"Türkmən və xristian qızlarını şəhərin ortasında zorlayırlar"

08.07.2014 - 09:42

Türkmənlərin qətliam hekayələri –
şahidlər danışır; “İŞİD onun başının necə kəsildiyini İnternetdə
yayıb” – anası görüb havalanıb; ananın gözü qarşısında oğlunu və iki
qızını güllələyib maşına atdılar, sonra maşına od vurdular”; “Sistaninin
fətvası olmasaydı”…

 

 

Elbəyi
Həsənli yaşadığı Sürix şəhərində İsveçrəyə sığınmış türkmənləri
danışdırıb. Və ürək parçalayan, insanın qanını donduran bir yazı
hazırlayıb. Həmin yazını təqdim edirik.

* * *
Bəri başdan sünni və şiə qardaşlarımdan üzr istəyirəm. Çünki bu
yazıda istər-istəməz bu ayrıntıları vurğulamaq gərəkdi. Yoxsa mahiyyəti
anlamaq zor olar. Onu da vurğulayım ki, bu ayrı-seçkiliyin qəti
əleyhinəyəm. Və İslam dünyasını birlik və bərabərlik içində, mədəni və
iqtisadi intibah dövründə görmək arzusundayam. Ona da əminəm ki,
xalqımız məzhəb savaşının dağıdıcı qasırğa kimi ölkələri necə xaraba
qoymasından gərəkən nəticələri çıxarıb. Biz şərin hökmü ilə İslam
aləmini qana çalxamış bu yabançı dalğanın təsir dairəsindən kənarda
qalmağı bacaracağıq…
Sürixdəki iraqlı qonşularım

Yaşadığım Sürix şəhərində 5-6 qonşum əslən İraqdandır. Bəziləri
sünni, bəziləri isə şiədir. Türkmən soylu Əli şiədir. Onun haqqında ötən
yazılarımın birində söhbət açmışdım. Bu dəfə isə onun haqqında daha
geniş danışmalı olacam. Əli bir müddət Bakıda yaşadığından Azərbaycanı
çox sevir. Söhbətimiz zamanı bizim türkcəyə xas olan sözləri həvəslə
işlədir. O gün onun qapısını ürək ağrısı ilə döydüm. Qardaşının İraqda
şəhid olması xəbərini yenicə duymuşdum. Ağlamaqdan qan çanağına dönmüş
gözləri şişmişdi. İçəri keçdim. Elə yenicə oturmuşduq ki, qonşuluqdakı
kürd əsilli iraqlı da öz xanımı ilə məclisə buyurdu. Onlar öz aralarında
ərəbcə danışırdılar. Arada Əli etdikləri söhbətin məzmunu barədə mənə
məlumat verirdi. Dediklərindən bəlli oldu ki, kürd qonşumuz Bağdadda
kürdlərə divan tutulmasından bərk narahatdır. Sən demə, peşmərgələr
vəziyyətdən istifadə edərək Kərkükü ələ keçirdikdən sonra İraqın mərkəzi
hökuməti ilə kürd muxtariyyəti arasında münasibətlər kritik həddə
gərginləşib. Belə ki, İŞİD-in terrorçu bölmələri qarşılarına çıxan
şiələri qırıb-çatdığı bir vaxtda sünni kürdlərin Kərkükü işğal etməsi
vətənə xəyanət kimi dəyərləndirilib. Nəticədə hazırda kürdlər kütləvi
şəkildə Bağdadda qətlə yetirilir. Bu işi isə yeni yaranmış “Əsəhülhəqq”
adlı partiyanın tərəfdarları həyata keçirirlər. İraqda dəngələr elə
pozulub ki, kimin kimlə dost və ya düşmən olması belə bəlli deyil…
Yaxşı ki, kürd qonşum xanımı ilə birlikdə bizlərdən tez ayrıldı.
Fürsətdən istifadə edib uzaq İraqda baş verən faciəli olaya aydınlıq
gətirməyə çalışdım.
Əlinin anlatdıqlarından…
– Həyatım, (türkmənlər ehtiram bəslədikləri şəxsə belə müraciət
edərlər), qardaşım İsam Eyvaz şəhid düşdü. 30 yaşı vardı. 2 yaşında qızı
yetim qaldı. Hələ üstəlik xanımı da hamilədir. İsam xəstəxanada erkək
xəstə baxıcısı qismində çalışırdı. Xanımına söyləyib ki, bu gecə işdə
olmalıyam. Xanımı deyib ki, axı bu gün sənin iş günün deyil. “Arkadaş
xəstədir, onu əvəzləməyim gərəkir”, deyib… Sən demə, iyunun 28-də 600
min əhalisi olan Duz Xurmat şəhərindən (bu şəhər həm duzu, həm də
xurması ilə məşhur olduğundan belə adlanır) 30 nəfər yaraqlı-yasaqlı
toparlanıblar. Təzə Xurmatdan və Kərkükdən də xeyli adam onlara
qoşulub.
Bəşir şəhərindən qaçmış şiələr də Təzə Xurmatda bunlara qoşulub.
Məqsəd bu imiş ki, Bəşirə hücum etsinlər. Çünki oranı İŞİD işğal edibmiş
və yerli şiələrə divan tuturmuşlar. Bu arada isə İraqda dünya
şiələrinin mənəvi rəhbəri kimi qəbul olunan Seyid Əli Sistani fətva
verdirib ki, bütün şiələr silaha sarılsın və İŞİD-ə qarşı cihada
qalxsın. Qardaşım da bir çoxları kimi bu fətfaya cavab olaraq Bəşiri
xilas etməyə gedənlərə qoşulub. Müxtəlif yerlərdən şiələri bir yerə
Əbu-Eyyub toparlayıb, Abbas Coma isə hərbçi olduğundan onlara rəhbərlik
edib. Plan belə olub ki, üç yerə bölünmüş qruplar müxtəlif
istiqamətlərdən Bəşir şəhərinə hücum etsinlər. Gecə ilə yola çıxıblar.İsam özündən böyük olan qardaşım Mühənnədə zəng vurub deyib ki, mən savaşa gedirəm. Salamat qalın…
Qardaşımgil Bəşirlə Təzə Xurmatın arasındakı Şəmsə adlı balaca bir
kənddən keçiblər. Bir qədər irəlilədikdən sonra Şəmsə tərəfdən onları
atəşə tutublar. Sən demə, bu kənd İŞİD tərəfdarları tərəfindən
tutulubmuş. Onlar qardaşımgilin dəstəsinə öncə bilərəkdən atəş
açmayıblar ki, kənddən topa halında çıxanda gülləbaran eləsinlər. Bəşir
tərəfdən də atəş açmağa başlayıblar. Beləliklə, qardaşımgil hər iki
tərəfdən atəş altına düşüb. Nə geriyə, nə də irəli yolları olub. Sağdan
və soldan irəliləyən qruplarla əlaqə saxlayıblar. Məlum olub ki, hər iki
qrup minalanmış sahəyə düşüb və xeyli itki verərək geri çəkilib…
Telefonlarını terrorçular götürdü: “Hamısını qırdıq…”
Qardaşımgilin dəstəsində olan 30 nəfərin mobil telefonuna zəng
vururuq. Terrorçular götürür. Onlar da deyirlər ki, hamısını qırmışıq,
meyitləri də ortada qalıb. İraqdakı qardaşım Mühənnəd terrorçularla
danışıb. Deyib ki, bu mənim qardaşımın telefonudur. O, hardadır?
Deyiblər ki, öldürmüşük. “Niyə öldürdüz”,-deyə sual edib. Deyiblər ki,
qardaşın Bəşirə hücum edib bizimlə savaşa çıxıb. Biz də öldürmüşük. Hələ
öləndən sonra da başına 8 güllə sıxmışıq. Qardaşım deyib ki, axı siz
gəlib Bəşiri işğal etmisiz, insanları qırmısız. Hazırda 45-50 dərəcə
istidə 400-500 meyit Bəşirin küçələrində qalıb. İydən baş çatlayır. Nə
özünüz onları dəfn edirsiz, nə də meyitləri şiələrə verirsiz ki, özümüz
basdıraq…
Əli yenidən kövrəlir. Özünü ələ alıb söhbəti davam etdirməyə çalışır…
– Bəşirdə ələ keçən qadınları zorladıqdan sonra asıblar, yaşlı
adamları güllələyiblər. Cavanlara isə heç aman verməyiblər. Qardaşım da
düşünüb ki, bizim də ana-bacımız var. Nə qədər gəlib Duz Xurmatı
tutmayıblar, biz terrorçuları elə kənardaca məhv edək. Amma istəkləri
baş tutmayıb. Qardaşım son anlarında Ərcan adlı dostunu arayıb, deyib
ki, biz bu savaşdan sağ çıxmarıq, haqqınızı halal edin. Deyim ki, belə
savaşlarda qardaşım öncələr də olmuşdu. Ona görə bilib ki, burası sondu,
qurtuluş yoxdu…
Yenə fikrə gedir. Qarşısında çoxdan soyumuş çaydan bir qurtum alıb, sanki fikrini toparlamaq istəyir…
– Qardaşımla bir yerdə döyüşmüş Həmdi Çayçıoğlu da Ümid adlı
dostunu arayaraq, deyib ki, hər kəs ölüb, biz 3 nəfər qalmışıq. Ancaq
güllələri tükənib. Ona görə hərəmiz bir tərəfə tək-tək atəş açırıq. Bizə
güllə çatdırın. Ümid də geri dönən ikinci qrupda olub. Deyib ki, biz
oradan çox geridəyik, mümkün deyil…
Başqa bir qohumum Adnan – qardaşını aramış və o da deyib ki,
canımda 5 güllə var. Məni qan aparır. Haqqınızı halal edin. Bir saata
ölərəm. Sonra xanımını arayıb, deyib ki, mən sənə yalan demişdim.
Əslində savaşa gedirdim. Uşaqlar sənə əmanət. Haqqını halal et, sonuma
bir şey qalmadı…
“İŞİD başını kəsib, videonu youtubeyə qoydu, anası baxdı, havalandı”
Əli İphonundakı qətlə yetirilmiş insanların fotolarını mənə
göstərir: “Abi, bu fotoları terrorçular özləri youtubeyə qoyublar. Bax,
bu şəkildəkilər mənim qardaşımla bir dəstədə olublar. Biz də interneti
ələk-vələk etmişik, hələ ki İsamın fotosu çıxmayıb. Bu arada isə
terrorçular bu fotoları səhifələrindən sildilər. Hələ bu fotolar
yaxşıdır. Bizim qonşuluqda bir ailə var. Əri də, xanımı da həkimdir. Çox
hörmətli insanlardı. Onların bir oğlu vardı, Murtaza, 20 yaşındaydı. O
da Bəşərə yardıma gedənlərə qoşulub. Ömründə silah görməmiş adam. Əsir
düşüb və İŞİD terrorçuları onun başını necə kəsdiklərini videoya çəkib
internetdə yayıblar. Ata-anası o videonu görüb havalanıb. Bu, deyiləsi
dərd deyil. Bir ailə isə İrandan qonaq gəlibmiş. Ata oğluna zəng vurub
ki, dərhal ananı, bacılarını maşına qoyub, şəhərdən çıx, terrorçular hər
tərəfdən gəlirlər. Gənc də atası deyən kimi edib. Elə maşın yerindən
təzə tərpənib ki, terrorçular maşının qabağını kəsiblər. Ananın gözünün
önündə 20 yaşlı oğlunu güllələyiblər, 4-5 yaşlı qızları da vurublar. Bu
mənzərəni gözü ilə görən şəxs mənə dedi ki, Əli, terrorçular sonra
oğlanı da, onun iki bacısını da maşına qoydular. Elə anasının gözünün
qarşısında da maşına od vurdular. Dünyada belə müsibət olmayıb. Vallah.
olmayıb… “
– Eşitdim ki, meyitləri döyüş meydanlarından götürmək olmur…
– Kərkükdəki sünni ərəblərlə anlaşıblar ki, onlar İŞİD-lə
danışsınlar, şiələr öz meyitlərini götürüb basdıra bilsinlər. Öncə 50
min dollar istəyiblər. İraqda 50 min dollar böyük paradır. Nəsə, onu
toplamışıq. Amma Bəşiri tutan İŞİD qüvvələrinin komandiri əslən
Əfqanıstandan olan birisidir. O, deyib ki, para gərəkməz. Şiələrin
meyiti elə çöllərdə də qalmalıdır…
Kürdlər Kərkükü necə tutdular…
– Əli, kürdlərin Kərkükü tutması necə olub?

– Gəlib hökumət nümayəndələrinə deyiblər ki, silahı qoyub gedin,
biz sizinlə savaş istəmirik. Buralar bizim torpaqlardı. Hökumətin ordusu
da silahı kürdlərə təhvil verib, mülkü paltarda ərazini tərk edib.
Topları, tankları, iri çaplı silahları qoyub gediblər. Ailəmizin
yaşadığı Duz Xurmatlı da kürdlərin nəzarətinə keçib. Hazırda bizim
şəhərdə Bağdad hökumətinin təmsilçisi yoxdur, sadəcəb kürdlər var.
Kürdlər xalqa deyirlər ki, bizə tabe olmasanız, dərhal geri çəkilərik.
İŞİD gəlib kökünüzü kəsər. Sevinin ki, biz sizi öldürmürük. Bilirsən,
biz şiəyik, türkmənik, kürdlər bizi heç sevməz. Heç biz də onları
sevmərik. Onlar İranın kəndlərindən bizim torpaqlara ayaq açdılar. Gəlib
oralarda məskunlaşdılar. Öncə önəm vermədik. Bir də gördük ki, bunlar
bizim torpaqlarda ağalıq edirlər…
İraqdakı sünnilər İŞİD-in hücumunu alqışlarla qarşılayırlar
– İŞİD-lə yerli sünni ərəblərin münasibəti necədir?
– İraqdakı sünnilər İŞİD-in hücumunu alqışlarla qarşılayırlar, elə
bil ki, xilaskarları gəlib. İŞİD də onlara ciddi dəstək verir. Düzü
budur ki, öncə şiələr sünnilərə zülm etdilər. Hökumət sünniləri
aşağıladı. Ona görə də sünnilər özlərini haqlı bilirlər. Bizim bir
dərdimiz də odur ki, indi sünni ərəblərlə sünni kürdlər arasında
mühasirədə qalmışıq. Bu işin axırı necə olacaq, bunu kimsə bilmir.
Düzdür, indi türkmənlər silahlanıb. Çünki hər kəs bilir ki, İŞİD hara
girirsə oranı xaraba qoyur və insanları zülmlə məhv edir.
Türkiyə arxamızdan çəkildi, bizi tək qoydu
– İraq Türkmən Cəbhəsi nəsə bir iş görə bilirmi?
– Əvvəllər Türkiyə İraq Türkmən Cəbhəsinə ciddi dəstək verirdi.
Bizdəki məktəblərdə uşaqlarımız Türkiyə türkcəsində təhsil alardı.
Müəllimlərin maaşını Türkiyə verərdi. Çox şeydə Türkiyənin dəstəyi
vardı. Amma indi Türkiyə açıq şəkildə bu dəstəkdən imtina edib.
Məktəblər qapadılıb. Səbəb də odur ki, Türkiyə İraqdakı kürdlərlə
anlaşıb. Onlardan su qiymətinə neft alır. Onlarla biznes qururlar. Yəni
bizim şiə olmağımız bu məsələ də bizə problem yaradır. Öncə Türkiyə
deyirdi ki, Kərkük qırmızı cizgidir. Onu keçən olsa, biz varıq. Amma
indi o vədlər çoxdan yaddan çıxıb. Türkiyə türkmənlərə arxa çevirib və
onu düşmənlərin əhatəsində yalnız buraxıb.
Qızları aparıb, zorla yatağa basırlar, sonra da…
– Ərəbcə cihadi-nikah deyilən bir nəsnə ortaya atıblar…
– İŞİD-in İraqda həyata keçirdiyi əməllərdən biri də budur.
Gəlirlər, soruşurlar, neçə qızın var, özü də ancaq qız olmalıdır.
İkidirsə birini verməlisən. Xoşluqla versən, işləri olmaz. Etiraz etsən,
həmən qafana sıxarlar. Apardıqları qızları da zorla yatağa basarlar.
3-4 gündən sonra da gətirib geri verərlər. Bu şərəfsizlər bütün bunları
İslam adından yapırlar…
Bütün türbələri, şiələrə aid müqəddəs yerləri yerlə-yeksan etdilər.
Xristianlardan heç danışmağa dəyməz. Onların kilsələrini göyə
sovurdular. Xristian qızlarını isə elə şəhərin ortasında zorlayırlar.
Deyirlər ki, bunların malı da, qadınları da bizə halaldır.
Bir şeyi də deyim. İŞİD xalqın rəğbətini qazanmaq üçün gör nə edir.
Kim harada işləyirsə yenidən işini davam etdirməlidir. İnsanlara
alacaqları maaşın üç mislində para paylayıblar. Deyiblər ki, bu sizin 3
aylıq paranız, işinizi davam etdirin. Əlbəttə ki, bu paralar
Səudiyyədən, Qətərdən gəlir…
İraqdakı evimizin pəncərələri…
– Söhbətlərimizin birində demişdin ki, İraqdakı evinizin pəncərələri ayda heç olmasa 2-3 dəfə partlayışdan sınıb tökülür…
– Hə, düşün ki, elə ay olub ki, bizim ərazidə terrorçular 25 dəfə
partlayış törədiblər. Elə yerdə şüşəmi qalar. Həmişə para göndərirdim
ki, heç olmasa şüşələri yeniləsinlər. Axırda anam dedi ki, oğul, bu iş
düzələn deyil, sənin qazançın elə bu sınan şüşələrə gedir. Daha
pəncərələrimiz şüşəsiz qalsa yaxşıdır…
Abi, indi vəziyyət tamam başqa, daha Kərkükdə partlayış yox.
Yaşadığımız Duz Xurmatda da partlayışdan əsər-əlamət gözə dəymir. Çünki
bu partlayışları kürdlər törədirdi. İndi Kərkükü tutublar, daha
partlayış onların işinə yaramaz. Bu iş o qədər aşkar ki, yaşlı anam da
bundan danışır…
Seyid Əli Sistaninin fətvası olmasaydı…
– Seyid Əli Sistaninin fətvası nəyi dəyişdi?

– O fətva olmasaydı, Bağdad da əldən getmişdi. O ki insanları
cihada səslədi, şiələr ayağa qalxdı. İndi İŞİD İraqda daha irəliləyə
bilmir. Çünki müqavimət çox gücləndi. İŞİD-in istəyi o idi ki, İraqı
bütövlükdə ələ keçirsinlər. Şiələrin Kərbəla və Nəcəf kimi müqəddəs
yerlərini darmadağın etsinlər. Seyid Əli Sistani bir fətva ilə bunun
qarşısını aldı…(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=9379

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31