub.
“2010-2014-cu illərdə ölkədə turizmin inkişafına dair” dövlət
proqramının icrası bu il yekunlaşacaq. Amma bölgələrdə turizm
xidmətlərinin qiyməti və keyfiyyət dəyişməyib. Turizm şirkətlərinin,
otel və istirahət mərkəzlərinin sayının artması xidmətlərin yüksəlməsinə
təsir etməyib. Bir müddət öncə isə Mədəniyyət və Turizm naziri Əbülfəs
Qarayev media nümayəndələri ilə görüş zamanı bildirib ki, nazirlik
turizm obyektlərində mütəmadi olaraq monitorinqlər həyata keçirir: “Bu
monitorinqləri biz ilin bütün fəsillərində həyata keçiririk.
Sahibkarlara imkan veririk ki, nöqsanlar aradan qaldırılsın, əks halda,
ya həmin obyektlərin lisenziyası ləğv edilir, ya da qanun çərçivəsində
işlərinə müəyyən məhdudiyyətlər qoyulur. Lakin düşünürəm ki, hər bir
sahibkar, turizm sahəsində çalışan adam üçün rəqabətdə qalib gəlmək
baxımından keyfiyyət, qiymət ön sıralarda dayanmalıdır”.
Belə çıxır ki, Mədəniyyət və Turizm Nazirliyi qiymətləri elə
tənzimləyir ki, son nəticədə Gürcüstan və Türkiyə turizm sektorları
inkişaf edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9133