Azərbaycan təhsilində iflas

17.07.2014 - 01:47

Mikayıl Cabbarov da TQDK “aşağı bal” sindiromunu qıra bilmədi

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV
ixtisas qruplarının abituriyentləri (bu ilin məzunları) üçün keçirilmiş
qəbul imtahanının nəticələrinə əsasən, hər iki qrup üzrə müsabiqə
şərtlərini dəyişərək keçid ballarını aşağı salıb. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, I ixtisas qrupu
üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni
istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda
topladığı nisbi balı 10-dan az olmayan müsabiqə şərtlərini ödəmiş
abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan
abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə
cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 250-dən, hər
bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan
abituriyentlər iştirak edə bilərlər. IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı
bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri
üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər
iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin
ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına
nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər
bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan
abituriyentlər iştirak edə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə
müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın
internet saytında yerləşdiriləcək.

Azərbaycan Dövlət Aqrar Universitetinin I və IV qruplar üzrə
ixtisaslarını ümumi balı 150-dən az olmayan abituriyentlər seçə bilərlər
(fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

Qeyd edək ki, əvvəldən elan olunmuş müsabiqə şərtlərinə görə, ixtisas
seçiminə I və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir
imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan
abituriyentlər buraxılırdı.

Ixtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının)
bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata
keçiriləcək(apa).

Ötən illərin təcrübəsi digər qruplarda da keçid ballarının aşağı
salınacağını deməyə əsas verir. Bu da ölkədə təhsilinin keyfiyyətinin
yaxşılığa doğru dəyişmədiyini, əksinə, ildən-ilə pisləşdiyini göstərir.
Orta məktəblərdə buraxılış imtahanlarının nəticəsi də vəziyyətin nə
dərəcədə acınacaqlı olduğunu nümayiş etdirir. 

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının bu il
də əvvəlki illərdə olduğu kimi keçid ballarını aşağı salmasının səbəbi abituriyentlərin aşağı nəticə göstərməsidir. I və IV
qruplarda keçirilən qəbul imtahanlarından öncə keçirilən buraxılış
imtahanlarının nəticələri burada özünü göstərməyə bilməzdi. Məzunların
böyük əksəriyyəti ən sadə variantda keçirilən imtahanlarda “2” və “3”
qiymətləndirilmişdilər. Bu amil sualların bilərəkdən çətinləşdirilməsi
haqqında söz-söhbətlərə son qoyur. Yəni 8 suala cavab verib 3 qiymətini
ala bilməyənlər, şübhəsiz ki, 25 suala, özü də bir qədər çətin suallara
cavab verib yaxşı nəticələr qazana bilməzlər. Düzdür, ötənilki qəbul imtahanlarından fərqli olaraq builki
məzunların 7-si 4-cü ixtisas qrupu üzrə 700 bal topladı. Amma buna əsaslanıb
təhsilin keyfiyyətinin yüksəlməsini demək olmaz, çünki təhsilin keyfiyyətinin yüksəlməsi aşağı nəticələr
göstərənlərlə (0-200) yuxarı nəticə (500-700) göstərənlərin faiz
göstəricilərinin yaxın olması ilə müəyyən oluna bilər. Ötən illərin
nəticələrinə diqqət etsəniz görərsiniz ki, bu göstəricilər arasında
böyük uçurum var. Bu tədris ilində də belə olacaq. Çox vaxt ən yüksək
nəticələr göstərənləri birbaşa məktəb və kursların adı ilə bağlayırlar.
Bu cür yanaşma fərdin məxsusi istedadı və qabiliyyətinə kölgə salır.
Xatırlayıram ki, Sovetlər vaxtı Azərbaycanın elə kəndləri var idi ki,
bir neçə sinif otağı olan məktəblərdən onlarla abituriyent ən yaxşı
universitetlərə ən yüksək ballarla daxil olurdular. Bu cür göstəricilər
şəhərlərin böyük və yaraşıqlı məktəblərində olmurdu. Onda, əlbəttə, öncə
istedad və qabiliyyət önə çəkilirdi. 

Aşağı bal toplaya bilməyən abituriyentlərin əksəriyyəti başqa ölkələrə üz tuturlar. Belə hallar çoxalıb. Yəni aşağı bal toplayan
abituriyentlərin çoxu təhsil almaq adı ilə ölkəni tərk edirlər.
Təəssüflər olsun ki, buna şərait də yaradılır. Necə ola bilər ki, öz
doğma dilində təhsil alıb, 100-150 bal toplayan Azərbaycan vətəndaşı
rus, türk, ingilis dilində hansısa ölkədə təhsil ala bilsin? Bu
absurddur. Hər il abituriyentlərin təxminən 30%-ə yaxını tələbə adını
qazanır. Orta ixtisas təhsili və peşə məktəblərinə daxil olanların faiz
göstəricisi çox aşağıdır. Bu tip təhsil müəssisələrində təhsilin
keyfiyyətinin yaxşılaşdırılması üçün, demək olar, islahat aparılmayıb.
Bu səbədən yerdə qalan böyük bir kəsim təhsildən kənarda qalır. Bura,
şübhəsiz ki, icbari təhsilin 9 illik olmasının da böyük təsiri var.
Azərbaycan vətəndaşlarının xarici ölkələrə üz tutması həm ordu
sıralarında seyrəklik, həm də maliyyənin başqa ölkələrə axınına şərait
yaradır. Ən təhlükəlisi odur ki, oxumaq adı ilə gedənlərin tam
əksəriyyəti ölkəyə qayıtmır. Bunun qarşısının alınmasının ən optimal yolu gənclərimizi ali
təhsilə cəlb etməkdir. Necə? Azərbaycan hər 10.000 nəfərə düşən tələbə
sayına görə hətta postsovet məkanına daxil olan ölkələrin
əksəriyyətindən belə geridə qalır.  Imkan vermək lazımdır ki,
maddi-texniki bazası normal olan özəl ali məktəblər 100 baldan yuxarı
nəticəsi olan abituriyentləri təhsilə cəlb etsinlər. Son illərin
təcrübəsi göstərir ki, orta təhsilin keyfiyyətinin yaxşılaşdırılması işi
çox ləng gedir. Bunun üçün özəl ali məktəblərdə hazırlıq şöbələri də
yaratmaq olar. Bu proses yaranmış boşluğu doldura bilər. Hazırlıq
kursunun sonunda təhsilin keyfiyyətinin aidiyyəti qurumlar üzrə
yoxlanması prosesinin həyata keçirilməsi məsələsi də müzakirə oluna
bilər. Bu halda ali məktəbin əsas vəzifəsi keyfiyyətə cavabdehlik
daşımaq olacaq. Məncə, bu məsələ yuxarı səviyyələrdə müzakirə
olunmalıdır. Bir çox ölkələrdə tələbə sayının çox olması Boloniya
prosesinin verdiyi imkanlar hesabına olub. Nəzərə almaq lazımdır ki,
Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulub. Indi tüfeyli həyat
sürən, cinayət törədən gənclərin əksəriyyəti təhsildən yayınan
gənclərdir. Bu bizim hamımızı narahat edir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=9628

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31