"Sovetski" ərazisində hansı küçələri itirəcəyik?

09.07.2014 - 13:05

Söküntü yerində onlarla memarlıq abidəsi də var… 

Bakının “Sovetski” küçəsi (indiki Nəriman Nərimanov prospekti)
boyunca hasarlanan evlərin bəzilərində söküntü işi yarımçıq şəkildə olsa
da aparılıb. Hazırda bu iş “Sovetski” və Salatın Əsgərova küçələrinin
kəsişməsində davam etdirilir. 

Yasamal Rayon Icra Hakimiyyətinin ərazidə yerləşdirdiyi elanlardan
məlum olur ki, hələlik işlər iki mərhələdə aparılacaq. Birinci mərhələdə
söküntü ərazisinə “Sovetski” və Abdulla Şaiq (keçmiş Yuxarı Dağlıq)
küçələrinin arasındakı evlər daxil edilib. Bu aralıqda isə Balababa
Məcidov, Salatın Əsgərova, Şamil Əzizbəyov, Süleyman Rəhimov, Mirzağa
Əliyev, Çingiz Mustafayev, Bəşir Səfəroğlu və Tolstoy küçələri kəsişir.
Hasarlama işləri də hələlik bu ərazini əhatə edir. Söküntü işi tam
reallaşarsa, o zaman “Sovetski” və Abdulla Şaiq küçələrinin bir tərəfi
ləğv olunacaq, digər küçələr isə bir qədər qısalacaq.

Əraziyə ötəri baxış etdiyimiz üçün burada memarlıq abidələrinin
olub-olmadığını söyləyə bilməsək də, ancaq Abdulla Şaiq küçəsi boyunca
yerləşən 3 “su fontanı” diqqətimizi çəlb etdi. Sakinlərin sözlərinə
görə, bu “fontan”lar 1950-ci illərədək əhalinin içməli su mənbələri
olub. Insanlar bu “fontan”lardan vedrələrlə su daşıyarmış… Sonralar
hər bir evə su kəməri çəkildiyindən “fontan”lar bağlanıb. Onlara ehtiyac
qalmasa da, lakin sökülməyib, buğünədək saxlanılıb. Sakinlərin
fikrincə, bu “fontan”lara indi də toxunulmamalı, köhnə Bakının
atributları kimi bərpa edilməlidir. 

“Sovetski” ərazisində ikinci mərhələdə aparılacaq söküntü işləri isə
Abdulla Şaiq küçəsi və Azərbaycan prospekti arasındakı Süleyman Rəhimov,
Mirzağa Əliyev və Çingiz Mustafayaev küçələrini əhatə edəcək. Bu da o
deməkdir ki, Süleyman Rəhimov və Mirzağa Əliyev küçələrinin əhəmiyyətli
hissəsi, Çingiz Mustafayev küçəsinin isə bir tərəfi ixtisara düşəcək.

Burada söküntü işlərinin Abdulla Şaiq küçəsindən başlayaraq
“Azdrama”yadək davam edəcəyi planlaşdırılıb. Bununla da boşaldılan
ərazinin hesabına “Qış bulvarı” uzadılacaq. Lakin burada yerli
əhəmiyyətli onlarla memarlıq abidəsi var ki, onların taleyi hələ də sual
altındadır. 

Yasamal rayon rəhbərliyi üçüncü mərhələdə hansı ərazidə söküntü
işlərinin aparılacağını hələlik açıqlamasa da, “Qış bulvarı” layihəsinə
əsaslanıb bu ərazinin “Sovetski” və Dövlət Gömrük Komitəsi arasındakı
küçələri əhatə edəcəyini söyləyə bilərik. Çünki hökumətin hələ də
ictimai müzakirəyə təqdim etmədiyi “Qış bulvarı” sonda Hüseyn Cavid
bağına birləşdirilməlidir. Lakin burada Dövlət Gömrük Komitəsi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binaları və bir neçə
“göydələn”in plana düşəcəyi də indidən söz-söhbətə səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=9430

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31