METRONUN YENİ RƏİSİNDƏ "ULDUZ XƏSTƏLİYİ"

07.07.2014 - 15:06

Zaur Hüseynovun qəbuluna düşmək olmur, sıravi metro işçiləri isə mənasız yazı-pozu işindən və komissiyalardan təngə gəlib

Bizim məmurlar özündən əvvəlkinin atasına rəhmət oxutdurmağa
öyrəşiblər. AzPolitika.info-ya daxil olan məlumatlara inansaq, deyəsən
Bakı Metropoliteninə Tağı Əhmədovun yerinə təyin olunmuş yeni rəis Zaur
Hüseynov cənabları da bu “adət-ənənəni” pozmaq fikrində deyil.

Əslində, ona “yeni rəis” demək də düz olmaz, artıq onun bu vəzifəyə
təyin olunmasından az qala yarım il keçir. Ancaq bu yarım ilə yaxın
müddətdə metroda yadda qalan dəyişiklik yalnız stansiyalardakı ticarət
köşklərinin yığışdırılması oldu. Nəticədə, oradan evinə 3-5 manat çörək
pulu aparan yetim-yesirin ah-naləsi hesabına da olsa, sərnişinlərin
stansiyalara giriş-çıxışı nisbətən rahatlaşdı. Lakin stansiyaların
özündə heç nə dəyişmədi – yenə basabas, yenə qatarların gecikməsi, yolda
qalması, yenə metro işçilərinin əziyyətlərinin qarşılığında aldığı
qəpik-quruş və sair…

“Ulduz xəstəliyi” yeni rəisdən də yan keçməyib

Xatırlayırsınızsa, hörmətli Tağı Əhmədov media təmsilçiləri
ilə münasibətdə əsas etibarı ilə kobudluq, onlara yuxarıdan aşağı
baxmaq, hətta bəzən təhqir səviyyəsinə çatan qəbuledilməz davranışı ilə
seçilirdi. Bu tendensiya onun metro işçilərinə qarşı münasibətində də
müşahidə olunurdu.
Əsasən də son zamanlar T.Əhmədovun qəbuluna
düşmək mümkünsüz olmuşdu. Özü isə yeraltı hakimiyyətinin ilk dövrləri
ilə müqayisədə kollektiv arasına çıxmaq, insanlarla görüşməkdən demək
olar ki, imtina etmişdi. Bu “ulduz xəstəliyi” deyəsən onun yerinə təyin
olunmuş Zaur Hüseynovdan da yan keçməyib. İlk dövrdə metro işçilərini
həvəslə qəbul edərək, problemlərinin həllinə yardım etməyə çalışan
metropoliten rəisi deyəsən bu xeyirxahlığına görə peşiman olub.
Bugünlərdə onun qəbuluna düşmək istəyən, həyatının böyük hissəsini yerin
altında keçirən və hal-hazırda da burada çalışan zəhmətkeş insanları
qəbul etməkdən imtina edib. Pensiyalarının hesablanması ilə bağlı
problemləri olan bu insanlara elə idarənin qapısındaca rəisin məşğul
olduğunu, onları qəbul edə bilməyəcəyini bildiriblər. Deyilənə görə, son
zamanlar metro işçilərini Z.Hüseynovun (vəzifəsini dəqiqləşdirə
bilmədik) nümayəndəsi qəbul edirmiş ki, onu da metroda “sədrin müşaviri”
kimi tanıyırlar. Ancaq, artıq o da kimsəni qəbul edib, problemini
dinləməkdən imtina edir. Adamın yadına məşhur filmdəki Zülümovun
“rəis məşğuldur, mən də məşğulam” səhnəsi düşür. İlk dövrdə
“Paşayevlərin adamı”, “kasıbların adamı” və s. adlarla xarakterizə
olunan metro rəisinin çox qısa müddətdə “tağılaşması” metro işçilərinin
yumşaq düsək, təəccübünə və məyusluğuna səbəb olub. Deyəsən, bu prosesi
təkcə metro işçiləri deyil, millət vəkilləri və bir sıra ictimaiyyət
təmsilçiləri də hiss etməkdədirlər ki, bu da onların mətbuatdakı tənqidi
çıxışlarında özünü biruzə verir.

Süründürməçilik işçilərin əsəblərini və ciblərini imtahana çəkir

metropZ.Hüseynovun
daha bir “şakəri” isə kağız-kuğuz, sənəd toplama, ərizə yazma,
komissiyadan keçmə və sair kimi süründürməçiliyə olan həvəsidir. İşçilər
deyir ki, son 5 aya yaxın müddətdə onlardan bir neçə dəfə sənədlərini
toplamaq, qaynata-qaynananın tarixçəsinə qədər, bir çox lazımsız və
mənasız anketlərin hazırlanması, o ərizə sənin – bu ərizə mənim prinsipi
ilə məqsədi və mahiyyəti bəlli olmayan müxtəlif yazı-pozular tələb
olunub. Görünür, bu da Z.Hüseynov cənablarının mühasib keçmişinə
bağlıdır. Ancaq bu yazı-pozu metropolitenin real missiyasının həyata
keçirilməsində təbii ki, heç bir əhəmiyyətə malik deyil və əksinə,
insanların əsəbləri ilə oynamağa xidmət edir. Yeri gəlmişkən, bu
yazı-pozu işi metro işçilərinin tək əsəbləri deyil, ciblərinə də ziyan
vurmaqdadır.
Belə ki, metro rəisi işçilərin yenidən tibbi
komissiyadan keçməsinə dair göstəriş verib. Məlumat üçün deyək ki, metro
işçiləri qrafik üzrə hər il tibbi müayinədən keçirlər. Adı tibbi
komissiya olan bu soyğunçuluq isə Dəmir Yolu xəstəxanasında həyata
keçirilir. İşçilər bildirir ki, xəstəxanada onların komissiya
kağızlarına qol çəkməli olan hansı həkimin qəbuluna düşürsənsə, stolun
üstündə “onluq”, ya da “iyirmilik” görürsən.
Bu da həmin
həkimin imzasının qiymətini göstərir. Bir metro işçisi olduqca ilginc
hadisə danışdı. Sağlam olduğu üçün həkimlərə pul verməmək qərarına gələn
həmin şəxs ayrı-ayrılıqda qəbuluna düşdüyü həkimlərlə bunu sübut etmək
üçün o qədər mübahisə edib ki, sonuncunun qəbuluna çatanda əsəbdən
təzyiqi qalxıb. Bütün kabinetlərdən canını qurtaran həmin şəxs, artıq
sonuncu həkimdə “ilişib”. Və necə deyərlər, taleyilə barışıb…

İndi belə bir sual yaranır: Dəmir Yolu Xəstəxanasında heçnə
dəyişməyibsə, işçinin sağlamlıq dərəcəsinin müəyyən olunması “ənənəvi
üsulla” həyata keçirilirsə, bu işçiləri yenidən komissiyaya göndərməyin
nə mənası var? Bu süründürməçilik, soyğunçuluq, əsəb və gərginlik mənbəyi yaratmaq nəyə və kimə xidmət edir?

Bir sözlə, əvvəldə də qeyd etdiyimiz kimi, gedənin atasına rəhmət
oxutdurmaq ənənəsi deyəsən hələ çox davam edəcək. Metro işçilərinə isə
səbirli olmağı və rəhbərliklə olan problemlərinin heyfini sərnişinlərdən
çıxmamalarını xahiş edirik…

“AzPolitika”

Short URL: http://www.cumhuriyyet.net/?p=9345

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31