Vergilər naziri sələfilərlə işbirliyində

05.07.2014 - 11:42

Vergilər Nazirliyini atəşə tutan
Samir Qurbanov istintaq başa çatmamış azadlığa buraxılıb; vergi
müfəttişləri sələfilərin biznes şəbəkəsinə müdaxilə etmirlər,
qarşılığında isə Fazil Məmmədova Səudiyyə Ərəbistanında böyük biznes
imkanları yaradılıb

Ötən
ilin sonunda Vergilər Nazirliyinin əsas giriş qapısını və təhlükəsizlik
kamerasını atəşə tutan Samir Qurbanov istintaq başa çatmamış, müəmmalı
şəkildə azadlığa buraxılıb. Silahlı insidentə görə həbs edilən şəxs
vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından
biri, nazirin xaricdəki biznesinin idarəçiliyi ilə məşğul olan,
“Ataholdinq” ASC-nin Müşahidə Şurasının üzvü Qafar Qurbanovun qardaşı
Samir Qurbanovdur.

Bu barədə “Yeni Müsavat”a nazirlikdəki qaynaqlardan məlumat daxil olub.
S.Qurbanovun həbsi ilə bağlı ötən saylarımızda məlumat vermişdik.
S.Qurbanov sələfi məzhəbini qəbul edib və icmanın nüfuzlu üzvlərindən
biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində 300 nəfərə
yaxın sələfi var və onların 50 nəfəri Sumqayıt şəhərində yaşayır.
S.Qurbanov istənilən kritik saatda telefon zəngləri ilə minimum 100
nəfər idmançı görkəmli vəhhabini bir araya gətirmək imkanına sahib
birisi kimi xarakterizə olunur. S.Qurbanov bir neçə il Vergilər
Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb. Ancaq
ötən ilin sonlarında uzun illər çalışdığı vəzifəsindən gözlənilmədən
çıxarılıb. Bu da silahlı insidentin baş verməsinə səbəb olub.
O vaxt yayılan məlumatlara görə, S.Qurbanov  mühafizə xidmətinin
rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat
“paket” (qeyri-rəsmi maaş) də alırmış. Bu pulu özünə yaxın olan vəhhabi
icmasının ehtiyaclarına xərclənirmiş. Onun işdən çıxarılmasının səbəbi
də təriqətçiliyi və nazirin ünvanına tez-tez tənqidlər səsləndirməsi
olub. O, son aylarda hər gün deyirmiş ki, burada hər kəsin qazandığı
haramdır və mütləq bu pullardan ona “zəkat” verilməlidir. Nəticədə
S.Qurbanovu işdən çıxarıblar və həm də “paketi”ni kəsiblər. Onu ən çox
hiddətləndirən də “paket”in kəsilməsi olub. O, bir neçə dəfə
rəhbərlikdən, xüsusilə də nazirə ən yaxın olan Binəqədi İH başçısı
Xaləddin İsgəndərovdan (bu şəxs də uzun müddət vergi xidmətində rəhbər
vəzifələrdə çalışıb – red.) “paket”in bərpa edilməsini tələb edib. Samir
Qurbanovun özünün də zəngin olması ilə bağlı məlumatlar var. Onun az
qala 40 bahalı maşını var. Hamısının da nömrəsi 041-lə bitir.
İnsident baş verən gün S.Qurbanovun hədəfində əsasən 2 şəxs olub –
vergilər naziri Fazil Məmmədov və onun yaxın qohumu, Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov. Lakin onu içəri
buraxmayıblar. Qəzəblənən Samir nazirliyin giriş qapısına və
təhlükəsizlik kamerasına atəş açmaqla, bir növ bu şəxslərə xəbərdarlıq
edib. İnsidentdən sonra F.Məmmədovun və X.İsgəndərovun şəxsi mühafizəsi
gücləndirilib, nazirliyin mühafizə sisteminə sayıqlığı artırmaq
tapşırılıb.
Redaksiyamızı bilgiləndirən mənbə S.Qurbanovun müəmmalı şəkildə
azadlığa buraxılması ilə bağlı şok detalları da açıqlayıb: “Bu məsələdə
F.Məmmədovun biznesinin idarəçiliyi ilə məşğul olan Qafar Qurbanov
vasitəçilik edib. Q.Qurbanov F.Məmmədovu inandırıb ki, qardaşının
hərəkətini təqdir etməsə də, onun həbsdə qalması nazirin ziyanınadır.
Çünki onun təsir dairəsində olan radikal dindarlar təxribata əl ata
bilərlər və bunun da məsuliyyətini F.Məmmədov daşımalı olacaq.
Yazılmamış qanunlara görə, oliqarxın çevrəsində olan istənilən
insidentin məsuliyyətini oliqarx daşıyır. Ona görə də Q.Qurbanov bir
daha belə bir insidentin olmayacağı ilə bağlı nazirə təminat verib. O
deyib ki, bundan sonra qardaşı və onun rəhbərlik etdiyi icmanın maliyyə
xərclərini şəxsən özü qarşılayacaq və onlara şəxsən özü nəzarət edəcək.
Bundan sonra S.Qurbanovun azadlığa buraxılması reallaşıb”.
Q.Qurbanovun adı mətbuatda ilk dəfə 2012-ci ilin yayında ARDNŞ-in
Monteneqroda ada alması ətrafında qalmaqalda hallanıb. Mediada gedən
məlumatlara görə, icarə müqaviləsini ARDNŞ-in adından “Ataholdinq”
ASC-nin Müşahidə Şurasının üzvü Qafar Qurbanov imzalayıb. Özəl şirkət
olan “Ataholdinq”in rəsmisinə dövlət şirkəti tərəfindən belə səlahiyyət
verilməsi isə ekspertlər tərəfindən hüquqi nihilizm kimi
qiymətləndirilib. Ekspertlərin fikrincə, yaranmış uyğunsuzluq bu iki
şirkət arasında müəmmalı maraqlardan və bağlılıqdan xəbər verir.
Qəzetimizi bilgələndirən mənbənin sözlərinə görə, S.Qurbanovun
azadlığa buraxılmasının səbəblərindən biri də F.Məmmədovla sələfi
icmasının biznes seti arasında işgüzar münasibətlərin olmasıdır:
“Sələfilərin biznes şəbəkəsinə dəstək verən dövlət məmurlarından biri da
vergilər naziridir. Vergi müfəttişləri sələfilərin biznes şəbəkəsinə
demək olar ki, müdaxilə etmirlər. Qarşılığında isə F.Məmmədova  Səudiyyə
Ərəbistanında böyük biznes imkanları yaradılıb. Nazirin bu ölkədə çox
böyük biznesi var. Bu amil də S.Qurbanovun azadlığa çıxmasında önəmli
rol oynayıb. F.Məmmədov S.Qurbanova görə böyük bir beynəlxalq biznes
şəbəkəsi ilə münasibətlərini korlamaq istəməyib”.
Mənbə maraqlı bir detala da toxunub. S.Qurbanovun istintaqı
Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində
aparılır. Ancaq istintaq müddətində onun müdafiəsi ilə bağlı tanınmış
vəkillərdən heç biri ilə müqavilə imzalanmayıb. Onun hüquqlarını təyinat
üzrə ayrılmış vəkil müdafiə edib. Bu onu göstərir ki, F. Məmmədov S.
Qurbanova münasibətdə öncədən ehtiyatlı mövqe tutub. Yəni onun taleyinin
istintaqdan kənar həll ediləcəyi öncədən razılaşdırılıb. Bu detal da
F.Məmmədovun sələfi icması ilə iş birliyində olmasını təsdiqləyir.
Yazıda adıçəkilən hər kəsin, eyni zamanda Vergilər Nazirliyi və Baş Prokurorluğun mövqeyini də dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=9246

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31