YAP Avropalaşmanı gözdən salır

14.07.2014 - 13:14

Hakim partiyanın rəsmi qəzeti Assosiasiya Sazişi imzalayan ölkələri qınayır

Bütün dünyanın demokratiya seçimi etdiyi bir dövrdə Azərbaycan
hakimiyyəti diktaturaya rəğbətini gizlədə bilmir. Hakimiyyət beynəlxlaq
hesabatlarda mənfi qiymətləndirilməsinə, beynəlxalq tribunalarda pərt
vəziyyəti düşməsinə baxmayaraq, yenə də ənənəvi yalanlarla  ictimaiyyəti
çaşdırmağa davam edir. Artıq elə bir vəziyyət yaranıb ki, Azərbaycan
hakimiyyəti Avropanı lənətləyir və Qərbə qarşı müxalifət mövqeyindən
çıxış edir.  Son günlər isə hökumət qəzetləri antiQərb kampaniyasına
yenidən start verib və “analiz”lərlə sübut etməyə çalışırlar ki, Avropa
mənasız bir qitədir.

“Yeni Azərbaycan” qəzeti isə daha da uzağa gedərək Avropa Birliyini
“səhv” çıxarıb. Belə ki, həmin qəzetdə “Assosiativ üzvlük: Ukrayna,
Moldova və Gürcüstana nə verəcək?” başlıqlı geniş məqalə dərc olunub.  

Məqalə müəllifi sübut etməyə çalışır ki, Avropa Birliyi ilə
Assosiasiya Sazişi ölkələrin müstəqilliyini şübhə altına alır və
Ukrayna, Moldova, Gürcüstan da səhvə yol verib: “Assosiativ üzvlüyün
siyasi aspekti qəbul edilən ölkədən ciddi siyasi islahatların
aparılmasını tələb edir. Burada insan hüquqları, təhlükəsizlik, regional
münaqişələrin tənzimlənməsi, terrorla mübarizə daha çox qabardılır.
Lakin bu amillərin hər biri üçün konkret mexanizmlər olmalıdır. Sazişdə
bu məsələ öz əksini tapmayıb. Həmin səbəbdən assosiativ üzvlüyün siyasi
aspekti qəbul edilən dövləti AB-yə uyğunlaşdırmaq xarakteri daşıyır.
Məsələnin bu cür qoyuluşu isə suverenlik, münaqişələrin həlli, terrorla
mübarizə, insan hüquqları kimi məsələlərdə yayğınlığa yol açır.
Assosiativ üzv bəri başdan müəyyən çərçivəyə salınır”- deyə məqalədə
yazılır.

Məqalə müəllifi bir məsələdə haqlıdır. Həqiqətən də avtoritar
rejimlər üçün Avropa Birliyinə üzvlük çərçivə deməkdir. Azərbaycan
hakimiyyəti isə demokratiyanın düşməni olduğuna görə, bu çərçivəyə
salınıb əhliləşmək istəmir.  

Daha sonra isə vurğulanır ki, Assosiativ üzvlük Gürcüstan, Ukrayna və
Moldovanı çətin vəziyyətə salacaq: “AB-yə assosiativ üzvlük mahiyyətcə
ziddiyyətli prosesdir. Siyasi və iqtisadi aspektlərdə tərəflər arasında
qarşılıqlı əlaqələrin inkişafı çoxlu sayda şərtlərə əməl olunmasını
nəzərdə tutur. Assosiativ üzvlük siyasi və iqtisadi aspektdə bir qədər
qeyri-müəyyəndir. Bu səbəbdən Ukrayna, Moldova və Gürcüstanın “bir yerdə
xoşbəxt” olduqlarından danışmaq tələskənlik olardı. Ukrayna, Moldova və
Gürcüstan üçün assosiativ üzvlüyün hansı anlama gəldiyi tam aydın
deyil”.

Sonda isə  məqalə müəllifi “dərin analiz”lərlə sübut etmək istəyir
ki, Assosiasiya Sazişini imzalayan ölkələr dərin bataqlığa düşüb və
Azərbaycan bu dəfə də ağıllı siyasət yürüdür: “Assosiativ üzvlük
məsələsində tələsməmək daha səmərəli strategiyadır. Azərbaycanın seçimi
bu baxımdan ən optimal variant sayılmalıdır. Rəsmi Bakı heç bir ittifaqa
qoşulmur, ancaq ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı ilə fəal
aktyorların hər biri ilə əlaqələri inkişaf etdirir. Hesab edirik ki, ən
səmərəli “üzvlük” formatı elə budur”.

Göründüyü kimi, hakimiyyət bütün vasitələrlə demokratik keçiddən
qaçmağa çalışır və bunu arqumentləşdirmək istəyir. Ancaq hakimiyyətin
bütün təbliğatı həmişə özünü ifşa ilə nəticələnir. Belə ki, bir müddət
öncə Səməd Seyidov fəxrlə deyirdi ki, Gürcüstan, Ukrayna və Moldovanın
Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalamsının əsas səbəbkarı
Azərbaycandır. Seyidov əminliklə iddia edirdi ki, Azərbaycanın düzgün
xarici siyasəti olmasaydı, Azərbaycan bu ölkələrə dəstək verməsəydi,
indi bu ölkələr Avropaya doğru istiqamət ala bilməzdilər. Indi isə sübut
etməyə çalışırlar ki, bu 3 ölkə dərin bataqlığa girib və Avropa Birliyi
ilə  sıx əməkdaşlıq fəlakət deməkdir.

Bəs, Azərbaycan hakimiyyəti Assosiasiya Sazişinə niyə bu qədər nifrət edir?

Assosiasiya Sazişində məqsəd ölkələri Avropa standarltlarına
yaxınlaşdırmaqdır. Bugün Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalayan
Ukrayna 350 qanun qəbul etməlidir, 3700-dən artıq avrostandart tətbiq
olunmalıdır. Yəni təhsildən tutmuş, ekologiyaya qədər bütün sahələrdə
avrostandartlar olmalıdır.

Bu sazişin imzalanması həmin ölkələrdən qanunun aliliyi, azad
seçkilər, ifadə azadlıqlarının təmin olunması, müstəqil məhkəmə
sisteminin yaradılıması, azad bazar iqtisadiyyatının qurulmasını tələb
edir. Bu standartların tətbiqi isə korrupsiya və monopoliyanı aradan
qaldırır.

Bir sözlə, Assosiasiya Sazişi iqtisadi və siyasi sahədə şəffaflığı tələb edir.

Azərbaycanda isə iqtisadiyyatın bütün sahələri hakimiyyətin
nəzarətindədir, siyasi azadlıqlar yoxdur və ölkənin sərvətlərini bir
qrup şəxs talan edir.  

Ona görə də Qərblə siyasi assosiasiyada hakimiyyət maraqlı deyil və bunu öz kürsüsü üçün təhlükə sayır.

Indiki vəziyyətdə isə hakimiyyətə ciddi təzyiqlər var və təzyiqlərdən yayınmaq üçün suverenliklə manipulyasiya edirlər.

Rusiya qoşunlarının Azərbaycana gətirilməsinin təbliğatını aparanlar,
keçmiş SSRI-nin bərpasından danışanlar, dövlət maraqlarını hakimiyyət
maraqlarına qurban verənlər, Avropa Birliyi ilə sıx əməkdaşlığı
suverenliyə təhlükə hesab edirlər. 

Ancaq bu tipli məsələlər çoxdan həllini tapıb və normal düşüncə
qabiliyyəti olan hər kəs başa düşür ki, ölkənin müstəqilliyinə ən böyük
təhlükə mövcud siyasi kursun davam etdirilməsidir.

Həm də şərlə saziş bağlayanların, Assosasiya Sazişinə nifrəti başadüşüləndir.(Azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=9515

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31