Əliyevin davranışları ciddi qorxu yaradır

12.07.2014 - 10:59
Avropa Şurası rəhbərliyi Əliyevə xatırlatmalıdır ki…


Avropa Şurası rəhbərliyi Əliyevə xatırlatmalıdır ki…

 

Giorgi Gogia (“Human Rights Watch”un Cənubi Qafqaz üzrə araşdırmaçısı)

Azərbaycan prezidenti Ilham Əliyev bu yaxınlarda AŞ PA-da çıxış
edərək, ölkədə insan haqları sahəsində problem olmadığını bildirdi…
Heç mən də Ilham Əliyevin iyunun 24-də Avropada insan haqları üzrə ali
orqan olan AŞ PA-dakı çıxışında ölkəsində insan haqları sahəsindəki
çoxsaylı problemləri etiraf edəcəyini gözləmirdim. Amma onun
Azərbaycanda insan haqları problemini bu cür açıq şəkildə inkar
edəcəyini, problemləri dilə gətirənləri “yalançı” adlandıracağını da
gözləmirdim. Məhz bunlar baş verdi.

Əliyev ölkəsinin iqtisadi inkişafından, Avropa Şurasının 59
konvensiyasına qoşulmasından danışaraq lovğalandı. Halbuki, bu
konvensiyalar, o cümlədən Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən
üzərinə götürdüyü öhdəliklərin böyük əksəriyyəti kağız üzərində qalıb.
Buna baxmayaraq, Əliyev davamlı şəkildə təkrarlayırdı ki, Azərbaycanda
vətəndaşların fundamental hüquqlarını hörmətlə yanaşılır: “Bizdə siyasi
fəaliyyət azadlığı var… Bizdə azad internet var, senzura yoxdur…
Media azadlığı müasir Azərbaycanın əsas nailiyyətlərindən biridir və biz
bununla fəxr edirik… Azərbaycanda birləşmə və toplaşma azadlıqları da
tam təmin olunub”.

Azərbaycanlı dostlardan biri sonradan belə bir fikir işlətdi:
“Prezident ölkəni elə fantastik təsvir etdi ki, hər birimiz elə ölkədə
yaşamaq istərdik”.
Amma reallıq budur ki, onlarla başqaları kimi,
mənim dostum da Azərbaycanda insan hüquqlarının müdafiəsilə bağlı
fəaliyyətinə görə təqiblərə məruz qaldığından bu ölkədən qaçmalı olub.

Saxta ittihamlar

Son iki ildə 40-dan artıq siyasi fəal, o cümlədən jurnalist, blogger,
hüquq müdafiəçisi əsassız ittihamlarla Azərbaycan hökumətinin
təqiblərinə məruz qalıb. Onların əksəriyyəti bu gün də dəmir
barmaqlıqlar arasındadır.

Lakin prezident Əliyev israrla bildirirdi ki, Azərbaycanda siyasi
məhbus yoxdur. Bu faktı dilə gətirənləri isə “yalançı” adlandırdı.
Dediklərinə sübut kimi, 2013-cü ilin yanvarında AŞ PA-da Azərbaycanda
siyasi məhbuslara dair qətnamə layihəsinin səsvermədən keçməməsini
göstərdi. Təkrar-təkrar bildirirdi ki, Azərbaycanda heç kim yazılarına
görə həbsdə deyil.

Baxmayaraq ki, hələ də Azərbaycan qanunvericiliyində diffamasiyaya
görə cinayət təqibi qalır, amma jurnalistlərin həbsində adətən bundan
istifadə olunmur.
Bunun əvəzində hökumət tənqidçilərini susdurmaq
üçün bir sıra başqa ittihamlardan istifadə edir. Məsələn, narkotik,
silah saxlama, xuliqanlıq, vergidən yayınma, hətta dövlətə xəyanət kimi
ittihamlardan bu məqsədlə yararlanır.
Bir çox hallarda ittihamın
əsassızlığı və gerçək məqsəd açıq-aşkar görünür. Bir çox hallarda, polis
fəalları narkotik ittihamı ilə həbs edib, amma dindirmə zamanı onlara
sırf ictimai aktiv fəaliyyətləri barədə suallar verib.

Keçən ay Avropa Məhkəməsi öz qərarında göstərdi ki, müxalifətin əsas
simalarından biri olan Ilqar Məmmədovun həbsi onu susdurmaq və hökumətə
qarşı tənqidlərinə görə cəzalandırmaq məqsədi daşıyır. Məmmədov hələ də
həbsdədir.

Əlbəttə ki, Əliyev 2013-cü ilin yanvarında AŞ PA-da Azərbaycanla
bağlı qəbul olunmuş digər qətnamədən danışmadı. Qətnamədə deyilir ki,
insanlara öz hüquq və azadlıqlarından istifadə etməyə imkan verilməməsi
ədalətsiz məhkəmə prosesləri, hakimiyyətin bu tipli proseslərə əsassız
müdaxilələri, vicdan məhbusu hesab olunan şəxslərin sistemli şəkildə
həbsilə nəticələnir.

Azərbaycanda müstəqil QHT-lər boğulur

Mən Əliyevin müstəqil QHT-lər üçün fəaliyyət məkanının
qapadılmasından danışacağını da gözləmirdim. Lakin bu təşkilatların
boğulması təşviş yaradır. Son iki ildə hökumət qanunvericiliyə mürtəce
dəyişikliklər edərək, təşkilatların üzərinə yerinə yetirə bilməyəcəkləri
öhdəliklər qoyub, cərimələr müəyyənləşdirib.

Hökuməti tənqid edən şəxslərin təşkilatları dövlət qeydiyyatına
alınmır. Hökumət QHT-lərdən aldıqları bütün qrantları dövlət
qeydiyyatından keçirməyi tələb edir. Amma son bir neçə ayda dəfələrlə,
hökuməti tənqid edən hüquq-müdafiə təşkilatlarının qrantlarını qeydə
almaqdan imtina halları olub. Dövlət qeydiyyatından keçməyən
təşkilatların maliyyə əməliyyatları aparması da mümkün deyil, bu,
qanunsuz fəaliyyət kimi qiymətləndirilir. Məsələn, may ayında Bakıda
məhkəmə seçki müşahidəçiliyilə bağlı ən nüfuzlu təşkilatlardan birinin
rəhbəri olan Anar Məmmədli qanunsuz sahibkarlıq, dövlət qeydiyyatından
keçməmiş təşkilatın fəaliyyəti və digər ittihamlarla 5 il yarım
azadlıqdan məhrum edildi.

Əliyev AŞ PA üzvlərilə belə davranırsa…

Əliyevin çıxışı göstərdi ki, beynəlxalq insan haqları təşkilatlarının
tənqidləri onu narahat etmir. Avropa Şurası rəhbərliyi və Parlament
Assambleyası buna imkan verməməlidir. Azərbaycan rəhbərliyinə
xatırlatmaq lazımdır ki, Avropa Şurası fundamental hüquqlara hörmət
dəyəri üzərində qurulub.

Faktiki dünya ilə konfliktdə olan prezident Əliyevin rəhbərlik etdiyi
ölkədə Azərbaycan mayda Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi altı
aylıq öz üzərinə götürəndən bəri hüquq müdafiəçiləri və hökumətin digər
tənqidçiləri üçün vəziyyət daha da pisləşib. Əliyevin AŞ PA üzvlərilə
belə aqressiv davranışını nəzərə alaraq, onun öz ölkəsində
tənqidçilərinə qarşı münasibəti bizdə ciddi şəkildə qorxu yaradır.

Short URL: http://www.cumhuriyyet.net/?p=9480

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31