"Sovetski"dən böyük köç başladı
Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1950-yə çatıb.
Bu barədə APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində
yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib.
S.İslamov son 2 həftə ərzində müraciət edənlərin sayının əvvəlki
aylarla müqayisədə xeyli artdığını qeyd edib. Onun sözlərinə görə,
indiyədək 1274 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq
1130 əmlak sahibinin bank hesabına vəsait köçürülüb: “Köçmək üçün
müraciət edənlərin sayı sürətlə artır. Komissiyanın son iclasında 78
mənzil sahibi ilə razılaşma protokolu imzalanıb. Müqayisə üçün deyim ki,
Komissiyanın bundan əvvəlki iclasında 66 mənzil sahibi ilə razılaşma
protokolu imzalanmışdı. Sənədlərində kiçik çatışmazlıqlarla bağlı
müraciət edənlərin də sayını nəzərə alsaq, dünən Komissiya 150 nəfəri
qəbul edib, gecə saat 23:00-a qədər işləyib. Çünki qarşımıza məqsəd
qoymuşuq ki, müraciət edənlərin hamısını qəbul edək”.
Komissiya sədri nəzərə çatdırıb ki, köçürülmə işləri yalnız
könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə
aparılır.
S.İslamov söküntü ərazisinə düşən 3440 ünvanda daşınmaz əmlak
obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, söküntü işlərinin də
intensivləşdiyini söyləyib: “Əgər iyunun 30-da sökülən mənzil və
qeyri-yaşayış sahələrinin sayı 408 idisə, bu gün onların sayı 523-ə
çatıb. Söküntü ilə bağlı Maliyyə Nazirliyi və Yasamal Rayon İcra
Hakimiyyətinin nümayəndələrindən ibarət qruplar yaradılıb. Ödəniş almış
mənzil və qeyri-yaşayış sahələrinin sahibləri əvvəlcədən söküntünün
aparılacağı vaxtdan xəbərdar olurlar. Həmin insanlara nəzərdə tutulmuş 2
aylıq kirayə pulları da verilir. Eyni zamanda söküntüdən 2 gün əvvəl də
xəbərdarlıq edilir, vaxtı çatanda elektrik, su və digər kommunikasiya
xətləri ayrılır, söküntü işlərinə başlanılır. Bu işə xüsusi briqadalar
cəlb edilib. Söküntü zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət
yetirilir, təhlükəsizliklə bağlı söküləcək mənzil və qeyri-yaşayış
sahələrinin ətrafında çəpərləmə işləri həyata keçirilir”.
Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9212