Naxçıvan cəbhəsi Qarabağı xilas edəcəkmi?

05.07.2014 - 09:06

Üzeyir Cəfərov: “Azərbaycan
rəhbərliyi Ermənistana problem yaşatmaq üçün Naxçıvandakı hərbi
qüvvələrimizdən ciddi şəkildə istifadə edəcək”; Asəf Quliyev: “Ortada
Qars müqaviləsi var və onlar Türkiyə variantını nəzərdən qaçırmırlar”

Son
zamanlar cəbhənin Naxçıvan istiqamətindən atəşkəsin davamlı şəkildə
pozulması, həm Azərbaycan, həm də Ermənistan tərəfdən itkilərlə müşayiət
olunan atışmaların getməsi diqqəti bu bölgəyə yönəldib.

Təcavüzkar
Ermənistanla 246 km-lik sərhədə malik olan Naxçıvan Muxtar
Respublikasının (MR) bir yaşayış məntəqəsi – Kərki də 24 ildir düşmən
ölkənin işğalı altındadır. 
Sədərək
rayonunun inzibati ərazisinə daxil olan və 1920-ci illərdə Naxçıvan
ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində ərazisi
daxilində anklav vəziyyətə düşən Kərki kəndi 1990-cı ildə Ermənistanda
dislokasiya olunmuş 7-ci sovet ordusunun hissələrinin yardımı ilə işğal
olunub. Əslində Kərki kəndi Naxçıvanın Ermənistan işğalı altında olan
yeganə yaşayış məntəqəsi deyil. 1929-cu il 18 fevralda Zaqafqaziya MİK
totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin –
Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin,
Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin
Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin,
əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə
birləşdirilməsi haqqında qərar qəbul edib.
 Zaqafqaziya
Mərkəzi İcraiyyə Komitəsinin Naxçıvanın sərhədləri məsələsinə baxması,
Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan
tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin
Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına
pozulması hadisəsi baş verib. Əslində Azərbaycanın daha çox Kərki də
daxil olmaqla, işğal altında olan Naxçıvan MR əraziləri və Azərbaycanın
ötən əsrin sonlarında qəsb edilən 20 faiz torpaqlarının geri
qaytarılması uğrunda qəti addımlar atmaq hüququ var. Lakin düşmən ölkə
həyasızcasına Qazax rayonuna qarşı iddialar irəli sürməyə başlayıb. 
Naxçıvanla
bağlı gedən müzakirələrdə diqqət çəkən məqamlar var. Xüsusilə də
Azərbaycan ordusu rəhbərliyinin, Türkiyə Silahlı Qüvvələrinin də
iştirakı ilə Naxçıvanda mövqeləri möhkəmləndirməsi, geniş miqyaslı hərbi
təlimlər keçirməsi Ermənistanda narahatlıq yaradıb. Belə bir ərəfədə
Rusiya və Ermənistanın həftənin sonunadək davam edən birgə hərbi
təlimləri də Azərbaycan-Türkiyə hərbi müttəfiqliyinə və son vaxtlar
keçirilən təlimlərə cavab kimi dəyərləndirilə bilər. Ekspertlər hesab
edir ki, hazırda Azərbaycan ordusunun Ermənistanı çökdürməsi üçün ən
ideal müharibə meydanı cəbhənin Naxçıvan istiqamətidir. Məlumatlara
görə, hətta 22 il əvvəl Elçibəy iqtidarı Türkiyə dövləti ilə
razılaşdıraraq, Naxçıvandan əməliyyatların başlaması və Zəngəzur
ərazisinə doğru Mehri koridorunun açılmasını təmin edəcək plan
hazırlayıbmış. 
Savaş planının əsas
müəlliflərindən biri, 1993-cü ildə baş nazir vəzifəsində olan Pənah
Hüseyn deyib ki, yaranmış hərbi situasiyanı dəyişmək, Naxçıvanla
Azərbaycanı birləşdirən Mehri dəhlizinin açılması üçün Naxçıvandan və
Zəngilan istiqamətindən hücumun təşkil olunması planlaşdırılırdı:
“Naxçıvan blokada vəziyyətində idi və bu blokadanın aradan
qaldırılmasının təbii yolu  bir çoxlarına  Zəngəzurun, Mehri dəhlizinin
hərbi yolla azad olunması kimi görünürdü. İndiki terminologiyadan
istifadə etsək, hesab edilirdi ki, bu bir növ humanitar əməliyyat kimi
dünya tərəfindən başa düşülə bilər”. P.Hüseyn deyib ki, Türkiyənin
müdaxilə məsələsi elə də xəyal deyildi. “Əməliyyatların  Naxçıvandan
 başlayacağı  ilə bağlı xəbərlərin gündəmə gəlməsi təsadüfi ola bilər.
 Lakin
istənilən halda  döyüş əməliyyatlarının başlayacağı halda istisna
eləmirəm ki, bu, yalnız Qarabağ cəbhəsi ilə məhdudlaşdırılsın”-deyə,
P.Hüseyn bildirib. Qeyd edək ki, son zamanlar Naxçıvandakı Silahlı
Qüvvələrimizlə bağlı ciddi addımların atılması Qarabağın azadlığı
uğrunda savaşda Naxçıvan cəbhəsinin həlledici olacağı barədə ehtimalları
qüvvətləndirir.
Hərbi
ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycan çox asanlıqla
Ermənistan ordusunun qarşısına çıxa və düşmənə sarsıdıcı zərbələr endirə
bilər: “Ermənilər də yaxşı anlayır ki, indi 90-cı illər deyil, 2014-cü
ildir və düşmənlə ən müasir şəkildə düşmənlə mübarizə aparmağa imkan
var. Azərbaycan öz Silahlı Qüvvələrini yetərincə gücləndirib. Bütün
problemlərə baxmayaraq bu gün Silahlı Qüvvələrimizdə ən müasir silahlar
var. Əsas odur ki, dəfələrlə genişmiqyaslı təlimlər keçirilib. Ən böyük
hərbi təlimlər də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda keçirilib. Bu
gün Naxçıvandakı Əlahiddə Ümumqoşun  Ordusu həm heyətinə, həm
təchizatına görə bütün yerdəqalan birləşmələrin hamısından üstündür.
Yəni Naxçıvanda olan T-90S tankları, Mİ-35 döyüş vertolyotları, müasir
hücum təyyarələri, SMERÇ qurğusu çox asanlıqla Ermənistana problemlər
yaşada bilər. Ona görə də düşünmürəm ki, Ermənistan risk edib Naxçıvana
hər hansı problem yarada bilər. Əlbəttə ki, onlar dəfələrlə cəhd
göstəriblər ki, Naxçıvanı təxribata cəlb eləsinlər. 
Amma
çox şükürlər olsun ki, Naxçıvandakı etibarlı müdafiəmiz düşmənə o
imkanı yaratmayıb”. Ü.Cəfərov Naxçıvanla bağlı mühüm bir məqamı da
vurğuladı: “Sirr də deyil ki, bu gün Naxçıvan Türkiyənin himayəsi
altındadır, bunu Azərbaycanın dostları da, düşmənləri də bilir. Naxçıvan
blokada şəraitində olduğuna görə onun bilavasitə təhlükəsizliyi və
müdafiəsi Azərbaycanla yanaşı türkiyəli qardaşlarımıza da həvalə olunub.
Naxçıvan elə bir həssas yerdədir ki, istənilən an problemlərlə üz-üzə
qala bilər. O problemlər yaşanmasın deyə, ən yüksək səviyyədə bütün
işlər görülür, görülməkdə də davam edir. Qarabağla bağlı Ermənistanın
başlada biləcəyi hər hansı təxribatçı hərəkətlər öz başında çatlaya və
özləri üçün heç də yaxşı olmayan bir nəticə verə bilər. Düzdür, onlar
özlərini KTMT müqaviləsi, Rusiyanın 102-ci hərbi bazası ilə arxayın
edirlər. Amma tam əminliklə deyirəm ki, Rusiya Ermənistana heç bir
dəstəyi verməyəcək. Çünki Putin Rusiyasının başı digər məsələlərə
qarışıb və onun Cənubi Qafqazdakı proseslərə qarışması özünə əlavə
problemlər yarada bilər”. 
Hərbi ekspert hesab
edir ki, Qarabağ məsələsinin həlli uzandıqca Ermənistanın gələcəkdə
böyük problemlərlə üzləşməsi qaçılmazdır: “Günün birində Azərbaycanı
Naxçıvanla birləşdirən Mehri dəhlizinin fəaliyyətə başlaması mümkün
olacaq. Bu gün ermənilər özlərini sakitləşdirsələr də, üzləşə
biləcəkləri fəlakətlərə görə çox narahatdırlar. Ümumiyyətlə,
bölgəmizdəki növbəti silahlı münaqişə Ermənistanın ziyanına işləyə bilər
və düşmən ölkə bunu nəzərə alır. Vaxtaşırı cəfəng bəyanatlar da
verirlər. Məsələn, guya Qazağı alıb Ermənistana birləşdirmək üçün
özünümüdafiə batalyonu yaradacaqlar və s. Bunlar hamısı boş, əsası
olmayan çıxışlardır. Ermənilər özləri də başa düşürlər ki, bu xına o
xınadan deyil, müharibə düşmən üçün çox acınacaqlı nəticələr verə bilər.
Yeganə faktor Rusiya faktorudur. Lakin istənilən halda Azərbaycan
rəhbərliyi Ermənistana problem yaşatmaq üçün Naxçıvandakı hərbi
qüvvələrimizdən də ciddi şəkildə istifadə edəcək. Azərbaycan çox
asanlıqla ermənilərin qarşısına çıxa bilər. Naxçıvanda faktiki olaraq
mini Müdafiə Nazirliyi yaradılıb, orda həm ştat, həm əsgər sayı, həm də
generalların sayını artırdılar. Təkcə iki korpusun maliyyə vəsaiti bu
Ümumqoşun Ordusuna ayrılır. Naxçıvan əvvəlki illərə nisbətən daha
etibarlı vəziyyətdədir”.
90-cı
illərin əvvəllərində Naxçıvandakı könüllülərdən ibarət 4 tabordan
birində döyüşmüş Asəf Quliyev isə deyir ki, savaşın Naxçıvandan
başlayacağını düşünmür: “Azərbaycanın savaşa Naxçıvandan başlamağa
maraqlı olduğunu güman etmirəm. Xırda atışmalar illərdir ki, davam edir.
Ancaq adətən belə xəbərlər mətbuata çıxmırdı. Naxçıvanın Ermənistanla
ilk atışması 1990-cı ilin 17 yanvarından başlayıb. Bizim iştirak
etdiyimiz döyüşlər boyu, 1990-cı ilin sonlarına qədər Ermənistan
Naxçıvanın hər hansı bir bölgəsini götürə bilərdi. Çünki orda həm
Ermənistanın güclü qüvvəsi vardı, həm də Rusiyanın dəstəyi öz sözünü
deyə bilərdi. Lakin Ermənistan o addımı atmadı. Çünki ortada Qars
müqaviləsi var və onlar Türkiyə variantını nəzərdən qaçırmırlar. Ona
görə də Ermənistan Naxçıvanla ancaq uzaqdan atışmalara üstünlük verirdi.
İndi də Ermənistanın müharibəyə Naxçıvandan başlamağa maraqlı olduğunu
gözləmirəm. Ermənilər Qars müqaviləsini əsas tutaraq Türkiyənin savaşa
qatılması ehtimalını nəzərə alaraq buna getməzlər”. 
Keçmiş
döyüşçü Qarabağ uğrunda savaşın Naxçıvandan başlanmasını yanlış sayır:
“Əgər Qarabağın hərbi yolla qaytarılması variantı reallaşacaqsa,
Naxçıvan amili çox önəm kəsb edəcək. Çünki Naxçıvan elə bir strateji
mövqedədir ki, Ermənistanın Qafan, Gorus, Sisyan, Mehri, Əzizbəyov
rayonlarına həm məsafəcə yaxındır, həm də Laçın dəhlizinə, Dağlıq
Qarabağa gedən yollar Naxçıvanın ayağının altında qalır. Əgər
Naxçıvandan ağır artilleriya atəşi açılacaqsa, istər-istəməz
Ermənistanla Dağlıq Qarabağ arasındakı əlaqələr mütləq dayanacaq. Bu
mənada Dağlıq Qarabağın azad olunmasında Naxçıvanın çox böyük önəmi və
strateji mövqeyi var. Dağlıq Qarabağdakı erməni işğalçılarının cavabının
verilməsi üçün Naxçıvan mütləq hərbi əməliyyatlara qoşulmalıdır”.
A.Quliyevin Mehri əməliyyatı ilə bağlı maraqlı faktları da xatırladıb:
“Mən həmin dövrü çox yaxşı xatırlayıram.
 91-ci
ildə ilk dəfə Türkiyədə rəhmətlik Ecevit o təklifi vermişdi. O məsələ
ortaya çıxandan sonra rəhmətlik Elçibəy mənə bir məktub verdi. 1991-ci
ildə mən Ecevitlə, digər partiya rəhbərləri ilə görüşdüm. Ecevit dedi
ki, siz elə hesab etməyin ki, Dağlıq Qarabağda müəyyən qədər
irəliləməyiniz böyük uğur vəd edir. Çünki bu müharibə uzun gedəcək.
Naxçıvanın təhlükəsizliyini təmin etmək, onun inkişafı üçün də mütləq
dəhliz açılmalıdır. İzah etdi ki, əvvəl-axır Rusiyanın təsiri ilə Laçın
Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz kimi istifadə olunacaq. Ona
görə də dedi ki, siz fürsətdən istifadə edib Laçın dəhlizi əvəzinə,
Mehri dəhlizini götürün. Dedi siz ya buna danışıqla getməlisiniz, ya da
döyüşlə. Hətta bir generalla danışdı və o general Mehrinin götürülməsi
planını hazırladı, bizə verdi. Əslində biz də Naxçıvanda
planlaşdırmışdıq ki, Xorxat yüksəkliyi vardı, oranı götürsəydik Mehri
iki saata boşalmalı idi. Çünki bu yüksəklik həm Mehrinin, həm də
İcevanın üzərində idi. 1992-ci ildə biz Xorxatı götürdük. Deyəsən, may
ayı idi. Gecə saat 3-də bizim qüvvələr hərəkət etdi, səhər 6-ya işləmiş
itki vermədən yüksəkliyi götürdük. Ermənilərin orda bir neçə BMP-si,
hərbi birləşmələri vardı. 
Deyim ki, Xorxat
neytral ərazi idi, ancaq ermənilərin əlində idi. Çünki bizdən ora heç
bir texnika getmirdi, ancaq Mehridən maşınla qalxmaq olurdu. Ermənilər
orda xeyli itki verdilər. Sonra məsələ qaldırıldı ki, Ermənistanla
Naxçıvan arasında müqavilə var, gərginliyin yaranmaması, aranın
qızışmaması üçün geri qayıtmaq lazımdır. Belə olduqda biz qayıtdıq.
Çünki bizə kömək də gəlmədi. Qayıdanda isə iki döyüşçümüz şəhid oldu.
Təəssüf ki, Naxçıvanla Azərbaycan arasında dəhliz yaratmaq mümkün
olmadı. Aydındır ki, erməni danışıq yolu ilə heç vaxt bu razılaşmaya
getməzdi. Elə Xorxatı götürəndə ordakı ərzaq məhsullarının hamısının
üstündə İran yazıları vardı. Ermənistan İranın sayəsində təchiz
olunurdu. Bu mənada onlar Mehrini verməklə İranla olan əlaqəni heç vaxt
kəsmək istəməzdilər”. Naxçıvandan Laçın rayonu istiqamətində qısa
məsafənin olmasını nəzərə alan bəzi ekspertlər hesab edir ki,
Naxçıvandakı qüvvələrimiz hücuma keçərək Qarabağ istiqamətindəki
ərazilərimizdəki düşmənə də sarsıdıcı zərbə vura bilər. 
Ancaq
keçmiş döyüşçü 20 il öncəyə nisbətən situasiyanın dəyişdiyi
qənaətindədir: “Qarabağ Azərbaycanın ərazisidir. Bu mənada Qarabağı
qaytarmaq üçün Naxçıvandan düşmən ölkəyə müdaxilə olursa, bu,
Ermənistana təcavüz kimi qiymətləndirilə bilər. O halda Rusiyanın əlinə
şans düşür ki, Ermənistanla hərbi müqaviləsini əsas götürüb rus
qoşunlarının savaşda iştirakına qərar versin. Bu da taktiki yanlışlıq
olardı. Hesab edirəm ki, bu gün Naxçıvanın adının hallandırılması,
müharibənin Naxçıvandan başlanacağı ilə bağlı xəbərlərin yayılması
siyasi oyunların tərkib hissəsidir. Buna getmək olmaz”.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=9238

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31