Fransa mediası "Hafka"nı Fantomasa bənzətdi
Oliqarxla bağlı qalmaqal böyüdü
Oliqarxla bağlı qalmaqal böyüdü
“Hafka” kimi tanınan azərbaycanlı oliqarx Hafiz Məmmədovun
Fransadakı “şöhrəti” Napoleon Bonapartı da ötüb keçib. Buna səbəb
H.Məmmədovun “Lans” klubuna vəd etdiyi pulu verə bilməməsi üzündən
klubun yüksək liqaya buraxılmamasıdır.
Virtualaz.org xəbər verir ki, iyulun 15-də
Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) “Lans” klubunun
apelyasiya şikayətini rədd edib. Klub DNCG-nin bundan əvvəlki qərarından
apelyasiya vermişdi.
DNCG “Lans” klubunun prezidenti Jerve Martel tərəfindən təqdim edilən
mövsüm büdcəsi ilə bağlı heç bir maliyyə təminatının olmadığını əsas
gətirərək komandanı I liqaya buraxmaqdan imtina edib.
Jerve Martelin təqdim etdiyi büdcəyə əsasən “Lans”ın 43 milyon
avroluq büdcəsinin təxminən yarısını klubun əsas səhmdarı və sponsoru
H.Məmmədov ödəməli idi. H.Məmmədov bu ilin may ayında Fransaya gedərək
“Lans”a 17 milyon avro vəsait verəcəyinə dair sənədi imzalayıb. Lakin
DNCG tələb edib ki, bu vəsaitin ən azı 10 milyon avrosu “Lans”ın bank
hesabına köçürülməlidir.
“Hafka” vəd olunan pulu indiyədək köçürməyib və müxtəlif bəhanələr gətirib. Nəticədə DNCG klubu yüksək liqaya buraxmayıb.
DNCG-nin “Lans”ın apelyasiya şikayətini rədd etməsindən sonra klubun
prezidenti Jerve Martel iyulun 15-də axşam mətbuat konfransl keçirib.
“Hafka”nın ortağı bildirib ki, azərbaycanlı biznesmen 10 milyon avronu
ötən həftə “Lans”ın hesabına köçürməyə cəhd edib. Lakin “İBAN kodunun
səhv düşməsi üzündən” bu köçürmə baş tutmayıb.
Jerve Martel daha sonra deyib ki, H.Məmmədov pulları “Bank of
Azerbaijan”ın hesabından köçürməli idi. Amma İBAN kodundakı yanlışlığın
ardınca istirahət günləri buna mane olub. Belə ki, Bakıdan pulların
köçürülməsi ilə bağlı ötən həftənin cümə günü sorğu verilib, ancaq
köçürmə üçün “vaxt çatmayıb”. Çünki qarşıdan şənbə və bazar günləri
gəlirdi.
Lakin mətbuat konfransında iştirak edən jurnalistlər Jerve Martelin
İBAN kodunun səhv düşməsi və istirahət günləri ilə bağlı bəhanələrini
inandırıcı hesab etməyiblər. Ona xatırladılıb ki, bundan əvvəl də
pulların köçürülməsinin “bank kodunda yaranmış problemlə bağlı olduğu”
və Azərbaycanda ordu bayramı ilə izah edilmişdi.
Jerve Martel isə vəziyyətdən birtəhər çıxmağa çalışıb və deyib
ki,”Lans”ın yüksək liqaya buraxılacağına əmindir. O, DNCG-nin qərarı ilə
bağlı Fransa Futbol Federasiyasına müraciət edəcəklərini deyib.
Europe-mercato.com saytı isə Jerve Martelin yenidən H.Məmmədovun
“Lans”ın hesabına pul köçürməməsini “İBAN kodunun səhv düşməsi” kimi
gülünc bəhanə ilə əsaslandırmağa çalışdığını, ancaq mətbuat konfransının
iştirakçılarının J.Martelin H.Məmmədovdan narazılığını aydın
sezdiklərini yazır.
“Klubun düşdüyü vəziyyətin qeyri-müəyyənliyi və bu bəhanələr onu
göstərir ki, komandanın rəhbərliyi “Lans”ın bütünlüklə Fantomas rolunda
çıxış edən əsas səhmdarının girovuna çevrilib” – deyə sayt yazır.
“Lans” klubunun mənsub olduğu Nord-Pa-de-Kale regionunun bələdiyyə
şurasının rəhbəri Daniel Perşeron isə deyib ki, klubun yüksək liqaya
buraxılmayacağı haqda xəbərlərdən məyusdur. Perşeronun sözlərinə görə,
acınacaqlıdır ki, “Lans” kimi populyar klub maliyyə resurslarının
çatışmaması və vəd olunan vəsaitin verilməməsi üzündən I liqaya
buraxılmır.
Hazırda “Lans” klubu və H.Məmmədovun “yolda ilişən” 10 milyonu ilə
bağlı bütün Fransa mediası, o cümlədən digər Avropa ölkələrinin idman
nəşrləri yazır.
Azərbaycanlı oliqarxın ötən il “Lans”ın səhmlərinin üçdə ikisini 20
milyona alması necə səs-küyə səbəb olmuşdusa, indi də H.Məmmədovun klubu
faktiki olaraq “atması” daha böyük rezonans doğurub.
Xatırladaq ki, H.Məmmədovun Azərbaycandakı biznesində ciddi
problemlər var. Ona məxsus “Bank of Azerbaijan”da likvidlik problemi
yaşanır və bank müştərilərin depozitlərini qaytara bilmir. “Bakı”
klubunun futbolçuları aylarla maaş almır, oliqarxın “Baghlan Holding”i
banklara olan borcunu ödəmək iqtidarında deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=9614