"Get evini sat, özünə dərman al"

17.07.2014 - 10:25

Imişlidə məmur işçinin yardım müraciətinə belə cavab verib

“Vağzalı” həsrətilə yaşayan yazıçı-jurnalist ağır xəstəliklə baş-başa qalıb

…Işığı sönüb, suyu kəsilib, saatı dayanıb. Nə qapısını döyən var,
nə telefonuna zəng edən. Yazı masasının üstündə laborator analizlərinin
nəticələri, epikrizlər, reseptlər, yataq otağında torba-torba dərmanlar.
Bir də divarlardan boylanan qara gözlü, alma yanaqlı bir qızın məsum
baxışları…

Imişlidə yaşayan mədəniyyət işçisi, yazıçı-jurnalist Məryəm
Şahverdiyevaya baş çəkərkən, ilk yadda qalanları artıq siz də bildiniz.
Pəncərədən süzülən gün işığında başlanan söhbət çırağın öləzi işığında
başa çatdı…

Kitablı, işıqlı ev

“Evimiz rayonun ən işıqlı, kitablı evlərindən biri olub. Atam
Qaryagində (indiki Füzuli rayonu nəzərdə tutulur – A.Ə.) pedaqoji təhsil
alıb, Ikinci Dünya Müharibəsi təzəcə qurtaran vaxtlardan Imişlinin
Mürsəlli kəndində müəllimlik edib. Natamam orta təhsil alsa və kolxozda
işləsə də, anamın əlində daim kitab olub, onu rayon sovetinə deputat da
seçiblər. Yaxşı təhsil almağımız, ictimaiyyətçi olmağımız, belə mühitdə
böyüməyimizdən irəli gəlib”.

“Tədbirlərin aparıcılığı həmişə mənə həvalə edilirdi”

Müsahibimin dolu ürəyi, zəngin ömür yolu var. Şirinli-acılı, bütün
xatirələri də kitab və işıqdan keçir: “Orta məktəbi bitirəndən sonra
Imişli şəhərindəki uşaq kitabxanasında işə düzəldim. Işləyə-işləyə həm
də qiyabi təhsil aldım. Bir müddətdən sonra həmin kitabxanaya müdir
təyin olundum. Bədii yaradıcılığa da elə o vaxtdan başlamışam.
Ədəbiyyata olan böyük həvəsim, diksiyam nəzərə alınaraq, rayonda
keçirilən “Məhsul bayramı”, “Sağıcı günü”, “Qızlar baharı” və başqa
tədbirlərin aparıcılığı mənə həvalə edilirdi…”

“Söhbətə ara verir və öncədən seçdiyi şəkillərdən birini göstərir:
“Diqqətlə baxın. Şəkildə gördüyünüz bu balaca qız mərhum müğənni
Xeyransa Məmmədovadır. Onun vaxtsız ölümü mənə çox təsir etmişdi.
Rayonumuza gələn sənət adamlarının, demək olar, hamısı ilə görüşmüşəm”.

“Dizimin üstündə yazıram”

Məryəm Şahverdiyevanı daha çox “əmək veteranı” kimi tanıtmaq olar –
azı 40 ildir ki, mədəniyyət sahəsində çalışır. Amma sıradan kitabxanaçı
deyil, 32 kitabın müəllifidir. Evinin bir küncündə əsər və təltifləri
sərgilənib. Yazıçı, jurnalist və qadın birliklərinin üzvüdür. 2003-cü
ildə “Sabaha inam” adlı qəzet təsis edib. O vaxtdan bəri həmin qəzeti
təkbaşına çıxarır: “Mən heç də çoxları kimi masa arxasında oturub
yazmıram. Kitab və məqalələrin əlyazmaları dizimin üstündə araya-ərsəyə
gəlib. Ana öz övladına dizinin üstə layla çalan kimi, qəhrəmanlarım da
beləcə yetişib. Yazılarımın qaralama variantı olmayıb, elə birbaşa
yazmışam. Bəzən əlimdə kağız-qələm, divara söykənmiş vəziyyətdə yuxu
aparıb məni…”

Tənhalıq

Bütün bu qaynar həyatla yanaşı, tənhalığın gətirdiyi sıxıntılar da az
olmayıb. Məryəm xanım şəxsi həyatını qura bilmədiyinə çox heyfsilənir:
“Hər bir qadın istəyər ki, isti ocağı olsun. Adi quş civiltisi, qapı
taqqıltısı da məni qorxudur. “Vağzalı həsrəti” adlı romanım da elə bu
tənhalığımdan yaranıb. Bu əsərə mərhum yazıçı Əlibala Hacızadə böyük
dəyər vermişdi. Mən hələ də bu həsrətlə yaşayıram. Gəlinlik paltarını
əynimə 50 yaşım tamam olanda geyindim, – sadəcə, şəkil çəkdirmək
üçün…”

“Görüş ağacımı əvvəlcə kəsdilər, sonra kökündən çıxardılar”

“Məryəm xanımın şirin xatirələrinin bir hissəsi həyətlərindəki indi
olmayan çoxillik ağacla bağlıdır. Deyir, bu ağacın altı gündüzlər
uşaqların oyun, yaşlıların kölgənən, gecələr də gənclərin görüş yeri
olub. Buna görə həmin ağaca “Görüş” adı veribmiş. Bir neçə il əvvəl evə
yaxınlaşanda o ağacı kəsilmiş görür: “Mənə çox pis təsir etdi. Kəsib
yerə uzadılmış ağaca baxıb ağladım. O gecə səhərədək yata bilmədim. Yaz
gələndə ağacın kökündən bir pöhrə boy verdi. Tez-tez dibinə su tökürdüm
ki, böyüsün. Bir şeir də yazmışdım. Qəzetdə çap etdirəndən sonra
məmurlar gəlib bu dəfə ağacın kökünü də torpaqdan çıxardılar”.

“Yaşamaq istəyirəm!”

At ili, dolça bürcündən olduğunu deyən Məryəm xanım, bu ilin ona
düşərli olacağını düşünüb. Yubileyini qeyd etməyə hazırlaşırmış. Amma
eldə deyim var: “Sən saydığını say, gör fələk nə sayır”: “Yanvar ayından
özümü pis hiss etdim. Həkimə gedəndə məlum oldu ki, “Hepatit C”-yə
yoluxmuşam. Analizlərin nəticələri və diaqnoz Iranda, Türkiyədə də
təsdiqlənib. Indi dərdimə xaricdə əlac edə bilərlər. Buna isə böyük
məbləğdə pul lazımdır. Xəstəlik də, ölüm də çağrılmayan qonaq kimidir,
istəməsək də qəbul etməliyik. Amma hələ yaradıcılıq həvəsim sönməyib,
həyat eşqim tükənməyib, yarımçıq işlərim çoxdur. Ona görə bir az da
yaşamaq istəyirəm”.

Belə çətin günlərdə Məryəm xanım əvvəlcə öz iş yerindən kömək umub:
“Rayon mədəniyyət və turizm şöbəsi müdirinə üz tutdum. Dedim, 43 ildir
fasiləsiz bu sahədə işləyirəm, hər ay həmkarlar təşkilatına üzvlük haqqı
ödəyirəm. Mənim dava-dərmanıma bir az kömək edin. Şöbə müdirinin cavabı
belə oldu: get evini sat, özünə dərman al. Bu da əməyimə verilən
qiymət…”

“Azadlıq” radiosu

Short URL: http://www.cumhuriyyet.net/?p=9646

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31