170 milyonluq heroinlə bağlı növbəti sensasion məlumatlar

16.07.2014 - 14:58

Gürcüstan polisi antinarkotik
əməliyyatını
aylar öncə planlaşdırıbmış; Azərbaycan hüquq-mühafizə orqanları və
hökuməti susur; iqtidaryönümlü deputat Zahid Oruc isə heroin qalmaqalına
görə İranı ittiham etdi

Gürcüstan polisi antinarkotik
əməliyyatını
aylar öncə planlaşdırıbmış; Azərbaycan hüquq-mühafizə orqanları və
hökuməti susur; iqtidaryönümlü deputat Zahid Oruc isə heroin qalmaqalına
görə İranı ittiham etdi

Gürcüstan
Daxili İşlər Nazirliyinin antinarkotik əməliyyatından 4 gün keçir.
İyulun 14-də Gürcüstan daxili işlər naziri Aleksandr Çikaidze bəyan edib
ki, iyulun 11-də gürcü polisinin həyata keçirdiyi əməliyyata aylar
öncədən hazırlaşıblar. Gürcü nazir saflaşdırılmış 2 ton 790 kiloqram
maye heroinin Əfqanıstanda hazırlandığını və İran-Azərbaycan-Gürcüstan
üzərindən tranzitlə Avropaya daşındığını da söyləyib. Nazir baş vermiş
olayla bağlı 2 Gürcüstan vətəndaşının saxlanıldığını da açıqlayıb.

A.Çikaidzenin
sələfi, hazırda Gürcüstanın baş naziri olan İrakliy Qaribaşvili isə
deyib ki, bu əməliyyat Gürcüstan hüquq-mühafizə orqanlarının uğurudur.
O, daxili işlər naziri olduğu dövrdə Ermənistandan Gürcüstana keçirilən
116 kiloqram heroin saxlandığını xatırlatmaqla yeni naziri onun
rekordunu təzələməsi münasibətilə təbrik edib.   
Maraqlıdır
ki, Gürcüstan hüquq-mühafizə orqanları, hökumət başçısı antinarkotik
əməliyyatını az qala bayram etdikləri bir vaxtda Azərbaycan
hüquq-mühafizə orqanları susqunluq nümayiş etdirirlər.
İyulun
15-də “Yeni Müsavat” məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat
xidmətinə müraciət edib. Qurumun mətbuat xidmətindən sorğumuza “bu
məsələ ilə bağlı hər hansı bir şərh verilmir” cavabı verilib. Dövlət
Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə
saxlamaq cəhdimiz baş tutmadı. Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəhbəri,
baş nazirin müavini Əli Həsənovla da danışa bilmədik. Onun köməkçisi
Əkbər Əkbərov günlərdir ki, məsələ ilə bağlı Ə.Həsənova suallar
verməyimizin qarşısını alır.
Məsələ ilə bağlı
sorğumuzu cavablandıran yeganə ünvan Azərbaycanın ən iri boya
istehsalçısı “FAB” şirkətinin nümayəndəsi oldu. Şirkət rəsmisi 2 ton 790
kiloqram narkotikin “FAB”a aid boya qutularında və maşında daşındığını
inkar etdi. Qeyd edək ki,  “Turan”ın yaydığı məlumatda bildirilirdi ki,
narkotik maddə Azərbaycanın məşhur boya şirkəti “FAB”ın istehsalı olan
boya adı altında qablaşdırılıb. Həmçinin narkotiki daşıyan yük maşınının
üstündə “FAB” boyasının təsviri ilə böyük reklam yer alıb.
Məlumat
üçün deyək ki, narkotrafiklə məşğul olan qruplaşmalar ələ keçməmək üçün
müxtəlif vasitələrdən istifadə edirlər. Belə üsullardan biri də bir
ölkədən o biri ölkəyə keçərkən maşınların nömrə nişanlarının
dəyişdirilməsi, həmin ölkənin ərazisində qeydiyyatda olan maşınların
nömrə nişanlarına uyğun nişanlardan istifadə etmələridir. Tamamilə
mümkündür ki, Gürcüstanda tutulan yük maşını İran Astarasından
Azərbaycan Astarasına sərhədi aşmaqla keçəndən sonra daşınan yüklərin
üzərinə “FAB” boyasının emblemi, yük maşınına isə şirkətin adı olan
reklam lövhəsi asılıb. 167 milyon dollarlıq heroini daşıyanlar üçün belə
bir üsuldan istifadə heç də ağlasığmaz görünmür.
Bəs
Azərbaycan hökuməti, parlamentariləri ölkəmizin sərhədlərini sərbəst
şəkildə aşan 2 ton 790 kiloqram heroinin daşınmasından doğan suallara
hansı cavabı verirlər? 
Milli Məclisin Təhlükəsizlik və
müdafiə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a deyib ki,
narkoticarət dünya üzrə ən gəlirli sahələrdən biridir:
“Çox
təəssüf ki, Əfqanıstanın son 100 illik tarixində narkotika çox önəmli,
lakin mənfi rol oynayıb. Yəni dünyanın tibbi klinikalarının 60 faizinə
qədəri ən yüksək keyfiyyətli narkotiklə məhz Əfqanıstan torpaqlarında
becərilən narkobitkilər hesabına təmin olunur. Bu, əfqan millətinə
faciə, bunun ticarəti ilə məşğul olanlara isə böyük gəlirlər gətirir.
Narkotranzitin İran üzərindən daşınması 10 illər ərzində sübut olunub.
Azərbaycanın media orqanları bu məsələdə bizim sərhəd-keçid
məntəqələrini tənqid etməklə bərabər məsələnin əsas məğzini hədəf
seçməlidirlər. Bu, İranın siyasətidir. İldə 40 tondan artıq narkotik
İran sərhədlərindən bir silah kimi bizə qarşı yönləndirilməkdədir”.
Z.Oruc
belə halların qarşısının alındığını, lakin böyük kriminal şəbəkələrin
də yerində saymadıqlarını, müasir texnologiyalardan istifadə etdiklərini
söylədi: “Yeni növ mexanizmlər ortaya gətirilir ki, bu növ cinayətlər
daha böyük arealda sirkulyasiya olunsun. Bu məsələdə əsas hədəf İran
olmalıdır”.
Deputatla dialoqumuzu aşağıdaki kimi oldu:

2 ton 790 kiloqram saflaşdırılmış heroin Əfqanıstandan İrana, oradan
Azərbaycana və Gürcüstana daşınıbsa, buna görə İranı suçlamaq nə
dərəcədə düzgündür?
– Əfqanıstanda belə məsələlərin İranın xüsusi xidmət orqanlarının əli ilə hazırlanması dəfələrlə sübuta yetirilib.
– Bu məntiqlə Gürcüstan dövləti də Azərbaycanı ittiham edə bilər?

İş ondadır ki, bu cür halların Azərbaycan dövləti tərəfindən Gürcüstana
yönləndirilməsində bir maraq yoxdur. Məlum sərhəd insidentini deyə
bilərsiz, qeyd edə bilərsiz ki, bu, bizə qarşı bir demarşdır. Ancaq
dediyiniz fakt Gürcüstana Azərbaycan tərəfindən narkotik göndərilməsi
haqda mediada yüzlərlə faktlar dərc edildiyi halda güclü ola bilərdi.
Yəni Azərbaycan dövlətinin Gürcüstanı “ağ ölüm”ün hədəfində etmək kimi
marağı yoxdur. İran Gürcüstanla vizasız rejimi bərqərar etməklə, orada
yaşayan azərbaycanlılar üzərində illərlə əməliyyat qurmaqla iş aparır.
Bu elə-belə məsələ deyil. Çox böyük maraqlar var İranın bu addımının
içində.
– İranın Azərbaycanda maraqlarının
olması şübhəsizdir. 2 ton 790 kiloqram narkotikin Azərbaycan üzərindən
daşınması faktı ortada olduğu bir vaxtda Azərbaycan hüquq-mühafizə
orqanları niyə susur, sizcə?
– Məncə, bu
məsələ ilə bağlı əməliyyat məlumatı var və bu məsələnin dövlətlərarası
skandala çevrilməsi istənilmir. Hökumətin sükut mövqeyi də bununla
bağlıdır. Düşünürəm ki, burada Azərbaycan dövlətini həmin heroinin
üzərindən maraq güdməkdə suçlandırmaq olmaz. Mən çox yaxşı bilirəm ki,
Azərbaycanın daxili işlər naziri cənab Ramil Usubov ən kəskin şəkildə
narkotranzitə, narkotiklərin yayılmasına qarşı kəskin prinsipial
mövqedədir. Bu mövqe müxtəlif müşavirələrdə ifadə olunub. Ona görə də
hansısa narkotiklərin daşınmasından Azərbaycanın güc strukturlarına
fayda gətirilməsindən də danışmaq olmaz. Bu məsələdə konkret məsuliyyət
kimdədirsə, onu müəyyən etmək lazımdır. Yəni bir şəxsin, bir məmurun
hansısa aparatı, xüsusi vasitəni işə sala bilməməsi üzündən bütün güc
strukturlarının, Sərhəd Xidməti və digər orqanların üzərinə kölgə
salmaq, ittiham etmək düzgün deyil.

Zahid bəy, söhbət 2 ton 790 kiloqram heroin yüklənmiş avtomaşının
Azərbaycanın 2 sərhəd-buraxılış, 2 gömrük-keçid məntəqəsindən sərbəst
keçməsindən gedir. Yəni hansısa avadanlığın işləməməsi 4 məntəqədən
birində olsaydı haradasa anlaşılan olardı.
– Bu məsələnin məsuliyyətini konkret şəxsdə görə bilərəm, amma bütün güc strukturlarını ittiham etmək düzgün deyil.

Sizcə, ölkənin cənubundakı gömrük-keçid məntəqəsində də, şimalındakı
gömrük-keçid məntəqəsində də belə bir yüklü avtomaşın diqqətdən yayına
bilərdi?
 
– İş ondadır ki, mütəşəkkil
cinayətkarlar da son texnologiyaları o dərəcədə mənimsəyib istifadə
edirlər ki, son dərəcə total yoxlama aparmaq lazım gəlir. Bu da insan
haqlarının pozulmasına, vətəndaşların ticari işlərinə qarışmaq sayılır.

Sərhədlərimizdəki gömrük-keçid məntəqələrində vəziyyət faktiki
dediyiniz kimidir. Məsələn, Gürcüstandan 2 şüşə limonad gətirən
vətəndaşımızın əlindən öz gömrükçülərimiz həmin limonadlardan birini
alır. İranla sərhəddə də eyni qayda tətbiq olunur. Yəni gömrük-keçid
məntəqələrində illərdir ki, total yoxlama rejimi tətbiq olunur.

Bu məlumatlar bizdə də var. Bu, həmin orqan əməkdaşlarının
vətəndaşların hüquqlarına çox ciddi müdaxiləsidir. Bu faktdan çıxış edib
söyləmək ki, 2 limonadı xüsusi vasitəsiz fiksasiya edən sərhəd və
gömrük qüvvələrimiz birdən-birə bu qədər miqdarda narkotiki görmədi.
Yəni bu cür məntiqi paralellər bəzən bizi yanlış nəticəyə apara bilər.
Hesab edirəm ki, məsələnin əsas məğzini əməliyyat məlumatları sayəsində
müəyyən etmək olar. Sizi inandırıram, bəzən maşınların elə hissələrində,
hətta insanların daxili orqanlarında narkotik gizlədilir ki, bu,
sadəcə, ağlasığmaz olur.
– 3 tona yaxın narkotik maşının yük yerində daşınıb.

Mən bu faktdan danışmadım. Bu cür daşımaların arxasında dayanan hər cür
ağlasığmaz vasitələrə əl atıldığını söylədim. Mən bu məsələnin obyektiv
araşdırılmasının tərəfdarıyam.
– Bu araşdırmanın aparılması üçün müraciətiniz olacaqmı?

Milli Məclisdə tətildir. Parlament üzvü kimi təbii ki, bu məsələnin
Gürcüstan tərəfindən aşkarlanmasını normal qiymətləndirirəm. Təbii ki,
Azərbaycan tərəfindən də rəsmi açıqlama olacaq. Hər halda, bunu biz
əkməmişik, becərməmişik, saflaşdırmamışıq. Bu, çox qeyri-saf bir
əməldir, bunun daşınmasını, reallaşdırılmasını həyata keçirənlər də saf
və naşı adamlar deyil. Bunun arxasında dayanan qüvvələr var. Azərbaycan
dövləti narkotik ticarətinə qarşı ən barışmaz mövqe tutan ölkələr
sırasındadır.
– Belə məlumatlar da var ki, bu yükün tutulması qonşu dövlətin Azərbaycana qarşı əməliyyatıdır.

Azərbaycanda müxtəlif qara əllər vasitəsilə Rusiyanı ləkələmək,
xüsusilə Azərbaycanı anti-Rusiya blokuna qoşmaq üçün daxili şəbəkələr,
Qərb dairələri vasitəsilə bu ovqatı cəmiyyətdə gücləndirməklə bütün
məsələlərdə Rusiyanı ittiham etmək mövqeyini gücləndirmək üçün addımlar
atılır. İstənilən versiyanın əməliyyat məlumatları çərçivəsində
yoxlanılmasının tərəfdarıyam. Addımlar atılmalıdır ki, rus demişkən, bu
məsələni bizim adımıza “sfabrikovat” etməsinlər.
Xatırladaq ki, Müsavat Partiyasının Divanı bu məsələy ilə bağlı bəyanat yayıb.
Mövzuya qayıdacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=9604

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31