Nazim İsmayılovun bərbad etdiyi Sabirabad

17.07.2014 - 02:36
“Vətənə xidmətə görə” medalı ilə təltif olunan icra başçısın “xidmətləri” əhalini boğaza yığıb

 
Bu gün Sabirabad rayonu da belə acınacaqlı vəziyyətdədir. Rayon
rəhbərliyinin, şəxsən icra başçısı Nazim İsmayılovun fəaliyyəti
nəticəsində rayonda problemlər aşıb-daşır. Dövlət başçısının regionların
sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdiyi, bu məqsədlə
büdcədən yetərincə vəsait ayırdığı bir zamanda Sabirabad rayonu sanki bu
prosesdən kənarda qalıb.Sabirabadın bu günü və rayon rəhbərliyi əməlləri ilə bağlı cumhuriyyet.az-ın apardığı araşdırmada bir çox ilginc məqamlar üzə çıxıb.
Büdcədən ayrılan pullar və qanunsuzluq
İndiyə kimi Sabirabadın sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə büdcədən bir neçə milyon manat ayrılıb.
Bu məbləğlə rayonda bəzi işlər görülsə də, yeyinti hallarına daha çox
yol verildiyindən bir sıra obyektləri təmir etmək mümkün olmayıb. Təmir
edilənlərdə isə ucuz tikinti materiallarından istifadə edilib. Yəni
vəsaitin çoxu kimlərsə tərəfindən mənimsənilib. Qeyd edək ki, rayona
ayrılan vəsaitlərin nəzərdə tutulan işlərə sərf olunmamasında təqsiri
olan şəxslərdən biri də icra başçısı Nazim İsmayılovdur. Artıq rayona
rəhbərlik etməsinin 3 ili tamam olan icra hakimi ölkə başçısının
etimadından sui-istifadə edərək büdcə pullarını göyə sovurmaqla
məşğuldur. Bildirilir ki, Sabirabadda yalnız kosmetik işlər görülüb.
İcra hakimi ölkə başçısının rayona etdiyi səfəri zamanı ona yalnız
rayonun mərkəzi yerlərini göstərib. Kəndlərdə və rayon mərkəzindən
aralıda yerləşən yaşayış sahələrində vəziyyət dözülməzdir. Yollar yaman
gündədir, kommunal problemlər əhalini boğaza yığıb. İcra başçısı heç bir
vətəndaşın problemi ilə maraqlanmır. Özünü və biznesini fikirləşir.
Rayon camaatı onun haqqında dəfələrlə şikayət edib. Buna baxmayaraq,
hələ də vəzifəsində qalır. Özbaşınalıqlar o həddə çatıb ki, artıq buna
tap gətirmək mümkün deyil. Dövlət büdcəsindən vəsait ayrılır ki, rayonda
iş getsin, ancaq başçı sıravi insanları tikinti və təmizlik işlərinə
cəlb edir. Rayondan bildirilir ki, bir müddət öncə rayonda gedən tikinti
işlərinə işçi qüvvəsi çatmırdı. Səbəb isə sadə idi – ayrılan pulu
yemişdilər, buna görə də fəhlə tutmağa pul çatmırdı. Başçı isə rayon
gənclərini bu işlərə cəlb etməklə vəziyyətdən çıxış yolu tapdı. Rayonda
işsizlik hökm sürdüyü bir vaxtda belə bir özbaşınalığa yol verilməsi
sakinlər arasında hiddətlə qarşılanıb. Nazim İsmayılovun Sabirabadda
nail olduğu ən böyük “uğurlardan” biri də “torpaq alverinin” geniş
meydan almasıdır. Başçının fəaliyyətini tənqid edən sakinlərin sözlərinə
görə, Nazim İsmayılovun 3 illik rəhbərliyi dövründə Sabirabadda nə
qədər boş torpaq varsa, hamısı satılıb. Rayonda elə adam yoxdur ki,
başçının torpaq satışı ilə məşğul olduğunu bilməsin. İcra hakimi rayonda
hegomonluq edir. Şikayətçilərin sözlərindən məlum olur ki, Nazim
İsmayılovun sabirabadlılara yuxarıdan aşağı baxması bəzi məmurlara da
təsir edib. Sakinlər bildirirlər ki, rayonda fəaliyyət göstərən bəzi
idarə və müəssisələrin rəhbərləri bizə kobud münasibət göstərirlər.
Problemlərinin həlli üçün müraciət edənlərə elə münasibət göstərilir ki,
onlar bir daha buna cəhd etmək istəmirlər.

Nazim İsmayılovun şəxsi biznesi
Nazim
İsmayılova Sabirabadda çiçəkləndirdiyi biznes sahələrindən biri də
alveridir. Çünki onun şəxsi daş karxanaları var. Karxanasının
məhsullarını satmaq üçün o, rayondakı binaları təzələyir. Təbii,
təzələmə prosesində onun karxanasının məhsulları dövlət büdcəsindən
ayrılan pullarla bazar qiymətindən baha “alınır”. Kür daşqınları zamanı,
eləcə də prezidentin Ehtiyat Fondundan ayrılanvəsaitləri də daha çox,
tikilməli olan evləri “bərpa-gücləndirmə” adı ilə karxananın məhsuluna
xərcləyib.
Rayonun
mərkəzini “gözəlləşdirən” Nazim İsmayılov bütün binaların fasadlarının
dəyişdirilməsini əmr edib. İlkin olaraq icra hakimiyyətinin binasına
yeni daş üzlük vurulub. Yaxınlıqda olan bir neçə dövlət müəssisəsi də
“restovrasiya” olunur. Bu isə ona ikitərəfli sərf edir. Həm büdcədən pul
silir, həm də sildiyi pulu öz karxanasının hesabına köçürür.
Bütün
bu söküntü-tikinti işlərinin heç birinin əhaliyə isti-soyuğu yoxdur.
Hamı öz dərdinə çarə axtarır. Həftənin bazar ertəsi olan kimi “dərman”
axtarışında olanlar icra hakimiyyətinin binası önünə toplaşırlar. Çünki,
məhz Nazim İsmayılovun qəbuluna düşmək şansı həftənin bazar ertəsi
günləri mümkün olur. Əlbəttə əgər “bu xoşbəxtliyə” nail olmaq imkanı
olarsa.
Bu yaxınlarda isə mətbuatda Sabirabadda baş verən “kağız maxinasiyaları” ilə bağlı ilginc xəbərlər verilmişdi.
Rəsmi
saytlarda yayılmış məlumatlarda vurğulanır ki, təkcə 2013-cü il ərzində
bu rayonun 3 icra nümayəndəliyinə dəftərxana ləvazimatlarının alınması
üçün külli miqdarda pul ayrılıb. Belə ki, bu məqsədlə Sabirabada rayon
İcra Hakimiyyəti Azadkənd kənd İcra Nümayəndəliyinə 6000 manat, Ulucalı
kənd İcra Nümayəndəliyinə 6880 manat və Muğangəncəli İcra
Nümayəndəliyinə isə 5973 manat vəsait ayrılıb. Qeyd edək ki, hər üç
əməliyyatın həyata keçirilməsi isə “VVS Tikinti Təhcizat” MMC-yə həvalə
olunub. Elə işin içində maliyyə maxinasiyasının olması buradan açıq
şəkildə hiss olunur. Çünki tikinti işlərinə baxan bir şirkətin
dəftərxana ləvazimatlarının alınmasına iştirak etməsi təcrübədə az rast
gəlinən hallardandır. Eyni zamanda, tikinti ilə məşğul olan bir şirkətin
dəftərxana ləvazimatları almasının özü korrupsiyadan xəbər verir.
İkinci bir amil isə ondan ibarətdir ki, bu qədər iri məbləğlərin
dəftərxana xərcləri üçün nəzərdə tutulması şübhəlidir. Əvvəla
Sabirabadın adları çəkilən kəndləri hər nə qədər böyük olsa da, bir ildə
onlara bu qədər dəftərxana ləvazimatları üçün bu qədər pul gərək deyil.
Belə başa düşülür ki, bu İcra nümayəndələri ancaq kağız-kuğuz işləri
ilə məşğul olur. Hətta ekspertlər onu da deyir ki, bu qədər pulla hər
hansı bir rayonda orta səviyyəli mətbəəni kağızla tam təmin etmək
mümkündür. Aldığımız məlumatlara görə əslində, Sabirabadın icra başçısı
Nazim İsmayılovun həyata keçirdiyi bu əməliyyatların iştirakçısı olan
“VVS Tikinti Təhcizat” şirkəti heç də ona yad olan bir müəssisə deyil.
Daha doğrusu, bu şirkətlə icra başçısını birləşdirən bir sıra məqamlar
var. Bununla bağlı əldə olunan məlumatlarda qeyd olunur ki, “VVS Tikinti
Təhcizat” MMC məhz Sabirabadın icra başçısının tapşırığı əsasında
yaradılıb. Və bu şirkət rayonda həyata keçirilən adablıq işlərinin
önəmli hissəsini görüb. Həmin şirkətin başında duran şəxsin Nazim
İsmaylova qohumluq sarıdan uzaq biri olmasına rəğmən, əlaqələrinin
mövcudluğu çoxdan varmış. Digər tərəfdən isə ortada bəzi iddialar var.
Həmin iddialara görə, icra başçısı bu şirkət vasitəsi ilə rayona
ayrılmış büdcə pullarını asanlıqla silməyi bacarıb. Daha doğrusu,
razılaşma əsasında sənədlərdə yüksək məbləğlər göstərilsə də o, pulların
böyük qismi Nazim İsmayılova çatıb. Hal-hazırda da “VVS Tikinti
Ticarət” MMC Sabirabada abadlıq və tikinti işlərində əsas aparıcı şirkət
olaraq iştirakını davam etdirir.
Nazim
İsmayılovun balıqçılığa olan “böyük sevgisi” də Sabirabada heç də ucuza
başa gəlməyib. Belə ki, icra başçısının göstərişi ilə əksər əkinə
yararlı torpaqlar balıq yetişdirilən göllərə çevrilib. Bu isə qrunt
sularının yer səthinə çıxması nəticəsində ətraf ərazilərin şoranlaşması
ilə nəticələnir. Nəticədə əsas dolanacağı kənd təsərrüfatı olan
sabirabadlılar çox çətin duruma düşüblər. Nazim İsmayılovun “balıqları”
insanları problemə salıb.
Sabirabada ayrılan pulların qaranlıq taleyi
Rayon
sakinləri bildirirlər ki, icra başçısı öz şəxsi təsərrüfatlarına
göstərdiyi diqqətin cüzi hissəsini rayona göstərsəydi, indi Sabirabadda
problemlər bu qədər ayaq açmazdı. Özü də bu məqsədlə dövlət büdcəsindən
yetərincə maliyyə vəsaiti ayrılıb. Sabirabadda büdcədən maliyələşən
qurumlara, o cümlədən təqaüdlərin ödənilməsi, həmçinin şəhər
təsərrüfatının idarə olunması, sosial-iqtisadi problemlərin həll
olunması ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərlə yanaşı
prezidentin Ehtiyat Fondundan son illər rayona 7 milyondan çox vəsait
ayrılıb. Bu vəsaitlərin əhəmiyyətli hissəsi rayonun sosial-iqtisadi
inkişafı, abadlaşması və digər məqsədlər üçün nəzərdə tutulub. Amma
görünən odur ki, nə Sabirabad abadlaşıb, nə də rayon sakinlərinin
iqtisadi durumu yaxşılaşıb. Rayonda iqtisadi durumu yaxşılaşan yalnız N.
İsmayılov və onun yaxınlarıdır. Digər tərəfdən 7 milyon manatın hara
xərclənməsi ilə bağlı heç bir məlumat, hesabat yoxdur. Hətta “görülən
işlər” barədə Sabirabad rayon İcra Hakimiyyətinin rəsmi saytında da heş
bir məlumat yoxdur. Nəzərə alsaq ki, dövlət qulluğunda səmərəli
fəaliyyətinə görə Nazim İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə”
ordeni ilə təltif edilib onda maraqlı sual yaranır – görəsən, N.
Ismayılov hansı səmərəli fəaliyyət göstərib? Və ya o hansı vətənə xidmət
edir? Axı “xidmət etdiyi”Sabirabadda acınacaqlı vəziyyət göz
qabağndadır. Bütün rayon boyu narazılıq dalğası baş alıb gedir. Hər gün
Sabirabaddan respublika rəhbərliyinə çoxsaylı şikayətlər ünvanlanır.
Məgər vətənə xidmət deyilən anlayış budurmu? Yoxsa Sabirabadın bu vətən
dediyimiz Azərbaycana aidiyyatı yoxdur? Hər halda sabirabadlılar Nazim
İsmyılovun bu “vətənsevərliyindən ” çoxdan doyublar.

Short URL: http://www.cumhuriyyet.net/?p=9632

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31