Azərbaycan üçün Avroliqa həyəcanı başlayır
Bu gün UEFA Avropa Liqasında 2014/15 mövsümünə start verilir.
Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub
turnirində bu mövsüm üç klub təmsil edir.
Onlardan biri – “Neftçi” mübarizəyə birbaşa ikinci təsnifat
mərhələsindən başlayacaq. Amma Azərbaycan kubokunun qalibini də ilk
mərhələdə maraqlandıran vacib bir görüş var. Bu da təbii ki, Sloveniya
“Koper”i ilə Monteneqro “Çelik”i arasındakı duellərdən hansının qalib
olacağıyla bağlıdı. Axı “ağ-qaralar” məhz bu cütün qalibi ilə üz-üzə
gələcək.
İlk təsnifat mərhələsindəki təmsilçilərimiz isə “Qəbələ” və
“İnter”dir. Paytaxt klubu Avroliqaya Premyer Liqamızın gümüş, “Qəbələ”
bürünc medalçısı kimi vəsiqə qazanıb. Bakılılar əvvəllər bir neçə dəfə
qitə miqyasında görüşlər keçirdiyindən müəyyən təcrübəsi var. “Qəbələ”
isə ilk dəfə Avropa səhnəsinə çıxır və debütantdır.
Bölgə təmsilçisinin avrokuboklardakı rəqibi Bosniya və Herseqovina
“Şiroki Briyeq”idir. Hansı ki, “Qəbələ”dən fərqli Avropa səhnəsində
xeyli təcrübəyə malik komandadır. “Şiroki Briyeq” vaxtilə Azərbaycan
klubuna rəqib olub. Bosniya və Hersoqovina təmsilçisi daha öncə
avrokuboklarda “Neftçi” ilə qarşılaşıb. 2004/05 mövsümündə Çempionlar
Liqasının birinci təsnifat mərhələsində “ağ-qaralar”la üz-üzə gələn
komanda evdə 2:1 qalib gəlsə də, səfərdə 0:1 hesabıyla uduzaraq iki
oyunun nəticəsinə görə mübarizəni dayandırmışdı. Ümid edək ki, “Neftçi”
kimi, “Qəbələ” də bu komandadan güclü olacaq və debüt mövsümündə uğur
qazanacaq. Komandanın heyətində böyük dəyişikliklər olmasına, yeni baş
məşqçinin gəlməsinə baxmayaraq, Dorinel Muntyanunun komandasına inam
var.
“İnter”i isə Moldova “Tiraspol”unu mübarizədən kənarlaşdırmalıdır.
“Şiroki Briyeq”dən fərqli, Tiraspol təmsilçisi heç vaxt Azərbaycan
klublarıyla qitə arenasında qarşılaşmayıb. Amma əvəzində Azərbaycan və
Moldova klubları dəfələrlə avrokuboklarda üz-üzə gəliblər. Özü də
maraqlıdır ki, moldovalılar bir qayda olaraq təmsilçilərimizi
mübarizədən kənarlaşdırıblar. Hətta ən zəif klubları iddialı
komandalarımıza rəqib olduğu, təmsilçilərimizi az qala növbəti mərhələdə
gördüyümüz duellərdə də qarşı tərəf inanılmaz şəkildə bizi məyus edib.
Amma ümid edək ki, “İnter” Moldova klubları ilə bağlı uğursuz sindroma
son qoyaraq mərhələ adlayacaq. Bu, həm də qarşısına ən azı iki mərhələ
keçmiş “bankirlər”in hədəflərinə uyğundur.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur
Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki,
klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125
reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə
arasında 30-cu pillədədir və hesabında 8.875 reytinq xalı var. “İnter”
4.025 xalla klub sıralamasında Avropanın 276-cı komandasıdır. “Qəbələ”
isə 2.025 reytinq xalı ilə 375-cidir.
Avropa Liqası Birinci təsnifat mərhələsi (ilk oyunlar) 3 iyul
20:00. Qəbələ – Şiroki Briyeq
Hakimlər: Artyom Kuçin, Yevgeni Belski, Rustam Suyunov, Denis İzmaylov (hamısı Qazaxıstan).
Qəbələ. Şəhər stadionu.
22:00. Tiraspol – İnter
Hakimlər: Ante Vuçemiloviç, Dalibor Konyar, Hrvoje Barişiç, Damir Batiniç (hamısı Xorvatiya).
Tiraspol. “Şerif” stadionu.
Short URL: http://www.cumhuriyyet.net/?p=9159