AMEA-da kütləvi ixtisarlar
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçilərin sayı 2-3
min nəfər azaldıla bilər. APA-nın xəbərinə görə, “AMEA-nın 2020-ci ilə
qədər Inkişaf Konsepsiyası”nda qeyd olunub ki, Azərbaycan Milli Elmlər
Akademiyası üçün kadr potensialı məsələsi ən kəskin problemlərdən biri
olaraq qalır.
Bu problemin həlli yollarından biri AMEA-da elmi işçilərin sayının
(təxminən 2-3 min nəfər) əsaslı şəkildə azaldılmasıdır. Onların əvəzinə
isə xüsusi şərtlər daxilində xaricdən alimlərin cəlb olunması (hər
şeydən əvvəl Azərbaycan elmi diasporunun nümayəndələrini), fəaliyyəti
xarici reytinqli elmi dərgilərdə nəşr olunma, müxtəlif qrant
müsabiqələrində aktivliyi və beynəlxalq elmi yığıncaqlarda iştirakının
yüksək göstəriciləri ilə xarakterizə edilən əməkdaşlar elmdə
saxlanılmalıdır.
Səmərəli əmək fəaliyyətini stimullaşdırmaq üçün AMEA-da müddətli əmək
müqaviləsi əsasında işləyənlərin sayının tədricən artırılması vacibdir.
Yeni vakansiyalara müsabiqələr beş il müddətinə əmək müqaviləsinin
bağlanmasının göstərilməsi şərti ilə keçirilməlidir. Nəticədə müddətsiz
əmək müqavilələrinin bağlanması yalnız akademiyanın yüksək beynəlxalq
reytinqli elmi işçilərinə aid olmalıdır. Bununla yanaşı, elmi işin
keyfiyyətini yüksəltmək, rəqabət mühitini yaratmaq və mobilliyi artırmaq
lazımdır. Bu səbəbdən xüsusilə gənclər arasında gənc mütəxəssislərin
fəaliyyətinin stimullaşdırılmasının şərtlərini əks etdirən müqavilələrin
bağlanılması məqsədəuyğundur.
Konsepsiyada qeyd olunub ki, AMEA əməkdaşlarının mənzil probleminin
həlli məqsədilə tədbirlər planı hazırlanmalıdır. Alimlər üçün müəssisə
və ipoteka mənzili tikintisi proqramını daha geniş və qəti şəkildə
həyata keçirmək, fərdi ev və yataqxanaların tikintisini genişləndirmək,
gənc və dəvət olunmuş mütəxəssislərin mənzil kirayəsi haqqının bir
hissəsinin kompensasiya edilməsi üçün vəsait ayrılması həllini gözləyən
məsələlərdəndir. Bundan əlavə, AMEA-da mənzil statusunun, mənzil
sertifikatının, sosial ipotekanın işlənilməsi və təkmilləşdirilməsi
zəruridir. Azad Həmkarlar Ittifaqı ilə birgə sosial obyektlərin –
alimlər evi, sanatoriya, pansionat, poliklinika və s. obyektlərin
akademik şəbəkəsini yaratmaq, ilk növbədə istedadlı, yaradıcı gənclərin
peşəkar inkişafına imkan yaradan əlavə maddi resursların axtarışının
həyata keçirilməsi vacibdir.
“Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər Inkişaf
Konsepsiyası”nda elmdə orta nəsil alimlərinin demoqrafik böhranı, yaşlı
alimlərin sayının artması probleminə də toxunulub. Konsepsiyada qeyd
olunub ki, bu durğunluğun əsas səbəbi AMEA-da uzunmüddətli kadr
sabitliyinin olmasıdır. Nəticədə AMEA alimlərinin 20 faizi 40 yaşa,
–yarısından çoxu isə təqaüd yaşına çatıb.
Əməkdaşların təqaüdlə təminatının qənaətbəxş olmaması vəziyyəti daha
da çətinləşdirir. Işdən azad edilməsi mexanizminin olmaması isə gənc
elmi işçilərin karyera pilləsində irəliləyişinə maneə törədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9171