Əliyevlərin susqunluq marağı

05.07.2014 - 11:35

Yaxud dini olaylara MTN, DİN və prokurorluq niyə susur?

Son günlər ölkədə ciddi mənada, dini təhlükə polemikaları gedir. Iş
polemikada dayanmayıb, praktiki müstəviyə də keçib. Sabirabadda və
Müşfiqabadda baş verən olaylar artıq işi başqa müstəviyə keçirib. Bəli,
təriqətlər bir-birilə açıq savaşa çıxırlar. Biri digərini zəif olduğu
məkanda hücuma məruz qoyur. Uzun zamandır sekulyarlıq və dini dözümlülük
mühazirələri oxuyan dövlət və hökumət orqanları isə ağzına su alıb
oturub. Görəsən, nə baş verir və olanların günahkarı kimlərdir?
Tərəflərmi? Hökumətmi? Kənardakı qüvvələrmi? Kim? Amma mütləq bir
günahkar var.

Sabirabaddakı olay nədir?

4 iyunda yayılan video qanları dondurdu. Sabirabadda bir dəstə adam
birinin saqqalını kəsirdi. Daha doğrusu, dəstənin mühasirəsində “lider”
öz işini görürdü. Özü də deyirdi ki, buralara gəlmə, bura əhli-beyt
torpağıdır. Saqqalı kəsilən isə sələfi (vəhhabi) idi. Hadisəni əks
etdirən videonu izlədikcə aydın olur ki, olayı törədənlər çox
arxayındılar. Özü də ciddi şəkildə təşkilatlanıblar. Çünki saqqalı kəsən
adam bütün toplaşanları bir kəlmə ilə tabe etdirə bilir. Ona sözsüz
tabe olurlar. Budur təşkil olunmuş iş. Amma nə dövlət görünür, nə də
hökumət. Bu, açıq şəkildə Iran təhlükəsidir – çünki saqqal kəsən deyir
ki, “bu gün sənin saqqalını qırxdıq, sabah da Türkçünü başqa cür
edəcəyik (ifadə etik olmadığı üçün belə yazıram – S.H.). Bu artıq
təriqətlərarası dava da deyil, özündən başqasının varlığını görməməkdir.

Cavab atəşi – “düşmən” susduruldumu?

Sabirabaddakı olaydan iki gün keçməmiş Müşfiqabad qəsəbəsində
şiələrin iftar süfrəsinə hücum edildi. Bu dəfə də sələfilər güclü
idilər. Söhbət “iftar süfrəsinə hücum”dan, “dindarın saqqalını
kəsmək”dən gedirsə, burada dini amil axtarmaq nə qədər doğrudur – onu
ancaq dindarlar deyə bilər. Amma fakt budur ki, onlar Sabirabad olayına
cavab verdilər. Baş verən sadəcə, qarşıdurmadır. Eyni düşmənlərin
başqa-başqa səngərlərdə qarşıdurması… Səhnə və səngər isə Azərbaycan
dövlətidir. Susan da həmin dövlətin hüquq-mühafizə və xüsusi xidmət
orqanlarıdır.

“Nə baş verir və buna görə kim cavab verməlidir?” sualına
keçməmişdən əvvəl aşağıdakı sadə suallar cavablandırılmalıdır. Bu
hadisələri dövlət niyə görmür? Niyə Azərbaycan dövləti hesab edir ki,
bir qram narkotik aşkarlayanda bəyanat verməlidir, amma bu boyda
hadisəyə susmalıdır? Dövlət özünü bu olayda tərəfmi sayır? Düşünür ki,
qoy onlar bir-birini məhv etsin? Yaxud planlayır ki, dini qarşıdurma
böyüsün və demokratiya təzyiqləri azalsın? Dövlət görmürmü ki, bu
savaşlar ölkələri cəhənnəmə çevirir? Dövlət görmürmü ki, məhz bu cür
qapalı rejimlərdə sosial çürümə olanda belə qurdlanmış proseslər meydana
çıxır?

Dövlətin bunları bildiyinə şübhə yoxdur. O zaman niyə bu cür
davrandığını araşdırmaq qalır. Görünür ki, dövlətin əsas orqanları
hakimiyyətin dar maraqlarından kənara çıxa bilmirlər. Amma unudurlar ki,
evini qorumaq üçün öz çəpərini bərkidən kəndini itirər. Itirilən
Azərbaycanda isə heç kimə hakimiyyət düşməyəcək.

Bəs dini tolerantlıq vardı…

Indi isə əsas suala keçək: bəs ölkədə dini tolerantlıq vardı axı,
necə oldu? Bəs dözümlülük konfransları vardı, hara getdi onların
praktiki nəticələri? Bütün bu suallara cavab verməli olan hökumət, həm
də bu tədbirlərə sərf edib kül kimi sovurduğu dövlət vəsaitlərinin boşa
getməsinə görə məsuliyyət daşımalıdır. Amma biz o qədər xırdalıq
eləmirik və soruşuruq: Cəhənnəm olsun dinlərarası dialoqlara dair
xərclədiyiniz pullar, niyə bizim ölkəmizdə müsəlman müsəlmanla yola
getmir? Ümumiyyətlə, bu ölkədə niyə dövlətin qanunları işləmir ki, hər
kəs özündən bir qanun düzəldib onunla yaşayır? Indi başa düşürsünüzmü
ki, siz daha istefa da verə bilməyəcəksiz? Praktik olaraq, bu ölkədə
yaratdığınız cəngəlliyin canlıları sizi parçalayacaqlar. Bu da öz
yerində, amma bizim dövlət qurumlarımız var axı. Niyə kimsə hesab
etməlidir ki, o, bir başqa vətəndaşın inancına görə ona hücum edib,
sonra sərbəst gəzə bilər? Çünki siz sivil cəmiyyətin atributlarını bir
göz qırpımında məhv etmisiniz. Siz siyasi partiyaları məhv etmisiniz.
Demokratik və şəffaf toplumun elementlərinə müharibə elan etmisiniz.
Amma imkanınız var ki, bu işi yoluna qoyasınız. Bəs niyə qoymursuz?
Başqa marağınız var?

Bunu görmək çoxmu çətindir ki, artıq o maraqlar sıradan çıxıb? Heç
ABŞ boyda nəhəng də Əfqanıstan-SSRI müharibəsində dəstəklədiyi
“Əl-Qaidə”yə nəzarət edə bilmir. Siz nə düşünürsüz? Elə bilirsiniz ki,
bu gün öz saytında sizi “Allahın kölgəsi” adlandıranlar sabah sizə tabe
olacaqlar? Onlar əmir o adama deyirlər ki, ona gücləri çatmır. Gücləri
çatan kimi siz artıq onlar üçün Allahın kölgəsi olmayacaqsınız. Yəni,
Günəş başqa tərəfdən düşəcək.

Dövlətin sifəti olmalıdır!

Düşünün ki, olaylar daha da dərinləşə bilər. 9 milyonluq – demək olar
ki, az qala, az qala bütün adamların bir-birini tanıdığı ölkədə belə
səksən yerə parçalanmış və bir-birinin yaşamasına dözməyən qrupların
mövcudluğu nə deməkdir? Hərçənd, mənə elə gəlir ki, bu olayların belə
vüsət almasında pərdəarxası nəsə səbəblər var. Niyə MTN, DIN və Baş
Prokurorluq birgə bəyanat vermir? Bu sual ona görə aktualdır ki,
əjdahanın bu üç başını birləşdirən komanda olmalıdır. Yəni, siyasi
qərar. Məsələn, gənc Ömər Məmmədovun şərlənməsi əməliyyatında az qala,
Interpolun Bakı bölməsi də  bəyanat verəcəkdi. Amma necə olur ki, indi
dövlət orqanları birgə sükut edirlər? Bax belə, onlar hakimiyyətə sərf
edəndə birgə danışır, sərf edəndə birgə susurlar. Indi bu hadisənin baş
verdiyi yerlərdə çıraqla cinayətkar axtarırlar.

Söndürün çıraqları! Söndürün ki, gəldiyinizi duyan olmasın!

“Demədi” deməyin…

Afiq Muradov

Short URL: http://www.cumhuriyyet.net/?p=9331

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728