Diaspor rəhbərimizin oğlu girov götürüldü
Ukraynanın Luqansk şəhərində silahlılar üç nəfər azərbaycanlını girov
götürüblər. Girov götürülənlərdən biri azərbaycanlı diaspor təşkilatının
rəhbərinin oğludur.
Ukraynanın
Luqansk şəhərində silahlılar üç nəfər azərbaycanlını girov götürüblər.
Girov götürülənlərdən biri azərbaycanlı diaspor təşkilatının rəhbərinin
oğludur.
Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri Rasim
Uğurluyev açıqlamasında bildirib ki, girov götürülən 23 yaşlı oğlu,
vilayət üzrə azərbaycanlı gənclər təşkilatının keçmiş sədri Nahid
Uğurluyev artıq azad olunub. O qeyd edib ki, Azərbaycan vətəndaşı olan
digər iki nəfər – Lənkəran şəhərindən olan Fədail Cəfailov və Yevlax
şəhərindən olan Vüsal Bağırov isə hələ də girovluqdadır: “Oğlumu bir
müddət əvvəl girov götürərək yaxınlıqdakı meşəyə aparıb, onlarla bir
yerdə döyüşməyi tələb ediblər. Oğlum bundan imtina etdikdə isə onu
döyüblər, daha sonra isə azad olunmasının qarşılığında pul tələb
ediblər. Biz dövlətin dəstəyi ilə onu azad edə bildik”.
R. Uğurluyev digər iki Azərbaycan vətəndaşının isə hələ də girovluqda
olduqlarını söyləyib: “Onları şəhərin mərkəzində tutublar. Özləri ilə
döyüşmək üçün adam yığırmışlar. Azərbaycanlılar dərhal təklifdən imtina
edib qaçmaq istəyiblər. Lakin onları yaralayıblar və özləri ilə
aparıblar. Hələ də bir xəbər ala bilmirik”.
R. Uğurluyev qeyd edib ki, hadisə barədə Ukrayna xüsusi xidmət
orqanları və digər güc strukturları məlumatlandırılıb. Azərbaycanlıların
azad olunması üçün əməliyyat tədbirləri görülür.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I
katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, hadisə barədə
Azərbaycan Daxili İşlər Nazirliyinin səfirlikdəki nümayəndəsi
təlimatlandırılacaq və səfirlik adından Ukraynanın aidiyyəti orqanlarına
müraciət olunacaq: “Eyni zamanda konqres sədri Rasim Uğurluyevin özü
ilə də təhlükəsizliyi baxımından sıx əlaqələr yaradılacaq və müvafiq
tədbirlər görüləcək. Tutulan şəxslərlə əlaqədar nəticə əldə olunan kimi,
rəsmi məlumat veriləcək”.
– See more at: http://axar.az/news/23289#sthash.xpGUQn1h.dpuf
Short URL: http://www.cumhuriyyet.net/?p=9398