"Azərbaycan İslam aləminin bir parçasıdır"
“Bizim xarici siyasətimizlə bağlı olan əsas istiqamətlər
müəyyən edilib. Mən bir neçə məsələ haqqında fikirlərimi bildirmək
istəyirəm. Çünki əlbəttə ki, bizim xarici siyasətimiz əsaslıdır və
strateji xətt seçilibdir, davam edir. Ancaq əlbəttə ki, vaxtaşırı bu
məsələlərə aydınlıq gətirmək lazımdır, prioritetlər düzgün müəyyən
edilməlidir və belə olan halda bizim xarici siyasətimiz daha da uğurlu
olacaqdır”. “Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev
Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci
müşavirəsindəki çıxışında deyib.
O bildirib ki, Azərbaycanın
qonşularla münasibətləri çox müsbətdir: “Hesab edirəm ki, biz bu
münasibətləri bundan sonra da inkişaf etdirməliyik. Bütün qonşularla, –
təbii ki, Ermənistan istisna olmaqla, – bizim çox sağlam
münasibətlərimiz vardır. Bu münasibətlər bərabərhüquqlu münasibətlərdir,
çox möhkəm zəmin üzərində qurulubdur. Artıq bütün qonşularla
münasibətlərimiz ikitərəfli maraqları təmin edir. Belə də olmalıdır. Biz
bu bölgədə, bu coğrafiyada yaşayırıq. Ona görə qonşu ölkələrlə sağlam,
mehriban qonşuluq münasibətləri hər bir ölkə, o cümlədən Azərbaycan üçün
önəmlidir. Mən çox şadam ki, bizim bütün qonşularla çox gözəl
bərabərhüquqlu və əsaslı münasibətlərimiz vardır. Burada həm siyasi, həm
iqtisadi komponent mövcuddur. Əlbəttə ki, tarixi, mədəni əlaqələr də öz
rolunu oynayır və hesab edirəm ki, biz gələcək illərdə qonşularımızla
münasibətlərimizi daha da möhkəmləndirəcəyik. Çünki biz də istəyirik ki,
hər yerdə inkişaf, hər yerdə sülh olsun və əlbəttə ki, qonşuluğumuzda
da vəziyyət daim sabit olsun. Çünki Azərbaycanın indiki reallıqları
bundan ibarətdir ki, ölkədə daxili təhlükə mənbəyi yoxdur. Heç bir
narahatedici məqam da yoxdur. Azərbaycanın sürətli inkişafı, sabitliyin
qorunması, xalqla iqtidar arasındakı birlik, xarici və daxili siyasətlə
bağlı uğurlarımız, bax, belə vəziyyəti yaradıbdır. Daxili təhlükə
mənbəyi yoxdur.
Ona görə biz, əlbəttə, istəyirik ki, ətrafda da
təhlükə mənbəyi olmasın. Biz qonşularımızla bu istiqamətdə ikitərəfli və
çoxtərəfli formatda çalışırıq, işləyirik. Hesab edirəm ki, gələcək
illərdə də bu, prioritet olaraq qalmalıdır. Eyni zamanda, son illərdə
yenə də bizim təşəbbüsümüzlə üçtərəfli formatlar da müəyyən edilmişdir.
Onu da qeyd etməliyəm ki, bu, Azərbaycanın təşəbbüsüdür və bu gün belə
formatlar vardır. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran
və son vaxtlar Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatları
vardır. Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirlikləri səviyyəsində
görüşlər keçirilir. Artıq prezidentlər səviyyəsində də bir görüş
keçirilmişdir. Bunun da çox böyük faydası vardır. Burada əlbəttə ki, həm
siyasi və iqtisadi, həm də enerji məsələləri müzakirə edilir. Bu, çox
uğurlu bir əməkdaşlıq formatıdır. Deyə bilərəm ki, bu formatın çox gözəl
nəticələri vardır. Belə görüşlərin keçirilməsi özlüyündə çox müsbət
əlamətdir. Çünki burada regional əməkdaşlıq daha da möhkəmlənir. Biz isə
həmişə çalışmışıq ki, regional əməkdaşlıq güclənsin. Hər bir ölkə, o
cümlədən Azərbaycan regional əməkdaşlıq hesabına öz maraqlarını daha
dolğun şəkildə təmin edə bilər. Ona görə, bax belə təşəbbüslər əlbəttə
ki, uğur gətirəndə bu, bizi sevindirir. Çünki bizim xarici siyasətimiz
yerində durmur. Biz daim axtarışda olmalıyıq, daim yeni əməkdaşlıq
formaları haqqında fikirləşməliyik, təşəbbüs göstərməliyik ki,
Azərbaycanın xarici siyasəti daha da uğurlu olsun.
Biz əlbəttə ki,
ikitərəfli formata üstünlük veririk. Biz bütün ölkələrlə
bərabərhüquqlu, qarşılıqlı maraqlar üzərində qurulan münasibətlərin
tərəfdarıyıq. Buna nail ola bilmişik. Əlbəttə ki, ikitərəfli format ən
uğurlu formatdır.
Müsəlman ölkələri ilə əlaqələrimiz çox
möhkəmdir. Azərbaycan İslam aləminin bir parçasıdır. İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Bu təşkilatın xətti ilə
Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir. Biz İslam həmrəyliyinin
gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Əlbəttə ki,
beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox
əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir.
Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman ölkələri ilə
tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır.
Ona görə bundan sonrakı illərdə də müsəlman ölkələri ilə əlaqələr daim
inkişafda olmalıdır. Burada əlbəttə ki, müxtəlif variantlar mümkündür.
Siyasi əlaqələr təbii ki, çox yüksək səviyyədədir. Hesab edirəm ki, biz
iqtisadi sahədə fəaliyyəti gərək bir az artıraq. Buna imkan vardır.
Hesab edirəm ki, Azərbaycan investisiyalarını müsəlman ölkələrinə
qoymaqla biz iqtisadi sahədə də vəziyyəti yaxşılaşdıra bilərik.
Avropa
ölkələri bizim ənənəvi tərəfdaşlarımızdır. Burada da ikitərəfli format
hesab edirəm ki, bizim maraqlarımıza cavab verir. Avropanın əksər
ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz vardır. Mənim
Avropa ölkələrinə səfərlərim, Avropanın dövlət və hökumət başçılarının
Azərbaycana səfərləri bunu əyani şəkildə göstərir. Avropa bizim əsas
ticarət tərəfdaşımızdır. Bizim ixrac məhsullarımız daha çox Avropa
məkanına göndərilir.
Əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafı
üçün gözəl imkanlar vardır. Burada da münasibətlər qarşılıqlı maraqlar
üzərində qurulubdur. Biz Avropaya daha yaxın olmaqla Azərbaycanda siyasi
islahatları dərinləşdiririk. Bu, bizim üçün çox önəmlidir. Biz
Avropanın bu sahədəki müsbət təcrübəsini öyrənirik və götürürük. Çünki
bu, ölkəmizin uğurlu inkişafı üçün lazımdır.
Eyni zamanda, Avropa
texnologiyaları bizə lazımdır. Biz bu gün ölkəmizi sürətlə inkişaf
etdiririk. Müasirləşmə, sənayeləşmə prosesləri gedir. Nəinki Bakıda, hər
bir yerdə çox böyük inkişaf vardır. Ona görə, yeni texnologiyalar
olmadan bu inkişafa nail olmaq mümkün deyildir. Düzdür bu
texnologiyaları bizə heç kim pulsuz vermir. Biz bunları alırıq və heç
bir problem yoxdur. İndi bizə texnologiyaları satmaq istəyən şirkətlərin
sayı o qədərdir ki, burada heç bir çətinlik yoxdur. Ancaq hesab edirəm
ki, bu məsələ də ikitərəfli formatda öz yerini tutmalıdır. Xüsusilə
nəzərə alsaq ki, Avropanın bəzi ölkələrində iqtisadi və maliyyə
böhranının fəsadları hələ aradan qalxmayıbdır, əlbəttə, Avropa
şirkətlərinin Azərbaycanda fəaliyyət göstərmələri onlar üçün də böyük
maraq doğurur.
Azərbaycanda infrastruktur, neft-qaz layihələri
həyata keçirilir. Bildiyiniz kimi, yaxın illərdə on milyardlarla dollar
sərmayə qoyulacaqdır. Burada əlbəttə ki, Avropa şirkətləri fəal iştirak
edəcəkdir. Hesab edirəm ki, bizim Avropa ölkələrində fəaliyyət göstərən
diplomatlar üçün bax, bu iqtisadi maraqlar ön planda olmalıdır. Çünki bu
gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada heç bir böhran,
heç bir çətinlik, heç bir asılılıq yoxdur. Əksinə, bizim artan iqtisadi
gücümüz, maliyyə potensialımız imkan verir ki, nəinki ölkə daxilində,
Avropada da investisiyalar qoyaq.
Əlbəttə ki, son illərdə Asiya
ölkələri ilə bizim əməkdaşlığımız çox sürətlə inkişaf edir və mən bunu
çox müsbət qiymətləndirirəm. Çünki biz müstəqilliyimizi əldə etdikdə,
əlbəttə ki, xarici siyasətimiz ilk illərdə özünü sanki bizə olan marağın
cavabı kimi göstərirdi. Yəni, kim Azərbaycana maraq göstərirdi, biz
onlarla daha çox əlaqələr qururduq. Təbii ki, ilk belə maraq göstərən
Avropa ölkələri – Qərb ölkələri olmuşdur. Xüsusilə neft-qaz sektoruna
olan maraq da orada əsas rol oynamışdır. Biz də təbii ki,
münasibətlərimizi ilk növbədə o ölkələrlə qurduq.
Ümumiyyətlə, ilk
illərdə belə bir təsəvvür var idi ki, bizim əsas tərəfdaşlarımız Qərb
dünyasıdır. Əlbəttə ki, biz indi təxminən 23 ildir müstəqillik
şəraitində yaşayırıq və indi bizim üçün dünyada heç bir sirr yoxdur. Ona
görə müstəqilliyin ilk illərində Asiya ölkələri ilə münasibətlərimiz
bir müddət o qədər də yüksək səviyyədə olmamışdır. Ancaq bu gün bu, bizi
tam qane edən səviyyədədir.
Mənim səfərlərim, Asiya ölkələrinin
rəhbərlərinin Azərbaycana səfərləri, qarşılıqlı maraqlar və qarşılıqlı
hörmət bax, bu gün bu münasibətləri təcəssüm etdirir. Asiya ölkələri ilə
siyasi və iqtisadi əməkdaşlıq aparmaq üçün çox böyük potensial vardır.
Azərbaycana da çox böyük maraq vardır. Bu, həm ölkənin potensialı, eyni
zamanda, bayaq qeyd etdiyim məsələ – müstəqil siyasət ilə əlaqədardır.
Çünki
bu gün dünyada tam şəkildə müstəqil siyasət aparan ölkələrin sayı o
qədər də çox deyildir. Bəzi hallarda bu müstəqil siyasət adı altında
birtərəfli və radikal siyasət aparılır. Biz bunun da tərəfdarı deyilik.
Biz heç bir ölkə ilə qarşıdurma siyasəti aparmaq niyyətində deyilik.
Yəni, bu, bizim maraqlarımıza cavab vermir. Biz hər bir qarşıdurmaya
hazırıq. Lazım gəldikdə sözümüzü deyirik, maraqlarımızı müdafiə edirik.
Ancaq özümüz buna heç bir ehtiyac duymuruq. Biz, əksinə, bütün ölkələrlə
çox xoş münasibətlər qurmaq əzmindəyik və buna nail olmuşuq. Ancaq
milli maraqlarımızın hesabına yox, – əsas məsələ bundadır, –
bərabərhüquqlu münasibətlərin hesabına.
Ona görə, müstəqil
siyasətimiz və beynəlxalq məsələlərlə bağlı göstərdiyimiz prinsipiallıq
Asiya ölkələrinin bizə olan rəğbətini artırır. Biz əlbəttə ki, bundan
sonra da bu istiqamətdə fəal işləyəcəyik.
Beynəlxalq təşkilatlarla
əməkdaşlığımız artıq uzun illərdir ki, aparılır. Hesab edirəm ki,
Azərbaycan beynəlxalq təşkilatlarda çox uğurlu siyasət aparır. BMT
Təhlükəsizlik Şurasına seçilməyimiz bunu əyani şəkildə göstərir. BMT-də
bizim fəaliyyətimiz əlbəttə ki, prioritet təşkil edir. Çünki BMT yeganə
təşkilatdır ki, bütün dünya ölkələri orada cəmləşir və əslində,
beynəlxalq ictimaiyyət deyəndə ilk növbədə BMT nəzərə alınmalıdır.
Əfsuslar
olsun ki, son vaxtlar kütləvi informasiya vasitələrində “beynəlxalq
ictimaiyyət” sözü çox işlədilir və bu söz bir qrup ölkələri nəzərdə
tutur. Ancaq beynəlxalq ictimaiyyət BMT-dir və beynəlxalq ictimaiyyət
Azərbaycanı dəstəkləyir, öz dəstəyini göstərmişdir. Ona görə indi bizim
böyük, əvəzolunmaz təcrübəmiz vardır və biz BMT-də səylərimizi
genişləndirməliyik. BMT-də ikitərəfli əlaqələri xüsusilə o ölkələrlə ki,
münasibətlərimiz lazımi səviyyədə deyil, biz onlarla bu əlaqələri
möhkəmləndirə bilərik və bunu edəcəyik.
Biz digər beynəlxalq
təşkilatlarda, ATƏT-də əlbəttə ki, çox fəal iştirak edirik. Əfsuslar
olsun ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllində öz sözünü deyə, heç bir nəticə hasil edə bilməyib. Sadəcə
olaraq iyirmi ildən artıqdır ki, məsələ nə hərb, nə sülh
vəziyyətindədir. Baxmayaraq ki, ATƏT işğal edilmiş torpaqlara iki dəfə
faktaraşdırıcı və qiymətləndirmə missiyası göndərmişdir. Onlar da məruzə
hazırlamışlar, sonra çalışmışlar ki, bu məsələni tarazlaşdırsınlar.
Bunu necə tarazlaşdırmaq olar? Bizim torpaqlarımız işğal edilib, daş-daş
üstə qalmayıb. Bütün şəhərlər, məscidlər, tarixi abidələr, qəbirlər
dağıdılıb və burada hansısa bir tarazlaşdırılmış məruzədən söhbət gedə
bilər?! Əlbəttə ki, bu, riyakarlıqdır, dözülməz bir yanaşmadır. Amma
buna baxmayaraq, – yəni, həqiqətləri də tam şəkildə inkar edə bilmirlər,
– bu missiyaların hesab edirəm ki, müsbət nəticələri olmuşdur.
Bu
yaxınlarda Bakıda ATƏT Parlament Assambleyasının toplantısı
keçirilmişdir. Biz bu kürsüdən də öz sözümüzü dedik və deyəcəyik. Çünki
biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizi
daim ifadə edirik və edəcəyik. Çünki bir daha demək istəyirəm ki,
bizimlə məntiqi nöqteyi-nəzərdən mübahisə etmək mümkün deyildir. Çünki
biz həqiqəti deyirik və bu həqiqət bəzilərinin xoşuna gəlmir. Bu,
onların işidir. Amma biz həqiqəti deyirik. Biz istər Qarabağ məsələsi
ilə, istər digər məsələlərlə, istər daxildəki vəziyyətlə, ümumiyyətcə
dünyada gedən proseslərlə bağlı həqiqəti deyirik. Həqiqəti inkar etmək
mümkün deyildir. Ona görə də ATƏT-də əlbəttə ki, bizim fəaliyyətimiz
bundan sonra da çox fəal olacaqdır.
Mən İslam Əməkdaşlıq Təşkilatı
haqqında danışdım. Hesab edirəm ki, bizim bu təşkilatda fəaliyyətimiz
çox uğurludur. Çünki İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial
qətnamələr qəbul etmişdir. Mən hesab edirəm ki, biz bu təşkilat
çərçivəsində və müsəlman ölkələri ilə ikitərəfli formatda Qarabağ
həqiqətlərini daha dolğun şəkildə onların diqqətinə çatdırmalıyıq.
Əlbəttə ki, bunu bilirlər və bilməsələr bu qətnamələr qəbul olunmaz.
Ancaq biz nəyi görürük? Ermənistan çalışır ki, müsəlman ölkələri ilə
ikitərəfli münasibətləri qursun, ya da möhkəmləndirsin. Burada bəzi
hallarda məlumat qıtlığı bu imkanları onlar üçün yaradır. Ancaq hesab
edirəm ki, bütün müsəlman ölkələrinin vəzifəli şəxsləri ermənilərin
Dağlıq Qarabağda və ətraf yerlərdə məscidləri dağıtdıqlarını bilsələr
inanmıram, Ermənistan bu münasibətləri qurmaqda uğur qazansın.
Ona
görə, yenə də hesab edirəm ki, Azərbaycanın dağıdılmış abidələri, dini
abidələri barədə şəkillərdən və məlumatlardan ibarət 5-10 səhifəlik
müxtəlif formada broşürlər, kitabçalar, jurnallar dərc edilməlidir.
Bunlar hər bir xarici idarəyə, hər bir ölkənin Xarici İşlər Nazirliyinə,
mətbuat orqanlarına, beyin mərkəzlərinə göndərilməlidir bilsinlər ki,
məscidləri dağıdan ölkə müsəlman ölkələri ilə necə uğurlu əməkdaşlıq edə
bilər?! Ermənistan isə əlbəttə ki, bu həqiqətləri gizlətmək, danmaq
istəyir, biz isə imkan verməməliyik. Ona görə, – burada əlbəttə ki,
diplomatik səylər öz yerində, – eyni zamanda, güclü təbliğat
qurulmalıdır. Əslində qurulur, müsbət nəticələri vardır. Sadəcə olaraq,
istəyirəm ki, daha da müsbət olsun”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9388