İlham Əliyev deyir, icra başçısı isə eləmir
Yaxud “Ağ şəhər” layihəsinin qaraltdığı talelərə kim cavabdehdir?

“Ağ şəhər” layihəsinin kimi ağ günə çıxaracağı hələ bəlli olmasa da,
kimin gününü qaraltdığı ortaya çıxıb. Bu dəfə də layihənin
gerçəkləşəcəyi ərazidə yaşayan insanlara veriləsi kompensasiya
problemindən söhbət gedir. Ərazidə yaşayan insanların bir çoxu nə qədər
kompensasiya alacaqlarını bilməsələr də, acı təcrübə onları qorxuya
salıb.
“Azadlıq”a müraciət edən sakinlərdən biri Fuad Hacıyev deyir ki,
qonşuların çoxu qorxudan şikayət edə bilmir. Çünki onlardan biri
evlərinin sahəsinin düz ölçülməməsindən şikayət edib. Şikayətdən sonra
icra hakimiyyətindən gəliblər və əvvəlkindən daha az sahənin olduğunu
yazıblar. Ona görə də sakinlər “gözü çıxmış qardaşdan” dərs götürüblər.
Fuad Hacıyevin özü isə başqa problemlə üzləşib: “Dövlət başçısı Ilham
Əliyev deyib ki, hər kvadrat metrə görə 1500 manat kompensasiya
verilməlidir. Amma Xətai rayonun icra başçısı sanki bu sözləri eşitmir.
Hər kvadrat metrdə beş yüz manatı kəsirlər. Bilmək olmur ki, bizim icra
başçısı kimin göstərişi ilə işləyir?”
Fuad Hacıyev deyir ki, Razim Məmmədovun yaxın adamları onun tez-tez
Ilham Əliyevlə bir süfrə arxasında yeyib-içdiyinə dair söz söhbətlər
yayırlar ki, camaat ondan şikayətçi olmaqdan imtina etsin: “Doğrudan da
o, Ilham Əliyevin dostudursa, onda 500 manata görə Ilham Əliyevin sözünü
havada qoymamalıdır. Biz indi bilmirik ki, kimdən narazı qalaq, kimə
şikayət edək? Görünən odur ki, Ağ şəhər yaranacaq, amma oranın
sakinlərinin qara günləri bitməyəcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9173