Soydaşlarıma soydaşlıq ərki

06.03.2014 - 14:48

Ürəyinizdə
Ata Günəşi olsun, istəkli yurddaşlarımız

 

Azərbaycan
toplumunun bugünkü halı, qıraqdan yurdumuza olmazın təsirlər, aydınlarımızın bu
mühitə dirəniş göstərməməsi bir vətən övladı kimi məni narahat edir. İnsanların
içində bu gün hünər deyil, – yaltaqlıq, özünütəsdiq deyil, – mənliyiinkar,
ruhanilik deyil, – biolojilik, özümləşmə deyil, – yadlıq hökm sürür. Pulçuluğa,
maddiyyatçılığa meyil gündən- günə artır. Niyə aldatma qabiliyyət sayılır? Niyə
hərcayilik,- azadlıq sayılır? Niyə pulçuluğun İnsanlıqdan üstün olması ayıb
deyil, məharət sayılır? Bu qəbahətləri yaşaya- yaşaya hansı inkişafdan danışmaq
olar? Bəs deyilmi bu xalqın üzərində həyata keçirilən cinayət və xəyanətlər?

Biz, bir
millət olaraq, öz içimizin səsini eşitməklə, gəncliyimizə Azərbaycan sevgisi,
türklüyə bağlı dəyərləri yaşatmaq hünəri aşılamalıyıq. Ancaq hər birimiz
qıraqdan elə olmalıdır, belə olmalıdır deməklə yetərlənməli deyilik. Konkret
addımlar atmalı, zəhmətlər çəkməliyik. Məqsədyönlü görüşlər keçirmək, söhbətlər
aparmaq, hesab edirəm ki, ziyalı kəsimin borcudur, bu kəsim bu işdə fədakarlıq
etməlidir. Biz hər gün antimilli gedişləri, pozuntuları müşahidə edirik. Bu
pozuntular dirəniş görmədiyi üçün gəncliyin niyyətlərində, əməllərində özünə
yer edir. Mən bir məktəb öyrətməniyəm, bu dediklərimin əlamətləriylə hər zaman rastlaşıram. Eyni halda, ictimai həyatın
başqa sahələrində də…

Bu narahatlıqla
biz, Asif Atanın Ocağı olaraq, vaxtaşırı bölgələrə səfərlər edib görüşlər
keçirir, sözümüzü deyirik. Elə bu səfərlərimizin davamı olaraq bu günlərdə mən
Qobustanda oldum. İnsanlarımızın ağlında dəyərlərimizə sevgi, kökünə bağlılıq
yaratmaq niyyətilə ayrı-ayrı ünvanlara baş çəkdim. Söhbətlər elədim, Ocaq ədəbiyyatları
verdim. Ancaq qəribəliklərlə də üzləşdim. Kitabxana işçilərilə söhbət edərkən ciddi
narazılıqla qarşılaşdım. Oranın müdiri Xuraman xanımın inkaredici sual yağışı mənə
qəribə gəldi. “Niyə bizi geriliyə çağırırsınız?”(Gerilik deyəndə milli dəyərlərimizi
qəsd edir). “Niyə bizə türk deyirsiniz?”, “Niyə əlifbanı dəyişirsiniz
ki?” (Mən onlara türk əlifbasının varlığından bəhs edirdim)…

Bu niyələrə
səbəb nədir? – Özgələşməyimiz. Mən sizi çarıq geyməyə, çarşab örtməyə
çagırmıram. Öz kökünə qayıtmağa, öz ömründə fədakarlıq edib milli nəsnələrimizə
sahib çıxmağa çağırıram. Türk olduğunu sənə yadırğadanlara dirəniş göstərməyə
çağırış, yüzillərdir babalarımızın bizə
qoyub getdiyi əlifbanı bərpa etməyə meyil məgər gerilikdir? Mahiyyətini öz əlifbanda
ifadə eləməyin nəyi pisdir? Mən bura ona görə gələ bilirəm ki, milli kimliyimi
tanımışam. Bunun üçün Asif Ata bizə mənəvi-ruhani
yön verib. Yurdumuza yiyəlik etmək, özümüzü yaratmaq ölçüsü verib…

Qobustanın mədəniyyət evində, eləcə də H. Əliyev araşdırma mərkəzində
qarşılaşdığım insanlar gənc olduqları üçün Amalımızdan, işimizdən xəbərsiz idilər.
Onlarla söhbət edib əlaqə üçün ünvanlar verdim. Daha ətraflı tanışlıq üçün Ocaq
ədəbiyyatları da hədiyyə etdim…

Bakıya
qayıdanda dostumuz İlqar Türkoğlunun dəvəti ilə, Türkiyə şairəsi Yasemin Meydanın
kitab təqdimatında iştirak etdim. Şairənin yaradıcılığı ilə tanış olmasam da,
mövzunun axarı mənim də söz deməyimə stimul verdi. Baxmayaraq ki, bu mühitdə milli dəyərlərimizə hücum yox idi, sevgi
var idi, – türkçülük sevgisi. Ancaq içim rahat deyildi. Burda deyilən öygülər,
şeirlər Xilasa aparmırdı, yalnız duyğularımı tərpədirdi. “Təbriz türkün şəhəridir”,
“Nə mutlu türküm deyənə!”, “türk Turanı quracaq!” bu kimi ifadələr məni ovundurmadı.
Bu ifadələri deməklə biz, sanki içimizi sakitləşdiririk. Böyük qırım, böyük
çabalar insanlarımızın halını tarıma çəkmir… Hər halda, biz türklüyə yönəlik
çəkilən zəhmətləri gözardı etmirik, ancaq ərk edib deyirik ki, sarsıdan əməllər
ortaya gəlməlidir. Burada biz ona görə cəsarətlə danışırıq ki, Yurdumuza İnam gəlib.
Asif Atanı görmək, göstərmək gərəkdir. O, bizim milli-insani nicatımızdır. Onun
yaratdıqlarına yiyəlik etmək, xalqı özümləşdirmək, yadların əlindən almaq, öz
mahiyyətinə qovuşdurmaq gərəkdir!

Atamız Var olsun!

Şölə Ayı,
36-cı il.

(iyun, 2014).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=9244

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031