Ətin qiyməti bahalaşa bilər

04.07.2014 - 14:33

“Yem bazasını möhkəmlətmək üçün ilk öncə təşkilati işlər həyata keçirmək lazımdır”

Heyvandarlığın inkişafında yem tədarükü heç
şübhəsiz ki, ən əsas yerlərdən birini tutur. Ancaq təəssüf ki, bu sahədə
ölkəmizdə hələ də müəyyən problemlər mövcuddur. Məsələn, heyvan yemi
kimi xüsusi əhəmiyyətə malik ot bağlamalarının tədarükü ilə bağlı indi
elə də xoş olmayan vəziyyət yaranıb. Əvvəla vaxtında biçilmədiyindən
sahələrdə xeyli həcmdə ot məhv olaraq gedib. Digər tərəfdən hava şəraiti
ilə bağlı olaraq bu il sahələrdə otun azlığı da müşahidə olunur. Özü də
bu il mövsümlə əlaqədar olaraq, ot bağlamalarının qiyməti kəskin
bahalaşıb. Eləcə də, bir müddət öncə dizel yanacağının qiymətinin
bahalaşması da ot bağlamalarının qiymətinə təsirsiz ötüşməyib. Belə ki,
dizelin qiymətinin bahalaşması otun biçilmə, bağlanma və daşınma
qiymətlərinin artmasına gətirib çıxarıb.
Nəticədə bu amil
paralel olaraq ət və süd məhsullarının qiymətlərində öz əksini tapmalı
olacaq. Kənd təsərrüfatı üzrə mütəxəssis  Vahid Məhərrəmov Movqe.az-a
Azərbaycanda yem istehsalı ilə bağlı mövcud problemlərdən danışıb.
Ekspert əvvəlcə qeyd edib ki, bu gün ölkəmizdə ümumiyyətlə, aqrar
siyasətin sistemli şəkildə həyata keçirildiyini demək olmaz. Burda bir
pərakəndəlik, dağınıqlıq mövcuddur: “Çalışmaq lazımdır ki, kooperativlər
yaransın, kooperativdə daha çox az sahəsi olan pay almış sahibkarlar
birləşsin. Geniş sahədə əkin-səpin işi aparılanda nəyəsə nail olmaq
mümkündür. Birincisi, həm o sahələrdə torpağın lazımi qida ilə təmin
edilməsi, yəni, üzvi və mineral gübrələrin verilməsi mümkün olur. Digər
tərəfdən orda suvarma işlərini aparmaq asan olur. Geniş sahələrdə
texnikadan istifadə də daha səmərəli olur. Əldə olunan məhsul çox olanda
onu asanlıqla həm daşımaq, həm saxlamaq mümkün olur, həm də satışını
həyata keçirmək. İqlim şəraitinə uyğunlaşdırmaq məsələsində də, məsələn,
yağış yağanda onun qurudulmasını intensiv yolla həyata keçirmək mümkün
olur. Yəni,  bu zaman işlər daha asanlıqla görülür. Çəkilən xərclər az
olursa, nəticə də müsbət olur”. 
Ekspert Azərbaycanda yemləmə
işinin kor-koranə şəkildə aparıldığını deyir: “Son vaxtlar Azərbaycanda
xüsusilə ot istehsalı ilə bağlı, əldə olunan taxıl məhsullarından
qüvvəli yem kimi istifadə edilməsi, eyni zamanda  bu istiqamətdə emal
müəssisələrinin olması nəzərə çarpmır. Yemləmə işini hər heyvanın
təyinatı üzrə, yəni məsələn, sağlam inəklər üçün ayrı, ətlik heyvanlar
üçün ayrı, iribuynuzlu mal-qara, qoyun-quzu üçün ayrı şəkildə, hər
birinin cinsinə, yaşına uyğun şəkildə həyata keçirmək lazımdır. Bizdə
isə bu işlər kor-koranə şəkildə aparılır. Sahibkarın əlində nə varsa,
yemləməni ona uyğun həyata keçirir”. 
 Mütəxəssisin sözlərinə
görə, yem bazasını möhkəmlətmək üçün ilk öncə təşkilati işlər həyata
keçirmək lazımdır. Hökümət bu sahəyə xüsusi diqqət yetirməlidir: “Bu
sahəni sistemləşdirmək lazımdır. Eyni zamanda  bu sahə ilə məşğul olan
adamları birləşdirmək, onların probleminin həllində vasitəçi, kömək
olmaq lazımdır. Onlar nə subsidiyalar alırlar,  nə də onlar üçün
güzəştli kreditlər verilir. Mineral gübrənin verilməsində də problemlər
var.  Hökümət bununla da bağlı hər hansı qərar qəbul eləməlidir.
Göründüyü kimi. bu sahədə hələ görüləcək işlər var. Buna görə də məhsul
gah azalır, gah artır. Qiymətlər də buna uyğun olaraq dəyişir. Son
zamanlar isə yalnız artan xətt üzrə gedir. 
Çünki ət və süd
məhsullarının maya dəyərində yemin payı təxminən 65-70%-dir. İstənilən
zamanda əgər yem və yem məhsullarının, otun qiyməti artırsa, taxılın
qiyməti artırsa, bu mütləq öz təsirini sonda ət və ət məhsullarının, süd
və süd məhsullarıın qiymətində göstərir. Bundan qaçmaq mümkün deyil.
Heç bir sahibkar zərərə işləmək istəməz. Fermer də xərcini hesablayır.
Xərci artırsa, mütləq əldə etdiyi məhsulun satış qiymətini artırır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9216

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31