Evdən qaçan gənc qızların
Son vaxtlar yeniyetmə qızların evdən qaçması halları artıb.
“Azadlıq və müstəqillik axtarışına çıxan” bu qızlar evi tərk edəndən
sonra adətən taleyin ümidinə qalır, harada gəldi – internet klublarında,
barlarda, təsadüfi tanış olduqları oğlanların evində, hətta küçələrdə
gecələyirlər.
Nəticə isə çox pisdir. Yiyəsiz qalan belə gənc qızlar adətən
zorlanır, təzyiqlərlə üzləşir, insan alverinin qurbanına çevrilirlər.
Təkcə iyul ayında ölkə mətbuatında 4 belə xəbər yer alıb.
Qızların evdən qaçmasının səbəbləri müxtəlifdir. Amma son günlər sosial şəbəkələrdə tanışlıq amili digər səbəbləri geridə qoyub.
Ötən ay “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq
evində qalan qız da ailəsini günahlandırıb. Qız bildirib ki, onun
sərbəst yaşamaq istəyinə qarşı çıxan valideynləri ilə bir yerdə yaşamaq
istəmir.
Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mehriban Zeynalova
məlumat verib: “Qız sərbəst yaşamaq istəyirdi, amma onun
davranışlarında açıq-saçıqlığa meyl hiss olunurdu. Yəni sərbəst yaşam
tərzi ilə bağlı fikirləri ifrat həddə idi. Məsələn, deyirdi ki, o,
müasirdir, istədiyi oğlanın yanında lüt gəzə, hətta onunla yata bilər.
Lakin ailəsi onun bu fikirlərinə qarşı çıxır. Qızın bu davranışı
göstərir ki, valideynləri ilə onun arasındakı münasibətlər vaxtında
düzgün qurulmayıb. Nəticədə isə qızla valideynləri arasında kəskin fikir
ayrılığı yaranıb”.
Hüquq müdafiəçisinin sözlərinə görə, qızların evdən qaçmasına ya
ifrat dərəcədə mühafizəkarlıq, ya da ifrat özbaşınalıq səbəb olur. Hər
iki variantda isə valideynlər günahkardır: “Ötən ay 16 yaşlı qız evdən
qaçaraq sığınacağımıza gəlmişdi. Biz dərhal polisə məlumat verdik. Bəlli
oldu ki, qızı erkən nikaha məcbur edirlər. Nişanlandığı oğlan isə qızı
döyüb, hətta qızın yaşadığı evdə ona qarşı təcavüzə də cəhd edib. Buna
görə də qız geri qayıtmaq, ailə qurmaq istəmirdi. Polisin müdaxiləsi ilə
ailə ilə söhbət aparıldı, erkən nikahın cinayət olduğunu başa saldıq.
Bundan sonra qız ailəsinə qaytarıldı”.
Mütəxəssisin fikrincə, evdən qaçan qızların əksəriyyəti valideyn
məsuliyyətsizliyinin qurbanıdır: “Adətən belə olur. Ana işləyir və hesab
edir ki, analıq funksiyasını yerinə yetirib. Ata isə əksinə, qızı ilə
söhbət etmək istəmir. Bu zaman da pərdə anlayışını əsas gətirirlər. Uşaq
dayənin yanında böyüyür, sonradan da məktəbin ixtiyarına verilir. Buna
görə də uşaqlar kənardan gələn informasiyanın həqiqət olduğuna inanır,
yad təsirlərin altına düşürlər. Halbuki valideynləri qızla danışmalı,
kənarda baş verənlər haqqında məlumat verməlidirlər. Bəzən ana evdən
çıxmır, cəmiyyətdə baş verənlərdən məlumatsız olur. O zaman ata qızla
söhbət eləsə, yaxşı olar”.
Uşaqların sosial şəbəkədən istifadəsinə gəldikdə isə M.Zeynalova
valideynlərin diqqətli olmasını, uşaqlarda baş verən prosesləri
izləmələrini məsləhət görür.
Azərbaycan Uşaq Hüquqları üzrə QHT Alyansı İdarə Heyətinin sədri
Nazir Quliyev isə əsas təhlükənin sosial şəbəkədən gəldiyini düşünür:
“Evdən qaçan qızların əksəriyyəti adətən aktiv sosial şəbəkə
istifadəçiləridir. Qızlar əsasən internet vasitəsilə tanış olduqları
oğlanların vədinə inanıb evdən qaçırlar. Bəllidir ki, qız qaçmaqla bağlı
bir gündə qərar qəbul etmir, düşünür, yollar axtarır. Buna görə də mən
bütün məsuliyyətin valideynlərdə olduğunu düşünürəm”.
N.Quliyevin fikrincə, evdən qaçan və ya qaçmağa cəhd edən qızların
çoxu təhsilsizdir: “Müşahidələr göstərir ki, təhsilin səviyyəsi aşağı
olan rayonlarda, kəndlərdə qızlar məlumatsız olurlar, daha tez təsir
dairəsinə düşürlər. Rayonlardakı məktəblərdə uşaqlarla iş aşağı
səviyyədədir, məktəb psixoloqları işləmir. Halbuki qızlarla işləmək
birbaşa məktəb psixoloqunun vəzifəsidir”.
Psixoloq Nərgiz Nuriyeva isə ailələrdə əsasən yetkinlik yaşına çatan
qızlarla bağlı problemlər yaşandığını deyir: “Bu yaşda qızlar həssas
olurlar, ətrafında baş verən hadisələrdən tez təsirlənirlər. Buna görə
də onları aldatmaq asan olur. Bu yaş dövründə qızların davranışlarına
nəzarət olmalıdır. Lakin bu zaman hədsiz qadağalar onları sərbəstliyə
meylləndirə bilər”.
Psixoloqun fikrincə, yeniyetmələrin internetdən asılılığı, təsadüfi
tanışlıqlar onların psixologiyasına təsirsiz ötüşmür: “Bəzən evdən
qaçmağa və ya intihara meylli uşaqlarla söhbət zamanı onlar dəlicəsinə
aşiq olduqlarını söyləyirlər. Buna görə də valideynlər uşaqları
nəzarətsiz buraxmamalı, onlarla mütəmadi söhbətləşməli və onları başa
düşdüklərini, qızlarına etibar etdiklərini göstərməlidirlər. Yetkinlik
yaşındakı qızların nəvazişə, qayğıya ehtiyacı olur. Bu qayğını isə
onlara valideyn göstərməlidir”.
Qeyd edək ki, qanunvericiliyə əsasən evdən qaçan yetkinlik yaşına
çatmayanlar ailəsinə təhvil verilirlər. Çünki onlar valideyn
himayəsindədir. 18 yaşından yuxarı olanların ailəyə təhvil verilməsi isə
məcburi deyil. Bu zaman seçim qızın ixtiyarına buraxılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9325