"Sizi and verirəm, ananızın südünə, yediyiniz çörəyə…"

08.07.2014 - 09:01

Pərviz Həşimlinin işi üzrə apelyasiya məhkəməsi başladı

Bakı Apelyasiya Məhkəməsində jurnalist və hüquq müdafiəçisi Pərviz
Həşimlinin şikayəti üzrə məhkəmə prosesi başlayıb. Dünən hakim Vaqif
Mursaqulovun sədrliyilə ilkin baxış iclası keçirilib.

Prosessual qaydalara uyğun olaraq, Vaqif Mursaqulov Pərvizə məhkəmə
tərkibini, o cümlədən digər hakimlər Mirpaşa Hüseynov və Həsən Əhmədovu,
prokuror Orxan Dəmirlini, həmçinin məhkəmə iclas katibini təqdim edib.

Buna cavab olaraq, jurnalist hakimə belə bir sual ünvanlayıb:

– Sizlərdən hər hansı biriniz hakimlikdən əvvəl Milli Təhlükəsizlik
Nazirliyində işləməmisiniz? Bu sualı ona görə verirəm ki, birinci
instansiya məhkəməsində işimə baxan hakim Novruz Kərimov əvvəl MTN-nin
müstəntiqi olmuşdu deyə, bu qurumdan tam asılı idi.

Vaqif Mursaqulov bildirib ki, bu məhkəmə tərkibindəki üç hakimin heç biri MTN-də işləməyib.

Bundan sonra hakim işin məhkəmə baxışına verilməsilə bağlı
fikirlərini soruşub. Pərviz Həşimlinin vəkilləri işin məhkəmə baxışına
verilməsinə etiraz etməsələr də, prosesin qismən məhkəmə istintaqı
aparılmaqla keçirilməsini istəyiblər.

“Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən bizim
vəsatətlərimizin heç biri təmin olunmayıb. Dövlət Sərhəd Xidmətinə sorğu
verilməsi, silahlarla bağlı arayış alınması, şahidlərin dindirilməsi,
Pərviz Həşimlinin evində axtarış aparılarkən mənzildə olan kameranın
yaddaşına baxış keçirilməsi və s. vəsatətlərimiz var. Təsəvvür edin,
Ilqar Musayevi istintaq zamanı şahid qismində dindiriblər, amma
məhkəməyə çağırmadılar, onun sadəcə, ifadəsini elan etməklə
kifayətləndilər. Baxmayaraq ki, biz bu barədə vəsatət də qaldırdıq.
Bütün bu səbəblərdən məhkəmə prosesinin qismən istintaq aparılmaqla
keçirilməsini istəyirik”, – deyə vəkil Elçin Sadıqov bildirib.

Jurnalistin digər vəkili Bəhruz Bayramov da bildirib ki, əgər
vəsatətlər təmin olunsa, Pərviz Həşimlinin günahsız olduğu, silahların
onun evinə axtarış aparanların özləri tərəfindən atıldığı sübut
olunacaq: “Birinci instansiya məhkəməsində proses çox ciddi qanun
pozuntularıyla keçirilib. Orada ədalətli və obyektiv məhkəmədən söhbət
gedə bilməz. Bu işə obyektiv qiymət verilməsi üçün mütləq bizim
vəsatətlərimiz təmin olunmalıdır. MTN əməkdaşları axtarışdan sonra
Pərviz Həşimlinin evindəki təhlükəsizlik kamerasının yaddaş kartını
götürüblər. Niyə? Çünki evdə baş verənlər kameranın yaddaşında var. Biz
də istəyirik ki, MTN-dən həmin yaddaş kartını alıb, baxış keçirəsiniz.
Onda görəcəksiniz ki, bu adamın heç bir günahı yoxdur. Və yaxud işdə
adıçəkilən silahların istehsal olunduğu ölkələrdə onların çox ciddi
şəkildə qeydiyyatı aparılır. Həmin zavodlara sorğu verin, görək ki, o
silahlar istehsal olunandan sonra Irana gedibmi?”

“Sübut edin ki, Ilham Əliyev doğru deyir”

Pərviz Həşimli də prosesin qismən məhkəmə istintaqı aparılmaqla
keçirilməsinə dair vəkillərinin qaldırdığı vəsatəti müdafiə edib. O,
eyni zamanda, hakimlərə Cinayət Məcəlləsinin 295-ci maddəsində
bilərəkdən qanunsuz hökmlər çıxartmağa görə nəzərdə tutulmuş həbs
cəzasını xatırladıb. Jurnalist həmçinin dövlət başçısı Ilham Əliyevin
bugünlərdə Avropa Şurası Parlament Assambleyasındakı çıxışını yada
salıb: “Prezident bəyan etdi ki, Azərbaycanda insan hüquqları qorunur.
Hüquq pozanlara qarşı isə adekvat münasibət göstərilir. Siz də bu işə
obyektiv baxmaqla sübut edin ki, Ilham Əliyev doğru deyir. Vəsatətlərə
gəlincə, xüsusən mənim üçün prinsipial olan həbs olunduğum gün sərhədi
keçən Iran vətəndaşlarının adları və fotoları haqda Dövlət Sərhəd
Xidmətinə sorğu göndərilməsidir. Sizləri ədalətli olmağa çağırıram”.

Çıxışlardan sonra hakimlər müşavirəyə gedərkən birdən yadlarına düşüb
ki, heç prokurorun məsələyə münasibətini öyrənməyiblər. Qayıdıb Orxan
Dəmirlinin fikrini soruşublar. O isə vəsatətin təmin olunmamasını
istəyib.

Müşavirədən qayıdan məhkəmənin qərarı isə prokurorun istəyinə uyğun
olub – vəsatət təmin olunmayıb, proses məhkəmə istintaqı olmadan
keçiriləcək.

Iş üzrə məhkəmə iclası iyunun 14-nə təyin olunub.

Iclas başa çatandan sonra Pərviz Həşimlinin anası hakim Vaqif
Mursaqulova yaxınlaşaraq, ondan oğlunun işinə ədalətli baxmasını xahiş
edib: “Hamınızın ananız, balalarınız var. Pərvizin 6 yaşlı qızı hər gün
səhər saat 5-də durub, atası üçün dua edir. Sizi and verirəm ananızın
südünə, yediyiniz çörəyə, bu işə düzgün baxın…”

Hakim isə ananı heç sonadək dinləmədən məhkəmə zalını tərk edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=9378

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31