"The Guardian" Bakıdakı ac təqaüdçülərdən yazır
“Hökumət tikinti layihələrinə milyonlar xərcləyir, amma…”
“Hökumətin Bakı üçün şəhər planlamasına dair dəqiq siyasəti yoxdur, burada işlər plansız görülür”

“Hökumətin Bakı üçün şəhər planlamasına dair dəqiq siyasəti yoxdur, burada işlər plansız görülür”
Böyük Britaniya mediası yenə Azərbaycandan yazıb. Bu dəfə Bakıda
insanların zorakılıqla evlərindən çıxarılması və bunun hesabına
ucaldılan binalardan bəhs edən məqalə dünyaca nüfuzlu “The Guardian”da
dərc olunub. “Azərbaycanda memarlığın insanlara vurduğu ziyan nə
qədərdir?” başlıqlı yazının tərcüməsini təqdim edirik:
***
Bakı Londonda fəaliyyət göstərən memar Zaha Hədidə Heydər Əliyev
Mərkəzinin dizaynına görə verilmiş mükafat sayəsində dünyada qabaqcıl
memarlıq-dizayn mərkəzi kimi tanınmaq imkanı qazanıb. Azərbaycan
paytaxtının yeni simasının xeyli yerli azarkeşi var, eyni zamanda,
bəyənməyənlər də kifayət qədərdir.
Əlbəttə, Heydər Əliyev Mərkəzi öz
görkəminə görə cəlbedicidir, amma bu bina Bakıdakı yeganə memarlıq
nümunəsi deyil. Son on ildə şəhərin mərkəzi yeni dənizkənarı bulvar,
müasir “Crystal Hall”, “Alov qüllələri” ilə xeyli dəyişib. Bundan başqa,
“Ağ şəhər” layihəsi var ki, bu da şəhərin bir hissəsini tamam ayrı
görkəmə salmaq məqsədilə həyata keçirilir.
Yayılan məlumatlara görə, Bakının memarlıq baxımından yenidən
qurulmasında Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva
katalizator rolunu oynayır. Deyilənə görə, o, şəhərin mərkəzindəki bütün
yeni tikintilərə əhəmiyyətli məbləğdə sərmayə yatırır.
Əliyevanın Parisə güclü rəğbəti var. Bu mənada, Bakıda üç metro
stansiyasının “Luvr” muzeyinin piramidasına uyğun tikilməsi, Parisdəki
qəzet köşklərinə bənzər köşklərin burada da qoyulması təəccüblü deyil.
Həmçinin “Ağ şəhər”də də “Paris kvartalı” tikilir. “Ağ şəhər”
layihəsində iştirak edən firmalardan biri də britaniyalı memar Normal
Fosterin rəhbərlik etdiyi “Foster + dostları” şirkətidir.
Şəhər yenidənqurması bir sıra hallarda insan itkilərilə nəticələnir,
bu mənada, Bakı da istisna deyil. Beynəlxalq hüquq-müdafiə təşkilatları,
o cümlədən “Freedom House”, “Human Rights Watch” son illər Bakıda yeni
layihələrin həyata keçirilməsi üçün ərazini boşaltmaq məqsədilə yerli
sakinlərin zorakılıqla öz mülklərindən çıxarılması hallarını
sənəd-sübutlarla yayıblar. Bir sıra hallarda məcburi köçürülməyə görə
etirazlar olub; polislər bunun qarşısını almaq üçün aqressiv metodlara
əl atıblar.
Son etiraz dalğası bu ilin fevral-mart aylarında, hökumətin şəhərin
mərkəzindən 40 min sakinin köçürüləcəyi haqda bəyanatından sonra
başladı. Məlumata görə, Sovetski adlanan ərazidə təxminən 50 hektar
ərazi boşaldılaraq, yerində yaşıllıq yaradılacaq. Layihə gələn il Bakıda
keçiriləcək ilk Avropa Yay Oyunları ilə eyni vaxta təsadüf edir.
Etirazçıların tələbi o idi ki, məmurlar köçürülmə və kompensasiya
məsələsinə yenidən baxsınlar. Bu istiqamətdə danışıqlar hələ də davam
edir.
Evlərindən məcburi çıxarılanların şikayətlərinə baxmayaraq, Bakının
bir çox sakinləri şəhərin görünüşünün dəyişməsinin tərəfdarıdır. 31
yaşlı Sona Qasımlı hesab edir ki, şəhər indi daha təmiz və daha
parlaqdır: “Mən həmişə öz şəhərimi sevmişəm. Amma indi hər keçən gün
Bakı daha da gözəlləşir”.
Lakin Bakıda bir çoxları hesab edir ki,
hökumət ərazilərə yox, adamlara diqqət yetirməlidir. 68 yaşlı təqaüdçü
Ağakərim Məmmədli özünü dövlət tərəfindən baxımsız hiss edənlərdən
biridir.
“Hökumət bu layihələrə milyonlar xərcləyir. Amma ölkədə pensiyaların
məbləği təqaüdçünün normal insan kimi yaşayışına çatmır”, – deyə
Ağakərim Məmmədli bildirib.
Bakılı memar Novruz Eldarlı kimi yerli ekspertlər Bakıdakı yeni
memarlıq tikililərini alqışlayır, bununla belə, məmurların məsələyə daha
sistemli yanaşmasını istəyirlər.
“Bakıda şəhər planlaşdırması ilə bağlı ciddi problemlər var. Sovet
Ittifaqı dağılandan sonra şəhər idarəetmə sistemi dəyişdi və bugünədək
hökumətin Bakı üçün şəhər planlamasına dair dəqiq siyasəti yoxdur. Işlər
plansız görülür”, – deyə ENEL memarlıq şirkətinin direktoru Novruz
Eldarlı bildirib.
Son illər Bakıdakı nəhəng layihələr xarici memarlıq
şirkətlərinə həvalə olunsa da, yerli arxitektorlar da işsiz deyil.
Məsələn, memar Elçin Əliyev Bakıda populyar turist attraksionuna
çevrilən Roma-katolik kilsəsini işləyib hazırlayıb.
Novruz Eldarlı deyir ki, yerli memarlar nəhəng layihələri öz
üzərlərinə götürmək üçün əvvəlcə vərdişlərini inkişaf etdirməlidir:
“Təkcə Azərbaycanda deyil, bütövlükdə post-sovet məkanındakı arxitektor
və texnoloqlar Qərb mütəxəssislərindən geri qalır. Düşünürəm ki, yaxşı,
müasir layihələr işləyib hazırlamağa qadir memarlar o qədər də çox
deyil”.
Azərbaycanda Memarlar Ittifaqının vitse-prezidenti olan Elçin Əliyev
deyir ki, yeni tikililərə hədsiz maraq bir xeyli köhnə memarlıq
incilərinin itirilməsinə gətirib çıxarıb.
Azərbaycanda XX əsrin ilk onilliyindəki neft bumu Bakıda müasir arxitektura nümunələrinin yaranmasıyla nəticələnmişdi.
“Son
dövrlərdə dəyişiklik dalğası başlayandan sonra həmin binaların bir
hissəsi ya qismən dəyişilib, ya da ümumiyyətlə, buldozerin ağzına
verilib”, – deyə Elçin Əliyev bildirib.(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=9551