Hakimiyyət siyasi böhrana keçiddə

26.06.2018 - 16:08

Ermənistanda dövlət çevrilişinə cəhd…Samvel Babayan həbs olunur, Türkiyədə referendum gərginliyi, holland skandalı, terror rüzgarı, Rusiya və İranın Suriya böhranında ilişməsi…təkcə Gürcüstan tikansız gül olaraq qalmaqdadır. Beləliklə, Azərbaycanın ətrafı siyasi cəhətdən minalanıb və bu zonalarda sabitlikdəən söhbət gedə bilməz.
Rəsmi Bakının isə bu kataklizmlərdən özünü qoruya bilməsinin real səbəbləri var: enerji təhlükəsizliyi və əməkdaşlığında tərəfləri qane etməsi, terrorla mübarizədə iştirakı, Qərblə Rusiyanın bu zolaqda maraqlarını təmin etməsi Azərbaycanı siyasi krizisdən kənarda saxlayıb.
Amma bu siyasi böhrana keçid ərəfəsində olan ölkə iqtisadi krizisin ayaqları altında inildəyir. Sosial islahatlar paketinin nədən ibarət olduğu da bəlli deyil. Hakimiyyətin reformaları imitasiya üzərində qurulub.
Aprel yaxınlaşır və iqtidarın sosial-iqtisadi siyasətində islahatın “i” hərfi belə yoxdur: ölkə sürətlə boşalır, insanlar başqa yerlərdə nicat axtarmağa başlayır, xaric investorlar Azərbaycanı tərk edir, ayrı-ayrı yerlərdə müəllimlərin əmək haqları gecikir, yol polis əməkdaşlarının üç aydır ki, faizləri verilmir.
Habelə, sosial müavinətlər və pensiyalar ödənişində yubanmalar var, bahalaşma əhalinin ən kasıb Novruz bayramı keçirməsi ilə nəticələndi, işsizlik sürətlə artır, kütləvi şəkildə ixtisarlar, maaşların yarıbayarı azaldılması faktları ölkəni dərin bir uçuruma yaxınlaşdırıb.
Bu iqtisadi böhran hakimiyyətin siyasi krizislə üzləşməsinə gətirib çıxaracağı da istisna deyil. Tarixdə iqtisadi böhranların hakimiyyətləri çıxılmaz vəziyyətlərə salması nümunələri az deyil.
Hakimiyyət daxilində ikiləşmə və saray içindəki çaxnaşmalar onsuz da siyasi sabitliyi pozmaqdadır. Bunun üçün qonşu ölkələrdəki kataklizmlərə də ehtiyac qalmayıb.
Hökumətin tam ələ keçirilməsi uğrunda gedən mübarizədə müxalifət tamamilə ofsaydda saxlanıb, partiyalar bu yarışa tamaşa edirlər və əsl müxalifətin Paşayevlər olduğunu söyləmək olar.
Müsavat Partiyası və Milli Şuradakı qrupların iqtidara təsir etmək gücü demək olar ki, sıfıra bərabərdir. Qərb təsisatları da onlara ciddi dəstək vermir, iqtidara təzyiqlər göstərilmir.
Bu arxayınlığa baxmayaraq hakimiyyət içində olan hakimiyyətin müxalifətçiliyi köhnə qvradiya üçün başağrısına çevrilməkdədir.
Paşayevlərin hakimiyyəti tam götürmək planı sürətlə irəliləməkdədir. 1-ci vitse-prezidentin təyin olunmasından sonra bu projenin reallaşması daha böyük imkanlarını açıb. Təyinatdan sonra iqtidar içində iri daşların yerləri belə dəyişib.
Bəzi qüvvələr reallıq qarşısında acizanə şəkildə təslim olaraq köhnə qvradiyanı tərk ediblər. İqtisadi böhranla paralel iqtisadi hakimiyyəti ələ keçirən Paşayevlər siyasi krizis ərəfəsində də siyasi hakimiyyəti tamamilə ələ keçirməyə yaxındır.
Xüsusilə, 2018-ci il prezident seçkilərinin Paşayevlərin təmiz qələbəsi ilə başa çatacağını ehtimal etmək olar. Ölkədə yeni idarəçilik rüzgarının əsdiyi də göz qabağındadır.
Hakimiyyətin əl dəyişdiyini müşahidə edən analitiklər də qeyd edirlər ki, müxalifətin edə bilmədiyi inqilabı Paşayevlər öz siyasi iradəsi hesabına həyata keçirir. Hakimiyyət həqiqətən dəyişir və sadəcə, əl dəyişir, saray içində yeni model yaranır.
İndi ölkədə böhrandır, neft bir daha əvvəlki kimi böyük gəlirlərin qaynağı olmayacaq. Buna görə də bahalı və böyük imtiyazlı oliqarxlar da İlham Əliyevə gərək deyil. Amma daha bir maraqlı cəhət də budur ki, oliqarxların yerinə Paşayevlərin kadrlarının gətirilməsidir. Paşayevlər isə müxtəlif biznes və ya ictimai birliklər yolu ilə böyük kadr şəbəkəsi yarada biliblər ki, indi İlham Əliyev kadr bankı kimi, məhz, bu bazaya əl atmağa məcburdur.
Hakimiyyətdəki Naxçıvan qruplaşmasının da aqibəti bu prosesin gedişində daha aydın təsəvvür edilir. Bu qruplaşma özünün qürubunu yaşayır. Bir də gözə görükməyən bir neçə nəfər ola bilər. Amma açığı, vitrində Paşayevlərin korpusu daha optimist görkəmdə görükür.
Nəticənin hansı siyasi qrupun qalib iddialarına yerləşəcəyindən asılı olmayaraq, Ziya Məmmədovun vurulması saraydaxili intriqa kimi yox, sarayın qəbul etdiyi yeni strategiya kimi qəbul edilməlidir.
Bu strategiya isə keçid deməkdir. Bundan sonra bütün oliqarxları sıra ilə vəzifələrindən qoparılacaq, onların əmlakı əllərindən alınaraq Paşayevlərin xeyrinə müsadirə ediləcək.
Yeri gəlmişkən, gələn ilki seçkidə ilk dəfə xalq və müxalifətin iştirakı sıfır səviyyəsində gözlənilir. Əvvəlki illərdə müəyyən qədər daxili auditoriyanın təsiri var idisə, gələn ilki seçki geostrateji əhəmiyyət daşıyacaq.
Artıq media, müxalifət və xalqın rəyi bu seçkinin taleyini həll etməyəcək. Bundan əvvəl də etmirdi, sadəcə müəyyən iştirak rolu vardı.
2018 seçkiləri isə həm qlobal iqtisadi böhran, həm ABŞ və Rusiyanın Azərbaycan üzərində planları nöqteyi-nəzərdən vacibdir. Rəsmi Bakı da supergüc dövlətlərlə münasibətlərinə baxmalı olacaq. Bizi qarşıda çox maraqlı, gərgin bir siyasi dövrə gözləməkdədir.

Elxan Məmmədli

Short URL: http://www.cumhuriyyet.net/?p=93873

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728