İlham Əliyev oliqarxların pullarını nəzarətə götürür

12.07.2014 - 11:25
Ölkə başçısının banklarla bağlı fikirlərinin pərdəarxası

Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü
ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ən diqqətçəkən
məqamlardan biri də ölkə başçısının banklarla bağlı fikirləridir. Ilham
Əliyev çıxışı zamanı bildirib: “Banklar iqtisadiyyatın real sektoruna
vəsait ayırır.

Bizdə də belə olmalıdır. Bizdə isə belə deyildir. Bu sahəyə çox ciddi
fikir verilməlidir. Bu gün dövlət büdcəsində banklara güzəştli
şərtlərlə nəzərdə tutulan 300 milyon manat kredit verilir ki, banklar bu
vəsaiti sahibkarlara paylasınlar. Yəni, bu, bankların öz resursları
deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni
zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl
banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət
özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank
lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul
qazansınlar. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il
300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün
iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox
istehlak kreditləri verirlər? Pul qazanmaq üçün.

Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti vardır və dövlət özəl
bankları dəstəkləyir. Qeyd etdiyim kimi, kreditlər verir, şərait yaradır
ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər.
Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti
görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o
banklara niyə kömək göstərməlidir?! Ona görə burada çox ciddi islahatlar
aparılmalıdır. Birinci növbədə, məsələ təhlil edilməlidir. Yəqin ki, bu
təhlil vardır. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları
iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur.
Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait
ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə
nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz
qərarımı verəcəyəm. Yenə də deyirəm, mən Azərbaycanın özəl sektorunun
inkişafına çox böyük dəstək verirəm. Əgər belə olmasaydı bu gün bu qədər
inkişaf olmazdı. Ancaq, eyni zamanda, özəl sektor da öz məsuliyyətini
dərk etməlidir və ümumi işimizə töhfə verməlidir”.

Əlbəttə, ilk baxışda ölkə başçısının bu fikirləri ilə Azərbaycandakı
banklardan iqtisadiyyatın inkişafı üçün istifadə etməyi təşviq etdiyi
görünür. Lakin məsələnin mahiyyəti başqadır. Azərbaycanda 40-dan artıq
bank fəaliyyət göstərir. Bu bankların əhəmiyyətli hissəsi
məmur-oliqarxlara, yerdə qalanı da hakimiyyətə yaxınlığı ilə seçilən
şəxslərə məxsusdur. Bu banklarda kredit portfeli 15 -17 milyard
civarındadır. Həmin vəasitin də təxminən 5 milyardı əhalinin əmanətidir,
yerdə qalanı isə oliqarxlara məxsusdur. Beləliklə, aydın oldu ki,
banklar da, ordakı pullar da Ilham Əliyevin komandasında və
yan-yörəsində olan adamlarındır. Ölkə başçısı da onların kredit
portfelini öyrənmək istəyir və investisiya kreditləri verməyi tələb
edir. Bəs, Azərbaycanda investisiya kreditlərini kimlər ala bilər?
Əlbəttə ki, elə həmin oliqarxların yaxınları. Məgər Azərbaycanda tikinti
biznesi onların nəzarətində deyil? Amma Ilham Əliyevin də fikirlərindən
görünür ki, oliqarxlar hətta yaxınlarına belə investisiya kreditləri
ayırmaqda maraqlı deyillər. Bunun da səbəbi həmin oliqarx-məmurların
istənilən vaxt hakimiyyətin hədəfinə gələcəyi qorxusudur. Bu halda
əlbəttə ki, əvvəlcə onlara və yaxınlarına məxsus əmlaklar əllərindən
alınacaq. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və digər “vurulan”
məmurların timsalında bunun şahidi olmuşuq. Ilham Əliyevin niyyəti isə
bu üsulla onların banklardakı pullarını nəzarətə götürmək və öz istədiyi
kimi yararlanmaqdır. Güman ki, yaxın vaxtlarda bundan duyuq düşən
oliqarxlar banklardakı pullarının miqdarını azaltmaqla məşğul olacaqlar.

Azadlıq.info

Short URL: http://www.cumhuriyyet.net/?p=9481

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31