Nazirin icra başçısı olan yeznəsinə rüşvət ittihamı
Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarını rüşvət almaqda ittiham
edir. Daha dəqiq desək, ərizədə təsvir olunan üslub vətəndaşdan pulun
rüşvət kimi deyil, daha çox şantaj etməklə alındığını söyləməyə əsas
verir.
Beləliklə, Binəqədi rayonu Biləcəri şossesi, Y.Hüseynov döngəsi ev 21
ünvanında yaşayan Azər Əliyev öz ərizəsində bildirir ki, o, bir müddət
bundan əvvəl hazırda yaşadığı evin yanındakı sahədə iki mərtəbəli yeni
evin tikintisinə başlayıb. Bir müddət sonra Binəqədi RİH-nin əməkdaşları
əraziyə gələrək inşaat işlərini dayandırıblar və yalnız 18000 (on
səkkiz min) manat aldıqdan sonra tikintinin davam etdirilməsinə icazə
veriblər.Bu hadisədən təxminən bir ay sonra RİH əməkdaşları yenidən Azər
Əliyevin yeni tikilən evinə “baş çəkiblər”. Bu zaman artıq evin ikinci
mərtəbəsi də tikilib qurtarmaq üzrə idi. Bu dəfə də işləri dayandıran
əməkdaşlar yenidən pul tələbi irəli sürürlər. İndi Azər Əliyevdən 10000
(on min) manat tələb olunur və alınır. Tərəflər yenə də “sülhlə”
ayrılırlar. Aradan yenə də bir ay keçir. Bu dəfə Azər Əliyevin qapısına
artıq Binəqədi RİH-nin qəsəbə nümayəndəliyində işləyən Orxan adlı cavan
bir əməkdaş gəlir. Qətiyyətini nümayiş etdirmək istəyən Orxan danışığa
başlamadan, birbaşa evin hasarını sökdürür. Yalnız bundan sonra ev
sahibinə yeni pul tələbi irəli sürülür. Orxan deyir ki, Ədalət müəllim
yenə pul istəyir. Məlumat üçün deyək ki, Orxanın istinad etdiyi Ədalət
müəllim Binəqədi RİH başçısı Aparatının rayon təsərrüfatı şöbəsinin
müdiri Ədalət Rəcəbovdur. Bundan sonra artıq növbəti “ödəniş” üçün maddi
imkanı olmayan Azər Əliyev yuxarı instansiyalara şikayət etmək qərarına
gəlir.
Daha sonar ölkə rəhbərliyinə və Baş prokurorluğa müraciət edən şikayətçi öz ərizəsini bu sözlərlə bitirir:
“Baş verənlərlə bağlı mənə köməklik göstərməyinizi xahiş edirəm.
Binəqədi RİH-nin əməkdaşları məndən dələduzluq yolu ilə və hədə-qorxu
gəlməklə külli miqdarda pul alıblar. Xahiş edirəm ki, mənim şikayətim
əsasında araşdırma aparılsın və günahkarlar müəyyənləşdirilərək
cəzalandırılsınlar”.
Qeyd etmək lazımdır ki, redaksiyamıza bundan əvvəl də daxil olmuş
şikayət məktublarında Ədalət Rəcəbovun adı dəfələrlə müxtəlif maxinasiya
və korrupsiya hallarının törədilməsi ilə bağlı hallandırılıb. Bəzi
mənbələrin idiasına görə, məhz bu məmur rayonda özünü Binəqədi RİH-nin
başçısı Xaləddin İsgəndərovun “pul yığanı” kimi tanıdıb. Bu arada isə
ölkə mətbuatında Binəqədi RİH-nin fəaliyyətində yer almış çoxsaylı
neqativ hallara dair çeşidli materiallar dəc olunmaqdadır. Məlumatlarda
qeyd olunur ki, Vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşı
olan və başçı vəzifəsinə da məhz onun xeyir-duası ilə təyinat alan
Xaləddin İsgəndərov və onun komandası tərəfindən Binəqədi rayonu sanki
özəlləşdirilərək, əsl kommersiya obyektinə çevrilib. Əvvəllər vergi
sistemində çalışdığı üçün X.İsgəndərov rayonda özünəməxsus “vergi
şəbəkəsi” formalaşdırmaqla istər dövlət müəssisələrində, istərsə də özəl
sektorda şəxsi “qanunları”nı tətbiq etməyi bacarmışdır. Rayonda
abadlıq-quruculuq işlərinin aparılması üçün büdcədən külli miqdarda
vəsaitin ayrılmasına baxmayaraq, görülmüş kosmetik xarakterli işlər
yerli sahibkarlardan, idarə və müəssisələrdən qanunsuz olaraq toplanmış
vəsait hesabına aparılır. Buna görə də rayon ərazisində fəaliyyət
göstərən sahibkarların vəziyyəti dözülməz həddə çatmışdır.
Dia.az
Short URL: http://www.cumhuriyyet.net/?p=9354