Tarixdə ilk teror təşkilatı

12.07.2014 - 19:52

Hazırda  dünyada ən çox müzakirə olunan məsələlərdən biri də teror
və teror  təşkilatlarıdır. Bəs tarixdə  ilk teror qruplaşması hansı
olub?

Avropa.info  tarixçi Elnur Nasirzadənin  bu haqda araşdırma yazısını təqdim edir.
 Qur’an
ayələrinin zahiri mənaları ilə birlikdə batini mənalarının da olduğunu
iddia edən dini-siyasi cərəyan olan Batinilik miladi IX əsrdə meydana
çıxmışdır. Şiəliyin bir qolu olaraq meydana çıxan Batiniliyin qurucusu
Meymun ibn Deysan (ölümü m. 825) və oğlu Abdullah ibn Meymun
əl-Qəddahdır. Əslən İranın Əhvaz vilayətindən olan Meymun və oğlu
Abdullah imam Cəfər əs-Sadiqin (ölümü m. 765) nəvəsi Muhəmməd ibn
İsmayılın nəslindən olduqlarını iddia edərək ətraflarına adam toplaya
bilmişdilər. Batinilər həm də İsmailiyyə firqəsi (7 imamçı şiələr)
olaraq da tanınmaqdadır. Cəfər əs-Sadiqin imamətinə inanan şiələrin bir
qismi onun varisinin oğulu Musa Kazım olduğuna inanmış, bir qismi isə
imamlığın Cəfər əs-Sadiqdən sonra digər oğlu İsmayıla keçdiyinə
inanmışdılar. Musa Kazımla davam edən imamətə  inananlar isna-əşəriyyə
(oniki imamçı), İsmayılın imamətinə inananlar isə səb’iyyə (yeddi
imamçı)  olaraq tanınmışdılar. Batinilər sonralar öz aralarında müxtəlif
firqələrə ayrılmışdılar. Mübarəkiyyə, Əbu Müslimiyyə, Xürrəmiyyə,
Fidəviyyə, Babəkiyyə, Səbbahiyyə və.s. Bu firqələrin hamısın ortaq
xüsusiyyəti İbahi olmaları idi. Bu firqələr İslamın haram buyurduğu bir
çox şeyi haram bilmədən işlədikləri, mübah gördükləri üçün İbahi
adlanmışdılar. Bu firqənin, yəni səb’iyyi, 7 imamçıların bariz
xüsusiyyətlərindən biri isə Cəfər əs-Sadiqin nəvəsi, İsmayılın oğlu
Muhəmmədin ölmədiyinə, qeybə çəkildiyinə və qiyamətə az qalmış zühur
edəcəyinə inanmalarıdır. On iki imamçılar isə bu qeybə çəkilib zühur
edəcək şəxsin 11-ci imam Həsən əl-Əsgərinin oğlu Muhəmməd (Mehdi)
olduğuna inanırlar.
Miladi XI əsrdə özünün
qanlı fəaliyyətləri ilə tarix səhifələrinə adını yazdırmış Həsən Səbbah
Batiniliyin firqələrindən olan Səbbahiyyənin (Xaşxaşiyyə) qurucusudur.
Həsən Səbbah adı ilə tanınan bu şəxs Həsən ibn Əli ibn Muhəmməd
əl-Himyəridir. Nisbəsindən də məlum olduğu kimi Himyərli, Yəmənli
ərəbdir. Onun  babaları Yəməndən köçərək İrana gəlmiş və Qum şəhəri
yaxınlığında məskunlaşmışdılar. Həsən Səbbah on iki imamçı şiə ailəsində
dünyaya gəlmiş və böyümüşdü. Gənclik illərində Rey şəhərində tanış
olduğu Amir Darrin adlı batini daisinin (dəvətçi) təsiri ilə
batini-ismailiyi  seçmişdi. Digər bir batini daisi Əbdulməlik əl-Attaş
Həsən Səbbahın Fatimiliyin mərkəzi olan Misirə gedib orada təlim
almasını təmin etmişdi. Misirdə batini-ismaili təliminin əsaslarına
vaqif olan Həsən Səbbah İran, Azərbaycan, şərqi Anadolu (Rum diyarı),
İraq, Şam diyarının şəhərlərinə səyahət etmiş, bir müddət qalmışdı.
Lakin qaldığı yerlərdən əksər hallarda  əqidəsini yaydığı üçün
qovulmuşdu. Getdiyi Qahirədən isə Fatimilərin erməni mənşəli vəziri Bədr
əl-Camali ilə yola getmədiyi üçün şimali Afrikaya sürgün edilmişdi.
Nəhayət Həsən Səbbah 1087-ci ildə İrana qayıtmış və İsfəhanda yaşamağa
başlamışdı. 1088-ci ildə Əbdulməlik əl-Attaşın göstərişi ilə Əbülqasım
Laricani, İsmayıl Qəzvini və Camal Razi ilə birlikdə Mazəndərana dai,
dəvətçi olaraq təyin olundu. Əsas vəzifələri Mazəndərandakı Ələmut
qalası ətrafındakı insanları batini-ismaililiyə dəvət etmək idi.
Ələmut
qalası IX əsrdə inşa olunmuş, Azərbaycan hökmdarı Vəhsudan ibn Məruban
Salari tərəfindən X əsrdə əsaslı təmir olunmuş, strateji mövqeyə malik
qala-istehkam idi. Böyük Səlcuqlu Dövlətinin hakimiyyəti altında olan bu
torpaqlar Həsən Hüseyn əl-Mehdi adlı bir zeydiyə iqta olaraq
verilmişdi. Həsən Hüseyn əl-Mehdinin batini-ismaililərə münasibəti mənfi
idi. Lakin Həsən Səbbah və dostlarının buradakı insanları batiniliyə
dəvət edərək öz ətraflarında birləşdirməsi ilə Ələmut qalası 1090-cı
ilin sentyabrında batinilərin əlinə keçmişdi. Həsən Səbbah artıq Ələmut
qalasının yeri sahibi idi. Şəhər əhalisinin əksəriyyətinin batini
təlimini mənimsəməsi ilə Ələmut qalası “dar-ul-hicra”ya çevrilmiş, köçüb
gələnlərlə bu qala-şəhərin siması tamamilə dəyişmişdi. Ələmutu öz
hakimiyyəti altına ala bilən Həsən Səbbah özünün işləyib hazırladığı
yeni dəvət üsullarını təlim edir, dəvətçilərinin bu üsullardan istifadə
etməsini istəyirdi. Hər şeydən əvvəl batinilər əhalisi dini bilik
baxımından kənd əhalisinə nəzərən daha üstün olan şəhərlərdən uzaq
dururdular. Onlar insanların daha cahil, daha biliksiz olduqları
kəndlərə üstünlük verirdilər. Buradakı cahil və biliksiz əhalini aldadıb
yoldan çıxarmaq daha asan olurdu. Həsən Səbbahın dəvət üsulunda ilk
şərt “təsəffur”, yəni tədqiq edib araşdırma idi. Seçilmiş hədəfin dini
və dünyəvi bilik səviyyəsi, sosial statusu araşdırılır və tədqiq
edilirdi. İkinci mərhələ “tən’is” idi. Bu mərhələdə hədəf şəxs və ya
şəxslərlə ünsiyyət qurulur, müxtəlif mövzulardakı söhbətlərlə onlar
batini əqidəsinin təliminə alışdırılır, vərdiş edilirdilər. Onlar
dindarın yanında dindar, şübhəçinin yanında şübhəçi olur, möminin
yanında çox ibadət edir, qonaq olduqları evdə yüksək səslə Qur’an
oxuyur, əhli-sünnənin yanında səhabəni, ələlxüsus Əbu Bəkr və Öməri
(Allah onlardan razı olsun) tərifləyərdilər. Növbəti mərhələ “təşkik”,
yəni qəlbə şəkk salma, şübhə toxumu əkmə adlanırdı. Burada onlar
Qur’anın mütəşabih ayələrinə dair həmsöhbətinə suallar verir, Fatihə
surəsinin yeddi ayət olduğunu, Qur’anda yeddi qat səmadan bəhs
edildiyini vurğulayıb yeddi rəqəminə diqqət çəkər (7 imamçı olduqları
üçün). Qəza və qədərlə bağlı, əhli-sünnə alimlərinin bəzi fiqhi
məsəllərdə bir-birindən fərqli fətva vermələri haqda sualları müzakirə
edər, kəlam elmindəki ziddiyətli və münaqişəli mövzuları həmsöhbəti üçün
açar, beləcə hədəf şəxs və ya şəxslərin qəlbinə  şübhələr salardılar.
Daha sonrakı mərhələlər “tə’liq”, “rəbt”, “tədlis”, “təsis”, “həlвЂ? “,
“insilah” adlanırdı ki, bu mərhələlərlə hədəf şəxs və ya şəxslər
batiniliyin sirrlərindən agah edilir, artıq o, tam bir beyni yuyulmuş
batini-ismailiyə çevrilirdi.
Həsən Səbbahın bu
metodunun yayğınlaşması Böyük Səlcuqlu dövləti hərəkətə keçirmişdi.
Böyük Səlcuqlu dövləti, ələlxüsus məşhur vəzir Əbu Əli Həsən
Nizam-ül-mülk batini-ismaili ideologiyasının yayılmasının qarşısının
alınması üçün bir sıra tədbirlər görmüşdülər. Hər şeydən əvvəl insanları
cəhalətdən xilas edib batini-ismaili dailərinin toruna düşməkdən
qorumaq üçün maarifləndirmə işinə üstünlük verilmişdi. Vəzir Nizamülmülk
başda Böyük Səlcuqlu imperatorluğunun paytaxtı Nişapurda olmaqla, orta
şərqin bir sıra böyük şəhərində dövlətin maliyyəsi və dəstəyi ilə
fəaliyyət göstərən Nizamiyyə mədrəsələrini qurdurmuş, dövrün məşhur
 alimlərini, fəqihləri, hədisçiləri, təfsirçiləri, kəlamçıları bu
mədrəsələrə müdərris olaraq təyin etmişdi. Nizamiyyə mədrəsələri hər il
yüzlərlə məzun verir, bu məzunlar həm dövlətin məmur-kadrlara olan
ehtiyacını qarşılayır, həm də bölgələrə göndərilərək insanlar arasında
dini maarifləndirmə işi aparır, insanların cəhalətdən xilas olub batini
dəvətçilərin toruna düşməsinin qarşısını alırdılar. Böyük Səlcuqlu
dövləti alimləri, vaizləri, xətiblərini insanları batini-ismaili
dəvətçilərinin metod və üsullarından agah etməyə təşviq edirdilər.
Həsən
Səbbah Səlcuqlu dövlətinin bu tədbirlərinə qarşı özünə məxsus üsula,
terrora əl atmışdı. Bunun üçün o, hər şeydən əvvəl öz dəvət metoduna
yeni bir seqment əlavə etmişdi, bu narkotik maddə olan həşiş idi. Batini
dəvətçilərin toruna düşən gənclər bu narkotik maddəyə, həşişə aludə
edilirdilər. Onun dailəri ələ ala bildikləri gənclərə qaib imamın
təmsilçisi olan Həsən Səbbahın istəsə onları cənnətə göndərə biləcəyini
təlqin edirdilər. Həşişin təsiri ilə huşunu itirən gənc batini gözünü
açanda özünü yarıçılpaq qızların əhatəsində, sərin suların axdığı,
quşların cəhcəh vurduğu, hər cür naz-nemətin olduğu bir məkanda görür,
burada bir müddət qalır, yenidən həşişin təsiri ilə huşunu itirib gözünü
açanda özünü normal həyata qayıtdığını görürdü. Ağlı, şüuru həşişin
təsiri ilə qurumuş cahil batini gənc Həsən Səbbah tərəfindən “cənnətə”
göndərilib geri gətirildiyinə inandırılır, həmin “cənnətə” yenidən
getmək üçün yeganə istəyin verilən tapşırığı yerinə yetirilməsi olduğuna
inandırılırdı. Bu tapşırıq da adətən  İslam  alimlərinə, vaizlərinə,
xətiblərinə, qazılara, batinilərə qarşı əməliyyat aparan ordu əmirləri,
dövlət məmurlarına xəncərlə sui-qəst tərtib etmək olurdu.
Miladi
XI-XII əsrlərdə bir çox şəxs Batini-Xaşxaşi terrorçuları tərəfindən
sui-qəsdə məruz qalmışdılar. Səlcuqlu Sultanı Bərkyaruq bunlardan
biridir. Sultan sui-qəsddən yaralı qurtulmuşdu. Vəzir Nizam-ül-Mülk
batini-xaşxaşi sui-qəsdçisi tərəfindən bir ramazan axşamı, iftar
çadırından çıxarkən xəncərlənərək öldürülmüşdü. Dilənçi geyimi geymiş
sui-qəsdçi vəzirə yaxınlaşanda mühafizləri qarşısın kəsmişdilər. Lakin
vəzir onun həqiqətən dilənçi olduğun zənn edib sədəqə vermək üçün yaxına
buraxmalarını söyləmiş, bu vaxt xaşxaşi sui-qəsdçi gizlətdiyi xəncərlə
vəzirə bir neçə zərbə vura bilmişdi. Sui-qəsdçi mühafizəçilər tərəfindən
parçalanaraq öldürülmüş, vəzir Əbu Əli Nizam-ül-Mülk isə aldığı
yaralardan bir gün sonra dünyasını dəyişmişdi.
Batini-xaşxaşilər
tərəfindən sui-qəsdə məruz qalaraq həyatını itirmiş Səlcuqlu dövlət
adamları və hərbiçiləri bunlardır: Əmir Ağsunqur, əmir Ərquş, əmir
Hünər, əmir Bilgə bəy, vəzir Fəxr-ül-Mülk, əmir Sərməz, vəzir Əhməd
ət-Tusi, vəzir Əbül-Fəzl, İsfəhan valisi, Təbriz valisi. Abbasi xəlifəsi
əl-Müstərşid Billah da xaşxaşilər tərəfindən Azərbaycanda qonaq olarkən
öldürülmüşdü.
Batini-xaşxaşilərin sui-qəsdinə
uğramış  İslam alimləri bunlardır: imam Əbül-Müzəffər əl-Xocəndi, qazı
Ubeydullah əl-Xatimi, fəqih Məhasir əl-Ruyani, qazı Muhəmməd əl-Hərəvi,
fəqih Əbdulvahid ibn İsmayıl əş-Şafii, Buxara qazısı Səid ibn Muhəmməd,
qazı Zeyn-ul-İslam, qazı Əbdurrəhman əl-İsfəhani. Bunlar xaşxaşilərin
sui-qəsdinə məruz qalaraq həyatını itirmiş şəxslərin bir qismidir.
Xaşxaşi sui-qəsdçilər seçdikləri qurbanlarına müxtəlif qiyafədə
yaxınlaşırdılar. Bəzən tacir, bəzən dilənçi, həcc üçün yola çıxmış
zəvvar, çoban, mədrəsə tələbəsi və.s.
Böyük
Səlcuqlu dövləti batini-xaşxaşi təhlükəsinə qarşı daim mübarizə aparmış,
onların təsirində olan ərazilərdə bir çox dəfə hərbi əməliyyatlar
keçirmiş, bəzən kütləvi şəkildə batiniləri məhv etmiş, əllərində olan
qala və istehkamları zəbt edərək dağıltmışdılar. Lakin təəssüf ki, başda
Ələmut olmaqla sərt relyefə malik, dağlıq ərazilərdə yerləşən əsas
qalalarını alıb tamamilə bu təhlükəni aradan qaldırmağa müvəffəq
olmamışdılar. Lakin Böyük Səlcuqlular dövründə batini-xaşxaşi
təhlükəsinin qarşısı əhəmiyyətli surətdə alınmışdı. Həsən Səbbah 1124-cü
ildə müəmmalı şəkildə ölmüş, ölümündən sonra bu çirkin işini
davamçıları ələ almışdılar. Lakin Həsən Səbbahın ölümündən sonra
batini-xaşxaşilər əvvəlki kimi varlıq göstərə bilməmişdilər.
Monqol-tatarlar
yaxın və orta şərqi istila etdikləri vaxt batini-xaşxaşilər könüllü
olaraq monqollara qoşulmuş, onlarla birlikdə Azərbaycan, İran, Anadolu,
Orta Asiya və İraqdakı müsəlman əhaliyə qanlı divan tutmuşdular.
Monqollar batini-xaşxaşilərdən casus kimi də istifadə etmişdilər. Onlar
işğalını planlaşdırdıqları məmləkətlərə batini-xaşxaşi casusları
göndərib orada həm yeri hakimiyyət əleyhinə təxribat xarakterli
təbliğatı təşkil edir, həm də mühüm məlumatları toplayırdılar.
Batini-xaşxaşilər zahirən yerli əhalidən seçilmədikləri üçün onların
müsəlmanların arasında gəzib-dolaşmalarına bir mane olmurdu. 
XIII
əsrdə batini-xaşxaşilərin varlığına son qoyan da monqollar olmuşdular.
Artıq onların xəyanətinə ehtiyacları qalmayanda Hülagü xanın əmri ilə
Ələmut qalası zəbt edilmiş, bütün batinilər qılıncdan keçirilmiş,
Ələmutdakı böyük batini-xaşxaşi kitabxanası oda verilib yandırılmışdı.
Batini-xaxaşi əqidə və ənənələri sonrakı əsrlərdə bir sıra təriqət və
məzhəblərdə öz varlığını sürdürmüşdü.

Short URL: http://www.cumhuriyyet.net/?p=9501

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31