Qohumların taladığı Ağsunun qara günləri

08.07.2014 - 02:48

Nazir Səlim Müslümov və İcra Başçısı Ənvər Seyidəliyevin vəzifə kürsüsündə qohumbazlıq siyasəti

Məmur özbaşınalığından yetərincə əzab çəkən rayonlar içərisində Ağsunun adı ilk yerlərdə durur. Adının ağ olmasına baxmayaraq burada icra başçısı Ənvər Seyidəliyevin yaratdığı şahlıq rejimi rayonu qara günə qoyub. Bu gün Ağsuda sülalə hakimiyyəti bərqərar olub. Rayon sakinləri redaksiyamıza bildiriblər ki, Ağsu icra başçısının qohumları arasında bölüşdürülüb. Bütün sahələrdə Seyidəliyevlərin sülalə nəzarəti hökm sürür. Ağsu əhalisi rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qohumlarının açıq zülmünə məruz qalıblar. Rayondakı vəziyyət elə bir səviyyəyə gəlib çatıb ki, artıq bütün rayon icra başçısının qohumları arasında bölünüb və icra başçısının hər bir qohumu həmin zonalarda hökmranlıq edir. Belə ki, Ənvər Seyidəliyev rayonun bütün inzibati ərazilərini və iqtisadi sahələrini öz qohumları arasında bölüşdürüb. Hazırda rayondakı vəziyyət elədi ki, hər kəs Ənvər Seyidəliyevin qohumlarının dediyi kimi durmalı, dediyi ilə oturmalıdır.
Quhumluq şəbəkəsi
Məlumata görə, Ağsu rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun və onun yaxın qohumu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin yürütdüyü tayfabazlıq siyasəti rayonda əsas narazılıq yaradan səbəbə çevrilib. Səlim Müslümovun və Ənvər Seyidəliyevin qohumları isə rayonda istədikləri kimi hərəkət edə bilir, əhalini istismar etməklə məşğul olurlar. İcra hakimiyyəti isə öz qohumlarına qarşı tədbir görmək əvəzinə, onlara hər cür dəstək verir və rayonda zülmü və sosial ədalətsizliyin müdafiəsinə çevrilir.

Ağsuda bütün qanunsuzluqların, dövlət əmlakının talan edilməsinin, ədalətsizliyin və zülmün başında Ənvər Seyidəliyev dayanır. Ənvər Seyidəliyevin arxalandığı şəxs isə bacısı oğlu, ƏƏSM naziri Səlim Müslümovdur. Dayı-bacıoğlu birlikdə Ağsuda qohumlardan ibarət “yenilməz batalyon” yaradıblar. Səlim Müslümovun rayondakı “hakimiyyət”ində təmsil olunan qohumlarının siyahısı isə kifayət qədər genişdir.
1. Ağsunun icra başçısı nazir Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevdir;
2. “Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Səlim Müslümovun digər dayısı və icra başçısı Ənvər Seyidəliyevin doğma qardaşıdır;
3. S.Müslümovun bibisinin əri Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur;
4. Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov isə S.Müslümovun doğma qardaşıdır;
5. Ağsunun yeganə mərkəzi bazarı Səlim Müslümovun qohumu Varis Nəzərovun nəzarətindədir;
6. İcra başçısı Ənvər Seyidəliyevin qardaşı, yəni nazirin digər dayısı Fazil Seyidəliyev rayon polis şöbəsində rəis müavinidir;
Nazirin Ağsuda dövlət qurumlarına yerləşdirdiyi qohumlarının siyahısı bununla bitmir. Rayonda onlarla digər vəzifələrə də Səlim Müslümova bu və ya digər formada qohumluğu çatan şəxslər yerləşdirilib: “Səlim Müslümov nazir olduqdan sonra isə vəziyyət daha da mürəkkəb xarakter alıb. İş o yerə çatıb ki, Müslümovun tayfası rayonun deputatı Ərəstun Cavadovun deputat kimi rayondakı fəaliyyətini də məhdudlaşdırıblar. Nazirin qohumları rayonda mərkəzi hakimiyyətin tapşırıq və tövsiyələrindən daha çox, Səlim Müslümovdan gələn göstərişləri icra etməklə məşğuldurlar. Onlar isə Ərəstun Cavadova yalnız “pul kisəsi” kimi yanaşır və ondan Ağsuda yeni layihələrə pul xərcləməyi tələb edirlər”.
Ağsu təhsilini məhv edən səbəblər
Rayonda ən dəhşətli vəziyyətin hökm sürdüyü sahələrdən biri də təhsil sektorudur. Acınacaqlı odur ki, Ağsunun əksər məktəbləri neçə illərdi ki, bir nəfər də olsun tələbə adını qazana biləcək şagird yetişdirə bilmir. Ağsuda təhsil sistemi çöküb. Bu barədə redaksiyamıza Ağsudan daxil olan məlumatda bildirilir ki, Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyevin rayonda yaratdığı rüşvət və korrupsiya sistemi Ağsuda təhsil sistemini də məhv edib.
Ağsudan daxil olan məlumata əsasən, sosial sıxıntılardan əziyyət çəkən rayon sakinlərinin nə halına yanan var, nə də səsini eşidən. Dərdi olan rayon sakinləri aylarla icra başçısının qəbulunda ömürlərini itirirlər. Rayon rəhbəri isə rayonda heç bir problemin olmadığını car çəkərək, rayona ayrılan vəsaitləri mənimsəməklə məşğuldurlar. Rayonda hökm sürən tayfabazlıq, korrupsiya sistemi təhsil sahəsindən də yan keçməyib. Ağsu Təhsil Şöbəsinin müdiri Tahir Xasiyev bir neçə orta məktəblərə oz qohumlarını direktor təyin edib. Bu təyinatlar əsasən də Bico və Keçdiməz kənd orta məktəblərində həyata keçrilib.
Rayon məktəblərində muəllimlikdən xəbəri olmayanlar rüşvət verərək müəllim kimi fəaliyyət göstərirlər və şagirdlərə muxtəlif fənlərdən dərs deyirlər, daha doğrusu, dərs keçmirlər, uşaqlarla dağdan-dərədən danışırlar. Həmin müəllimlərə artırılan dərs saatlarına görə pulu isə isə direktorlar alır və Tahir Xasıyevlə bölüşdürülür.
Məlumatlarda o da deyilir ki, elə məktəblər var ki, idman, hərbi hazırlıq, coğrafiya, riyaziyyat, tarix fənnlərini bu sahələrdən tamamilə xəbərsiz adamlar tədris edirlər. Tahir Xasıyev Təhsil Nazirliyinə vakant yerlər barədə sorğu gondərmir ki, ixtisaslı müəllimlər göndərilsin. İddiaya əsasən, xadimələr isə direktorların tövlələrini təmizləyir.
Direktorlar təhsil müdirinə arxalanıb, rayon təhsilində bərbad vəziyyətin yaranmasına görə valideynlərin şikayətlərinə qarşı “yaxşı eləyirik” deyirlər. Şikayətdə o da qeyd olunur ki, bütün bunlardan başçı Ənvər Seyidəliyevin xəbəri var. Çünki valideynlər dəfələrlə vəziyyətlə bağlı icra başçısına şəxsən şikayət ediblər. Amaa Ənvər Seyidəliyev çoxsaylı şikayətləri qulaqardına vuraraq vəziyyətə müdaxilə etmir. Çünki Tahir Xasıyevdən hər ay “haqqını” artıqlaması ilə aldığı iddia olunur.
Daxil olan məlumatda həmçinin qeyd olunur ki, hazırda cəmi 40 evdən ibarət olan Keçdiməz kəndində 5 milyon manat büdcəsi olan məktəb tikilir. Həmin məktəbdə cəmi 32 şagird təhsil aldığı halda sənədlərdə 132 şagird göstərilir. Cəmi 40 evin olduğu kənddə 132 şagirdin olması doğurdan fantastik bir işdir. Qeyd olunur ki, Ağsunun iri kəndlərində məktəblər uçuq-sökük olduğu halda Tahir Xasıyev bu iri layihəni məhz 40 evlik kəndə saldırıb. Çünki məktəbin direktoru Tahir Xasıyevin əmisi oğludur və həmin şəxs bir müddət əvvəl uşaqlara işgəncə verdiyinə görə direktor vəzifəsindən alınsa da, Tahir Xasıyev onu qısa müddət sonra yenidən qanunsuz olaraq direktor təyin edib.
Abadlığın Ənvər Seyidəliyev variantı
Rayon İcra Hakimiyyətinin başçısı bacısı oğlunun nazir işləməsinə güvənərək Ağsuda törətdiyi qanunsuzluqlar bunlarla da bitmir. Rayonun sosial-iqtisadi inkişafı və aparılan az-çox abadlıq işlərinin hamısı yerli sahibkaların, idarə və müəssisə rəhbərlərinin hesabına görülür. Əldə etdiyimiz son məlumatlara əsasən, rayondakı idarə və müəssisə rəhbərləri, həmçinin iş adamları icra başçısının fəaliyyətindən narazılıq edirlər: Başçı bütün idarə və təşkilatların rəhbərlərindən hər ay “şirinlik” yığdırır. Bunun səbəbini soruşan şəxslərə isə bildirilir ki, toplanan vəsait Ağsunun sosial-iqtisadi inkişafının yüksəlməsinə xərclənir. Əgər rayonun abadlaşması idarə müdirləri və sahibkarların hesabına aparılırsa, o zaman dövlət büdcəsindən ayrılan vəsaitlər hara gedir? Rayonda biabırçı vəziyyət hökm sürür. İcra hakimi və yaxın qohumları Ağsunu yaman günə salıb. Qohum məmurlar hərəsi bir tərəfdən rayonun büdcəsini məhv edir. Rayonun mərkəzində boş torpaq sahəsi tapmaq müşkül məsələdir. Ənvər Seyidəliyev hamısını satıb qutarıb. O, qohumları ilə yanaşı, özü üçün də gün ağlayıb. Belə ki, Təhsil şöbəsinin köhnə binasının həyətində başçının daş karxanası fəaliyyət göstərir. Həmin karxana ay ərzində icra hakiminə böyük gəlir gətirir. Ağsuda aparılan təmir-bərpa işlərinə lazım olan bütün növ daş məhsulları başçının sexindən alınır. Yəni Ənvər müəllim Rayon İcra Hakimiyyətinin büdcəsindən çıxardığı vəsaitləri sahibi olduğu karxana vasitəsilə öz əlinə keçirir. Ağsu şəhərində yol kənarındakı barıları pul silmək xatirinə 3 dəfə dəyişdiriblər. İcra başçısı Ənvər Seyidəliyevin rəhbərliyi altında həyata keçirilmiş işlərə əsasən milyonlarla manat büdcə vəsaitinin mənimsənildiyi dəqiq məsələdir. Səlim Müslümovun dayısı camaatı boğaza yığıb. Əksər kəndlərdə əhalinin sosial problemləri dəhşətli vəziyyətdədir. Bir neçə kənd mərkəzdən demək olar ki, təcrid olunub. Əhali qaz, içməli su, yol, işıq və poçt xidmətinin üzünə həsrət qalıb. Vətəndaşların içməli su ilə təmin edilməsi üçün nəzərdə tutulmuş layihəyə əsasən büdcədən ayrılan pulların bir qismi elə boruların alınması zamanı yeyilib. Bu zaman 800 min manatlıq yeyintiyə yol verilib. Nazirin anadan olduğu Pirhəsənli kəndində isə hər şey yüksək səviyyədədir”. Məlumatlı mənbə həmçinin söyləyir ki, icra hakimi 2013-cü ildə görülən işlərə həsr olunmuş hesabat yığıncağında həqiqəti əks etdirməyən məlumatları toplantı iştirakçılarının diqqətinə çatdırıb. O deyib ki, geridə qalan aylarda abadlıq-quruculuq, tikinti-bərpa işləri sürətlə davam etdirilib, sahibkarlığın inkişafı dəstəklənib. Əslində belə deyil.
Başçı sahibkarlığın hansı inkişafından danışa bilər ki, hər ay sahibkarları başına toplayıb onlardan nəysə alır? Ənvər Seyidəliyev ancaq özü üçün çalışır. “Aqrolizinq” ASC -nin Ağsu rayon “Aqroservis” filialı üçün istehsalat bazası, Padar kəndində saatlıq istehsal gücü 30 kubmetr olan qum-çınqıl karxanası, Pirhəsənli kəndinin sərhədində yeni parkın tikintisi zamanı başçı qanunsuzluğa yol verib. Və bunun da nəticəsində büdcəsini doldurub. Vətəndaşlara məxsus fərdi evlərin, yardımçı tikililərin, ticarət, iaşə, məişət və digər xidmət obyektlərinin, ictimai və inzibati binaların görkəminin yaxşılaşdırılması adı altında büdcənin külli miqdarda vəsaiti göyə sovrulub. Beləcə, Ağsu bərbad olduqca Ə. Seyidəliyevin ailə biznesi gündən-günə çiçəklənir.

Rayondan aldığımız məlumatlara əsasən, Ağsuda yerli hakimiyyət nümayəndələrindən ciddi narazılıq hökm sürür. Qohumların hakimiyyəti Ağsunu çıxılmaz duruma salıb. Bir rayon bir neçə nəfərin maraqlarına qurban verilir. Vəziyyət belə davam edərsə, Ağsu rayonunda vəziyyət daha dözülməz hal ala bilər.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=9368

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31