"Hafka"ölkədən niyə qaçmaq istəyib?!
“Bakı” futbol klubunun prezidenti, “Hafka” kimi məşhurlaşan iş adamı
Hafiz Məmmədov ölkədən qaçarkən saxlanılıb. Bu haqda qaynar.info saytı
xəbər yayıb. Sayt iddia edir ki, Hafiz Məmmədov ölkədən qaçarkən
hüquq-mühafizə orqanları tərəfindən Bakı Hava Limanında saxlanılıb və
geri qaytarılıb.
Məlumatı yayan mənbə iddia edir ki, hazırda iş adamı nəzarətdədir.
Bakı Hava Limanından isə axar.az-a belə bir halın qeydə alınmadığını
deyiblər. DİN də olaya qeyri-müəyyən reaksiya verib. Məsələnin maraqlı
tərəfi isə budur ki, haqqında bu cür iddiaların getməsinə rəğmən, Hafiz
Məmmədovun özündən, yaxud səlahiyyətli nümayəndəsindən heç bir təkzib,
ya da hər hansı bir reaksiya yoxdur.
H.Məmmədovun adı son günlər mətbuatda çox hallanırdı. Belə ki,
“Baghlan Group”-un prezidentinin biznes fəaliyyətindəki “axsamalar”,
ölkədə ən güclü futbol kulublarından biri hesab olunan “Bakı” futbol
klubunun bazasının satışa çıxarılması, “Bank of Azerbaijan” ətrafında
yaranan böhran və “Hafka”nın nəqliyyat naziri Ziya Məmmədovla əlaqələri
medianın gündəmindən düşmürdü. H.Məmmədovun nəzarət səhm paketinə
sahiblik etdiyi Fransanın “Lans” klubuna da son günlərə qədər on
milyonlarla dollara yaxın borcu olub. İyulun 3-də isə “Hafka” “Lans”ın
hesabına 10 milyon dollar ödəməklə borcu 11.5 milyona qədər endirə
bilib. Virtualaz.org saytı xəbər verir ki, “Lans” klubunun prezidenti
Jerve Martel H.Məmmədovun klubun bank hesabına 10 milyon avro
köçürdüyünü təsdiqləyən sənədi təqdim edib. Xəbər verildiyi kimi,
“Hafka” bu il yüksək liqada oynayacaq “Lans”ın 43 milyon avroluq
büdcəsinin təxminən yarısını vermək barədə öhdəlik götürüb. Lakin o, may
ayında ödəmə haqda sənədləri imzalasa da pulları hesaba köçürməyi
ləngidirdi. Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG)
yetərli maliyyə qarantiyasının olmamasını və pulların iyunun 26-dək
köçürülmədiyini əsas gətirərək klubun yüksək liqada oynamasına icazə
verməyib. Jerve Martel “Hafka”nın kluba 10 milyon avro köçürdüyünə dair
sənədi DNCG-yə təqdim edib və indi komissiyanın qərarının
dəyişdirilməsini gözləyir. Lakin klubun büdcəsinin formalaşması məsələsi
bununla da tam həll edilməyib. İndi “Hafka” vəd etdiyi qalan 10 milyon
avronu da köçürəcəyinə dair möhkəm təminat verməlidir.
“The Daily Mail” qəzeti isə yazır ki, “Lans”a vəd etdiyi
pulları çətinliklə tapıb göndərən “Hafka” İngiltərənin II liqada oynayan
“Şeffild Uednesdi” (“Sheffield Wednesday”) klubunun səhmlərinin 100
faizinin alınması üçün vəd etdiyi pulları da hələ ödəməyib. Baxmayaraq
ki, klubun səhmlərinin alınmasına dair bütün sənədlər imzalanıb. İndi
klubun keçmiş sahibi, prezident vəzifəsində qalan Milan Mandariç
“Şeffild Uednesdi” üçün yeni futbolçu transferlərinə tərəddüd edir: “Bu,
heç də xoş olmadı. Gözləmək məcburiyyətindəyik. Stüart Qrey kimi bir
neçə futbolçu cəlb edib komandanı yaxşılaşdırmağa can atırdıq” – deyə M.Mandariç bildirib.
“Hafka”nın Azərbaycandakı klubu “Bakı” ağır maliyyə böhranındadır və
bu günlərdə klubun səhmlərini onun əlindən nəqliyyat nazirinin oğlu Anar
Məmmədov və Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev
alıb. Belə ki, “Hafka”nın Beynəlxalq Banka iri məbləğdə borcu var və
səhmlər onun borcunun bir hissəsi kimi alınıb. Qeyd edək ki, Beynəlxalq
Bankın “Hafka”nı məkkəməyə verməsi barədə AzPolitiki.info-nını
məlumtını tərəflər nə təsdi, nə də təkzib etmişdilər.
“Hafka”ya qarşı addım atanların sırasına nəqliyyat naziri Ziya
Məmmədovun oğlu vasitəsi ilə qoşulmasının da özəl səbəbi var. Nəqliyyat
naziri bu addımı ilə ona yaxınlığı ilə tanınan “Hafka”nın biznesinin tam
nəzarətindən çıxmasına çalışır. “Yeni Müsavat”a daxil olan məlumata
görə, H.Məmmədovun maliyyə vəziyyəti heç də göründüyü qədər çətin deyil.
Onun Avropa banklarının birindəki hesabında 1 milyard avro pulunun
olması haqda bilgi var. Və həmin para çox yüksək səviyyəli qarantiya
altındadır. Yəni H.Məmmədov hansısa 20-22 milyonu tapıb “Lans” futbol
klubuna ödəyə bilməyəcək qədər kasıb deyil. “Hafka”nın Azərbyacandan
çıxarılmasının kökündə onun Fransada özünün məşhurlaşması yönündə atdığı
addımlar, xərclədiyi fantastik pullar əsas rol oynayıb. Nəqliyyat
nazirinə yaxın oliqarxın bu hərəkəti hakimiyyət daxilindəki 2 əsas
qruplaşma rəhbərliyindən birinin xoşuna gəlməyib. Bundan sonra həmin
qruplaşmanın nəzarətində olan Azərbaycan Beynəlxalq Bankına H.Məmmədovun
məhkəməyə verilməsi və “Bakı” futbol klubunun əlindən alınması
tapşırılıb.
H.Məmmədovla bağlı redaksiyamıza daxil olan məlumatları təsdiqləyən
fikirləri bu ilin fevralında “France Fotball” nəşrinə Fransanın “Mets”
klubunun keçmiş müdafiəçisi, 2010-2011-ci illərdə “Bakı” futbol klubunda
oynamış Stefan Barbikoni demişdi. Futbolçu
“Lans” klubunun yeni sahibi, azərbaycanlı oliqarx Hafiz Məmmədovla “Bakı”da oynadığı vaxtlarda “görüşdüyünü deyib.
“Hafiz Məmmədov istəsə “Lans”a 20 milyon yox, lap 40 milyon
avro da verə bilər! Futbol onun üçün qətiyyən qazanc mənbəyi deyil.
Hafiz Məmmədovun bir neçə milyard avro pulu, Londonda, Dubayda, Bakıda
və Moskvada fəaliyyət göstərən çoxsaylı neft-qaz, taksi, tikinti
şirkətləri var” – deyə S.Barbikoni bildirib.
“Bakı”nın keçmiş oyunçusu “Hafka”nın Fransa futboluna pul
qoymasının motivlərini “özünü təbliğ etmək istəyi” ilə izah edib. Stefan
Barbikoni bundan əvvəl Fransa mətbuatına Hafiz Məmmədovun “Bakı”
klubunun braziliyalı oyunçusunun uşağının anadan olması münasibətilə ona
“bir uşaq arabası dolu pul verdiyini” demişdi.
“Lans” klubunun keçmiş müdafiəçisi, kapitanı və məşqçisi olmuş Jan-Gay
Vallem isə “France Football”a açıqlamasında deyib ki, Hafiz Məmmədov bu
kluba 20 milyon avro qoyubsa, deməli, onun nəsə gizli motivi olmalıdır.
“Əgər o, 20 milyon avro yatırırsa, deməli burada nəsə etmək istəyir” –
deyə keçmiş kapitan bildirib.
Bu “gizli motiv” hər nədirsə, deyəsən tərs təpib və artıq iş adamını bitirməkdədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=9344