Azərbaycan gömrüyündə qul rəzaləti

15.07.2014 - 22:44

İrana 20 dollara yük daşıyan azərbaycanlıların hekayəti

 

Astara gömrükxanasının önündə İrana getmək istəyənlərin uzun növbəsi diqqət çəkir. Burda ağız deyəni qulaq eşitmir. Hər kəs gömrük ərazisinə daha tez keçmək istəyir. Adamlar dəmir barmaqlıqlar arasına salınır, qapılar da arxadan qıfıllanır. Yerli sakinlərin söylədiyinə görə, “dəmir qəfəs”də bir neçə dəfə ölüm hadisəsi də baş verib.

1 manat ver, Çin malı apar…

İrana gedənlər özləri ilə yük də daşıyırlar. Hər adama ildə bir dəfə 3
kilo yük aparmağa icazə verilir. Onlar həmin yükü İranda müəyyən
ünvanlara çatdırır, əvəzində 17 manat (20 dollardan bir neçə sent artıq)
alırlar.

“Azadlıq” radiosunun müxbiri öyrənib ki, yüklər Çinin sənaye
mallarından ibarətdir. Buna görə Astara gömrükxanasına 1 manat pul
verilir. Diqqət çəkən odur ki, heç bir qeydiyyat aparılmır və vətəndaşa
hər hansı qəbz verilmir. Beləcə, gömrük rüsumundan kənar, gün boyu
tonlarla yük İrana daşınır.

Yerli sakinlərin İrana getməsinin bir səbəbi də Amerika dolları və
Azərbaycan manatının dəyərcə yüksəlməsidir. İranın “qara bazar”ında 1
Amerika  dolları 43-44 min riala dəyişilir. Nəticədə Azərbaycandan
gedənlər İrandan daha çox mal ala bilirlər.

Bunun qarşısını almaq üçün Astara gömrükxanasında qaydalar da
sərtləşdirilib. İrandan qayıdanlar az miqdarda ərzaq və meyvə gətirə
bilirlər. Gələnlərin sözlərinə görə, banan, düyü, xurma, hətta qarışqa
dərmanı da inhisarçıların nəzarətinə keçib.

Astara rayonu Rudəkənar kənd sakini, 80 yaşlı Höccət Yusubov da
İrandan qayıdıb. O deyir ki, Astara gömrükxanasında özbaşınalıqdır,
adamları incidirlər. Onun sözlərinə görə, İranda istehlak mallarının
qiyməti Azərbaycanla müqayisədə ucuzdur.

“İrana gedəndə bizimkilər incidirlər. Bir şey aparanda 1-2 manat pul
alırlar. Pul verməsən, adamı buraxmırlar. Qapıda duran adamdan 1 manat
alıb içəri salırlar. Bizim pul İranda baha, alınan mallarsa ucuzdur.
Bizlər düyüdən çox istifadə edirik. Bizdə onun kilosu 3 manat 50 qəpiyə,
İranda 1 manat 50 qəpiyədir. Bizimkilər qoymur dolanaq. İranlılar öz
pullarından imtina edir, bizə deyirlər ki, gəlin manatla alver edin. Evə
5-6 kilo düyü alıb gəlirsən, bizim gömrükdə incidirlər. Deyirlər bunu
almamalısan, get terminala (anbara-red.) vur. İranlı bizə hörmət edir,
amma bizimki yox” – deyir Höccət Yusubov.

“Deyirlər toyuq olmaz, kişmiş olmaz, xurma olmaz…”

Höccət Yusubov “Astara gömrüyü hansı malları buraxmır” sualını belə
cavablandırır: “Deyirlər, toyuq gətirmə, kişmiş gətirmə, xurma gətirmə.
Orucluq ayında əsasən xurmadan istifadə edirlər. Onu da qoymurlar. Bir
qutu xurmanı da gətirməyə qoymurlar. İranlılar dillənmir, amma
bizimkilər qoymurlar. Bəs nə üçün gedirəm İrana? Orada ucuzluqdur.
İrandakı qiymətlər bizdə olsa, heç oraya getmərik. Burda 10 manatla
bazara gedirsən, heç nə ala bilmirsən. Orda 10 manata bir ayın ərzağını
alırsan”.

Astara şəhər sakini Elçin İbrahimli də gömrükxanadan
şikayətlənir. Onun sözlərinə görə, Astara gömrükxanasında heç bir səbəb
olmadan qadağanlar tətbiq edilir: “Vətəndaşları həftədə bir dəfə o taya
buraxırlar. Bu da qanunsuzdur. Camaatın vəziyyəti yay aylarında çətin
olur. Adamlar İranda ucuzluq olduğundandır ora gedirlər. Düyüdür,
qənddir, undur, şəkər tozudur – bunları İrandan alıb gətirmək
istəyirlər.

Amma həm o, həm də bu tərəfdə maneələr yaradırlar. Adam aldığını
gətirə bilmir, çətinə düşür. Bizim zona çəltik əkən zonadır. Orada düyü
bizdən xeyli ucuzdur. İldə bir adama 3 kilo yük verirlər – 15 manata, 20
manata… O tərəfə hambal kimi daşıyırıq ki, bir şey qazanaq. Gömrük
işçiləri hər yükə görə 1 manat alır. İncidirlər, basabas yaradırlar…”

“İrandan qarışqa dərmanı da gətirib satırıq…”

Astara şəhər sakini Asən Həşimli deyir ki, yerli
sakinləri İrana aparan səbəb oradakı ucuzluqdur. O, Astara
gömrükxanasındakı inhisarın da sərhədyanı ticarəti əngəllədiyini
bildirir: “Sərhədyanı ərazilərdə yaşayanların kütləvi şəkildə İrana
getmələrinə səbəb iqtisadi problemlərdir. İranda ərzaq məhsulları ucuz
olduğundan insanlar ora axışırlar. Azərbaycanın gömrük sistemində
inhisarçılıq hökm sürdüyünə görə iş adamlarının İrandan gətirdiyi
mallara qadağalar qoyulur. Bu inhisarçılara el arasında “monopolist” də
deyirlər. Sərhədyanı sakinlər ərzağa tələbatlarını ödəməkdən ötrü İrana
üz tuturlar. Şəkər tozunun qiyməti İranda 60, bizdə 90 qəpikdir. Yerli
əhali İrandan qarışqa dərmanı gətirir, onunla da alver edir. Bunun da
qiyməti İranda 1 manat, Azərbaycan bazarlarında 2 manat 50 qəpikdir.

İrandan kişmiş də gətirirlər. Orada kişmişin yeşiyi 10 manat, bizdə
20 manatdır. Əhalini həm İran, həm də Azərbaycan gömrükçüləri
incidirlər. Xüsusən Azərbaycan tərəfində gətirilən hər mala görə pul
verilir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=9584

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31