Hakimiyyət "diktatura rejimi"nə görə pərt olub
Londondakı səfirlikdən “The Independent”ə etiraz məktubu göndərilib
Londonun Dizayn Muzeyinin bu il “ən yaxşı dizayn obyekti” mükafatını
Bakıdakı Heydər Əliyev Mərkəzinin dizaynına görə Zaha Hədidə verməsi
Iraq əsilli bu məşhur memarı ittiham hədəfinə çevirdi. “Azadlıq”ın ötən
saylarında məlumat verdiyimiz kimi, Ingiltərənin dünyaca məşhur “The
Guardian”, “The Independent”, “The Financial Times” kimi qəzetləri,
Avstraliya mediası Londonda fəaliyyət göstərən Zaha Hədidi
Azərbaycandakı korrupsioner və diktatura rejimilə işbirliyinə görə sərt
tənqid etmişdi.
Azərbaycanın Böyük Britaniyadakı səfirinin ikinci katibi Polad
Məmmədovun adından “The Independent”ə etiraz məktubu göndərilib.
Diplomat Azərbaycanın diktatura ölkəsi kimi təqdim olunmasına etiraz
edib.
“Hesab edirik ki, Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair
bir sıra əsassız etirazlara reaksiya verməyə ehtiyac var (Məsələn,
“Memar Zaha Hədidin diktatoru tərənnüm edən bina ilə bağlı işi mükafata
layiq görülməklə o, mübahisələr memarına çevrildi”; 1 iyul).
Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycanda bütün təməl
azadlıqlara, o cümlədən ifadə və toplaşma azadlıqlarına ölkə
Konstitusiyası ilə təminat verilir. Bu ölkəni diktatura adlandırmaq
reallıqları tamamilə təhrif etməkdir. Bu, müstəqillik yaşı cəmi 20 il
olan gənc demokratiyadır.
Azərbaycanda yetkin demokratik cəmiyyət qurmaq ölkə rəhbərliyinin və
xalqın şüurlu, strateji seçimidir və bu istiqamətdə əhəmiyyətli uğurlar
əldə olunub. Azərbaycanın Avropa Şurası, ATƏT üzvü kimi demokratiya və
insan haqları məsələlərinə dair proseslərdə aktiv iştirakı onun
demokratiyanın inkişafı, insan haqlarının qorunmasına sadiqliyinin
göstəricisidir.
Biz başa düşürük ki, Azərbaycanda demokratiyanın inkişafı uzun bir
yoldur. Ölkədə demokratiyanın möhkəmlənməsi hazırkı hakimiyyətin
müəyyənləşdirdiyi prioritetdir və gələcək illərdə də biz kursu davam
etdirəcəyik.
Memarı xanım Zaha Hədid olan Heydər Əliyev Mərkəzi memarlıq
şedevridir və mükafatlara layiq görülməkdə davam edəcək. Bakı bu
möhtəşəm işlə fəxr edir. Bu işə kölgə salmaq istəyənlər məqsədlərinə
nail olmayacaq”, – deyə məktubda bildirilir.
Xatırladaq ki, “The Independent” qəzeti sözügedən mükafatlandırma
barədə xəbəri yayımlayarkən Zaha Hədidi “Azərbaycandakı repressiv
rejimin keçmiş liderinin adını daşıyan binanın memarı olmuş dizayner”
kimi təqdim edib. Yazı müəllifi yada salıb ki, beynəlxalq hüquq-müdafiə
təşkilatları Azərbaycandakı keçmiş və hazırkı rejimi insan haqlarının
pozulmasına görə tənqid edirlər:
“Heydər Əliyev hakimiyyətdə olarkən “Amnesty International” onu
seçkini saxtalaşdırmaqda, müxalifətə qarşı repressiyalarda ittiham
edirdi. Keçmiş KQB generalı olan Heydər Əliyev əvvəl Kommunist lideri,
sonra isə prezident kimi, ümumilikdə 30 il ölkəyə rəhbərlik edib.
2003-cü ildə oğlu Ilham Əliyev atasının ölümündən sonra hakimiyyəti miras alıb.
“Arxitektor” jurnalının redaktoru Rori Olkayto “The Independent”ə
açıqlamasında Heydər Əliyevi keçmiş diktator kimi xarakterizə edib: “Ola
bilsin ki, həmin bina parlaq memarlıq abidəsidir. Amma Dizayn Muzeyinin
keçmiş KQB diktatorunun şərəfinə tikilmiş binanı mükafata layiq görməsi
qəribədir”.
Yuxarıda qeyd etdiyimiz kimi, “The Independent”lə
yanaşı, digər media orqanlarında da eyni məzmunlu materiallar yayımlansa
da, Azərbaycan səfirliyinin etirazı yalnız bu qəzetdə dərc olunub.
Onu da əlavə edək ki, Böyük Britaniya mediası son günlər Azərbaycanda
insan hüquqlarının acınacaqlı vəziyyəti, siyasi məhbus problemi,
korrupsiya barədə əhatəli və maraqlı materiallar yayımlayır. Bugünlərdə
“The Daily Mail” Ilham Əliyevi “dünyada ən çox korrupsiyalaşmış
rejimlərdən birinin başçısı” kimi təqdim edərək, Böyük Britaniya
kraliçasının oğlu, York hersoqu, şahzadə Endryunu onunla əlaqələrinə
ittiham etmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=9523