Bakı – Ankara gizli anlaşmasının şok detallar

03.07.2014 - 11:17

Ərdoğan hökuməti ilə “müxalifət
sazişi”

; Qardaş ölkəyə gedən müxalifət lideri sərhəddən nəzarətə
götürülməli, müvafiq orqanlar tərəfindən “qeydə alınmalı”, ehtiyac
olarsa, hətta “müdaxilə edilməlidir”; rəsmi Bakı İranla da eyni anlaşma
içərisindədir…

Bakıda
Gülən məktəblərinin bağlanmasından sonra Türkiyə hökuməti ilə
Azərbaycan iqtidarı arasında gizli anlaşma olması barədə xəbərlər
yenidən gündəmin əsas mövzularından birinə çevrilib. 

Türkiyədə
31 mart kritik bələdiyyə seçkilərinə bir neçə ay qalmış baş nazir
Ərdoğanla Pensilvaniyada yaşayan “Hizmət” hərəkatının lideri Fətullah
Gülənin münasibətlərinin gərginləşməsi və 17 dekabr həbslərindən sonra
düşmənçilik həddinə çatmasının Azərbaycana da təsirsiz ötüşməyəcəyi
aydın idi. Seçkidən dərhal sonra aprel ayının 4-də Bakıya gələn
Ərdoğanın əsas istəyinin məhz Gülən məktəblərinin bağlanması olacağı
gözlənilirdi və bu da nəhayət, baş verdi. Azərbaycan iqtidarının məktəb
bağlamaq kimi qeyri-populyar addım atmasına heç də könülxoşluğu ilə
qərar vermədiyi də qeyd edilməlidir.
 Məktəblərin
bağlanması Azərbaycan hakimiyyəti ilə Ərdoğan hökuməti arasındakı
anlaşmanın “xüsusi bəndi”nə düşdüyü üçün rəsmi Bakı belə bir qərar
verməli olub. Yəni söhbət konkret olaraq hansısa məktəblərin hansısa
gözəgörünməz səbəbdən bağlanmasından getmir. Razılaşmanın şərti olaraq
“müxalifətlərlə bağlı” adlandıracağımız hissəsi məhz Azərbaycan
hökumətindən bu addımı tələb edib. Çünki Fətullah Gülən Ərdoğan
hökumətinin “bir nömrəli” müxalifəti rolundadır və bu məktəblər “Hizmət”
hərəkatının deyil, məsələn, CHP-nin olsaydı belə, anlaşmanın yerinə
yetirilməsi yenə eyni qərarın verilməsini tələb edirdi.
Azərbaycan
hakimiyyəti ilə Ermənistanla sərhədi açmağa meylli görünən Ərdoğan
hökuməti arasında zaman-zaman problemlər yaşansa da, kritik məqamlarda
bir-birilərinin tərəfini tutmağı bacarırlar. İki qardaş ölkə arasında
dövlətlərarası münasibətlər şəffaf olsa da, iqtidarların bağlı qapı
arxasında apardıqları danışıqlar haqda çox az bilgilər var. Amma bu çox
məhdud sızan informasiyalar belə, əsas anlaşmanın iki ölkənin məhz
müxalifətləri ilə bağlı olduğunu təsdiq edir.
Ərdoğanın
Bakıya aprel səfərində əsas xəbərlər bu idi ki, Türkiyə kəşfiyyatı son
illər ərzində Azərbaycana, onun iqtidarına aid maraqlı ola biləcək
məlumatları arxivindən üzə çıxarıb. Xəbərlərdə iddia edilirdi ki,
Türkiyə hökuməti Azərbaycan müxalifətinə dair MİT və ordu kəşfiyyatının
bütün məlumatlarını rəsmi Bakıya ötürüb. Bunun qarşılığı isə təbii ki,
“siz də mənim buradakı müxalifətimi sıradan çıxarın” olmalıdır.
Cumhuriyyet.az “Yeni
Müsavat”a istinadən verdiyi məlumata görə, Türkiyə hökuməti ilə rəsmi Bakının
“müxalifətlə bağlı anlaşma”sı əslində o qədər dərin və çoxşaxəlidir ki,
bunun köklərinə gedib çıxmaq mümkünsüzdür.
Məsələn,
mənbəmiz iddia edib ki, anlaşmaya görə, Azərbaycandan Türkiyəyə gedən
müxalifət lideri sərhəddən nəzarətə götürülməli, onun qaldığı hoteldən
(evdən) tutmuş görüşlərinədək müvafiq orqanlar tərəfindən “qeydə
alınmalı”, ehtiyac olarsa, “hətta müdaxilə edilməlidir”. Bu sırada
müxalifətə yaxın media təmsilçilərinin olduğu da deyilir. Müxalifətlə
bağlı məlumatlar sırasında onların biznesi, Türkiyədə adlarına (ailə
üzvləri və çox yaxın qohumları daxil) əmlak varsa onların dəqiq yeri və
ünvanı Bakıya bəlli edilməlidir. Azərbaycan iqtidarı da Türkiyənin
“Ərdoğan müxalifəti” kateqoriyasına aid kimlər varsa, onların ölkəmizdə
bütün fəaliyyətini ciddi nəzarət altında saxlamalıdır. Bu, daha çox
Ərdoğan hökumətinə bağlılığı olmayan iş adamlarına aiddir. Onların sayı
Azərbaycanda o qədər də az deyil; lakin  Ərdoğan hökuməti onları Bakıdan
“izləyə bilir”.
Məktəblər mövzusuna onu da əlavə edək ki, AKP
iqtidarı, qapatmayacağı təqdirdə, rəsmi Bakını Ermənistanla sərhədləri
açacağı və Türkiyəyə qoyulan 17 milyard Azərbaycan sərmayəsinin
təhlükəyə girəcəyi ilə də təhdid edib…
Sensasion
məlumat həm də ondan ibarətdir ki, rəsmi Bakı İranla da eyni anlaşma
içərisindədir. Amma bu dəfə əsas iş Azərbaycan hökumətinin üzərinə
düşür. Çünki İran yarıqapalı ölkə olaraq Azərbaycan müxalifəti üçün
yumşaq desək, fəaliyyət göstərmək üçün cəlbedici deyil. Amma İran
rejiminə qarşı olan müxaliflər bütün dünyaya yayılıb və onlar təbii ki,
Azərbaycanda da möhkəmlənmək istəyərdilər. Azərbaycan hökuməti İran
mühacir hərəkatının Bakıda yerləşməsinə heç vaxt imkan verməyib. Amma o
da faktdır ki, müəyyən dövrlərdə hakimiyyət İranın qıcıqlandığı
adamların Bakıda “nəfəs almasına” müəyyən şərait yaradırdı. İndi isə bu
imkan da yoxdur. Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri
Mahmudəli Çöhrəqanlının uzun müddətdir ki, Bakıya gələ bilməməsi
dediklərimizə sübutdur. Mahmudəli bəy bu anlaşmanın əsas amillərindən
biridir. Qarşılığında isə İran Azərbaycan ərazisində kəşfiyyat və
əks-təbliğat işlərini abartmır; Azərbaycan vətəndaşlarını öz ölkəsinə
qarşı təşkilatlandırmır. Təbii ki, İran ölkəmizin ərazisində
fəaliyyətindən qalmır; lakin heç olmasa formal olaraq, anlaşmaya riayət
etməyə çalışır.
Beləliklə, Azərbaycan,
Türkiyə və qismən İran hökumətləri anlaşaraq hakimiyyətlərini qorumaqla
bərabər, ölkələrində sabitliyə də nəzarəti gücləndirirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=9161

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31