Böyük güclərdən Bakıya ortaq Qarabağ təhdidi

16.07.2014 - 09:47

Azərbaycan yeni müharibə riski
və seçimlə üz-üzə

 

Savaşa başlarıqsa, antaqonizmdə olan Rusiya ilə Qərb
tərəfindən separatçı rejimin tanınma təhlükəsi reallaşa bilərmi?
Moskvanın müharibə ssenarisinin konturları heç vaxt olmadığı qədər aydın
görünür; demokratik dünya Azərbaycanın yanında yer ala bilərdi, əgər…

“Hazırda
Bakının qarşısında Qarabağ konfliktinin həlli ilə bağlı iki variant
var”. Belə bir açıqlama ilə srağagün tanınmış rusiyalı politoloq
Stanislav Tarasov çıxış edib. Onun qənaətincə, yeni müharibə regionda
vəziyyəti əhəmiyyətli şəkildə dəyişə bilər.

Sitat:
“Variantlardan biri Dağlıq Qarabağın Krım variantında olduğu kimi,
tarixi köklərə əsaslanaraq Rusiyanın tərkibinə qatılmasıdır. İkinci isə
Azərbaycanın müharibə variantını seçməsidir. Bakı və İrəvan arasındakı
müharibə nəinki regionda vəziyyəti gərginləşdirər, hətta Gürcüstan
variantını təkrarladar. Yəni Azərbaycanın hərb yolu seçməsi Dağlıq
Qarabağın tanınmasına gətirə bilər. Ortada bir fakt var ki, ilk belə
addımı Rusiya atacaq”.
Ondan başlayaq ki,
Kremlin separatçı rejimi tanıyacağı ilə bağlı təhdid yeni deyil.
Rusiyanın belə bir şantaja gedə biləcəyi məsələsi Krımın ilhaqından
sonra xüsusilə aktuallıq qazanmışdı. Bir sıra təhlilçilərə görə, bu
variant Bakı birmənalı şəkildə Rusiya layihələrindən uzaqlaşıb Qərbə
yaxınlaşacağı təqdirdə işə salına bilər.
Hələ
ki Azərbaycan Avrasiya və Gömrük ittifaqlarına razılıq verməyib.
Bununla belə, Dağlıq Qarabağın tanınması və ya Rusiyaya birləşdirilməsi
də gündəmdə deyil. Amma indi rus politoloq bunu Azərbaycan öz
torpaqlarını azad eləməyə girişəcəyi halda mümkün saydığını söyləyir.
Vaxtilə
analoji ilginc xəbərdarlığın ABŞ rəsmisi tərəfindən kuluar söhbətlərdə
Bakının diqqətinə çatdırıldığı barədə yazmışıq. Məlumatda deyilirdi ki,
Azərbaycan müharibəyə başlasa, ABŞ Dağlıq Qarabağı tanıya bilər.
Doğrudur, informasiya rəsmi təsdiqini tapmadı. Ancaq sual yenə aktuallıq
kəsb eləməyə başlayıb. O da belədir: əcəba, gerçəkdənmi Azərbaycan nə
vaxtsa məcbur qalıb işğal altındakı ərazilərini silah gücünə azad
eləməyə girişsə, bir-biri ilə antaqonizmdə olan Qərblə Rusiyanın
Azərbaycana qarşı ortaq kontur-addımı – DQ-nin tanınması mümkündürmü,
Bakı yeni müharibə riski iləmi üz-üzədir?     
Burdaca
qeyd edək ki, son zamanlar Moskvanın öz hədəflərinə çatmaq üçün son
variant kimi regionda yeni müharibəni qızışdırmaqda maraqlı olması
barədə rəylər artıb. Məsələn, Ermənistanın Milli Təhlükəsizlik
Xidmətinin sabiq rəhbəri, prezidentin xüsusi məsələlər üzrə keçmiş
təmsilçisi David Şahnazaryan hesab edir ki, Rusiyanın regionda öz
mövqeyini möhkəmlətməsi üçün heç vaxt olmadığı qədər destruktiv resursu
var.
Sitat: “Axır vaxtlar xeyli gücləndirilən
Ermənistandakı 102 saylı hərbi baza da ilkin təyinatında nəzərdə
tutulduğu kimi təhlükəsizliyin təminatından daha çox vəziyyətin
gərginləşməsinə işləyə biləcək alət rolunda çıxış edir. Krımın
ilhaqından sonra Rusiyanın “yeni dünya düzəni yaratmaq” istəyi fonunda
Moskva hətta münaqişə tərəflərindən birinin kiçicik səhvindən yararlanıb
bölgədə yeni müharibə yarada bilər. Bu isə bütün bölgə üçün faciəvi
nəticələrə və regional kommunikasiya layihələrinə üçüncü qüvvə
tərəfindən ciddi ziyan vurulmasına gətirə bilər. Özünün yeni imperiya
ideyaları ilə bugünkü Rusiya bölgədə əsas sabitsizlik faktoru və əsas
regional təhlükədir”.
Bəzi
ehtimallara görə, konfliktə cəlb olunan aparıcı Qərb dövlətləri,
ələlxüsus ABŞ bu perspektivi hesabladığı üçün də müharibə risklərini
minimuma endirməyə çalışır. Minsk Qrupunun amerikalı həmsədri Ceyms
Uorlikin Krım olaylarının pik vaxtında öz ölkəsi adından 6 bəndlik
təkliflərlə çıxış eləməsi, Ağ Ev və Parisin günü bu gün də böyük israrla
Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmasına can
atması bu xüsusda təsadüfi sayılmır.           
Beləliklə,
müharibə variantı və qondarma qurumun tanınması – hər ikisi Kremlin
arsenalında təhdid variantları qismində qalır. Bəs Rusiya tanınma
addımına gedərmi? İstisna deyil. Ancaq o halda Moskva Gürcüstan kimi
Azərbaycanı da həmişəlik itirəcək, Azərbaycanın Putinin projelərinə
qoşulması gündəmdən tamamilə çıxacaq – bu da var. İkinci yandan,
Rusiyanın böyük ortaq iqtisadi layihələr planlaşdırdığı (“Mavi axın” qaz
layihəsi, Türkiyədə AES-lərin tikintisi və s.) Türkiyə ilə ciddi
ixtilaf yaranacaq. Qərblə soyuq savaş astanasında olan və büdcəsi
getdikcə daha ağır zərbələr yeyən Moskvanın Qarabağa görə Türkiyə kimi
mühüm bir tərəfdaş ölkəni itirməsi realdırmı? Məsələ həm də bundadır.
Yeri gəlmişkən, bəzi analitiklərə görə, Qarabağ problemi daha çox Rusiya
ilə Türkiyə arasında anlaşma nəticəsində yoluna qoyulacaq.
Ancaq
nəzəri ehtimal olsa belə, Rusiyanın tanınmaya getməsi faciə deyil. Əsas
odur, Qərb, ABŞ və Avropa analoji addım atmasın. Bundan ötrü isə
Azərbaycandan bir şey tələb olunur – Qərbin yanında olmaq, önündə yox;
demokratik dünyanın dost-müttəfiqinə çevrilmək. Yolu bəlli. Unutmayaq,
ortada Serbiya nümunəsi də var. Məhz Rusiya ilə ittifaqda Qərbə qarşı
getdiyi üçün də ötən əsrin 90-cı illərində Serbiya NATO qüvvələri
tərəfindən bombalandı, az sonra isə Kosovonu Qərb ölkələri birtərəfli
qaydada tanıdı. 
Yəni zamanın imperativini, nəbzini düzgün
tutmaq məsələsi. Onu da yaddan çıxarmayaq ki, xeyrimizə Türkiyə faktoru
olduğu kimi, əleyhimizə aparıcı Qərb dövlətlərinin mövqeyinə güclü təsir
imkanları olan erməni lobbisi amili var. 
Bu
da xeyrimizə işləyən bir reallıqdır ki, separatçı qurumların tanınması
məsələsində Rusiya ilə Qərbin yanaşması diametral ziddiyyətdədir və
üst-üstə düşmür (Kosovo, Krım, Abxaziya, Cənubi Osetiya). Qarabağ da
istisna deyil, olmaya bilər. Çünki bu iki böyük güc əbədi geosiyasi
rəqabətdədir.
Şübhə yox ki, Ukraynadakı
proseslərin sonucu da Qarabağla bağlı hərb variantının perspektivinə öz
təsirini göstərəcək. Bir şeyi əminliklə söyləmək olar: Azərbaycan da
demokratik dünyanın ayrılmaz parçasına çevrilə bilsə, o zaman Qərb
Bakının Qarabağdakı antiterror əməliyyatına da Kiyevin Şərqi Ukraynada
separatçılara qarşı radikal addımları kimi göz yuma bilər. Seçim yenə
Bakınındır.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=9593

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31