Türkiyədə özgə puluyla iftar verən hacıdan Prezidentə şikayət olundu
İş adamı, Qazax rayonu, Aşağı Əskipara kənd sakini Elşad Məmmədov
üzləşdiyi özbaşınalıqla bağlı ölkə başçısı İlham Əliyevə növbəti dəfə müraciət
edib.
Qeyd edək ki, Elşad Məmmədovun 366 min manatını “Avesta” konserninin prezidenti
Hacı İbrahim Nehrəmliyə məxsus “Həsən-96” MTK tərəfindən fırıldaq yolu ilə ələ
keçirilib və qaytarılmır.
Elşad Məmmədov yazır: “Bu dəfə ki, müraciətimdə məni, Sizə şikayət etməyə vadar
edən məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin sədrliyi
ilə keçirilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda baş verən
qanunsuzluqlardır”.
İlk öncə nəzərinizə çatdırım ki, Bakı şəhərində fəaliyyət göstərən Avesta
Konsernə məxsus “Həsən-96” MTK-dan pul verib aldığım iki ədəd mənzil Avesta
Konsernin rəhbəri Hacı İbrahim deyilən İbrahim İbrahimov adlı iş adamı tərəfindən
qanunsuz olaraq ələ keçirilmişdir. Belə ki, mənzillərdən birinin alqı-satqı
müqaviləsi aldadılaraq əlimdən alınmış, digərinin isə alqı-satqı müqaviləsi
Hacı İbrahimin sifarişi əsasında məhkəmələr tərəfindən qəbul edilmiş qanunsuz və
əsassız qərarlarla ləğv edilmişdir. Bu məsələnin faktiki və hüquqi tərəfi kütləvi
informasiya vasitələrində kifayət qədər ictimailəşdirilmişdir.
Çox təəssüf ki, aşağıdan yuxarıya bütün məhkəmə instansiyalarında işə baxmış məhkəmələr
Hacı İbrahimin bilavasitə qanunsuz müdaxiləsi nəticəsində onun açıqdan-açığa
qanunsuz mövqeyinə haqq qazandırmış və bununla da ölkə daxilində mənim hüquqi
müdafiə vasitələrimi səmərəsiz vəziyyətə salaraq tükətmişdirlər.
Keçirilmiş məhkəmə proseslərində məni çox hiddətləndirən məsələ ən ali və müstəsna
məhkəmə instansiyası hesab olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Ramiz Rzayevin bilavasitə sədrlik etdiyi Pelnumun açıq-aşkar qanunsuzluqları və
saxtakarlığı olmuşdur.
Belə ki, tərəfimdən verilmiş əlavə kassasiya şikayəti Azərbaycan Respublikası
Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılsa da 16 may 2014-cü ildə keçirilən
Plenum iclasında eyniməzmunlu şikayət ərizəsinin Azərbaycan Respublikasının Baş
prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatında olması əsas
kimi götürülərək mənim şikayətimin Plenumun baxışından çıxarılması məsələsi
müzakirə qoyuldu. Məruzəçi hakim və sədrlik edən Ramiz Rzayev şikayaətin
baxışdan çıxarılmasını, bir nəfər hakim isə təxirə salınmasını təklif etdi.
Müzakirə zamanı mənə və vəkilimə söz verilmədi və müzakirə olunan məsələ ilə
bağlı bizim fikirlərimiz dinlənilmədi. Sanki ədalət mühakiməsinin tərəflərin çəkişməsi
əsasında həyata keçirilməsi prinsipi Ali Məhkəmənin Plenumuna aid deyildir. Bu
cür vəziyyətdə sədrin və məruzəçi hakimin təklifi səsə qoyuldu və mənim əlavə
kassasiya şikayətim Plenumun baxışından çıxarıldı. Plenum iclasının formal, əvvəlcədən
hazırlanmış “ssenari” əsasında həyata keçirilməsi gün kimi aydın idi.
Plenumun bu cür qərarı mülki prosessual qanunvericuiliyin tələblərini kobud surətdə
pozmuşdur. Belə ki, qanunvericilik hər hansı məhkəmə orqanına, eləcə də Ali Məhkəmənin
Plenumuna eyniməzmunlu (əlaqəli) şikayətin cinayət təqibi orqanının icraatında
olması əsası ilə icraata götürülmüş şikayəti icaaratdan çıxarmaq səlahiyyəti
verməmişdir. Əks halda məhkəmə orqanlarının mötəbərliyi prinsipi heçə
endirilmiş olardı.
Bununla yanaşı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərdiyimiz sorğu əsasında
müəyyən etdik ki, Plenum iclasında məruzəçi hakimin qeyd etdiyi hər hansı bir
eyni məzmunlu şikayət həmin idarənin icraatında olmamışdır. Bu da o deməkdir
ki, Plenum uydurma dəlillər əsasında mənim şikayətimi baxışdan çıxarmışdır.
Sonradan Ali Məhkəmənin Plenumu tərəfindən ünvanıma göndərilən və Ali Məhkəmənin
sədri R.Rzayev tərəfindən imzalanmış şikayətimin baxışdan çıxarılmasına dair qərardadda
şikayətin baxışdan çıxarılmasının əsası kimi Plenum iclasında müzakirə edilən dəlil
deyil, tamamilə başqa bir dəlil göstərilmişdir. Belə ki, həmin qərardadda göstərilmişdir
ki, əlavə kassasiya şikayaəti Azərbaycan Respublikası Ali Məhkəməsinin
Plenumunun baxışına çıxarıldıqdan sonra məlum olmuşdur ki, E.Məmmədov Ali Məhkəmənin
02 oktyabr 2013-cü il tarixli qərarından ilkin olaraq 13 noyabr 2013-cü ildə əlavə
kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Hikmət Mirzəyevin qəbul
etdiyi 03 dekabr 2013-cü il tarixli qərardadla onun əlavə kassasiya şikayəti Azərbaycan
Respublikası MPM-nin 424-cü maddəsində göstərilən əsaslar olmadığına görə Ali Məhkəmənin
Plenumunun baxışına çıxarılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin
Plenumu həmin qərardadın qüvvədə olan məhkəmə aktı olduğunu və qeyd edilən qərardadla
E.Məmmədovun əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına
çıxarılmasından imtina edildyini nəzərə alaraq hesab edir ki, Ali Məhkəmənin 02
oktyabr 2013-cü il tarixli qərarından E.Məmmədovun verdiyi əlavə kassasiya
şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun baxışından
çıxarılmalıdır.
Təbii ki, Ali Məhkəmənin Plenumunun tərtib etdiyi qərardadda göstərilən dəlilin
də hansı bir hüquqi əsası olmamışdır. Hər şeydən əvvəl qərardadın əsasında
duran dəlil, yəni əvvəllər şikayətin baxışa çıxarılmaması haqqında qüvvədə olan
qərardadın mövcudluğu ilə bağlı mövqe Plenumun iclasında müzakirə edilməmişdir.
Qərardadda istinad edilən əvvəlki qərardad işi mahiyyəti üzrə həll etmədiyindən
qüvvədə olan mülki prosessual qanunvericiliyə görə predusial əhəmiyyət daşımır
və buna görə də işin sonrakı gedişatına təsir etmək imkanı yox idi.
Burada əsas diqqəti cəlb edən məsələ Plenum iclasında deyilənlə sonradan
yazılanın bir-birinə uyğun gəlməməsidir. Deməli, Plenum iclasının gedişatını əks
etdirən iclas protokoluna formal da olsa iclasda səsələndirilən və müzakirə
edilən məlumatlar deyil, sonradan yada düşmüş məlumatlar daxil edilmişdir.
Başqa sözlə, rəsmi sənəd hesab edilən məhkəmənin iclas protokoluna bilə-bilə
yalan məlumatlar daxil edilmişdir. Bunun isə cinayət qanunvericiliyində bir adı
var – vəzifə saxtakarlığı!
Çox təəssüfləndirici haldır ki, bu cür saxtakarlığın altına ölkə başçısı trərəfindən
göstərilən etimadı doğrultmalı olan, məhkəmə hakimiyyətinin rəhbəri hesab edilən
Ali Məhkəmənin sədri tərəfindən imza atılmışdır.
Cənab Prezident!
Ümid edirəm ki, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olaraq ölkəmizin
ən ali instansiyası hesab edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin
Plenumu səviyyəsində baş vermiş qanunsuzluqlar nəzərinizdən kənarda qalmayacaq
və hüquqi dövlət quruculuğu naminə təqsirkar şəxslər layiqli cəzalarını
alacaqlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=9390