Korrupsiya dünyasında Diburovlar izi

09.07.2014 - 03:27

Dörd ildə tenderlərdə 1 mln. dollardan çox vəsait udan şəbəkənin bir
ucu Dövlət Satınalmalar Agentliyinə, digər ucu isə “Pasha
Construction”a çıxır…

 

Parkın kənarında yaşlı çinar ağacı vardı. Diqqəti cəlb edən isə
ağacın budaqları, yarpaqları arasına dürtülən torbalardı. Çayxanaya
yığışan işsiz insanlar ola biləcək adi işlər üçün hər gün bura
tolaşırlar. Söhbət Balakən rayonunda yerləşən Fəhlə parkından gedir.

Balakən turizm imkanları böyük olan
rayonlardan biridir. Ancaq sakinləri çörəkpulu ardınca əsasən Rusiyaya
üz tutur. Rusiyaya gedə bilməyənlər isə günəmuzd iş üçün Fəhlə parkına
toplanır.

Onlardan biri – İlqar Ağcayev 1994-cü
ildən işsizdir. İxtisasca qaynaqçıdır. Ailə üzvlərinin sayı 4 nəfərdən
ibarətdir və ailəsini günəmuzd fəhləliklə saxlayır: “Bu il vəziyyət daha
pisdir. Fəhləlik də yoxdur. Parka çıxdığım gün iş verən olduqda bir
günə 10-15 manat pulum olur. Qalan vaxtlar isə bekarçılıqdı”.

Balakənlilərin heç də hamısı işsiz olmur

Elə
ailə, hətta nəsil var ki, hər il dövlət satınalmaları müsabiqəsində
tender qalibi olur. Belə ki, 2013-cü ildə Balakən rayonundan elan
olunmuş müsabiqədə Dibirovlar soyadı diqqəti cəlb edir. Araşdırmanı bir
qədər dərinləşdirdikdə isə Dibirovların nəinki 2013-cü il, eləcə də
2011, 2012, hətta 2014-cü ildə keçirilən müsabiqələrin qalibi olduğu üzə
çıxdı. Bəs kimdir Dibirovlar?

İl etibarilə öncədən başlasaq, Hacı
Müslüm oğlu Dibirov, Yusif Müslüm oğlü Dibirov, Kərimət Müslüm oğlu
Dibirov, Cavad Müslüm oğlu (ər) Dibirov, Ayzənət Abakar qızı (arvad)
Dibirova hər il tenderi fiziki şəxs olaraq udublar.

2011-ci ildə Hacı Dibirov müxtəlif
istiqamətlər üzrə ayrı-ayrı sifarişlərdən müsabiqənin qalibi olub. Belə
ki, Balakən rayonundakı kəndlərin ərzaq təminatını əsasən o həyata
keçirir. Həmin il üzrə Hacı Dibirovun tenderdə udduğu məbləğ 65 min100
manat olub. Digər qardaş Yusif Dibirov 68 min 420 manatlıq müsabiqənin
qalibi olub. Dibirovlar nəslinin başqa bir nümayəndəsi Kərimət Dibirov
isə 75 min 960 manat malların, işlərin və xidmətlərin yerinə yetirilməsi
üçün tenderin qalibi olub. Üç qardaş 2011-ci ildə cəmi 209480 manatlıq
vəsait əldə edib.

2012-ci ildə Dibirovların qohumlarının adları büdcə siyahısında artıb

Hacı Dibirov 2012-ci ildə 57 min 290
manatlıq müsabiqənin qalibi olub. Yeni gələn qohumlardan biri Ayzənət
Abakar qızı Dibirova 67 min 225 manatlıq, onun həyat yoldaşı  Cavad
Müslüm oğlu Dibirov isə 63 min 239 manatlıq müsabiqənin qalibi olublar.
Həmin il üçün Dibirovlar 187754 manatlıq büdcə vəsaitini əldə ediblər.

Dörd ilə 788303.1 manat qazanc

2013-cü ildə büdcə vəsaitlərinin iş üçün
bölüşdürülməsində Dibirovlar ailəsinin üzvlərinin sayı yenə artıb. Hacı
Dibirov 95 min 317 manat, Yusif Dibirov 28 min 270 manat, Aynəzər
Dibirova 73518.5 manat, Cavid Dibirov isə 26 min 419 manatlıq
müsabiqənin qalibi olublar. Ümumilikdə məbləğ 22 min 3524,5 manat edib.

2014-cü ildə satınalmalarla bağlı elan olunan müsabiqədə isə Hacı Dibirov 66 min 235, Aynəzər

Dibirova 101 min 309,6 manatlıq tenderin
qalibi olublar. Bu rəqəmlərin də cəmi 167 min 544,6 manat civarındadır.
Dörd illik toplam rəqəm isə 788 min 303.1 manat olub.

Kimdi Dibirovlar?

Satınalmalarda
əsasən ərzaq məhsullarının təminatını həyata keçirən Dibirovlar
Vergilər Nazirliyində müxtəlif obyektləri qeydiyyatdan keçiriblər. Belə
ki, Balakəndə kompyuter satışını və təmirini həyata keçirən obyekt,
ərzaq məhsullarının, spirtli içkilər və pərakəndə satışla məşğul olan
dükanlar, eləcə də Qullar kəndində anbar. 

Dibirovların kimliyini araşdırdıq. Araşdırmalarımız bizi Zamir Cavad oğlu Dibirovun üzərinə gətirdi.

O, 1987-ci ildə anadan olub. Uzun müddət
Balakən rayonunda icra başçısı olmuş Asif Məmmədovun köməkçisi işləyib.
Münasibətləri o qədər yaxın olub ki, A.Məmmədov Şamaxı rayonuna icra
başçısı təyin olunanda belə Zamir Dibirovu özünə köməkçi qismində həmin
rayona aparıb.

Zamir Dibirov hazırda Satınalmalar üzrə
Dövlət Agentliyinin işçisidir. Agentlikdə İqtisadi Təhlil və Nəzarət
Şöbəsində aparıcı məsləhətçi işləyir. O, Yeni Azərbaycan Partiyasının
Gənclər Birliyinin Şura üzvüdür.

Zamir Dibirov satınalmalarda tez-tez
tender qalibi olan Cavad və Ayzənət Dibirovların kiçik oğludur. Onların
böyük oğlu Zaur Dibirov isə “Pasha Construction”da işləyir. Mərkəzi
Seçki Komissiyasının rəsmi internet səhifəsində də onların birgə ünvanda
qeydiyyatda olduğu göstərilib. Bundan əlavə, Zamir Dibirovun bibisi
Nəcibə Dibirova prezident tərəfindən “Tərəqqi medalı”na layiq görülüb.
Nəcibə Dibirova Baləkən rayonunda müəllimə işləyir. Zamir Dibirovun
əmisi Hacı Dibirov rəssamdır və Balakəndə qalereyası var.

Satınalmalar üzrə Dövlət Agentliyinin
əməkdaşı Zamir Dibirovla əlaqə saxladıq. Agentliyin işçisinin yaxın
qohumlarının dövlət satınalmalarında iştirak edib, qalib gəlməsinin nə
dərəcədə qanuni olduğunu soruşduq. Zamir Dibirov onlara rəsmi sorğu ilə
müraciət etməyimizi məsləhət gördü. Üç iş gününün keçməsinə baxmayaraq
sorğumuza cavab gəlmədi…

Dibirovlara məxsus çoxsaylı obyektlərin
hər birində bir və ya iki işçi var. Halbuki bütünlükdə rayonda işsizlik
ciddi həddə çatıb.

“İndi vəziyyət daha pisdir. Tək-tək
hallarda kimsə evinə aparıb iş gördürür. Fəhlə pulu da belədir ki, bir
maşın daşı 3-4 nəfərə boşaltdıqda 5-10 manat, evdə iş gördürəndə də 3-5
manat pul verirlər. Başqa iş-güc yoxdur” – bunu da digər Balakən rayon
sakini Soltan Yusubov söylədi.

 

Onun sözlərinə görə, Sovetlər dönəmində
Balakəndə tütün, konserv zavodları olub. Hazırda müəssisələrin heç biri
işləmir: “İş yerlərimiz vardı. Tütünlə yanaşı, ipəkçiliklə məşğul olub
rayon camaatı, ancaq indi heç nə yoxdur. Camaata torpaq veriblər heç kim
ondan istifadə edə bilmir. Əvəzində müəyyən adamlar çıxıb ki, həmin
torpaqları ucuz qiymətə yerli əhalidən alırlar”.

 

 

Aytən Fərhadova

Short URL: http://www.cumhuriyyet.net/?p=9421

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31