"Azercell"in rüşvətlə gizlətdiyi həqiqətlər

Belə vəziyyətin yaranmasının nəticəsidir ki, Azərcell-in fəaliyyəti barədə son vaxtlar ictimaiyyət arasında narazılıqlar artıb. Azərcell rəhbərliyi, xüsusən də MMC-nin direktoru Ali Ağan bu irad və qeydlərdən nəticə çıxarmaq əvəzinə, gücünü yeni-yeni şirnikləndirici reklamlara verir. Şirkətin digər operatorlara nisbətən sürətlə varlanmasının özü də onun fəaliyyəti barədə şübhələrin olmasına istər-istəməz rəvac verir. Bu amil də qurumda açıq-aşkar inhisarçılıq meyllərinin olmasını göstərir. Sözügedən mobil operatorun fəaliyyəti və bu fəaliyyətdəki qüsurların ictimailəşməsinin qarşısının alınması ilə bağlı cumhuriyyet.az-ın apardığı araşdırmalar zamanı ilginc məqamlar ortaya çıxıb.
Hamıya bəllidir ki, Azərcell-də şəbəkə daxili zənglərin qiyməti ilə digər şəbəkəyə zənglərin qiymətləri arasındakı fərq iki-üç dəfələrlə çoxdur. Bu hal heç bir məntiqə sığmır. Belədə istehlakçının hüquqları tapdalanır. Necə ola bilər ki, daxili zənglərə bir qiymət, digər şəbəkələrə zənglərə isə daha yüksək olmaqla başqa qiymət qoyulsun. Bu amil əslində Azercell rəhbərliyi tərəfindən müştəriləri sağlam seçim etməkdən çəkindirmək, onları ancaq öz mobil operatorlarına bağlamaq məqsədi daşıyır. Göründüyü kimi, Azercell özünün monopolist mövqeyindən sui-istifadə edərək, ayrı-seçkilik salmaqla da məşğuldur. Belə bir vəziyyət qanunlara müvafiq olsaydı, digər mobil operatorlar da ondan Azercell-ə münasibətdə yararlana bilərdilər. Lakin digər operatorlar buna getməyib. Bunun özü də Azercell-in həmin məsələdə qanunazidd əməlinin göstəricisidir. Deməli, Azercell-in tutduğu bu yol onun ədalətli olmamasından irəli gəlir.
Azərcell həmçinin, artıq bir neçə ildir ki, bəzi aparıcı KİV-ləri ələ alma “kompaniyası” da aparır. Onun tərəfindən artıq üç ildir ki, bəzi qəzetlərin baş redaktorlarının Türkiyənin müxtəlif turistik məkanlarına səfərləri təşkil edilir. Aydın məsələdir ki, burada Azercell rəhbərliyinin məqsədi heç də jurnalistlərin qayğısına qalmaq deyil. Əksinə, bu yolla “Azercell” mətbuatın qurum barədə tənqidi məqalələr yazmasının qarşısını almaq məqsədi güdür. Deməli, qurumun fəaliyyətində sözün həqiqi mənasında tənqid edilməyə layiq məqamlar çoxluq təşkil edir ki, Azercell də onların KİV-də işıq üzü görməməsi üçün bəzi mətbu orqanları ələ almaqla məşğuldur. Hələ onu demirik ki, bu zaman mətbuat arasında seçim edərkən də qurum rəhbərliyi ayrı-seçkilik edir.
Azərbaycan mobil telefon qiymətlərinin baha olmasına görə dünyada ilk yerlərdən birini tutur. Beynəlxalq Telekommunikasiya İttifaqının, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan MDB məkanında mobil telefon danışıqlarının ən baha olduğu ölkələr sırasındadır. Halbuki, Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti əksər dünya ölkələrində olduğundan hələ də aşağıdır. Məhz belə vəziyyətin yaranmasına rəvac verən məqamlardan başlıcası Azercell-in inhisarçılığı ilə bağlıdır. Azercell bu inhisarçılıqdan sui-istifadə edərək, sözügedən sahə üzrə ölkədə normal rəqabət mühitinin yaranmasına əngəl olur. Belədə onun bu addımı Azərbaycan istehlakçısına maddi və mənəvi ziyan vurmaqda davam edir. Halbuki, Azercell inhisarçılıqdan əl çəksə, bu mobil danışıq qiymətlərinin azı iki dəfəyə qədər düşməsinə gətirib çıxara bilər. Azərbaycanın mobil rabitə bazarına sonradan daxil olan yeni operatorlar qiymətləri ucuzlaşdırmaqda maraqlı olsa da, məhz monopolist ruhlu “Azercell Telekom” fəaliyyəti ilə bu addımın reallaşmasına əngəl olur. Əvəzində o, bəzi fırıldaq reklam aksiyaları həyata keçirir. Mobil operator gecə saatlarında şəbəkə daxili zənglərə müəyyən faiz endirim edir. Amma məsələ ondadır ki, araşdırmalar da bunu göstərir, müəyyən edilən vaxtda şəbəkə həddən artıq yüklənir və belədə çox abonent bu güzəştdən yararlana bilmir. Bu da Azercell-in keyfiyyətsiz rabitə və müştərinin aldadılması siyasətidir. Uydurma və fırıldaq reklam kompaniyaları aparmaqla sosial diqqəti özünə cəlb edən mobil operator bununla istehlakçının hüququ imtiyazlarına qənim kəsilib. Fəaliyyəti müddətində həyata keçirilən reklam kampaniyaları ilə əslində təsəvvür formalaşdırmağa çalışır ki, istehlakçının diqqətini özünə cəlb etsin. Təklif olunan reklam paketi ilə istehlakçını əsas tarifdən yayındırır, onu eyforiyaya salır. Azercell abunəçilərinin əsas narazılığı bilavasitə konturların-dəqiqələrin oğurlanması ilə bağlıdır. Pafoslu reklam kampaniyaları ilə abunəçiləri şirnikləndirən qurum faktiki olaraq müştərilərin “cibini soymaqla” məşğuldur . Təkcə sosial şəbəkələrdə abunəçilərin yazdıqlarını toplasaq, görərik ki, Azercell-in dəqiqə hesablama mexanizmindən insanlar necə əziyyət çəkir. Göstərilən xidmət səviyyəsinin günü-gündən aşağı düşməsi də abunəçilərin tez-tez qabartdıqları məsələlərdəndir. Görünür, Azercell Azərbaycanda bəzi yüksək rütbəli məmurlar tərəfindən himayə edilir ki, nə qədər deyilməsi və mübarizə aparılmasına rəğmən bu şirkət hələ də öz inhisarçılığını qoruyub saxlayır. Azercell-in bu özbaşınalıqlarının aradan qalxmamasında heç şübhəsiz onun təşkil etdiyi Antalya səfərlərinə aludə olan bəzi mətbu orqanların rəhbərləri də günahkardırlar. Bu kimi şirnikləndirici əməlləri ilə Azercell hazırda qanunlara məhəl qoymasına baxmayaraq, toxunulmaz bir quruma çevrilib. Ölkədə ümumən onun hərəkətlərinə göz yumulur. Redaksiyamıza zəng edən abunəçilər qurumun şəbəkədaxili qiymət siyasətindən narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, sadə hesablama aparmaqla bunu müəyyən etmək olar: “Bizim üçün adi gələn bu xırda rəqəmlərdən şirkət milyonlar qazanır. Təbii ki, cibimizə girməklə. Azercell özünün müəyyən etdiyi qiymətlə şəbəkədaxili danışıq tarifini 7 qəpik müəyyənləşdirib. Ancaq maraqlıdır ki, abunəçilər 40-50 saniyə danışanda da, onların balansından 7 qəpik, yəni 1 dəqiqəliyin danışıq qiyməti silinir. Nədənsə, şirkət bir dəqiqədən 5 saniyə artıq danışanlara bu güzəşti etmir. Yoxladıqda görürük ki, şirkət 1 dəqiqə 5 saniyə danışıq üçün abunəçinin balansından 8-9 qəpik çıxır. Təəssüf ki, əksər abunəçilər bu məqama xırda hal kimi yanaşaraq, onun fərqində olmurlar. Ölkədəki Azercell istifadəçilərinin ümumi sayını nəzərə alsaq, bu milyonlarla manat pulun mənimsənilməsi halına gəlir”. İqtisadçı ekspert Cümşüd Nuriyevin də “Azercell Telekom”un fəaliyyətinə münasibəti mənfidir:
Azercell-in müəyyən etdiyi tariflər həddindən artıq bahadır. Buna görə isə, onlara gözün üstə qaşın var deyən yoxdur. Çünki “Azercell Telekom”un arxasında bəzi qüvvələr dayanır. Azercell-in abunəçilərinin sayının 4 milyon olması faktının özü şübhəlidir. Bu, bilərəkdən açıqlanan rəqəmdir. Bununla şirkət inhisarçı rolunda çıxış edən qurum olduğunu açıq şəkildə göstərir”. C.Nuriyev Azercell-in vergidən yayınmaq üçün maxinasiyalara yol verdiyini də bildirdi. Qeyd etdi ki, Azercell dükan və bazarlarda satışa çıxardığı kartlardan əldə etdiyi vəsaitlə vergidən yayınır: “4 manat dəyərində olan 2200 konturluq kart 10 manata satılır. Avropanın və ABŞ-ın özündə isə, 12 dollara 8000 kontur əldə etmək mümkündür. Bu cür özbaşınalığın bir səbəbi var. Azercell kimi mobil şirkətlər Azərbaycana Afrika dövlətləri kimi baxır. Bu isə, onlar tərəfindən bizlərə göstərilən təhqir kimi sayılmalıdır”. Qeyd etmək yerinə düşər ki, “Azercell Telekom”un Azərbaycan qanunlarına zidd olan fəaliyyətindən biri də SMS vasitəsilə səsin dəyişilməsidir. Yəni “zəng edin, filan qədər kontur gedəcək və səsiniz dəyişəcək. Qadın, uşaq, kişi səslərindən istifadə edib, istədiyiniz nömrəyə zəng edə bilərsiniz”. Bu isə, birbaşa cinayətdir. Hüquqi və Demokratik İslahatlar Mərkəzinin icraçı direktoru Zakir Rəhimlinin sözlərinə görə, bu cür faliyyət növü yalnız terrorçulara xas olan fəaliyyətdir: “”Azercell Telekom”un bu tip sms-lərdən istifadə etməsi müəyyən şübhələr ortaya qoyur. Ən azı bu şirkətin xarici maraqlı qüvvələrlə əlaqələrinin olması barədə yayılan məlumatların əsassız olmadığı üzə çıxır”.
Z.Rəhimli “Azercell Telekom”un Azərbaycanın mobil rabitə bazarında özünü doğrultmadığını və buna görə, şirkətin fəaliyyətinin tənzimlənməsinə ehtiyac olduğunu da söylədi. Z.Rəhimli Azercell-in abonentlərinin sayını itirməsinin səbəbini də mobil rabitə xidmətinin keyfiyyətsiz xidməti ilə əlaqələndirdi. Qeyd etdi ki, 10 il öncə, hansı üsulla fəaliyyət göstərirdisə, Azercell bu gün də həmin köhnə üsulla işləməkdədir. Milli QHT forumunun prezidenti, Azərbaycan-Türkiyə QHT-ləri işçi qrupunun üzvü Rauf Zeyni də istehlakçıların hüquqlarının pozulmasının yolverilməz olduğunu söylədi. Qeyd etdi ki, hüquq pozuntuları ilə bağlı istehlakçılar məhkəmələrə və yaxud da hüquq müdafiəçilərinə müraciət etməlidirlər: “Bəli, başqa ölkələrlə müqayisədə Azərbaycanda mobil rabitə tarifləri bahadır. “Azercell”in qiymət bahalığı ilə bağlı biz də etiraz etmişik. Dəfələrlə məsələ qaldırmışıq ki, tariflər niyə bahadır?”. SMS vasitəsilə səslərin dəyişilməsinə sərt münasibət bildirən R.Zeyni ciddi şirkətin belə qeyri-ciddi işlərlə məşğul olmasından təəssüfləndiyini bildirdi.
Azad İstehlkçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, Azercell Azərbaycanda istehlakçıların hüququnu daim pozan əsas şirkətlərdən biridir: “Azercell bir sıra şirkətlərlə müqavilə bağlayıb. Məsələn, “Sindibat” şirkəti ilə. Bu fonda onların əhaliyə vaxtlı-vaxtsız, harda gəldi və mənasız məzmunlu smslər göndərməsi insanları çox narahat edir. Bu şirkətdə qiymət tariflərinin yuxarı olduğunu demək olar ki, hamı etiraf edir. Ara sıra şirkət müəyyən kampaniyalar həyata keçirməklə, əhalinin diqqətini tariflərin belə yüksək olmasından yayındırmağa çalışır. Bir müddət əvvəl şirkət 10 manatlıq kontur yükləməyə görə, şənbə və bazar günləri danışığı pulsuz elan etmişdi. Amma tez də bu kampaniyanı yığışdırdılar. Belədə onlar hərtərəfli olmaqla istehlakçıların hüquqlarını pozmaqla məşğuldurlar. Həm inhisarçılıqla məşğul olmaqla tarifləri yüksək saxlayır. Həm də müəyyən kampaniyalarla əhalini şirnikləndirir, amma həmin kampaniyalar da qısa zamandan sonra dayandırılır. İstehlakçıların hüquqlarını pozan şirkətlər arasında heç şübhəsiz Azercell birinci yeri tutur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9367