Mühacirətdə olan QHT rəhbəri icra başçısını ifşa edir
Mustafa Axundov: “Ölkəni tərk etməsəm, Salyandakı
fəaliyyətimə görə indi həbsdə idim”
“Emil Məmmədovun həbs olunması
Salyan icra başçısının korrupsiya fəaliyyətini açıqlaması ilə birbaşa bağlıdır”
Azərbaycanın regionlarında
hüquq müdafiəçilərinə qarşı təzyiq və təqiblər davam edir. Hüquq müdafiəçisi
Emil Məmmədovun Salyanda həbsi bu təzyiqlərin davamlı olduğunu bir daha
göstərdi. Hazırda mühacirətdə yaşayan Sosial Təşəbbüslər və İnsan Hüquqları
İctimai Birliyinin sədri Müstafa Axundov da hesab edir ki, Emil Məmmədovun həbsi
qanunsuzdur:
“2007-ci ildə qeydiyyatdan
keçən “Demokratiyaya Yardım” İctimai Birliyi Salyan və ətraf rayonlarda
vətəndaşların sosial və ekoloji problemlərinin həlli ilə məşğul olub. Yerlərdə
həllini tapa bilməyən problemlərin həlli üçün Emil Məmmədov dövlət başçısına və
digər aidiyyatı orqanlara müraciət edirdi. O, dəfələrlə Salyan rayonunda
ictimai vəsaitlərin xərclənməsində qanunsuzluqlarla bağlı həm dövlət
qurumlarına, həm də mətbuata məlumat vermişdi. Bundan sonra Emil Məmmədovu
dəfələrlə Salyan rayon Polis Şöbəsinə çağırıblar, burada müxtəlif rayon
idarələrinin – poçtun, maliyyə idarəsinin və digər qurumların rəhbərlərini
internetdə nüfuzdan salan materiallar dərc etməkdə ittiham ediblər. O, bu
ittihamları uydurma adlandırıb. Bundan sonra “Demokratiyaya Yardım” İctimai
Birliyinin sədri Emil Məmmədov Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir
Kərimov tərəfindən rayon toplantılarında “xalq düşməni” elan edilib. Bu ilin
aprelində Birliyə yeni üzv olan Tofiq Qasımovun qondarma ittihamla (xuliqanlıq
maddəsi ilə) həbs edilməsi ilə Emil Məmmədovun həbsinə zəmin hazırlandı. Sonda
isə vətəndaş cəmiyyəti fəalı Emil Məmmədov qanunsuz olaraq həbs edilib”.
M.Axundov bildirib ki, Emil Məmmədov ziyalı, yüksək
mənəviyyat sahibidir: “Onun fəaliyyəti sayəsində yod zavodunun administrasiyası ilə Neftçala
yerli icması arasında ətraf mühitin qorunmasına, Salyanda neft mədəni ilə yerli
icma arasında yerli infrastrukturun və ekologiyanın inkişafına dair sazişlər
bağlanıb. Bakı-Ələt yolunun inşası zamanı yerli neftçilərin, işçilərin
hüquqları müdafiə edilib. Bakı-Ələt yolunun inşası zamanı aşkar edilmiş bardaq
şəklində qədim arxeoloji tapıntıların fəhlələr tərəfindən məhv edilməsinin
qarşısı Emil Məmmədovun sayəsində alınıb. Fəaliyyət göstərdiyi müddətdə o
fədakarlığı və insansevərliyi ilə nəinki Salyan rayonunda, hətta bütün Aran
zonasında insanların rəğbətini qazanıb. Emil Məmmədovla bağlı qondarma
ittihamların irəli sürülməsi və onun həbs olunması Salyan RİH başçısının
korrupsiya fəaliyyətini açıqlamağı ilə birbaşa bağlıdır. Bu həbs vətəndaş
cəmiyyəti institutlarının susdurulmasına yönəlik addım kimi
qiymətləndirilməlidir. Vətəndaş cəmiyyəti institutu təmsilçisi kimi hüquq
müdafiəçisi Emil Məmmədovun qanunsuz həbsini pisləyir və onun azad olunmasını
tələb edirik. Bu həbs bir daha ölkədə hüquq müdafiəçilərinə qarşı təzyiqlərin
davam etdiyini göstərir”.
M.Axundov deyir ki, Salyanda həbslər bununla
yekunlaşmaya bilər: “Bu həbslər digər hüquq müdafiəçiləri üçün də bir xəbərdarlıqdır. İnsanların
hüquqlarının müdafiəsi ilə məşğul olan, insan hüquqları pozuntusu, korrupsiya
və rüşvətxorluqla bağlı faktları ictimailəşdirən şəxslər daim təhlükədədir.
Əgər ölkəni tərk etməsəm, indi mən də Salyandakı fəaliyyətimə görə həbsdə
idim”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9288