İŞİD – Türkiyənin yeni qonşusu?

15.07.2014 - 16:45

Suriyada İŞİD silahlıları və Kürd Demokratik İttifaq
Partiyasının (PYD) döyüşçüləri arasındakı toqquşmalar münaqişəni Türkiyə
ilə həmsərhəd bölgələrə gətirib.

Son həftə ərzində İŞİD silahlıları İraqda ələ keçirdikləri ağır
silahlardan Suriyadakı işğallarını genişləndirmək üçün istifadə ediblər.

Suriyadakı PYD və onun peşmərgə kimi tanınan Kürd Xalq Müdafiəsi
Birliklərinin döyüşçüləri Türkiyədə üsyançı hərəkatda olan PKK ilə sıx
əlaqələrə malikdirlər.

PKK-nın hazırda həbsdə olan olan lideri Abdullah Ocalan həbsxanada
ona baş çəkmiş kürd parlament üzvləri vasitəsilə ötürdüyü mesajda bütün
kürdləri “İŞİD-ə qarşı səfərbər olmağa və millətin namusunu qorumağa”
çağırıb.

Yerli mənbələrdən gələn məlumatlarda deyilir ki, artıq indinin özündə
Türkiyə, İran və İraqdan olan bəzi kürdlər torpaqlarını cihadçı
qüvvələrin zəbtindən qorumaq üçün Suriya kürdləri ilə çiyin-çiyinə
döyüşürlər. Rojava regionu Suriyada kürd müstəqillik hərəkatının
doğulduğu məkandır.

Bu əraziyə tez-tez baş çəkən Türkiyə jurnalisti Fehim Taştekinin
məlumatına görə, Türkiyə hakimiyyəti Kobanedəki kürdlərin taleyindən çox
da narahat görünmür, çünki orada kürd müstəqilliyinin daha da
yüksələcəyindən ehtiyat edir.

Bununla belə, Tastekinin fikrincə, İŞİD silahlılarının birbaşa Türkiyə sərhədlərinə gəlişini əngəlləyən elə kürd müqavimətidir.

Türkiyə Suriya ilə sərhədini dəlmə-deşik vəziyyətdə saxlamaqla
islamçı silahlıların və cihadçıların qonşu ölkəyə gəlişinə imkan
yaratmaqda günahlandırılır. Türkiyə hökuməti bu ittihamları rədd edir.

Son həftələrdə Qərb ölkələri ilə əməkdaşlıq artırılıb və cihadçıların
Türkiyə ərazisi ilə hərəkətinin qarşısının alınması üçün təhlükəsizlik
tədbirləri gücləndirilib.

140709144807_iraq_syria_isis_caliphate_azeri_624

Avropa ölkələri və ABŞ öz vətəndaşları olan və İraq və Suriyadan
qayıdan döyüşçülərdən, onların öz ölkələrində yarada biləcəkləri
təhlükədən narahatdırlar. Onlar Türkiyəni sərhədlərini möhkəmləndirməyə
çağırırlar.

Təxminlərə görə, Avropadan və ya Şimali Afrikadan olan 3 minədək
insan Suriya və İraqdakı döyüşlərdə iştirak edir. Türkiyənin kəşfiyyat
orqanlarından gələn məlumata görə, cihadçılarla birlikdə döyüşən ölkə
vətəndaşlarının sayı təxminən 700-dür.

Bu da bildirilir ki, kürd və ya ələvi əsilli Türkiyə vətəndaşları da
Suriyada İŞİD-ə qarşı döyüşlərdə iştirak edirlər. Digər tərəfdən
münaqişəyə cihadçıların tərəfində qoşulan bəzi kürd islamçılar da var.

Qərbi Avropa, Rusiya və Qafqazdan olan döyüşçüləri səfərbər edib
təlimləndirən İŞİD Yaxın Şərqdəki münaqişəni qlobal münaqişəyə çevirməyə
qabil olan beynəlxalq cihadçıların yeni növünü yetişdirir.

Azərbaycan da daxil bir çox ölkələr öz vətəndaşlarının müxtəlif
yerlərdə baş verən radikal hərəkatlarda iştiraklarından və onların öz
ölkələri üçün bunun yaratdığı təhlükələrdən narahatdırlar.

Türkiyə üçünsə bu, artıq təhlükədən qorxulu reallığa çevrilib.
Türkiyənin Mosul konsulluğundakı 48 vətəndaşı ötən ay İraqdakı İŞİD
tərəfindən girov götürülüb.

Türkiyənin Xarici İşlər Nazirliyi və təhlükəsizlik orqanları lazımi
ehtiyat tədbirləri görmədiklərinə, zəif kəşfiyyat fəaliyyətlərinə və
girovları vətənə sağ-salamat qaytara bilmək iqtidarında olmadıqlarına
görə tənqid edilirlər.

Yaxın Şərqdə yağış heç vaxt sakit yağmır, leysan tökür. İraq və
Suriyada baş verənlərlə yanaşı İsrail Qəzzada fələstinlilərə qarşı
nəticələri ölümcül ola biləcək əməliyyatlarını gücləndirib.

Türkiyədə isə prezident seçkiləri kampaniyası davam edir və ölkə
iqtisadiyyatı artmaqda olan regional qeyri-sabitlikdən təsirlənməyə
başlayıb. /BBC Azərbaycanca/

Short URL: http://www.cumhuriyyet.net/?p=9564

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31