Hakimiyyət ifşa olunması ilə barışa bilmir

07.07.2014 - 11:46

Hökumət Əli Kərimlinin 7 gün öncə çıxdığı hoteldə ilişib

 
 

Iyunun 30-da ATƏT Parlament Assambleyasının iclaslarının keçirilidiyi
“Fairmont” hotelində təşkilatın təmsilçiləri ilə AXCP sədri Əli
Kərimlinin görüşünə imkan yaradılmadı və bu hadisə xeyli müzakirəyə
səbəb oldu. Hətta Danimarkadan olan deputat Karsten Lauritzen baş
verənləri müxalifət liderinə qarşı təzyiq kimi qiymətləndirdi və
ölkədəki problemlərin göstəricisi kimi xarakterizə etdi.

Bu hadisədən 7 gün keçib və Əli Kərimlinin gündəmində indi başqa
məsələlər var. Ancaq hakimiyyət 7 gündən sonra da özünə gələ bilməyib və
bu məsələ hər gün qabardılmaqdadır. Görünür, hakimiyyət beynəlxalq
səviyyəli ifşası ilə barışa bilmir və içindəki hikkəsini soyutmaq üçün
yollar axtarır.

Belə ki, rejim qəzetlərində davamlı olaraq bu məsələ işıqlandırılır
və Əli Kərimlini borclu çıxarmağa çalışırlar. Hətta “Yeni Azərbaycan”
qəzeti bununla bağlı hər sayında 2 məqalə dərc edir. 

Bir sözlə, Əli Kərimli məlum hoteldən 7 gün öncə çıxsa da, hökumət hələ də həmin hoteldə eşələnir.

YAP icra katibinin müavini Siyavuş Novruzovun “palatka”
açıqlamasından sonra, Milli Məclisin sədr müavini Bahar Muradova da
məsələylə bağlı “Azərbaycan” qəzetinə açıqlama verib.

“Əli Kərimli deyir ki, bu Azərbaycan hakimiyyətinin mənə qarşı olan
münasibətinin elementidir. Azərbaycan hökumətinin işi-gücü yoxdur bəyəm,
hansısa hotelə kiminsə girib-çıxması ilə məşğul olsun? Hesab edirəm ki,
Əli Kərimli bir azərbaycanlı kimi öz qonaqpərvərliyini göstərərək,
həmin deputatları başqa bir yerə dəvət etməli idi”- deyə Bahar Muradova
bildirib.

Bahar xanımın “Azərbaycan hökumətinin işi-gücü yoxdur bəyəm” sualı
lap yerinə düşür. Bugünə qədər olan mənzərə onu göstərir ki, Azərbaycan
hökumətinin işi-gücü bundan ibarətdir.

Mən də Bahar xanıma sual vermək istəyirəm: Məgər   Azərbaycan
hökumətinin başqa işi-gücü yoxdur ki, Əli Kərimlinin evinin qarşısına
güdükçü, çəkiliş kamerası yerləşdirir? Bu hökumətin başqa işi yoxdur ki,
Əli Kərimlinin evinə soxulur, hər anını “mühafizə” edir? Hökumətin
başqa problemi yoxdur ki, AXCP-nin qərərgahını partladır, Əli Kərimlinin
qaynını saxta ittihamlarla həbs edir? Bu analoqu olmayan hakimiyyətin
işi-gücü yoxdur ki, cəbhəçilərin rayonlarda görüş keçirməsinə, çayxanada
toplaşmasına əngəl törədir? 

Bahar xanım təmsil etdiyiniz hakimiyyətin sözçüsü rolunda çıxış edən
qəzetlərin başqa mövzusu yoxdur ki, ancaq Əli Kərimlidən yazır?

Suallar çoxdur, cavab isə ondan ibarətdir ki, bu hakimiyyəti işlə
təmin edən Əli Kərimlidir. Görünür, Əli Kərimli hakimiyyətin “oğurlamaq
işinə” əngəl olduğu üçün hakimiyyət də Əli Kərimliyə əngəl olur.

Bahar Muradovanın təmsil olunduğu komandanı narahat edən də budur ki,
“Fairmont” hotelində gördükləri “iş” bumeranq effekti verib. Ona görə
də 7 gündür hoteldəki ifşanın “qalıq”ları altından çıxmağa çalışırlar.

Bahar Muradovanın Əli Kərimlini qonaqpərvərliyə səsləməsi isə ikiqat
ifşa deməkdir. Xaricdən gələn qonağa və ölkənin müxalifət liderinə qarşı
qeyri-etik münasibət sərgiləyib, sonra qonaqpərvərlikdən danışmaq üçün
qurd ürəyi yemək lazımdır. Çünki normal ürəklə bu qədər absurda imza
atmağa heç kim cəhd etməz. Yaxşı olardı ki, sevimli hökumətimiz Əli
Kərimlidən vaxt tapıb qonaqpərvərlik anlayışının dərinliklərinə baş
vursun.

Azadlıq.info

P.S İstənilən halda iyunun 30-da baş verənlərə görə hökumətə
təşəkkür edirik. Çünki bizim haqlı olduğumuzu sübut etdilər və əksini
iddia etməyə yer qoymadılar.

Short URL: http://www.cumhuriyyet.net/?p=9333

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31