İhsanoğlu Ərdoğanı teledebata çağırdı
Türkiyədə müxalifətin prezidentliyə namizədi onun arxasında duranlar haqda danışdı
Ekmeleddin İhsanoğlu: “Tərəf tutan deyil, bütün tərəflərə qucaq açan bir prezident olmaq istəyirəm”
Əvvəl “Kim bu adam?” dedik, adını doğru hecalamağa çalışdıq. Sonra
“Dindarmı? İslamçımı? Atatürkə düşmənmi? Kifayət qədər dünyəvimi?
Çadraya qarşımı? Arxasında Amerika və Aydın Doğanmı var?” mübahisə və
müzakirələri başladı… “Rəcəb Tayyib Ərdoğan qarşısında heç şansı yox”
deyənlər də oldu, “Axtardığımız adam bu” deyənlər də…
Modern.az Türkiyənin iki aparıcı müxalifət partiyası – Cümhuriyyət
Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP)
prezidentliyə ortaq namizədi, Islam Əməkdaşlıq Təşkilatının keçmiş
rəhbəri Ekmeleddin Ihsanoğlunun Türkiyə mətbuatına müsahibəsini təqdim
edir.
Onunla söhbət edən jurnalistin yazdığına görə, Ekmeleddin Ihsanoğlu
həqiqətən xoş görüşlü və mülayim bir insandır. Sualların hər birinə
həssaslıq və dözümlülüklə cavab verir. Ən sərt sualların qarşısında
“Məni çox sıxışdırırsan” deyib gülür, amma qətiyyən əsəbiləşmir.
“Etiraf edim, mühafizəkar görünüşünün arxasından ümid etdiyimdən daha
rəngli və şən bir şəxsiyyət çıxdı…”, – deyə jurnalist bildirib.
– Qarşınızda Rəcəb Tayyib Ərdoğan kimi güclü bir rəqib var,
narahatlıq duyursunuzmu? Siyasi təcrübənizin olmaması sizi narahat
edirmi?
– Bu, güləş deyil, mədəni bir yarışdır. Namizədlər millətin qarşısına
çıxıb necə bir prezidentlik düşündüklərini, proqramlarını, necə xidmət
edəcəklərini izah edəcəklər. Sonra qərar millətindir. Bundan başqa bir
şey söyləmək istəmirəm.
– Namizədliyinizlə bağlı müxtəlif fikirlər səslənir. Arxanızda Gülən
camaatı, ABŞ, ya da başqa dərin güclər, gizli dəstəkçilər varmı?
– Arxamda ən böyük dərin güc var! Millətin gücü! Kimlər namizəd
göstərdi, elan edildikdən sonra dəstək halqaları necə genişlədi –
bunların hamısı şəffafdır. Partiyalar adım üzərində razılaşıblar. Bunun
xaricindəki bütün iddialar fantaziyadan ibarətdir.
– Yaxşı, Aydın Doğanın namizədi olduğunuz doğrudurmu?
– Belə şeylər söyləmək insanın ağlına hörmətsizlikdir. Bir adam sizi
sevə bilər, namizəd olmağınızı istəyə bilər, amma bu, sizinlə əlaqədar
bir siyasi proyektin içində iştirak etdiyi mənasını verməz. 2007-ci ildə
də adım ortaya çıxmışdı. O zaman qəti şəkildə təşəkkür edib, rədd
etmişdim.
– Bəs Kamal Dərvişin vasitəçilik etdiyi və Kamal Kılıçdaroğlu ilə onun vasitəsilə görüşdüyünüz iddiası nə qədər doğrudur?
– Belə bir şey olmayıb. Kamal Dərviş “Hörmətli Ihsanoğlunu tanıyaram,
amma mən təklif etmədim” deyə açıqlama verib. O, bunu söylədikdən sonra
qalanlar boş sözdür.
“Ramazanda mitinq keçirmək doğru deyil”
– Mitinq keçirməyəcəksiniz?
– Mübarək Ramazan ayında mitinq keçirmək, insanları istidə sürümək nə
qədər doğrudur? Iftardan sonra, imsaqdan əvvəlmi edəcəksiniz? Amma biz
ellərimizə, mahallarımıza gedirik, hörmətli insanlarla görüşür, xalqla
qucaqlaşırıq.
– Seçki kampaniyasını necə maliyyələşdirəcəksiniz?
– Bu seçkidə namizədlərə kömək yoxdur. Hədiyyə yığa bilərsiniz, amma
götürəcəyiniz hədiyyə adambaşı 9 min lirəni keçməməlidir. Seçki qanunu
hər bir adam üçündür.
“Ərdoğanla canlı efirə çıxmaq istəyirəm”
– Ərdoğanla canlı verilişə çıxmağı düşünərsinizmi?
– Təbii, çox istəyərəm. Prezidenti xalqın seçməsi bir yeniliksə,
bunun gərəyi namizədlərin bir araya gəlib, açıq iclasa qatılması və
xalqa öz fikirlərini açıqca söyləməsidir.
– Səlahəddin Demirtaşın namizədliyinə necə baxırsınız?
– Haqqıdır. Özü ilə görüşdüm, həqiqətən çox hörmətə layiq bir siyasətçi və centlmen bir insandır.
– Seçilə bilməsəniz, önümüzdəki illərdə siyasətə qatılmağı düşünərsinizmi?
– Hər vaxtın bir azanı var.
“Prezidentlik yan gəlib yatmaq deyil”
– Kürd məsələsinə və həll müddətinə demokratik perspektivdən baxdığınızı açıqladınız. Qırmızı xətləriniz varmı?
– Əlbəttə, hökumətlərin liderliyi və təşəbbüsü olacaq, amma müddət
tək partiyanın fikri istiqamətində irəliləməməli, Məclisdə uzlaşma,
bütövlükdə xalq tərəfindən qəbuletmə olmalıdır. Prezident də bunu himayə
edən, asanlaşdıran və dəstək verən bir mövqedə olmalıdır.
– Kürd məsələsinin həllində prezidentin aktiv rol oynamasını
istəyirsiniz. Yaxşı, icraçı prezidentlik müzakirələrinə yanaşmanız
nədir?
– Əlbəttə, aktiv olmaq lazımdır. Prezidentlik yan gəlib yatma yeri
deyil. Ora böyük məsuliyyətlərin olduğu bir mövqedir. Lakin bunu öz
təqdirinizə görəmi, yoxsa Konstitusiyanın hökmlərinə görəmi edəcəksiniz?
Xalqdan aldığınız gücü öz siyasi proqramınız üçünmü, yoxsa 76 milyonun
mənfəəti üçünmü istifadə edəcəksiniz? Tərəf tutan deyil, bütün tərəflərə
qucaq açan bir prezident olmaq istəyirəm. Çox aktiv olmaq lazımdır,
amma bu aktivlik tərs istiqamətə yönəlsə, ölkənin xeyrinə olmaz.
“Atam yaşasaydı, namizədliyimə dəstək verərdi”
– Atanız Mehmet Ihsan Efendi Cümhuriyyətin elanından bir il sonra
Misirə getmişdi. Atanızı və ən yaxın dostu Mehmet Akifi ölkəni tərk
etmək məcburiyyətində buraxan bir düşüncə sisteminin namizədi olmağınız
bir qədər qəribə deyilmi?
– Bu nöqtədə səhv bir məlumatı düzəltmək istəyirəm. Rəhmətlik atam 22
yaşında Misirə təhsilini tamamlamaq üçün getmişdi. Istiqlal marşımızı
yazan Mehmet Akiflə atam arasında nəsil fərqi vardı. Namizədliyim
mövzusuna gəlincə, mən hər hansı bir düşüncə sisteminin namizədi deyil,
Türkiyə cümhuriyyətinin prezidentliyinə namizədəm. Bütün partiyalara,
bütün siyasi görüşlərə bərabər məsafədəyəm. Atam yaşasaydı,
namizədliyimə dəstək verərdi.
– Türkiyədə dünyəvi həssaslıqları olan insanlar da, mühafizəkarlar da
sizə şübhə ilə baxır. Bu iki seqmentin gözləmələri bir-birinin ziddi
ikən, hər iki seqmenti necə razı salacaqsınız?
– Fikirlərini açıqca yazmış, söyləmiş bir insanam. Bəyənməyənlər ola
bilər, amma tərs şərhlərlə ziddiyyət yaratmaq istəyənlərə etibar etməmək
lazımdır.
– 2007-ci ildə, ya da hər hansı bir dövrdə AKP-dən namizədlik təklifi almışdınızmı?
– Bunun cavabı tarixə düşəcək bir şeydir. Danışmaq istəmirəm.
– Dindarsınızmı? Qayınatanız sizi heç namaz qılarkən görmədiyini söylədi. Zarafat idimi?
– Namazı, orucu, həcci, zəkatı, bütün fərzləri yerinə yetirən bir insanam, amma bunun ətrafında danışmağı gərəksiz sayıram.
– Ailənizin digər üzvləri necə bir həyat yaşayır? CHP-li qohumlarınız varmı?
– Ənənə və adətlərini mühafizə edən, müasir və müasir dünya görüşünə
sahib fərdlərdən ibarət olan xoşbəxt bir ailəm var. Fərqli siyasi
partiyalara simpatiyası olan qohumlarım var.
– Türkiyə uzun müddətdir 17 dekabr əməliyyatı və “paralel dövlət”
iddiası ilə çalxalanır. Paralel quruluşun varlığına inanırsınızmı? Gülən
Camaatına baxışınız necədir?
– Türkiyədə siyasi partiyalar dəstək axtarışı içində camaatları səs
və prestij qaynağı olaraq görmüşdür. Bu son hadisələrə isə münasibət
fərqlidir. Bunun qarşılığında obyektiv bir şərh vermək xeyli çətinləşdi.
Mühakimə müddətinin bir an əvvəl bitməsini gözləyirik. Mənim hər hansı
bir camaat ilə əlaqəm yoxdur.
– Daha dəqiq cavablar eşitmək istəyirik. Sizcə, 17 dekabr əməliyyatı
bir sui-istifadə istintaqı idi, yoxsa hökumətə qarşı sui-qəsd?
– Məclis bir istintaq komissiyası qurub. Mübahisə içərisinə girmək
istəmirəm. Şübhəsiz ki, hər hansı bir sui-istifadə iddiasının üstünü
bağlamamaq lazımdır. Əks halda, cəmiyyət içəridən çürüyər.
– Mal varlığınızı açıqladınız. “Çox pulu varmış, necə qazanmış?” deyə maraqlananlar var…
– Atam zəngin bir insan deyildi, amma babam zəngin idi, mirasının
dörddə birini mənə vəsiyyət edib. Həyat yoldaşımın atası da əhəmiyyətli
bir miras sahibi olub. 35 il beynəlxalq təşkilatlarda çalışmışam.
Kitablar yazmışam, əsərlərim müxtəlif dillərə tərcümə edilib. Həyat
yoldaşım bunları çox yaxşı qiymətləndirib.
– Yeməklə aranız necədir?
– Yeməyi sevirəm, amma sağlamlıq baxımından az yeyirəm. Oruc da
sağlamlıq baxımından çox faydalıdır. Yalnız Ramazanda deyil, başqa
günlərdə tutduğunuz zaman da yaxşı olar. Türk mətbəxinin vurğunuyam.
Fransız və italyan yeməklərini də sevirəm. Şirin və duzlu bir arada
olduğu üçün Uzaq Şərq mətbəxini çox sevmirəm.
Səyahəti sevirəm. Son 9 ildə 100-ə yaxın ölkəyə getdim. Bir də mənə “Tanınmırsan” deyirlər! (Gülür…)
Həm klassik türk və sənət, həm də Qərb musiqisini çox sevirəm.
Türkiyədə olduğum zamanlar Istanbul Filarmoniyası və Ankara Simfonik
Orkestrinin konsertlərini izləyirəm. Xaricdə olduğum zaman opera və
baletə getməkdən böyük həzz alaram. Klassik cazı da çox sevirəm.
Istanbul Caz Festivalını mütləq izləyirəm. Bunlar bir-birinə uyğun gələn
şeylərdir. Iki mədəniyyəti bir-birilə qarşı-qarşıya qoymaq bizim
tariximizi səhv anlamamızdan qaynaqlanır.
Short URL: http://www.cumhuriyyet.net/?p=9375