QHT-lərə basqının arxasında nələr dayanır?
Hakimiyyətin nəzarətində olan QHT-lərin fəaliyyəti araşdırılmır
Ələsgər Məmmədli: “Qanunvericiliyə edilmiş dəyişikliklər bu təşkilatların ölkədən getməsini sürətləndirmək üçündür”
Azərbaycanda qeyri-hökumət təşkilatlarının və xarici QHT-lərin filial
və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması və bərpası Ədliyyə
Nazirliyi tərəfindən dövlər reyesterinə daxil ediləcək. Bu, Nazirlər
Kabinetinin “Hüquqi şəxslərin dövlət reystrinin aparılması, istifadəsi
və mühafizəsi qaydaları”na etdiyi dəyişikliklərdə əksini tapıb.
Siyasi partiyalarla bərabər, bundan sonra dövlət reyestrində aparılan
yazıda reyestrə daxil edilmiş QHT-lərin də daimi fəaliyyət göstərən
orqanının yerləşdiyi yerə dair məlumat əks etdirilməlidir. Eyni zamanda,
dövlət reyestrində QHT-lərin üzvlərinin sayı, icra orqanlarının tərkibi
və səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlak məsələlərinin Mülki
Məcəllədə nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş
xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə
fəaliyyətinin dayandırılması və bərpası, fondlarda isə himayəçilər
şurasının üzvləri, fondun nizamnamə kapitalının və təsisçilərin əmlak
paylarının həcmi barədə məlumatlar da göstərilməlidir. Azərbaycanda
filial və ya nümayəndəliyi olan xarici QHT-lərin isə təsisçiləri, habelə
filial və ya nümayəndəliyin icra orqanlarının tərkibi və səlahiyyət
müddəti, rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı,
yaşayış yeri, səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlak
məsələlərinin Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həll olunması,
quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası,
habelə fəaliyyətinin dayandırılması (tarixi və müddəti) və bərpası
(tarixi) barədə məlumatlar dövlət reyestrində göstərilməlidir.
Dəyişikliyə əsasən, bundan sonra QHT-lər və xarici QHT-lərin filial
və ya nümayəndəlikləri fəaliyyətini dayandırdıqda və bərpa etdikdə bu
barədə Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna məlumat
verməlidirlər.
Azərbaycanda QHT-lərə qarşı amansız münasibət hər gün hiss olunur və
hökumət bütün vasitələrlə QHT-lərin fəaliyyətinə nəzarəti ələ keçirmək
istəyir. Əsas hədəf isə Qərblə əməkdaşlıq edən QHT-lərdi ki, son günlər
həmin QHT-lərə təzyiqlər artıb, qurumun rəhbərləri həbs olunub və bu
proses davam edir. Ancaq ölkədə hökumətin mövqeyini təbliğ edən yüzlərlə
QHT-lər var ki, onların fəaliyyəti, ayrılan vəsaitləri hansı məqsədlə
xərcləmələri araşdırılmır. Nəticədə məlum olur ki, milyonlarla pul
qeyri-şəffaf şəkildə xərclənir və ortada da heç bir fəaliyyət yoxdur.
Ancaq xarici QHT-lərin haqq-hesabı aparılır, bu qurumların nə qədər
qrant alması, hansı məqsədlə istifadə olunması dəqiqliklə yoxlanılır.
Hakimiyyətin siyasətini tənqid edən QHT-lər isə, ümumiyyətlə, düşmən
elan edilir.
Indi QHT-lərlə bağlı qanunların sərtləşdirilməsi də bu siyasətin
tərkib hissəsidir və müstəqil təşkilatları sıradan çıxarmağa xidmət
edir.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, yürüdülən
siyasət Azərbaycandan QHT-lərin çıxarılmasına xidmət edir: “Son dövrlər
qanunların sərtləşdirilməsinə start verildi. Xüsusilə də QHT-lərin
fəaliyyəti önə çəkildi və beynəlxalq nümayəndəliklərə də bu qanunlar
şamil edildi. Digər hüquqi şəxslərdən fərqli olaraq, QHT-lərə daha çox
prosedurlar tətbiq edildi. Məslən, hüquqi şəxslərdən fərqli olaraq,
QHT-lər 40 gün müddətində qeydə alınır. Yaxud QHT-lər vergi və digər
hesabatları hüquqi şəxslərdən çox verirlər. Ümumi yanaşanda QHT-lərin
fəaliyyətinin məhdudlaşdırılması prosesi gedir. Belə bir tendensiya var
ki, Azərbaycan demokratik, inkişaf etmiş ölkədir və QHT-lərin,
beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyətinə ehtiyac yoxdur. Rəsmi
siyasət onu göstərir ki, qanunvericiliyə edilmiş dəyişikliklər bu
təşkilatların ölkədən getməsini sürətləndirmək üçündür”.
Short URL: http://www.cumhuriyyet.net/?p=9422